İsmayıllıda qəhrəmanın yüz illik yubileyi qeyd edildi

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubileyi  keçirilib.

Tədbir yüksək səviyyəsi və təntənəsi ilə  fərqləndi. Bəhyəddin Mirzəyevin adına şəhərdə kiçik bir küçə var. İndi həmin küçə 7 saylı məktəbə qədər uzadılıb, tam asfaltlaşdırılıb, bütün kommunikasiya problemi həll edilib.

Həmin gün küçənin başlanğıcına vurulmuş qəhrəmanın barelyefinin açılışı oldu. Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdı. Sonra söz rayon icra hakimiyyətinin başçısı  Mirdaməd Sadıqova verildi. O bildirdi ki, bu tarixi qələbənin qazanılmasında minlərlə oğul və qızlarımızın rolu danılmazdır. Onların adı bu qələbənin salnaməsinə qızıl hərflərlə yazılıb. Biz bu gün fəxr edirik ki, həmyerlimiz Bəhyəddin Mirzəyev belə bir ada layiq görülüb. Daha sonra Bəhyəddin Mirzəyevin nəvəsi Ayaz Mirzəyev və yeni küçənin sakini, veteranlar şurasının sədri Abduləli Əliyev çıxış etdilər. Onun keçdiyi şərəfli yoldan danışdılar. Heydər Əliyev Mərkəzində yubiley tədbiri davam etdirildi.

Bəhyəddin Mirzəyev adına Sulut kənd  tam orta məktəbinin direktoru Xurşud Cəfərov və şəhər 4 saylı tam orta məktəbin müəllimi Rəna Mirzəliyeva çıxış edərək Bəhyəddin Mirzəyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışdılar. Yubilyarın nəvəsi, tanınmış telejurnalist Ayaz Mirzəyev keçirilən tədbirə görə ölkə başçısına, rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir konsert proqramı ilə yekunlaşdı.

 Bəhyəddin Mirzəyevin yubileyi onun adını daşıyan Sulut kənd  tam orta məktəbində də qeyd olundu.

 

Xalq qəzeti.- 2014.- 22 may.- S. 7.