“Mingəçevirin nuru kimi,

şöhrəti də aləmə yayılacaq”

 

Bu ifadəni “nur şəhəri”ndəki köhnə dostlarımın birindən –  Sahib Əliyevdən eşitdim və ərkyana dərhal sözünü kəsdim ki, Mingəçevirin şöhrəti çoxdandır aləmə yayılır. Dedi: “Yox, müəllim, mən o mənada demirəm, gələn il ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının paytaxtla yanaşı, həm də bizim şəhərimizdə keçiriləcəyini nəzərdə tuturam. Eşitmişəm ki, dünyanın yüzdən artıq ölkəsinin televiziyaları həmin yarışları canlı yayımlayacaq. İndi təsəvvür edin, Fransada, Almaniyada,  Şotlandiyada, daha haralarda birbaşa Mingəçevirdən idman yarışları göstəriləcək.  Sağ olsun dövlət başçımız ki, Azərbaycanı inkişaf etdirib dünyada bu qədər tanıtdı və indi  Avropada bizim ölkəyə ən yüksək səviyyədə etimad göstərilir.

 

 Sahib Əliyev qeyd etdi ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində Birinci Avropa Oyunlarına hazırlıqla bağlı şəhərdə genişmiqyaslı quruculuq -  abadlıq işləri aparılır. Hazırda ulu öndərin adını daşıyan park və Heydər Əliyev meydanı əsaslı şəkildə yenidən qurulur, hündürmərtəbəli 20 yaşayış binasının fasadı müasir materiallarla üzlənir, rənglənir və işıqlandırma sistemi yenilənir. Şəhidlər xiyabanında əsaslı yenidənqurma işləri aparılır. Şəhərin küçələrində ən  müasir - svetoforlar quraşdırılır. Avtomobil yolları genişləndirilir və küçələrə yeni asfalt örtük çəkilir. Səkilərin, park  xiyabanların hərəkət sahələrinə müasir örtük döşənir. Bütün işıqlandırma sistemləri əsaslı şəkildə yenidən qurulur.

Bu işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasını daim diqqət mərkəzində saxlayan şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovu tez-tez tikinti-abadlıq işləri gedən yerlərdə görən sakinlər daha buna adi bir hadisə kimi baxırlar. Çünki Niyazi müəllim, demək olar ki, günün yarısını tikinti yerlərində, üstündə olur. Şəhərimiz avropalı qonaqları Azərbaycanın adına və milli  dəyərlərimizə layiq  qarşılamağa hazırlaşır. İşlərin  sürəti və operativliyi də göstərir ki, şəhərimiz bu tədbiri də uğurla başa çatdıracaq. Birki. Avropa oyunları olmasa belə Mingəçevir gündən-günə müasirləşir, yeni  görkəm alır.

Həmsöhbətimin bu fikirləri “nur şəhəri”ndən hazırlamaq istədiyim yazının əvvəli üçün lap yerinə düşdü. Ancaq məni daha çox Mingəçevirin sənaye, iqtisadiyyat  şəhəri kimi qazandığı nüfuzun qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər maraqlandırırdı. Şəhər İcra Hakimiyyətində öyrəndim ki, Mingəçevirdə  ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 25,6 faiz artaraq 248 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 37,4 faiz yüksəlib, 160 milyon manat təşkil edib. Eyni zamanda, Mingəçevir bu gün geniş tikinti-quruculuq işlərinin getdiyi şəhərlərimizdəndir.

Öyrəndik ki, tikinti sektorunda əsas kapitala yönələn investisiya 32,5 milyon manat olub, aparılan tikinti – quraşdırma işlərinə 29,3 milyon manat vəsait xərclənib. Təbii ki, müasir şəhərdə həyata keçirilən istənilən layihənin bir tərəfi mütləq nəqliyyata, daşıma məsələlərinə bağlanır. Bu məsələ də Mingəçevirdə ümumi inkişafımızın tələbləri səviyyəsində öz həllini tapır.  Nəqliyyat  daşımalarının həcmi 2,6 faiz artaraq, 2,8 milyon manat təşkil edib. Bu tendensiya əhaliyə  rabitə müəssisələrində göstərilən xidmətlərdə də öz əksini tapır.   Göstərilən rabitə xidmətlərinin həcmi, 1,1 milyon manata çatdırılıb.

Bir sözlə şəhərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadisosial sahələrdə kifayət qədər irəliləyiş müşahidə olunur, aparılan tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alır. Uzun illərdən bəri əhaliyə xidmət edən 32 liftin yeniləri ilə əvəzlənməsi bütün sakinlərin ürəyincə olub,  Güllü bağ” İstirahət Mərkəzinin yenidən qurulması  sakinlərlə bərabər şəhərin qonaqlarını da məmnun edib, Qələbə meydanında aparılan təmir işləri həmin ünvana tez-tez üz tutan sakinləri həqiqətən sevindirib. Hazırda  şəhərin Gəncə şosesində 5 kilometrdə  abadlıq işləri aparılır, yolun kənarlarına 3500 maşından  çox torpaq daşınıb, su çəkilib. İndi  ağaclar əkilir ərazilər tor çəpərlə qorunur. Son günlərədək 1500-dən artıq sərv və çinar ağacları əkilib və bu işlər davam etdirilir.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla Mingəçevirin Şəhidlər xiyabanında görüşdük. Niyazi müəllim dedi ki, digər şəhər və rayonlarımızda olduğu kimi, Mingəçevirdə də dövlət proqramının  bilavasitə bu şəhərə aid bəndləri uğurla icra olunmaqdadır. Belə ki, yaşayış məntəqələrinin elektrik enerjisi, qaz, sukanalizasiya sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Səhiyyə, təhsil, mədəniyyət və digər sosial obyektlərin əsaslı təmiri, yenidən qurulması, bərpası və texniki təchizat məsələləri ardıcıllıqla yerinə yetirilir. Görülmüş tədbirlərin nəticəsində təkcə bu il 888 yeni yeri yaradılıb.

Biz yuxarıda Mingəçevirin sənaye şəhəri kimi qazandığı nüfuzu və sənaye müəssisələrinin  qazandığı uğurları yada salmışdıq. Ancaq  şəhər rəhbəri əlavə etdi ki,   istehsal olunmuş sənaye məhsulunun 88 faizi elektrik enerjisi istehsal edən Azərbaycan İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyası Silsiləsi MMC-lərin payına düşür.  Təkcə bu il həmin  müəssisələrdə 5,8 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Dövlət proqramına uyğun olaraq, Azərbaycan İstilik Elektrik Stansiyasının mövcud 8 enerji blokunun hər birində yenidənqurma işləri aparılıb.  Payız - qış mövsümünə hazırlıqla bağlı stansiyanın 6-cı enerji bloku əsaslı, 7-ci bloku cari təmir olunub.

 Söhbət sənayedən düşəndə qeyd etməliyik ki, şəhərin bu sahədəki nüfuzunun qorunmasında “Mingəçevir-İzolit”, “Azneftmaş”, “Akkord Mingəçevir Maşınqayırma zavodu” ASC-lər, “Kür Elektron Avadanlıqları” və “İnterenerji” MMC-lərin xüsusi xidmətləri olub. Çünki onlar həmişəki kimi, bu il  sabit rejimində işləyirlər. Şəhər elektrik şəbəkəsi, Su-kanal idarəsi, Qaz istismar sahəsi, Yaşıllaşdırma və sanitar təmizlik idarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, “İşıqlanma” idarəsi, mənzil təsərrüfatı və abadlaşdırma idarəsi və ümumiyyətlə, şəhərin bütün qurumları Mingəçevir sözünün hər zaman, hər yerdə ehtiramla çəkilməsi üçün mümkün olan bütün tədbirləri reallaşdırırlar. Sanki, hamı bu şəhərin Azərbaycanın sosial-iqtisadi  xəritəsindəki mövqeyinin gündən-günə yaxşılaşdırılması uğrunda yarışa girib.

Şəhərin təhsil və səhiyyə  sektorları da daim diqqət mərkəzindədir.  Niyazi müəllim bildirdi ki, bu il  10 saylı tam orta məktəbdə  və 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılıb, 4 saylı tam orta məktəb və 12 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri  davam etdirilir. Əlavə olaraq, 100 və 120 yerlik iki uşaq bağçasının tikintisi aparılır. Bundan başqa, Şəhər Mərkəzi Xəstəxanasının 4 bölməsində 31 min manatlıq cari təmir,  52 min manatlıq əsaslı təmir işləri görülüb. 178 min manatlıq ərzaq alınıb, dərman və sarğı materiallarına 475 min manat vəsait xərclənib. Tibb müəssisələrinin madditexniki bazasının gücləndirilməsi  məqsədilə 366 min manatlıq yumşaq və bərk inventar, 458 min manatlıq tibbi aparat, avadanlıq və laboratoriya üçün ləvazimat alınıb.

Bu ilin fevral ayında ölkə Prezidentinin müvafiq  tapşırığı ilə bütün şəhər və rayonlarda olduğu  kimi, Mingəçevir şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə şəhər icra hakimiyyəti başçısının sərəncamı əsasında xüsusi komissiya yaradılmışdı.  3 tibbi məntəqə ayrılmış,  əhalinin tibbi müayinədən keçməsi üçün bütün tibbi avadanlıqlarla təchiz olunmuşdu.  May ayında yekunlaşan  bu tədbirdə  40 min 807 nəfər  iştirak edib.

... Mingəçevirdən hazırladığım qəzet materiallarının birində qeyd etmişdim ki, burada yaşayan insanlar öz şəhərlərinin sırf sənaye və energetika  imici ilə  kifayətlənmir, Mingəçevirin  ölkənin təhsil, mədəniyyət, idmanturizm mərkəzlərindən birinə çevrilməsinə çalışırlar. Şəhərin indiki rəhbərliyi də sakinlərin həmin arzusunun reallaşdırılması istiqamətində lazımi addımlar atır. Məsələn,  şəhərin ali, orta ixtisas və peşə məktəblərində maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tədris prosesinin keyfiyyətli təşkili sahəsində bir sıra işlər görülür, əlamətdar günlərə, bayramlara həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu şəhərdə təhsil almağa maraq göstərənlərin sayı da ildən-ilə artır. İndiki  tədris ilində Mingəçevir Politexnik İnstitutunda 1070 nəfər, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında 501 nəfər, Mingəçevir Turizm Kollecində 2256 nəfər, Mingəçevir Tibb Kollecində 403 nəfər, peşə məktəbində 255 nəfər  təhsil alır. Şəhər gənclər və idman idarəsinin nəzdindəki uşaq və gənclər idman məktəbinin  yetirmələri respublika miqyaslı yarışlarda yüksək nəticələr  qazanırlar. Onlar respublika birinciliklərində 36 birinci, 24 ikinci, 11 üçüncü mükafata  layiq görülüblər.

Yuxarıda adını çəkdiyim Sahib müəllimdən soruşdum ki, Mingəçevirdə qazanılan uğurların təməlində əsasən hansı amillər dayanır? Maraqlı cavab eşitdim: “Bütün məsələlərin kollegial şəkildə müzakirə olunub qərar qəbul edilməsi”. Həmsöhbətim əlavə elədi ki, şəhərin indiki rəhbəri  istənilən  məsələ ilə bağlı qərar verməzdən əvvəl həmin təklif, təşəbbüs və ya problemi şəhər icra hakimiyyəti başçısı yanında şuranın iclasına çıxarır. Orada qəbul edilmiş qərarlar isə icra olunuruğurlar ərsəyə gəlir.

Şəhər icra hakimiyyətində öyrəndim ki , bu il şuranın  19 iclası keçirilib, 35 məsələyə baxılıb.  Bundan başqa şəhər icra  hakimiyyəti  başçısı tərəfindən keçirilmiş 37 rəsmi qəbulda 569 vətəndaş qəbul olunub. Şəhərin müxtəlif məhəllələrində keçirilən 34 səyyar görüşdə 3380 sakin iştirak edib, şəhər rəhbərliyinə 288 müraciət olunub. Müraciətlər əsasən dam örtüklərinin yenilənməsi, sukanalizasiya sistemlərinin təmiri, istilik sisteminin bərpası, məhəllədaxili ərazilərin abadlaşdırılması və sair məsələlərlə bağlı olub. Yəni aparılan geniş quruculuq işləri ilə bərabər, şəhər əhalisini narahat edən bir sıra problemlər də qalmaqdadır. Niyazi müəllimin tapşırıqları əsasında  həmin problemlər  araşdırılır və  həlli istiqamətində işlər görülür. Məsələn, uzun illər sakinləri ciddi  şəkildə narahat edən, şəhərkənarı magistral yolunikinci çimərlik yolunun əsaslı təmirinə ölkə rəhbəri tərəfindən vəsait ayrılıb və hazırda layihələndirmə və ekspertiza işləri aparılır. Sakinlərin elektrik enerjisi, qazsu təminatlarının əsasən fasiləsiz olmasına baxmayaraq, qəzaların baş verməsi və müəyyən hallarda gec aradan qaldırılması da diqqət mərkəzinə çıxarılan məsələlərdəndir.

... Kürün sahili boyu bir-birinin əlindən tutmuş uşaqlara bənzəyən çinarların boyları kimi, “mövsüm paltarları” da fərqli di. Birinin yarpaqlarına təzəcə xəzan saraltısı düşür, digəri isə artıq sapsarı bir alov kimi görünürdü. Parkın içərilərinə doğru gedəndə isə dekorativ ağacların, az qala, hərəsinin öz xəzan köynəyi var idi. Bir sözlə, ağaclar, kollar nə qədər gözəl, qürurlu, gözoxşayan olsa da, insanlara nisbətən çox zəifdi. Məsələn, sözü bir yerə qoyub payızı və ya qışı eyni formada qarşılaya bilmirlər. İnsanlar isə öz doğma yurdlarının ümumi inkişafı naminə əl-ələ verib Mingəçevirdə aparılan  genişmiqyaslı abadlıq, quruculuq və təmir-bərpa işlərini uğurla başa vurur, hansısa sakini narahat edən kommunalya digər problemləri elliklə aradan qaldırırlar.

...Amma, deyəsən, ağaclar, təbiət barədə bir az haqsızlıq etdik. Əsrlərdən bəri Boz dağ adlandırılan ərazidə il boyu gözümüzü oxşayan, isti yay günlərində öz sərin kölgəsini heç kəsdən əsirgəməyən çinarları sevərək vəsf etmək hamımızın borcudur. Elə çinarlı Mingəçevirin qürurlu sakinlərini də...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.6.