Milli poliqrafiyamıza

xidmətdə keçən ömür

 

Azərbaycan Mətbuat Şurasında Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə tanınmış naşir, respublikamızın ilk poliqrafçı alimi, ölkənin ən böyük çap müəssisəsi olan “Azərbaycan” nəşriyyatının sabiq direktoru Şəddat Cəfərovun anadan olmasının 75 illiyi münasibətilə yubiley mərasimi keçirildi.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, Şəddat Cəfərov 75 illik ömrünün 55 ilini ölkəmizdə poliqrafiyanın inkişafına həsr edib. Müharibədən sonrakı ağır illərdə orta təhsilini yarımcıq qoyub mətbəədə işləməyə məcbur olan yeniyetmə hər bir poliqrafçıya örnək həyat yolu keçmişdir. İstehsalatda çalışmaqla yanaşı, həm də mükəmməl təhsil alan Şəddat Cəfərov bilik və bacarığına görə daim irəli çəkilib. O, “Yeni kitab” mətbəəsinin direktoru, sonra isə “Azərbaycan” nəşriyyatının baş direktor müavini olub. Sov. İKP MK-nın təyinatı ilə soydaşımız “Ulyanovskaya Pravda” nəşriyyatına baş direktor vəzifəsinə göndərilib. 20 Yanvar hadisəsindən sonra Bakıya qayıdan həmyerlimiz Mətbuat və İnformasiya Nazirliyində çalışıb, 3 saylı Bakı Kitab Mətbəəsinin və “Azərbaycan” nəşriyyatının direktoru işləyib, Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktor müavini, “Göytürk” mətbəəsinin, Ofset Çap Kombinatının,“Şans” nəşriyyat-poliqrafiya mərkəzinin direktoru olub. Şəddat Cəfərov Bakı mətbəəsi ASC-nin və “Vətən” nəşriyyatının direktoru, “Əkinçi” mətbuat cəmiyyətinin vitse-prezidentidir.

Azərbaycan poliqrafçıları və naşirləri 75 yaşlı  bu insanı öz ustadları kimi dəyərləndirir, onun xidmətlərini qədirbilənliklə yad edirlər. Bu gün onu da qeyd etməliyik ki, Azərbaycanda ofset üsulu ilə kütləvi qəzet buraxılışının mənimsənilməsində Şəddat Cəfərovun müstəsna zəhməti olub. Onun adı milli poliqrafiyamızın tarixinə bu sahənin ilk alimi kimi düşüb. Lakin Şəddat müəllimi biz jurnalistlər üçün doğmalaşdıran ən başlıca xüsusiyyət onun daim yazarların yaxın çevrəsində olması, yaradıcı mühitə qəlbən bağlılığıdır. Buna görə də Şəddat Cəfərov kamil poliqrafçı, sahənin bacarıqlı təşkilatçısı olmaqla kifayətlənməyib, yaradıcılıqla da məşğul olmağa həvəslənmiş, həyat müşahidələrindən qaynaqlanan ədəbi- bədii nümunələr də yaratmışdır. Həmyerlimiz ölkəmizdən kanarda da təcrübəli poliqrafçı kimi tanınır.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, respublikanın əməkdar jurnalisti Yusif Kərimov yubilyarın həmişə vətənpərvər poliqrafçı kimi ölkədə kitab, qəzet- jurnal buraxılışı üçün əlverişli şərait yaradılmasına çalışmasını, milli jurnalistikamızın maddi- texniki bazasının müasirləşdirilməsinə sanballı töhfəsini vurğuladı. O, bildirdi ki, Şəddat müəllim keçmiş SSRİ-nin ən tanınmış poliqrafçılarından biri kimi Azərbaycana daim başı ucalığı gətirirdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Ulyanovsk vilayətində müasir poliqrafiya kombinatı yaradılanda o vaxt sovet dövlətinin rəhbərlərindən biri olan ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə bu böyük müəssisəyə rəhbərlik etməyə Azərbaycandan Şəddat müəllim aparılmışdı. O, Rusiyada böyük şan- şöhrətə çatmışdı. Buna görə də həmyerlimizin yubileyini bizdən əvvəl Ulyanovskda təntənə ilə qeyd etdilər. Onun peşəkar və insani xüsusiyyətləri canlı məktəb kimi gənclərə nümunədir.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şəddat Cəfərovun timsalında peşəyə sevgi və bağlılığın insanı uca mərtəbəyə qaldırdığını, belə adamların daim yada salınmasının, diqqətdə saxlanmasının gənc nəslin mənəvi tərbiyəsində əhəmiyyətli olduğunu vurğuladı. “Azərbaycan” nəşriyyatının baş direktor müavini Allahverdi Məmmədov  Şəddat Cəfərovun uzun illər bu müəssisədəki səmərəli fəaliyyətindən məmnunluqla  danışdı.

Yubilyarın dostları və pərəstişkarlarından Xalq artisti Canəli Əkbərov, jurnalist və naşirlər Şakir Yaqubov, İsaq Əmənullayev, Mehman Fərzullayev, Bəbir Hüseynov, Cümşüd İsgəndərov, Sevda Əlibəyli, Oqtay Əliyev, Namazəli Mustafayev, Yasəmən Möhübbətqızı, Fatma Həsənqızı  və başqaları Şəddat Cəfərovu peşəkar poliqrafçı, yurdsevər ziyalı, söz  xiridarı, qayğıkeş insan, sədaqətli dost kimi səciyyələndirdilər, ona xoş arzularını çatdırdılar.

Mərasimdə yubilyarın zəngin və mənalı ömür yolunu əks etdirən film də göstərildi.

Şəddat Cəfərova Azərbaycan Mətbuat Şurasının diplomu, Ahıl Jurnalistlər Məclisinin, “Azərbaycan” nəşriyyatının və dostlarının xatirə hədiyyələri təqdim olundu.

 

Tahir AYDINOĞLU,

Rafiq SALMANOV (foto)

 

Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.7.