Səslər dünyasının işığında

 

Bu günlərdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və AMŞ-nin  Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri tanınmış jurnalist Telman Qarayevi 80 yaşının tamamında teleradio işçilərinin Yeni Yasamalda yerləşən yaşayış evindəki mənzilində ziyarət etdilər. Şuranın “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram, gələcək üçün təcrübə qaynağımızdır” layihəsi çərçivəsində səyyar görüşünə qocaman jurnalistin uzun illər çalışdığı Azərbaycan radiosunun əməkdaşları da qatılmışdılar.

 

Azərbaycan mədəniyyəti ilə, xüsusən milli musiqimizlə bağlı saysız- hesabsız yazıların, radioverilişlərin müəllifi, istedadlı jurnalist Telman Qarayev 60 ildən artıq müddətdə qəlbinin odunu, gözlərinin nurunu söz sənətinin çox ünvanları əriş- arğac etmiş yollarında əritmişdir. Yazmaq-yaratmaq həvəsi ahıl yaşlarında belə zərrə qədər azalmamış ustad həmkarımızı son illərdə gözlərinə çökən zülmət  Azərbaycan Radiosundakı çoxillik sevimli işindən aralı saldı.

Dörd divarın arasına məhkum olduğu son illərdə Telman Qarayev uzun illər tükənməz bir sevgi ilə toplayıb ərsəyə gətirdiyi zəngin səs arxivinə sığınaraq min bir ünvandan süzülüb gələn nadir səslərin işığı ilə könül dünyasını nurlandırır. Uzun bir dövrü əhatə edən bu arxivdəki nə az, nə çox, 5 minədək səs yazısında musiqi mədəniyyətimizin ulu qaynaqları, ünlü sənətçiləri, bənzərsiz  səsləri barədə Telman müəllimin hazırladığı verilişlər, nadir müsahibə və ifalar qorunub saxlanır. Bunların bir çoxunu o, öz marağı və cəhdi ilə qoruyub saxladığından hətta radionun səs  fondunda da yoxdur.

80 yaşının tamam olduğu günlərdə ölkənin ən nüfuzlu media qurumunun rəhbərinin, özününüzv olduğu Ahıl Jurnalistlər Məclisi təmsilçilərinin, köhnə yoldaşlarının onunla görüşə gəlməyi Telman Qarayevin döğma bir səsə, mərhəm bir hənirtiyə günlərlə həsrət qalan qəlbinə bolluca işıq, toy- bayram əhvalı gətirmişdi. Deməli, dostları, həmkarları, söz dünyasının adamları onu unutmayıblar, gözlərinin nurunu itirmiş yaşlı həmkarlarının bəzən ilə dönən günlərinin 80 yaşın zirvəsinə gəlib çatdığını da diqqətdə saxlayıblar.

Odur ki, vaxtilə özü də belə görüşlərə çox getmiş Telman müəllimin uçmağa qanadı yox idi. Hamını bir- bir bağrına basdı, başını köksünə sıxıb xoş ətir kimi iylədi. Dedi ki, gəlişinizi dünəndən eşidib bütün gecəni yatmamışam. Gecəyarı ötən illərin ən unudulmaz səslərini, ən maraqlı müsahibələrini seçib ayırmışam ki, maqnitofonda sizin üçün səsləndirim. Axı bu yaşda, bu durumda mənim bu səs yazılarından başqaonlardan qiymətli heç nəyim yoxdur...

Bildirək ki, Telman müəllim uzun illər təmirsiz qalmış sadə, darısqal mənzilinin ən böyük otağını, sözün həqiqi mənasında, radio studiyasına çevirib. Olan- olmazını aparatlara xərcləyib. Rəflərdə səliqə ilə 5 minədək kaset yer alıb. Divarlarda jurnalistin ən yaxşı günlərindən soraq verən, görkəmli sənət adamları ilə görüşlərini əks etdirən çərçivəyə salınmış fotolar sıralanıb.Bu materiallar əsasında axır vaxtlar iki kitab hazırlayıb gələnə- gedənə bağışlayır. Deyir ki, yerdə qalanı da cavan jurnalistlər, musiqiçilər gəlib aparsınlar. İstəmişəm ki, uzun illər gördüklərimi, öyrəndiklərimi bizdən sonrakı nəsilə əmanət edəm.

Elə bu səslər arxivini də dünənimizi, bugünümüzü sabaha ötürmək üçün toplayırdım. Lentlərdən təkrar istifadə etmək üçün bir qayda olaraq efirə getmiş verilişləri pozurdular. Mən isə min bir əziyyətlə onların üzünü köçürüb saxlayırdım. Sağ olsun, Azərbaycan radiosunun indiki rəhbəri Cavanşir Cahangirovu, uşaqları göndərir, aparıb istifadə edirlər. Arzu edərdim ki, o biri radiokanallar da bu arxivdən yararlansınlar.

Bu yerdə Telman müəllimin nadir səs arxivinin taleyi ayrıca mövzuya çevrildi. Ahıl Jurnalistlər Məclisinini sədri Yusif Kərimov bildirdi ki, bu məsələ onu xeyli vaxtdır ki, qayğılandırır: yaxşı olar ki, müvafiq dövlət qurumu bu arxivə sahib çıxsın. Mətbuat Şurasının sədri Əflatun Amaşov dedi ki, jurnalistlər ictimaiyyətin diqqətini bu nadir xəzinəyə yönəltməkdə çox görə bilərlər. Telman Qarayev isə təklif etdi ki, bu otaqdan canlı verilişlərə çıxmaq  mümkün olduğundan hələlik teleradio jurnalistləri gəlib təmənnasız olaraq verilişlər hazırlasınlar.

Bu arada yubiliyarı təbrik etməyə gəlmiş jurnalist qızlar Dilşad Tahirqızı, Rəsmiyyə Rzalı, Əsmət Əbdülqızı,Yeganə Məmmədova da işsiz durmayıb evi sahmana saldılar, çay süfrəsi açdılar. Beləcə  görüşdə söz-sözü çəkdi, jurnalistikamızın taleyi ilə bağlı müxtəlif mövzular çözələndi. Telman müəllimin ürəyi açıldı, üzü güldü, ötən günlərdən şirin xatirələr danışdı. O, Ahıl Jurnalistlər Məclisinin yaradılmasını, Prezident İlham Əliyevin göstərişi ilə qurumun səmərəli  fəliyyəti üçün göstərilən qayğını yada saldı, keçirilən tədbirlərin yaşlı jurnalistlərin ürəyincə olduğunu, onları fəal həyata qoşduğunu dedi.

AMŞ sədri Əflatun Amaşov yubiley plaketini, AJM-in sədri Yusif Kərimov jurnalistlərin hədiyyəsini qocaman jurnalistə təqdim etdilər.

Telman Qarayev həmkarlarının qədirbilənliyinin çəkdiyi acıları ona unutdurduğunu  son nəfəsinədək jurnalistikamızın əsgəri olaraq qalacağını söylədı. Yubiliyar onun görüşünə gələnlərə təşşəkkürünü bildirdi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.5.