Bəstəkarlar İttifaqının 80 illik yubiley tədbirlərinə

Tofiq Bakıxanovun kamera musiqisi ilə start verildi

 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir  bəy  Hacıbəyli adına konsert zalında ölkəmizin ilk yaradıcılıq birliklərindən olan bu təşkilatın 80 illik yubiley tədbirləri silsiləsinə start verilib.  Tədbirdə ön sözlə çıxış edən Bəstəkarlar İttifaqının sədri, respublikanın Xalq artisti, professor Firəngiz Əlizadə xatırladıb ki, bu möhtəşəm tədbirlər silsiləsinə görkəmli bəstəkar Tofiq Bakıxanovun əsərlərinin dinlənilməsi ilə başlamağımız təsadüfi deyil:

 

- Çünki Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli sənətkar olan Tofiq Bakıxanov ömrünün doqquzuncu onilliyində də həm yaradıcılıq sahəsində, həm də müəllim kimi fəaliyyətini uğurla davam etdirir.  Azərbaycan tarixinin ən görkəmli simalarından olan Abbasqulu ağa Bakıxanov nəslini təmsil edən Tofiq müəllimin yaradıcılığı hələ ötən əsrin 60-cı illərindən etibarən dünyanın musiqi ictimaiyyəti tərəfindən tanınır və bəyənilirdi. Onun 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq Musiqi Festivalında, sonra isə Lüksemburq, Monte-Karlo, Moskva, Leninqrad, Kiyev şəhərlərində nümayiş etdirilən “Xəzər balladası” baleti Azərbaycan neftçilərinin həyatından bəhs edən ilk musiqili səhnə  əsəri idi. Bundan başqa, Tofiq müəllim İran, türk, ərəb xalq musiqiləri əsasında çoxsaylı əsərlər yazmışdır. Onun qələmə aldığı səhnə əsərləri 40 idən artıqdır ki, Azərbaycan teatrlarının repertuarındadır.

Tofiq Bakıxanovun kamerasimfonik əsərləri , eləcə də operetta yaradıcılığı barədə əhatəli şəkildə söz açan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova dedi: – Bu görkəmli bəstəkarın ən böyük şəxsi keyfiyyətlərindən biriodur ki, Tofiq müəllim müraciət etdiyi bütün musiqi janrlarında uğurlu əsərlər yarada bilib. Digər tərəfdən, Tofiq müəllim milli hərb tariximizə ona qədər sərkərdə, elm və mədəniyyətimizə iyirmiyə qədər görkəmli ziyalı, ən başlıcası, Abbasqulu ağa Bakıxanov kimi tarixi şəxsiyyət bəxş etmiş Bakıxanovlar şəcərəsinin tarixi ənənələrini ləyaqətlə davam etdirir.

Sonra musiqiçilər bəstəkarın “Azərbaycan sonatası”, “Xatirə konserti”, “Türk sonatası” və “Türk rapsodiyası” əsərlərini ifa etdilər. Gülnarə Əhmədova, Cəmilə Abbasova, İsmayıl Zülfüqarov, Ülkər Hacılı, Talehə Əliyeva, Rimuzə Məmmədova, Sahib Paşazadə və Nərgiz Əliyevanın çıxışları  tamaşaçılar tərəfindən dəfələrlə alqışlandı. Tədbirdə paytaxtın musiqi və təhsil ictimaiyyətlərinin nümayəndələri ilə yanaşı, Türkiyə, İran İslam Respublikası və Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki diplomatik nümayəndəliklərinin təmsilçilərı də iştirak edirdilər.

Xatırladaq ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildə böyük sənətkar Üzeyir bəy Hacıbəylinin yaxından köməyi ilə yaradılmışdır.  Təsis tədbirində  Azərbaycan bəstəkarllarından Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyli və Niyazi Tağızadə- Hacıbəyov da iştirak etmişlər.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.6.