III Bakı Beynəlxalq Teatr Konfransı

 

Bu gün Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqınin təşkilatçılığı ilə III Beynəlxalq Teatr Konfransı öz işinə başlayır. Bu münasibətlə dünən Musiqili Teatrda mətbuat konfrası keçirildı.

 

Konfransda Litvadan olan Mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, ABŞ-dan gələn teatr rəssamı İosif Yusupov, hindistanlı Beynəlxalq uşaq teatrları festivallarının rəhbəri Ayşa Rau və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov iştirak edirdilər.

Mətbuat konfransını giriş sözü ilə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev açdı. Qonaqları media nümayəndələrini salamlayan nazir müavini bildirdi ki, Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramının 2.15-ci bəndində müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili nəzərdə tutulmuşdur. Bu konfrans dövlət proqramı qəbul olunduqdan sonra keçirilən üçüncü beynəlxalq forumdur. Ədalət müəllim bildirdi ki, artıq 100-dən çox xarici nümayəndə Bakıdadır.

Sonra nazir müavini konfransın proqramı ilə bağlı media nümayəndələrinə məlumat verdi. Bildirdi ki, konfransda 40-dan artıq dövlətdən 110 nəfər tanınmış teatr mütəxəssisinin, beynəlxalq teatr tənqidçilərinin, rejissor, baletmeyster, teatr rəssamları, xoreoqraf və dramaturqların iştirakı gözlənilir. Bundan başqa, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi beynəlxaq təşkilatların rəhbərləri çıxış edəcəklər.

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxstan, Səudiyyə Ərəbistanı, Rumıniya və Kolumbiyadan olan nümayəndələr tədbirə qoşulacaqlar.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırıldı.

Məlumat üçün bildirək ki, respublikamızda 7-8 noyabr 2010-cu ildə ilk dəfə keçirilən Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər alternativlər mövzusuna həsr olunmuş konfransda dünyanın 30-dan artıq dövlətindən 60-dan artıq mütəxəssis təmsil olunmuşdur. 5-6 noyabr 2012-ci ildə keçirilən II Beynəlxalq Teatr Konfransında isə MDB, Avropa, Amerika Asiya ölkələrindən 80 nəfər qonaq iştirak etmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 5 noyabr.- S.6.