Binəqədidə yazıçı-dramaturq

Hüseynbala Mirələmovla görüş

 

Bakı şəhəri Binəqədi rayonu 276 saylı orta məktəbdə tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə yazıçı-dramaturqun özü ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, filologiya elmləri doktorları Raqub Kərimov və İslam Qəribli, Azərbaycan Yazıçılar Birliyi bədii ədəbiyyatın təbliği  bürosunun direktoru Nazim Əhmədli, həmçinin respublikanın bir çox tanınmış sənət adamları iştirak edirdi.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar müəllim Bəhram Şiriyev Hüseynbala Mirələmovun həyat və yaradıcılığından geniş söz açaraq, onun istər publisistiksının, istər nəsr əsərlərinin, istərsə də  dramaturgiyasının gənc nəsilin milli ruhda, əsl vətənpərvər kimi böyüməsində çox faydalı və dəyərli vasitə olduğunu vurğuladı.

Ədəbi-bədii gecədə yazıçı-dramaturqun yaradıcılığından geniş söz açan filologiya elmləri doktorları Raqub Kərimov və İslam Qəribli bildirdilər ki, Hüseynbala Mirələmov həyatda olduğu kimi əsərlərində də fəal vətəndaşlıq mövqeyi ilə seçilir. Onun vətəndaşlığı onun yaradıcılığından ayrılmır. Xüsusi qeyd olundu ki,  Hüseynbala Mirələmov daxilən yaşadığı  Qarabağ ağrılarında, torpaq itkisində, Vətəndəykən qaçqınlıq və məcburi köçkünlük qınağının əzablarında, bu insanların xəcalətində oxucunun da payının olduğunu gizlətmir, onlara da bu hissləri yaşadır.

Hüseynbala Mirələmov yaradıcılığında qaranlıqla işığın, xeyirlə şərin mübarizəsi ilə yanaşı, daha vacib bir problemə baxış aydın duyulur- insaninam. Bu mənada yazıçının  istər “Gəlinlik paltarı”nda, istər “Qumru yumurtaları”nda, istər “Qırxıncı otaqda, istərsə digər əsərlərində yazıçının qarşısına qoyduğu ali məqsədlərdən biri insanın yaşadığı mühitdə öz simasını qoruyub saxlaya bilməsinə, içindəki iblisə qalib gələ bilməsinə kömək göstərməkdir.

Tədbirdə şagirdlərin Hüseynbala Mirələmovun yaradıcılığından səsləndirdikləri seçmələr, dram əsərləri əsasında hazırladıqları səhnələr, eləcə də yazıçının “Heydər Əliyev”, “Zərifə Əliyeva”, “İlham Əliyev”, “Gəlinlik paltarı”, “ Yanar  qar”, “Bir gecənin sehri” və digər əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalar tədbir işrirakçılarının alqışları ilə qarşılandı. Üç saat davam edən tədbirin sonunda yazıçı-dramaturq  məktəbliləri düşündürən çoxsaylı suallara cavab verdi.

Tədbirin sonunda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov dəvəti qəbul edib məktəblilərin görüşünə gəldiyinə görə yazıçı-dramaturq Hüseynbala Mirələmova təşəkkür etdi. Sonda Hüseynbala Mirələmov “Cəza”, “Xəcalət”, “Gəlinlik paltarı”, “Sonuncu fateh” və digər əsərlərini məktəb kitabxanasına hədiyyə etdi.

 

Rafiq SALMANOV

 

Xalq  qəzeti.- 2014.- 7 noyabr.- S.6.