Balakən: gündən-günə gözəlləşən diyar

 

Oktyabr ayı Balakən ictimaiyyəti üçün kifayət

qədər əlamətdar və tədbirlərlə zəngin oldu.

 

Bu tədbirlərin hamısı bir-birindən yüksək səviyyədə təşkil olunsa da, mənim üçün ən yaddaqalan məqam oktyabrın 31-də keçirilən “Məhsul bolluğu bayramı” idi. Çünki burada söhbət balakənli insanın ərsəyə gətirdiyi məhsuldan, o məhsulun bolluğundan, bolluğun bayram edilməsindən, ən başlıcası mənim kəndli qardaşlarımın, fermerlərin zəhmətinin, əməyinin qiymətləndirilməsindən gedirdi.

Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan bu bayram müstəqillik illərimizdə artıq üçüncü dəfə keçirilirdi. Rayon sahibkarları, fermerləri və iş adamları bu il istehsal etdikləri kənd təsərrüfatı məhsullarını nümayiş etdirirdilər. Bayramda rayonun kəndləri, aqrar sektorun bütün sahələri üzrə fəaliyyət göstərən insanlar təmsil olunurdular. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və digər rəsmi qonaqlar nümayiş etdirilən bütün məhsullarla tanış oldular. Ən yaddaqalan məqamlardan biri folklorşünas alim Qalib Sayılovun çıxışı oldu. Alim milli tariximizdə mövcud olan məhsul və ya bolluq bayramı ənənəsindən, bu ənənəni yaşadan folklor nümunələrindən söz açdı. Sonra incəsənət ustalarının iştirakı ilə geniş bayram konserti təşkil olundu.

Yüksək əhval-ruhiyyə ilə keçən bolluq bayramında özünün keyfiyyətli məhsullarını nümayiş etdirən Talalar kəndindən olan fermer Nüsrət Əsgərovla söhbət etdik. Nüsrət bu qəbildən olan tədbirləri alqışlamaqla yanaşı, əlavə etdi ki, biz bu məhsul bolluğunu yaratmaqda yardımçımız olan hər bir insana, xüsusən, möhtərəm dövlət başçımıza minnətdarıq. İndi Balakəndə elə vəziyyət yaradılıb ki, istənilən sakin istədiyi qədər kənd təsərrüfatı məhsulu istehsal edə bilər. Rayon rəhbərliyi bu istiqamətdə irəli sürülən bütün təklif və təşəbbüsləri dəstəkləyir. Bizə göstərilən qayğı və köməyin cavabı isə məhz belə tədbirlər, bolluq bayramları olur. Bu gördüyünüz məhsulların hamısı işləyən və içləmək istəyən adamlara göstərilmiş köməyin nəticəsidir.

Elə rayon icra hakimiyyətinin başçısı ilə də “Məhsul bolluğu bayramı”nda görüşdük. İslam müəllimlə söhbətimiz rayon həyatının bütün sahələrini əhatə etsə də, bu yazının əvvəlini məhsul bayramı, kənd təsərrüfatı ilə başladığımıza görə rayondakı sosial-iqtisadi nailiyyətlərdən əvvəl aqrar sektordakı bəzi göstəriciləri yada salmaq istərdik. Öyrəndik ki, bu il rayonun əkin sahələrinin ümumilikdə təxminən 3 faiz artırılması təmin edilib. Sahələrin 12 min 65 hektarında payızlıq və yazlıq bitkilər əkilib, 256 hektar taxıl sahəsindən 378 ton məhsul götürülüb. 21,8 min ton tərəvəz, 7,1 min ton kartof, 21,2 min ton qarğıdalı, 631 ton lobya, 3,2 min ton bostan məhsulları, 9,8 min ton meyvə istehsal olunub. Biz rayonda olduğumuz gün aldığımız məlumatda bildirilirdi ki, hələ təsərrüfatlarda məhsul yığımı davam etdirilir. Meyvəçiliyin inkişaf etdirilməsi və yeni intensiv bağların salınmasına diqqət artırılır. Əvvəlki illərdə salınmış 176 hektar intensiv meyvə bağlarına mövsümi qulluq göstərilir və məhsul istehsalının artırılması üçün əlavə tədbirlər həyata keçirilir.

Xatırladaq ki, bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır, mal-qaranın baş sayında və heyvandarlıq məhsullarının istehsalında əvvəlki illərə nisbətən artım müşahidə olunur.

Quşçuluğun inkişaf etdirilməsi üçün mövcud əlverişli şərait nəzərə alınaraq Qaysa kəndində inqubasiya təsərrüfatı istifadəyə verilib. Bütövlükdə, bu ilin geridə qalan aylarında aqrar sahədən 48,6 milyon manatlıq gəlir əldə edilib ki, bu da əvvəlki ilə nisbətən 701 min manat çoxdur.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi tədbirləri çərçivəsində 2137 nəfər istehsalçıya 218 min 724 manat yardım edilib. Aqrar sahənin texniki təminatının yaxşılaşdırılması üçün 2 ədəd qarğıdalıyığan kombayn, 816 ton azot gübrəsi gətirilib və gübrənin istehsalçılara güzəştli qaydada satışı təşkil edilib. 342 ədəd kənd təsərrüfatı texnikası müvafiq texniki baxışdan keçirilib. Rayon fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında fəal iştirak edib və bu yarmarkalarda 78 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilib.

Rayon rəhbəri bu məqamları yada salarkən bir məsələni xüsusilə vurğuladı və dedi ki, balakənlilər öz məhsullarını Bakıya nə qədər çox aparsalar da, paytaxt sakinləri və respublikamızın qonaqları bizim nemətlərimizlə məhz Balakəndə tanış olmağa üstünlük verirlər. İslam müəllim qeyd etdi ki, hələ dəqiq olmayan məlumata görə, cəmi 9 ayda Balakənə 20 mindən artıq turist gəlib. Ucqar bir rayon üçün bu,kiçik göstərici deyil. Yeri gəlmişkən, Balakən əlverişli coğrafi mövqeyi, münasib iqlimi və təbii gözəllikləri ilə turistlərin diqqətini daim cəlb edir. Rayon ərazisində turistlər üçün maraqlı ola biləcək qədim tarixi abidələr, zəngin fauna və flora, meşələr, çaylar, şəlalələr, istirahət guşələri, parklar mövcuddur.

Balakənin 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi və bununla əlaqədar keçirilən tədbirlər, festivallar turistlərin bu rayona marağının daha da artmasına səbəb olub. Hazırlanmış illik tədbirlər planına uyğun olaraq, sentyabr ayının 25-26-da “Balakən payızı” Folklor və Turizm Festivalı keçirilib. Festivalda qonşu Dağıstan və Gürcüstan respublikalarının, eyni zamanda, respublikamızın 6 rayonunun folklor kollektivləri iştirak ediblər.

Rayonda öyrəndik ki, Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə Balakən rayonu respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilib. Rayon üzrə 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib. Rayona gələn turistlər daha çox kənd gəzintisi, dağ, atçılıq, ovçuluq turizm növlərinə maraq göstərirlər. Bundan əlavə, dördulduzlu “Qubek” mehmanxanasının yerləşdiyi Balakən şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı da turistlərin ən çox üz tutduqları məkanlardandır. Burada turistlərin əylənməsi üçün hər cür şərait yaradılıb. Parkda quraşdırılan 1200 metr uzunluğunda kanat yolu daim turistlərin ixtiyarındadır.

Bu il rayon ərazisində tikinti, təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılır. Ölkə Prezidenti İlham Əliyevin 2013-cü ilin avqust ayında imzaladığı sərəncama əsasən tikintisi üçün vəsait ayrılmış Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunun 16,2 kilometrlik hissəsində işlər başa çatdırılıb. Şəhərin Rafiq Səmədov küçəsindəki bağ abadlaşdırılaraq yenidən qurulduqdan sonra burada Soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi tikilib, “Veteranlar bağı” salınıb, küçələrdə yol nişanları daha müasirləri ilə əvəz edilib. Şəhərdə 20 kommunal binanın dam örtüyü dəyişdirilib, 16 binanın isə fasad hissələri mişar daşı və dekorativ daşlarla üzlənilib. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının giriş hissəsi, Şəhidlər xiyabanı yenidən qurulub, şəhərin Heydər Əliyev və Atatürk prospektlərində, Nəriman Nərimanov, Rafiq Səmədov, Məhəmməd Əsədov, Əli Ansuxski küçələrində və Soyqırımı bağında

10 min 100 kvadratmetr tamet plitə düzülüb, 170 yeni işıq dirəyi basdırılıb. Balakənçay körpüsünün kənarı yeni üslubda yaşıllaşdırılıb. Qabaqçöl qəsəbəsinin mərkəzindəki park abadlaşdırılıb, ərazi işıqlandırılıb. Hazırda Qullar kəndində və Heydər Əliyev prospektində yol kənarlarının abadlaşdırılması işləri davam etdirilir.

Rayonda təhsil müəssisələrinin müasirləşdirilməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri daim diqqət mərkəzindədir. 280 yerlik Talalar 2 saylı kənd tam orta məktəbinin inşası başa çatdırılıb və bina yeni dərs ilində şagirdlərin istifadəsinə verilib. Rayonun Qaysa kəndində 20, Şərif kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib. Şəhərdə və Şambul kəndində yeni uşaq bağçalarının tikintisi, Sarıbulaq kəndində uşaq bağçasının əsaslı təmiri, rayon polis şöbəsinin inzibati binasının tikintisi isə davam etdirilir.

Öyrəndik ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində su anbarları, magistral və şəhər su xətləri təmir olunub, şəhərin Əli Ansuxski və Nizami küçələrində yerləşən 3 yaşayış binasının su və kanalizasiya xətləri yenilənib, kanalizasiya baxış quyuları tikilib. Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamına əsasən, rayonda qazılması nəzərdə tutulan 10 artezian quyusundan 8-i istifadəyə verilib və Katex kəndində sonuncu artezian quyusunun qazılmasına başlanılıb. Sarıbulaq kəndində isə mövcud su quyusundan istifadə etməklə 3 kilometr məsafədə su şəbəkəsi qurulub.

İslam müəllim dedi ki, əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdıqca müvafiq qurumlar tərəfindən xidmət haqlarının yığılması da asanlaşır. Məsələn, bu il əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 82 faiz, içməli suyun dəyəri 83 faiz, qazın dəyəri 98,9 faiz ödənilib. Qış mövsümünə hazırlıqla əlaqədar şəhər əhalisinə və müəssisələrə istilik xidməti göstərən qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərində təmir və yoxlama işləri aparılıb, zəruri avadanlıqlar gətirilərək quraşdırılıb.

Əhaliyə göstərilən rabitə xidmətləri də müasirləşdirilir. Meşəşambul kəndində 256 nömrə tutumlu yeni elektron telefon stansiyası quraşdırılıb. Hazırda xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir. Əli Ansuxski küçəsində 400 metr kabel yer altına köçürülüb, R. Səmədov küçəsində 700 metr məsafədə hava rabitə xətləri yenisi ilə əvəz olunub, kəndlərdə 1700 metr məsafədə kabel təmir olunub.

Son illər Balakəndə təhsil sahəsində nəzərəçarpan uğurlar əldə edilir. Sonuncu tədris ilinin məzunlarından 5 nəfər məktəbi qızıl medalla bitirib. 2014-cü ildə tam orta məktəb pilləsini bitirənlərdən 385 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib və onlardan 224 nəfəri tələbə adını qazanıb. Məzunlardan 8 nəfəri 600-dən, 23 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiya və kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı kifayət qədər iş görülüb. İndi rayonun ümumtəhsil məktəblərində hər 19 şagirdə 1 kompüter düşür. 11 məktəbdə 226 kompüter sürətli internet şəbəkəsinə qoşulub.

Digər rayonlardan hazırladığımız yazılarda qeyd etdiyimiz kimi, Balakəndə də əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində müsbət tendensiya davam etdirilir. Bu ilin əvvəlindən etibarən müxtəlif ixtisaslı həkimlərdən ibarət briqadalar daim ucqar kəndlərdə olub, əhali arasında həm müayinə, həm də tibbi maarifləndirmə işləri aparıblar. Rayon ərazisində sanitar-gigiyenik nəzarətdə olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilib və bunun nəticəsində əhali arasında xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb.

Əvvəlki yazılarımızın birində qeyd etmişdik ki, Balakən tədricən ölkənin turizm və sənaye mərkəzlərindən birinə çevrilir. Turizm məsələsi barədə yuxarıda qeyd etdik. Rayonda sənaye yönümlü istehsal müəssisələrinin inkişafı məsələsi barədə isə İslam müəllim qeyd etdi ki, “Sənaye ili” tədbirləri çərçivəsində “Azəryemsənaye” MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada meyvəqurutma və konserv istehsalı üzrə sənaye xəttinin açılması, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, “Balacans” MMC-nin konserv sexində isə İtaliya istehsalı olan müasir şüşə qablardan istifadə etməklə yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə tutulur. Bu məqsədlə əhalidən meyvə və tərəvəz tədarük ediləcək və zavodun meyvə bağlarının sahəsi genişləndiriləcəkdir. Hənifə kəndinin ərazisində keramika məmulatlarının istehsalı üzrə bir müəssisənin tikintisi də “Sənaye ili” tədbirləri çərçivəsində sahibkarlar tərəfindən reallaşdırılacaq layihələrdən biridir.

Bax belə. Balakən haqqında növbəti yazını da başa çatdırdıq. Rayonun on ayda gördüyü işlər barədə söz açdıq. Əsas hünər həmin on ayda sadalanan nailiyyətləri reallığa çevirən insanların göstərdiyi qətiyyət, prinsipiallıq və yurdsevərlikdir.

Yeri gəlmişkən, bir dəfə yazmışdım ki, Balakəndə yurdsevər, vətənpərvər insanlar çoxdur. Yazı qəzetdə gedəndən bir ay sonra təsadüfən rayon mərkəzində katexli dostum Cavanşir Piriyevlə görüşdük. Salam-kəlamdan sonra bildirdi ki, yazıda düzəliş etsəniz, yaxşı olar. Sonra əlavə etdi ki, yazmısınız ki, Balakəndə vətənpərvər insanlar çoxdur. Mən o ifadə ilə qəti razı deyiləm.

Düzü, təəccübləndim. Soruşdum ki, bəs nə yazaydım?

Cavabı çox sərrast oldu: Yazaydınız ki, Balakəndə hamı vətənpərvər və yurdsevərdir.

Təbii ki, həmin ifadəni öz adımdan yaza bilərdim. Amma Cavanşirin ərkinə cavab olaraq bunu məhz onun adından yazıram...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 9 noyabr.- S.6.