Dövlət bayrağımız –

qürur mənbəyimiz

 

Azərbaycan bayrağı sadəcə bayraq deyil.

O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir...

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Bizim bayrağımız qürur mənbəyimizdir.

Bizim bayrağımız canımızdır, ürəyimizdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dörd il bundan əvvəl paytaxtımızın Bayıl adlanan ərazisində təntənəli şəraitdə açılmış Dövlət Bayraq Meydanındayıq. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə isə ərazi 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalır.

 

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bu bayraq dünyada ən böyük və ən ucada dalğalanan bayraqdır. Bayraq dirəyinin hündürlüyü 162, bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 245 kvadratmetr, çəkisi təqribən 350 kiloqramdır. Dövlət bayrağı şəhərimizin hər yerindən aydın görünür.

Bayraq Meydanı xüsusi zövqlə abadlaşdırılıb, Bakının dənizkənarı bulvarı ilə birləşərək cazibədar bir mənzərə yaradıb. Meydanın salınması üçün çox böyük tikinti-quraşdırma, quruculuq işləri görülüb. Sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik.

Meydanın yaradılması haqqında sərəncam hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmış, ondan dərhal sonra inşaat işlərinə başlanmış, 2009-cu il noyabrın 17-də isə Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir. Tarixdən məlumdur ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Hər iki sərəncamın noyabrın 17-də imzalanmasının da səbəbi son dərəcə məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də, 72 ildən sonra ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi yenidən qaldırıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

O zaman Sovet İttifaqının dağılmasına hələ bir il qalmışdı. Deməli, əslində bizim müstəqilliyə gedən yolumuz o gündən başlanmışdır. Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illərdəki vəziyyət yaşlı və orta nəslin yaxşı yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə gedən ictimai siyasi proseslər mənfi istiqamətdə idi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Azərbaycanın inkişaf perspektivləri görünmürdü, əslində ölkəmiz dövlət müstəqilliyini itirə bilərdi. Xalqımızın müdrikliyi və qəti tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün xoşagəlməz hallar aradan qaldırıldı, sabitlik yaradıldı, ölkənin inkişaf istiqamətləri müəyyənləşdirildi. Həmin inkişaf istiqamətlərinin nəticələrini bu gün Azərbaycan vətəndaşları yaxşı görürlər.

1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaradılmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul olundu. Bayrağımız mötəbər beynəlxalq təşkilatların mənzil-qərargahlarında dalğalanmağa başladı. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Ölkəmizə böyük həcmdə investisiyaların cəlb edilməsinə nail ola bildik. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir bundan sonra da onilliklər ərzində ölkənin uğurlu inkişafına etibarlı zəmin yaradır.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında həmin on il ərzində Azərbaycan çox böyük təlatümlü bir yol keçmiş və fəxrlə demək olar ki, dövlətçiliyin əsasları tam şəkildə möhkəmləndirilmişdir. Bu gün biz iftixarla deyə bilərik ki, Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir, qarşıda duran bütün vəzifələr icra edilir.

Məlumdur ki, son illər hökm sürən iqtisadi və maliyyə böhranı dünya ölkələrinin həyatında müəyyən çətinliklər yaratmışdır. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxmışdır. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, dövlətimiz güclənsin və xalqımız daha da yaxşı yaşasın.

İndi Azərbaycan böyük bir tikinti meydanını xatırladır. Hər yerdə bölgələrdə, şəhər, rayon və kəndlərdə geniş tikinti-quruculuq işləri aparılır, sosial obyektlər, infrastruktur layihələr həyata keçirilir. Azərbaycanda görülən bütün işlər ölkəmizin gələcəyinə hesablanıb, on il, iyirmi il, otuz il bundan sonra da özünü göstərəcək və xalqımıza xidmət edəcəkdir. Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratmışdır. Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkədir, heç bir xarici yardımdan asılı deyil, daxili enerji təhlükəsizliyini təmin etmişdir. Ölkədə əhalinin ərzaq təhlükəsizliyini təmin etmək tstiqamətində məqsədyönlü işlər aparılır. Fəxrlə demək olar ki, Azərbaycanın gələcəyi indikindən qat-qat parlaq olacaqdır. Azərbaycanda insanlar ildən-ilə daha yaxşı yaşayacaqdır. Çünki bu məqsədlə nəzərdə tutulan sosial proqramlar icra olunur, maaşlar və pensiyalar vaxtaşırı artırılır, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün bütün tədbirlər görülür.

Azərbaycanın gözəl təbiəti var. Ölkəmizin hər bir tərəfi göz oxşayır, abaddır. Respublikamız təbii ehtiyatlarla zəngindir. Bu ehtiyatlar gücümüzü daha da qüdrətli edir. Artıq böyük maddi imkanlar var. Ölkəmiz nəinki xarici yardımdan asılı deyil, eyni zamanda, lazım gələndə özümüz başqalarına yardım göstəririk. Bu da siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir və bu məqsədə çatmaq üçün konkret tədbirlər planı hazırlanıb. İqtisadi və sosial sahədə elə məsələ yoxdur ki, bu, Azərbaycanda həll olunmasın. Düzdür, ölkəmizdə həllini gözləyən problemlər də az deyil. Ancaq əsas odur ki, ölkə rəhbərliyi bu məsələləri, onların həlli yollarını bilir. Bu məsələlərin həlli üçün icra mexanizmləri, maliyyə resursları və siyasi iradə yaradıb.

Azərbaycanın gələcəyi haqqında düşünərkən biz onun təhlükəsizliyini təmin etməliyik, ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq, beynəlxalq aləmdə dövlətimizin mövqelərini daha da möhkəmləndirməliyik. Hazırda regionumuzda Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda isə həlledici rola malikdir. Azərbaycan tərəfindən irəli sürülən siyasi və iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki ölkəmizə eyni zamanda, bizimlə dostluq münasibətlərində olanlara da fayda verir.

Xalqımız üçün əziz olan bu gündə, Dövlət Bayrağı Meydanında Azərbaycanın dünyada müstəqil siyasət apardığını xüsusi qeyd etmək lazımdır. Müstəqillik xalqımızın ən böyük sərvətidir, xoşbəxtliyidir. Əsrlər boyu xalqımız müstəqillik həsrəti, azadlıq arzusu ilə yaşayıb. Bu tarixi imkan, şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Yuxarıda qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəydik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 23 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, qüdrətli dövlət yaratmışıq. Elə bir dövlət ki, burada bütün azadlıqlar mövcuddur. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf təmin edilir. Burada bütün xalqların, millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, mehribanlıq, dostluq şəraitində ömür sürürlər. Elə bir dövlət ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və indi Azərbaycan bu məsələlərdə başqalarına nümunə kimi göstərilir. Bu gün Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli bir ölkədir.

Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü layihələr səmərə verir, həm bizə, həm də tərəfdaşlarımıza xeyir gətirir. İftixarla qeyd olunmalıdır ki, bugünədək ölkəmiz tərəfindən atılan addımlar düzgün istiqamətli olmuşdur. Ölkəmiz müstəqil siyasət aparır. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, tükənməz sərvətdir. Azərbaycan cəmiyyətində vahid həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu yüksəkdir. Ölkəmizdə gənc nəsil bu ruhda tərbiyə olunur. Gənclərimiz hər an Vətən yolunda hətta canlarından keçməyə hazır olan vətəndaşlar kimi yetişirlər.

Keçən əsrin sonlarına yaxın Azərbaycanın dövlət bayrağını ikinci dəfə həyata qaytaran ümummilli liderimiz Heydər Əliyev bu əlamətdar hadisənin əhəmiyyətindən danışarkən demişdir: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil, bunu dərk etsin,qiymətləndirsin. Bayrağa olan məhəbbət, vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

2010-cu il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışı mərasimində nitq söyləyərkən fəxrlə demişdir: “Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir... Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Sonda onu da vurğulayım ki, Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 9 noyabr.- S.1.