Müstəqil dövlətimizin konstitusiyası

xalqımızı sivil həyata qovuşdurur

 

Tarixi qanunauyğunluq nəticəsində keçmiş SSRİ-nin süqutu ilə 70 il bu ittifaqda yaşamağa məhkum edilmiş respublikalar kimi, Azərbaycan da milli müqəddəratını sərbəst təyin etmək, müstəqil dövlət quruluşu, hüquqi, demokratik cəmiyyət yaratmaq imkanına qovuşdu.

 

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir. Konstitusiya latın sözü olub, “quruluş, təsisat” mənasını verir. Konstitusiya hər hansı ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən dövlətin ən yüksək hüquqi qüvvəyə malik  qanunudur. 1989-cu il sentyabrın 23-də keçmiş Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanunu, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycanın müstəqilliyinə doğru atılan ilk hüquqi addımlar idi. Bu sözlər, eyni dərəcədə, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na da aiddir. Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanması və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Xalqımız, haqlı olaraq, öz tarixinin ilk həqiqi konstitusiyasını onun yaradıcısı olmuş ulu öndərin adı ilə – Heydər Əliyev konstitusiyası adlandırır.

Müstəqil dövlətimizin ilk konstitusiyası respublikamızın sovet dövründə formal olaraq qəbul edilmiş konstitusiyalardan köklü surətdə fərqlənir. Belə ki, əvvəlkilər sosializm quruluşunun konstitusiyası idi və onlarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdi. Lakin yeni konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində göstərilir ki, konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Bu konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir.

Konstitusiyaya ehkam kimi baxmaq olmaz və heç bir qanun doğma kimi qəbul edilməməlidir. Dünya təcrübəsi göstərir ki, konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan konstitusiyada da dəyişiklikləri zəruri edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanı ilə 24 avqust 2002-cü il tarixdə keçirilmiş referendum nəticəsində konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin 26 dekabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında” qərar qəbul etmiş və 2009-cu il martın 18-də referendum keçirilmişdir. Konstitusiyanın 12-ci maddəsinin I bəndində göstərilirdi ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Referendum aktının birinci bəndində  konstitusiyanın 12-ci maddəsinin I hissəsinə “azadlıqlarının” sözündən sonra “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” sözlərinin əlavə edilmiş, başqa sözlə, konstitusiyanın 12-ci maddəsinin I hissəsinə edilmiş bu əlavə, əslində, həmin maddənin I hissəsinin məzmununu daha da zənginləşdirmişdir.

Ölkəmizin son illərdəki iqtisadi inkişafının xarakteri və tempi göstərirdi ki, sosial siyasət və əhalinin maddi rifahı büdcə xərclərinin xüsusi çəkisində üstünlük təşkil etməklə, başqa sözlə, respublikamızın büdcəsi sosial yönümlü büdcə hesab edilir. Məhz buna görə də konstitusiyanın 15-ci maddəsinin II hissəsinə “əsasında” sözündən sonra “sosial yönümlü” sözləri əlavə edilmiş və  bu isə son illərdə respublika büdcəsinin sosial xarakterli olması ilə sıx surətdə bağlı olmuşdur.

Heç də təsadüfi deyildir ki, konstitusiyaya edilmiş 11 dəyişikliyin, 39 əlavənin, müvafiq olaraq, 5 dəyişikliyi və 22 əlavəsi onun III fəslinə – əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslinə aid olmuşdur.

Müstəqil dövlətimizin ilk konstitusiyasının 17-ci maddəsinə aşağıdakı məzmunda V hissəsinə əlavə edilmişdir: “15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər”.  Doğrudur, ilk baxışda belə görünə bilər ki, bu müddəa əmək qanunvericiliyinin müvafiq normasında nəzərdə tutulmuşdur (Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndində), bu müddəanın təkrarən konstitusiyaya daxil edilməsinə zərurət vardırmı?! Cavab birmənalıdır: bəli var idi.15 yaşına çatmamış uşaqların işə götürülməsinin qadağan edilməsi konstitusiyada nəzərdə tutulmaqla, yeni xarakter alır. Başqa sözlə, konstitusiya prinsipi kimi formalaşır və Azərbaycan Respublikası Milli Məclisinin bu müddəanı dəyişmək səlahiyyəti yoxdur.

Konstitusiyanın 71-ci maddəsinə aşağıdakı məzmunda X bənd əlavə edilmişdir: “Dövlət orqanları yalnız bu konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüquqlarda fəaliyyət göstərə bilərlər”. Konstitusiyaya edilmiş bu əlavə isə cəmiyyətdə baş verə biləcək məmur özbaşınalığının qarşısını almaq, mahiyyət etibarilə, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün əlavə bir təminatdır.

Həmçinin, konstitusiyanın 67-ci maddəsinə “Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir” kimi II bənd əlavə edilmişdir. Konstitusiyaya belə bir müddəanın əlavə edilməsi bu müddəanın konstitusiya prinsipi kimi formalaşmasına gətirib çıxarır və gələcəkdə cinayət- prosessual qanunvericiliyində hər hansı dəyişikliyin edilməsi bu prinsipin dəyişilməsinə səbəb ola bilməz.

Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən biri konstitusiyanın 101-ci maddəsi ilə bağlıdır. Referendum aktında konstitusiyanın 101-ci maddəsinin V hissəsi aşağıdakı redaksiyada ifadə edilmişdir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik.  Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir”. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın,  beynəlxalq hüquq normalarına müvafiq olaraq,  dinc yolla erməni işğalından azad edilməsi mümkün olmazsa, bu torpaqların silah gücünə azad edilməsi bizim təbii, ayrılmaz, konstitusiya hüququmuzdur.

Beləliklə, yuxarıdakılara əsasən demək olar ki, konstitusiyanın 101-ci maddəsinin V hissəsinin yeni redaksiyada verilməsi barədə dəyişikliyin edilməsi əsaslı olmaqla, ölkəmizin indiki şəraiti üçün son dərəcə də zəruridir. Həmin fikirlər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması barədə referendum aktına əsasən konstitusiyanın 84-cü maddəsinin I hissəsinə edilmiş  əlavəyə də eyni dərəcədə aiddir.

Referendum aktına əsasən konstitusiyanın 29 maddəsinə 11 dəyi- şiklik, 39 əlavə edilmişdir.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla,  Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 2500-dən artıq qanun və qərar qəbul etmişdir. Xalqımız öz suverenliyinin pasportu sayılan ilk konstitusiyamıza, onun prinsip və müddəalarına həyati əhəmiyyətli ali sənəd kimi dərin sayğı ilə yanaşır, onun yaratdığı imkanlardan qədərincə yararlanır. Müstəqil dövlətimizin ilk konstitusiyası ölkəmizi demokratiya yolu ilə xoş sabahlara aparır.

 

İlham ABBASOV,

Ədliyyə Akademiyasının prorektoru,

hüquq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 14 noyabr.- S.5.