Gədəbəy: İkinci beynəlxalq aşıq festivalı

 

Gədəbəyin Aşıq musiqi məktəbində Heydər Əliyev Fondunun himayəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II beynəlxalq aşıq festivalı keçirildi. Tədbirdə  rayon icra hakimiyyətinin və Mədəniyyət Nazirliyinin məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 

 Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarov  festival iştirakçılarını salamladı və bildirdi ki, bu gün tarixi bir gündür. Çünki II beynəlxalq aşıq festivalı məhz Gədəbəydə start götürüb. Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak edirlər. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilmiş, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiqli yer tutmuşdur.

Rayon icra hakimiyyətinin başçısı eyni zamanda vurğuladı ki, Prezident İlham Əliyev 2009-cu il may ayının 26-da Gədəbəy rayonuna səfəri zamanı Aşıq musiqi məktəbinin təməlqoyma mərasimində iştirak etmişdir. 2013-cü ildə rayona üçüncü səfərində isə həmin məktəbin açılışında iştirak etmişdir. Ölkəmizdə ilk dəfə yaradılan Aşıq musiqi məktəbinin tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətimizin daha da inkişaf etdirilməsi və gənc istedadların yetişdirilməsidir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğamla yanaşı, ölkəmizin aşıq sənətinin də geniş təbliği məqsədilə apardığı ardıcıl və kompleks işlər bəhrəsini verməkdədir. Məhz Heydər Əliyev Fondunun xətti ilə reallaşdırılan silsilə tədbirlər sayəsində Azərbaycanın aşıq musiqisi artıq xaricdə də böyük rəğbət qazanmışdır və dünya musiqi inciləri sırasında layiqli mövqeyini tutmaqdadır. Azərbaycanda aşıqlar yurdu kimi tanınan bölgələrimiz çoxdur. Bu baxımdan dağlar qoynunda yerləşən Gədəbəyin də özünəməxsus yeri vardır. Hazırda Gədəbəydə 150-dən çox aşıq var. Əməkdar mədəniyyət işçisiprezident təqaüdçüsü aşıq İsfəndiyar Rüstəmovun rəhbərliyi ilə rayondaXalq aşıqları” ansamblı fəaliyyət göstərir və  ansambl fəaliyyətini daim genişləndirir.

Daha sonra çıxış edən professor Qəzənfər Paşayev festivalın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdiqeyd etd ki, bu gün bizim bu böyük sənət qarşısında vəzifəmiz ondan ibarətdir ki, folklorumuza, şifahi xalq ədəbiyyatımıza, sazımıza, sözümüzə sahib olmağı bacaraq. Milli şüurumuzu, milli təfəkkürümüzü, dilimizin saflığını, ozan yaradıcılığımızı, musiqi folklorumuzu göz bəbəyi kimi qoruyaq və bərpa edək, itirilmiş mənəvi dəyərlərimizi geri qaytaraq. Bu, bizim hər birimizin ən böyük vətəndaşlıq borcudur.

Sonra meydan  saz-söz ustadlarına verildi. Festivala dəvət olunmuş Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından Azərbaycanın bölgələrindən olan aşıqlarla yanaşı, Gədəbəy aşıqları da öz gözəl ifaları ilə qonaqları valeh etdilər. Gədəbəy ictimaiyyəti tədbiri böyük maraqla qarşıladı.

 

Hamlet QASIMOV,

Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2014.- 16 noyabr.- S.7.