Demokratiya və tolerantlıq

bir-biri ilə sıx bağlı olan məsələlərdir

 

Tolerantlıq müasir dövrdə qəbul olunmuş dəyərlərdən biri kimi ən aktual mövzulardandır. Azərbaycanda Beynəlxalq Tolerantlıq Gününün keçirilməsi bizim ölkəmizdə bu anlayışa olan önəmdən xəbər verir. Bu, çox müsbət addım kimi qiymətləndirilməlidir. Lakin tolerantlıq anlayışının təhlili ciddi və müntəzəm olaraq araşdırma və yanaşma tələb edir. Avropada tolerantlıqdan kifayət qədər danışılmasına baxmayaraq, bu gün orada bu anlayış öz mənasını itirməyə doğru gedir. Tolerantlığın mənasını düzgün dərk etmək lazımdır. Tolerantlığı “bəyənilməyən insana məcburən göstərilən xoş münasibət”ə bənzədirəm. Bunu dəyər kimi dərk etməklə psixoloji nöqteyi-nəzərdən yanaşaraq deyə bilərəm ki, dözümlülük müəyyən çərçivəyə daxildir. Hər bir fərdin psixoloji durumu, mədəni səviyyəsi və düşüncə tərzinə uyğun olaraq millətlərarası etnopsixoloji fərqlər nəzərə alınmalıdır. Tolerantlıq demokratiyanın bilavasitə insanla əlaqəli ayrılmaz bir parçasıdır. Demokratiyanın bir ölkə modeli əsasında digər bir ölkəyə tətbiq edilməsi mümkünsüz olduğu kimi, tolerantlığı da eynilə tətbiq etmək düzgün deyil. Demokratiya və tolerantlıq bir-birinə sıx bağlı olan məsələlərdir. Bu, o deməkdir ki, müxtəlif ölkələrdə inkişafla bağlı gedən prosesləri gözdən keçirmək, milli dəyərləri qoruyub saxlamaq, bunları inqilab yolu ilə deyil, təkamül yolu ilə həyata keçirmək hər iki anlayışa şamil oluna bilər. Bəzi ölkələrdə isə tolerantlıq sadəcə insan davranışı kateqoriyasına aid məsələ kimi təqdim olunduğuna görə dünyanın hər yerində onun tətbiq olunmasına cəhdlər həmişə yaxşı nəticə vermir. Avropada, Norveç, hətta İraq kimi ölkələrdə tolerantlığın birmənalı tətbiqinin müxtəlif qanlı hadisələrə səbəb olduğu bəllidir. Ona görə də, tolerantlıq ümumi bir anlayış kimi hər bir ölkədə xalqın, millətin içərisində özünün təzahür formasını əks etdirməlidir.

Təəssüflə qeyd edim ki, zaman keçdikcə dünyada tolerantlıq anlayışı dəyişir. Bunun çoxlu sayda müxtəlif obyektivsubyektiv səbəbləri var. Yer kürəsində müşahidə olunan əhali artımı, böyüməkdə olan şəhərlər, dünyanın müxtəlif nöqtələrində yaşayan insanların bir-biri ilə rahat şəkildə əlaqə qura bilməsi və geniş aspektdə məlumatlanma imkanları, eyni zamanda, ekoloji problemlərin mövcudluğu, içməli su probleminin gündəmə gətirilməsi, qida məsələsinin çox aktual bir məsələyə çevrilməsi, təhsil sahəsindəki dəyişikliklər, ailədə fərdlərin mövqeyi kimi məsələlərin kəskin şəkildə XXI əsrdə yenidən aktuallaşması tolerantlıq və qeyri-tolerantlığa təsir göstərən obyektiv səbəblərdir. Subyektiv səbəblərə gəlincə, mədəniyyətlərin qovuşması məsələsini xüsusi qeyd etmək lazımdır. Dünyanın əksər ölkələrində ingilis dilində danışanların çoxluq təşkil etməsi ingilis dilində yazılmış hər hansı fəlsəfi fikrin hamı tərəfindən dərinliklə başa düşüləcəyi mənasını vermir. Bu, xüsusilə Qərb dövlətlərində fərqli ölkələrdən gələn insanların inkişaf etmiş millətlə birlikdə yaşaması mümkün olmadığı üçün miqrantların yaşadıqları ölkələrdə özlərinin “balaca ölkələri”nin yaradılması ilə nəticələnmişdir. Almaniyada yaşayan türklər, Nyu-Yorkda yaşayan və “ChinaTownyaradan çinlilər, Londonda yaşayan pakistanlılar və yaxud Avropa, Fransa, Serbiya, Rumıniyada yaşayan roman milləti başqa mədəniyyətlə birləşmir, yerli cəmiyyətə, mədəniyyətə qovuşmadan kompakt şəkildə yaşayır. Bu, multikulturalizmininterkulturalizmin özündə gedən proseslərin düzgün təhlil olunmasına, dövlətlər tərəfindən siyasətin düzgün aparılmamasına gətirib çıxarır.

Azərbaycan müstəqillik əldə edəndən sonra tolerantlıq sözü bizim ölkəmizdə də işlənməyə başladı. Lakin biz xoşbəxtik ki, tolerantlıq anlayışına bənzər, lakin bir pillə yüksəkdə dayanan dəyərlərimiz mövcuddur. Yüksəkdə dayanan dəyərlərimiz öz daxilində tolerantlıq anlayışını kiçildə bilir. Əks təqdirdə, tolerantlıq ya dəyərlərimizi üstələyərdi, yaxud da tolerantlıq bizim dəyərlə konfrontasiyaya girərdi. Mahiyyət və fəlsəfi nöqteyi-nəzərdən dözümlülük anlayışı kimi qəbul edilən tolerantlıq insanın psixologiyasında insanın şəxsi xüsusiyyətlərinə görə fərqlənir. Lakin ölkəmizdə mövcud olan dəyərlər qarşılıqlı hörmətə əsaslanır və qarşılıqlı hörmət çərçivəsində insanlar bir-birilərini başa düşərək qəbul etməyi üstün tuturlar. Bu mənada dünyada qəbul edilən tolerantlıq anlayışı bizim üçün sadə bir şeydir. Bizi tez-tez maraqlandıran suallardan biriAvropada mövcud olmayan səmimiyyət və ikili standart anlayışıdır. Tolerantlıq ikili standartlara gətirib çıxarır. Sadə yolla izah etsək, qəbul etdiyini daxilən inkar etmək mənasına gəlib çıxır deyə bilərəm. Fikrimcə, nə qədər paradoksal səslənsə də, ikili standartların kökü Avropada olan tolerantlıqdır. İnsanların sayının artımı, informasiya mübadiləsi, Avropada bu məsələlərin aktuallığı baş verən prosesləri idarə etmək üçün dözməkdən başqa, qarşılıqlı hörmət də lazımdır. Ona görə müasir Avropanın içərisində bu dəyərlər və dəyərlərin düzgün təhlil edilməsi ilə bağlı böyük problemlər yaşanır.

Biz qarşılıqlı hörmət anlayışını inkişaf etdirməliyik. Onun bir hissəsi olan tolerantlığa da münasibətimizi göstərərək yaddan çıxarmamalıyıq ki, Azərbaycan cəmiyyətində tolerantlıq və qarşılıqlı hörmət yaşayış tərzidir və fikrimcə, biz bu yaşayış tərzinin fəlsəfəsini  dünyaya çatdırmalıyıq. Çünki bizim ölkəmizdə tolerantlığın, dini dözümlülüyün, həmçinin qarşılıqlı hörmət anlayışının dövlət səviyyəsində qəbulu bir nümunə kimi də göstərilə bilər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Azərbaycanda millidini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir” – demişdir.

 

Səməd SEYİDOV,

Azərbaycan Dillər Universitetinin rektoru

 

Xalq qəzeti.- 2014.- 16 noyabr.- S.5.