Tərtərdə sahibkarlığın inkişafı bolluğa

və güzəranın yüksəlməsinə xidmət edir

 

Tərtər rayonunun sosial- iqtisadi uğurlarında özəl bölmənin payı ildən- ilə artır. Bunu ilin ötən aylarının yekunları bir daha sübut edir. İlin əvvəlindən istehsal olunmuş 94,8 milyon manalıq ümumi məhsulun 87,9 milyon manatlığı, yaxud 93,7 faizi qeyri- dövlət bölməsində istehsal olunmuşdur.

 

 40 milyon manatlıq kənd təsərrüfatı məhsullarının, demək olar ki, hamısını xüsusi mülkiyyətçilər hasilə gətirmişlər. 33,2 milyon manatlıq ticarət xidməti özəl sferanı əhatə edir. Tikinti- quruculuq işlərinin böyük hissəsini də özəl podratçılar həyata keçirirlər.

Sahibkarlığın inkişafının dəstəklənməsi, dövlət siyasətinə uyğun olaraq, rayonda prioritet istiqamətlərdəndir. İndiyədək 376 hüquqi, 2824 fiziki şəxs müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmışdır. Onlardan bu gün 206-sı hüquqi, 1485-i fiziki şəxs kimi uğurla fəaliyyətlərini davam etdirir.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitdən bacarıqla istifadə edən fermerlər və adamları, ilk növbədə, ölkədə ərzaq bolluğu yaradılmasına töhfələrini artırırlar. Torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 26,4 min hektarda əkin- biçin aparmışlar. Məhsul bolluğu yaradılmasının dəstəklənməsi üçün fermerlərə hər il olduğu kimi, bu ilyanacaq sərfinə görə subsidiya və güzəştli qiymətlərlə 780 ton gübrə verilmişdir. Əkinlərin su təchizatını yaxşılaşdırmaq üçün ardıcıl və geniş meliorasiya tədbirləri həyata keçirilir, kanallara xidmət göstərilir, yeni artezian quyuları qazılır.

Bütün bunların nəticəsidir ki, bu il rayonda 37,7 min ton taxıl əldə edilmişdir. İlin əvvəlindən iri malın sayı 695 baş çoxalaraq 25,9 minə, davarın sayı 1178 baş artaraq 71,2 minə çatmışdır. Ötən ilin eyni dövründəkindən 49,3 ton çox ət, 141,6 ton artıq süd, 120 min ədəd əlavə yumurta istehsal olunmuşdur. Son illərdə bitkiçiliyin inkişafına maraq daha da artmışdır. Müvafiq emal və tədarük sahələrinin açlıması şəkər çuğunduru, günəbaxan və qarğıdalı əkinlərinin genişlənməsinə münbit şərait yaratmışdır.

Rayonun Xoruzlu kəndində 4 il əvvəl yaradılmış kiçik tum günəbaxan sexi ötən dövrdə nümunəvi emal müəssisəsinə çevrilmişdir. “Patron” adlı bu sexdə daimi 25, mövsümi olaraq 100-dək işçi çalışır.

İstehsal sahəsinin rəhbəri Elşad Məmmədov bizimlə söhbətində bildirdi:

– Ölkə Prezidenti İlham Əliyevin shibkarlığı hərtərəfli dəstəkləməsi, rayonda işgüzar fəaliyyət üçün əlverişli şəraitin mövcudluğu məni tum günəbaxan emalı ilə məşğul olmağa həvəsləndirdi. Bu sahə üçün tələb olunan xammalın – kifayət qədər günəbaxan tumunun yetişdirilməsi üçün rayonumuzda geniş imkanlar mövcuddur. İşçi qüvvəsi də var, son məhsula tələbat da böyükdür. Birinci il kiçik bir sex yaratdıq. Qənaətlərimiz özünü artıqlaması ilə doğrultdu.

Əvvəl Xoruzlu və Kəbirli kəndlərinin fermerləri 50-60 hektarda tumluq günəbaxan əkirdilər. Gəlirli sahə olduğu üçün fermerlərlə danışıb əkinlərin ildən- ilə artırılmasına nail olduq. İndi Xoruzluda 305, Kəbirlidə isə 250 hektarda günəbaxan əkilmişdir. Ümumiyyətlə, rayonda 910 hektarda dən günəbaxan yetişdirilir. Ötən 4 ildə Türkiyədən, Çindən, İrandan, Rusiyadan aldığımız müasir  avadanlıqla istehsalı bir neçə dəfə genişləndirmişik. Təcrübəmiz də xeyli artmışdır. Fərhad Əliyev, Rəşad Məmmədov kimi aparıcı mütəxəssislərimiz, Ələddin və Rəşad Əsədovlar, Rövşən Səfərov, İlkin İsmayılov kimi işini dərindən mənimsəmiş fəhlələr uğurlarımızı artırmaq üçün həvəs və səylə çalışırlar.

Yüksək keyfiyyətli “Patron” markalı məhsulumuzun yaxın- uzaqlardan sifarişçiləri getdikcə artır. Hədiyyə şanşlı tum paketlərimizi alanlar müxtəlif qiymətli əşyalar – mobil telefon, planşet, noutbuk, hətta avtomobiludurlar. Qazancımız artdıqca işçilərin əmək haqlarını da yüksəldirik. Bizdə məvaciblər orta rayon səviyyəsindən 100-150 manat yüksəkdir – 250-300 manatdır. Kəndin və rayonun sosial ehtiyaclarına köməyimizi də əsirgəmirik.

Bu gün Azərbaycanda sahibkarlığın inkişafı elə bir həddə çatıb ki, faydalı görmək istəyən adam heç bir çətinlik çəkmir.  Kiçik bir kənddə qurduğumuz istehsalatın səsi- sorağı bu gün xarici ölkələrdən gəlir. Kənd fermerləri bizdən etibarlı sifariş alırlar. Bir neçə il əvvəl evdə oturmağa məcbur olmuş işsizlər isə indi öz kəndin də müasir istehsalatda çalışırlar. Bütün bunlara görə ölkə sahibkarlarının mötəbər himayədarı olan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Xoruzlu Bələdiyyəsinin sədri Fədail Musayev, kəndin icra nümayəndəsi Fazil Əbdüləzimov daPatron” istehsalatının uğurlu işindən razılıqla danışdılar. Onlar bildirdilər ki, bu müəssisənin fəaliyyətə başlaması ilə kəndə işsizlik aradan qaldırılmışdır. Sexin qazancı ilə ərazidə abadlıq- quruculuq işləri də aparılır. Bu yaxınlarda onların köməyi ilə kəndin yolları təmir edilib, elektrik təchizatı yaxşılaşıb, qəbiristanlıq abadlaşdırılıb.

Müəssisənin fəaliyyəti, uğurları ilə ətraflı tanışlıqdan, rayonun rəhbər qurumlarından öyrəndiklərimizdən belə bir qənaət hasil oldu ki, “Patronun hamı üçün faydalı olan işi nəinki kənddə, eləcə də rayonda sahibkarlıqla məşğul olmaq istəyənlər üçün nümunəvi təcrübədir. Yerli xammalla işləyən emal sahələri yaratmaq üşün indi Tərtərdə adamlarının qarşısında heç bir maneə yoxdur. Sadəcə, bacaran adamlara ehtiyac var.

Belə adamların işgüzarlığı, təşəbbüskarlığı sayəsində bu ilin əvvəlindən rayonda minə yaxın yeni yeri açılmışdır ki, bunun da 350-ə yaxını daimidir. Bütövlükdə, rayonda son 11 ildə 6 mini daimi olmaqla, 14700-dək yeni yerləri yaradılmışdır. Bunun böyük hissəsi özəl bölmənin payına düşür. Sahibkarlığın sürətli inkişafı isə məhsul bolluğuna və güzəranın yüksəlməsinə xidmət edir. Tərtərdə gördüklərimiz və öyrəndiklərimiz bizi bir daha bu həqiqətə inandırdı.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 19 noyabr.- S.6.