Milli köklərə bağlanan

qardaşlıq dünyası

 

Günəşli və  sərin payız səhəridir.  Naxçvan-İqdır-Bursa avtobus marşurutu ilə yol gedirik. Araz  çayı boyunca Türkiyənin içərilərinə doğru yollar uzanıb şaxələnir.  Başlanğıcını Türkiyədə ulu  əzəmətli dağların, Bingöl silsiləsinin yamaclarından götürən Araz  ulu türk torpağından, dağların arasından keçərək Naxçıvana doğru istiqamət alır.

 

“İqdırlı Turizm” şirkətinin “Mercedes- Bens” markalı rahat abtobusunda rahat magistral şosse yolları ilə təbiətin ecazkar guşələri, irikiçik yaşayış məntəqələri, kənd, qəsəbə və şəhərlərdən keçərək növbəti günün səhəri  Əskişəhərə yetişdik.

 Əskişəhər Türkiyənin Mərkəzi Anadolu regionunun inzibati mərkəzidir. Türkiyənin paytaxtı Ankaranın qərbində  yerləşir. Ölkənin böyük şəhərləri sırasında  yer tutan Əskişəhər  Ankara, İstanbulBursa şəhərlərinin orta hissəsində yerləşir. Şəhər çox geniş sosial-mədəni imkanlara malikdir. Universitetləri, inkişaf etmiş sənayesi, mədəni-sənət ocaqları və modern görkəmi ilə tanınır. Qədim dövrlərdə bir çox  hadisələrin şahidi olmuş şəhərdə bu  günümüzədək müxtəlif dəyişikliklərə uğrayan tarix və mədəniyyət abidələri qorunub saxlanmışdır. Şəhərin ərazisində yerləşən abidələrin bəzilərinin üzərində Hitit, Frikya, Roma, Bizans, Anadolu Səlcuqları və Osmanlı İmperatorluğu dövrlərinin izlərinə rast gəlinir. Adını da  bu tarixi keçmişindən alan Əskişəhər (Qədim şəhər)  mədəni səviyyəsi ilə Avropa şəhəri olaraq getdikcə inkişaf edir, günbəgün  böyüyür, siması gözəlləşir. Əskişəhəri həm də yaxın və uzaq ünvanlarda  OsmanqaziAnadolu universitetlərinə görə müasir tələbələr şəhəri kimi tanıyırlar.

Osmanqazi Universiteti şəhər içərisində bir şəhər olaraq geniş ərazini əhatə edir. Füsünkar bir meşəlik sahəsində yerləşən universitetin ilk fakültələri 1970-ci ildə yaradılmışdır. “Əskişəhər Osmanqazi Universitetinin rektoru, professor Hasan Gönen:

 – Yüksək dəyərlərə malik olan universitetimiz inkişaf etmiş ölkələrin müasir idarə heyətlərinin həyata keçirdiyi  elmi metodlara uyğun olaraq fəaliyyət göstərir. Tələbələrimiz  səylə və əzmlə  təhsil, bilik və araşdırma fəaliyyətlərini davam etdirirlər. Məqsəd və amalımız təhsil alan gənclərimizin dünya standartlarında peşə, sənət, bilik və bacarıqlara, ölkə və dünya problemlərinə sahib olması, dərin bilikli, yüksək ixtisaslı, vətənpərvər mütəxəssislər hazırlanmasıdır. Əsaslı və köklu bir quruluşa sahib olan universitetimiz  elmi  biliklərin  artırılması, xalqın gələcəyinin yüksəlişi naminə “Keçmişdən Gələcəyə, Bilikdən Dəyərə” devizi ilə tələbələrinin gələcəyə ən yaxşı şəkildə hazırlanması vəzifəsini qarşıya qoyaraq, yarandığı gündən bu yana  doğru və inamlı addımlarla  irəliləməkdədir.

Beynəlxalq aləmdə tanınan, gələcəyin lidelərini yetişdirən, nizam-intizamlı, yenilikçi, yaradıcı, ümumi inkişafa öndərlik edən universitetimiz ölkə və dünya standartlarına uyğun bilikli, etik dəyərlərə malik  gənclərin yetişdirilməsi missiyasını həyata keçirir.

Universitet rektorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi, Radio-TV Uygunlaşdırma və Araşdırma Mərkəzinin müdiri, doktor Ünal Özelmas:

 -Türkiyə və Azərbaycanı tarixi köklər, dostluq, qardaşlıq, könül duyğuları birləşdirir. Bizim qardaşlıq körpüsü tarixdən gələn bir bünövrə üzərində qurulub. Biz qardaşıq, eyni millətin soy kökünə mənsubuq, dildin cəhətdən bir-birimizə bağlıyıq, bir millət, iki dövlətik. Digər tərəfdən biz azərbaycanlıları  hər zaman sevir, özümüzünkü kimi qəbul edirik. Universitetdə  Azərbaycanla bağlı zaman-zaman tədbirlər keçirir, bayram şənlikləri təşkil edir, qəzetdə yazırıq. Son illər Novruz  bayramını  birlikdə qeyd edirik.

Biz vaxtaşırı türkdilli cümhuriyyətlərdən gələn tələbələrə Ramazanda iftar süfrələri açırıq. Həmin mərasimlərdə bir araya gəlir, əlaqlərimizi daha da sıxlaşdırırıq. Belə bir layihə hazırlamışıq ki, xarici tələbələri televiziya verilişlərində görüşdürək. Onların Türkiyə və universitetimz haqqında  düşüncələrini, arzu və təkliflərini öyrənək. Mən universitetdə ilk dəfə Azərbaycanı müəllim həmkarımız Tamilla xanım Əliyevanın  timsalında tanımışam. Onu biz çox sevirik. Hazırda bizim universitet televiziyasının əməkdaşı Şəkər xanım, Şükran da Azərbaycan əsillidir. Azərbaycanlılardan müəllimimiz iki nəfərdir. Bizdə 70 azərbaycanlı  tələbə təhsil alır. Həmişə azərbaycanlı tələbələrə kömək edir, onların arzu, təklif, qayğı və problemlərinə həssaslıqla yanaşırıq.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, Türkiyə-Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədri, Osmanqazi Universitetinin siyasiət elmləri və dövlət idarəçiliyi fakültəsinin tələbəsi  Elvin Əjdərli:

– Dünyanın bir sıra ölkələrində olduğu kimi, qardaş, dostqonşu Türkiyədə  təhsil alan azərbaycanlı tələbələr   yüksək ixtisaslara yiyələnir, öz potensial və imkanlarına görə digər ölkələrin gənclərindən fərqlənirlər. Osmanqazi Universiteti biz tələbələr üçün  ən dəyərli varlıqdır.

Təhsillə yanaşı, ictimai işlərdə – Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrini gücləndirmək  üçün azərbaycanlı tələbələrlə birgə fəallıq göstəririk. Ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal gəncləri sırasında olmaq böyük fəxrdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş  gənclər siyasəti   burada  uğurla həyata keçirilir. Ümummilli liderimiz gənclərimizin inkişafına, onların inkişaf etmiş dövlətlərdə təhsil almalarına xüsusi diqqət yetirir,  Azərbaycanın parlaq gələcəyinin yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılı olduğunu bildirirdi. Ulu öndərimizin miras qoyduğu  uğurlu siyasəti hazırda davam etdirən cənab Prezidentimiz İlham Əliyevə dəstək verir, onunla eyni yolda addımlayaraq Türkiyədə  milli-mənəvi dəyərlərimizi təbliğ edirik.

2012-ci ilin dekabr ayında  Türkiyə- Azərbaycan Qardaşlıq Platformasını təsis etdik. Bu qardaşlıq platformasının məqsəd və məramı ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək,  qardaşlıq duyğularını sıxlaşdırmaq, araşdırmalar aparıb  yeni imkanları üzə çıxarmaqdır.

İlk tədbirimiz xalqımızın unudulmaz, sağalmayan yarası olan Xocalı soyqırımını Əskişəhər ictimaiyyətinə və burada təhsil alan, xaricdən gələn tələbə və müəllimlərə çatdırmaq oldu. Xalqımızın tarixində mühüm yer tutan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində respublikamızın ədalətli mövqeyi, ərazilərimizin 20 faizinin işğal edilməsi, ölkəmizdə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olması faktına diqqəti cəlb etdik. Vaxtaşırı  tədbirlər keçirir, Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişi barədə qardaş və dostlarımız olan xarici tələbələrə dolğun məlumatlar veririk. Sağ olsunlar, Türkiyədəki səfirimiz, Faiq Bağırov və İstanbuldakı baş konsulumuz Həsən Zeynalov  bizə dəstək verirlər.

 Ədalət və İnkişaf  Partiyasının Əskişəhər təşkilatının sədri Mustafa Dündar Ünlü:

– Öncə Azərbaycandan gəlib bizimlə tanış olduğunuza görə təşəkkürümüzü bildirirəm. Biz qardaşıq, türkdilli ölkələrlə əlaqələrimiz genişdir, qardaşlarımız ilə görüşlərimizdə çox dəyərli təkliflərimizi bildirdik. 2013-cü ildə Əskişəhər Türk dünyası mədəniyyət paytaxtı idi. Burada onlarla önəmli tədbir reallaşdırıldı. Yenə də türkdilli cümhuriyyətlərdən çox sayda nümayəndələr gəldilər. Bizim nümayəndə heyətləri türkdilli cümhuriyyətlərə getdilər. Hökumətimiz xaricdəki türk qardaşlarımıza qarşılıqlı əlaqələr  yaratdı və gediş-gəlişlər  oldu. Mədəni bağlarımızı əsla qoparmırıq, onlarla mədəni sənaye və iqtisadi birliyimizi davam etdiririk. Biz eyni qəlbin insanlarıyıq, özəl qardaş olaraq hər zaman iqtisadi və mədəni birliyində davam edirik. Bu əlaqələrimiz davam edəcəkdir. Hökumətimiz buna önəmli bir şəkildə himayədarlıq  verir. Bizim patiyanın sıralarında azərbaycanlılar, millət vəkilləri də vardır. Burada universitetlərdə oxuyan gənc qadaşlarımız da var. Biz onlarla birlikdə çalışmalara davam edirik. Burada birgə  fəaliyətimizi həyata keçiririk.

Əskişəhərin qədim tarixinin səhifələrindən  məlum  olur ki, şəhərin tarixi adı Dorylaiondur. Qədim və orta əsrlərdə  şəhər Şarhöyükün yaxınlığındakı uçulub dağılmış bir ərazidə yerləşirmiş. Tarixi tədqiqatlara görə, Dorylaionun  dağılmış xarabalıqlarına Əskişəhər adı verilmişbu ad o zamandan günümüzədək qalmışdır.

Milli mücadilə illərinin fəaliyyət mərkəzi olan Əskişəhər Türkiyə tarixində mühüm yer tutur.  Mustafa Kamal Atatürk 15 yanvar 1923-cü ildə Hökümət binasında görüşdə demişdir ki, Əskişəhər müharibənin qazanılmasında böyük fəallıq göstərmişdir. Mustafa Kamal Paşa bu məqsədlə şəhərin  abadlıq- quruculuq işləri ilə yaxından maraqlanmışdır. Cümhuriyyət dövründə  qoyulmuş sərmayələrlə qısa zamanda gözəl bir şəhər yaradılmasına başlanmışdır.  Bu şəhər  sosial-inkişaf baxımından Türkiyənin öndə gedən şəhərlərindən biri olaraq ən böyük sənaye bölgəsi sayılır.

Özünün qurumları və  təsisləri ilə mədəniyyət və sənət cəhətdən də inkişaf etmiş Əskişəhərdə bərəkətin rəmzi olan Ana Tanrıça (Baş ilahə) Kibele kultuna ibadətin sorağı buradan Anadoluyadünyaya yayılmışdır.

Böyük Ozan (Aşıq) Yunus Əmrə (1238-1320) xalq sufi ədəbiyyatının  görkəmli nümayəndəsi, xalq ozanı, təkkə şerinin yaradıcılarından biridir. “Vəhdəti vücud” fəlsəfəsinin davamçısı, türkdilli ədəbiyyatın ilk mütəsəvvüfləri sırasında yer tutur. Oğuz dillərinin ilk böyük şairi olan Yunus Əmrə mədrəsə təhsili görmüş, Tapdıq Əmrə adında şeyxə şəyirdlik etmişdir. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olmuşdur. Əsasən aşıq şeri tərzində çalıb-oxumuşdur.

Lətifələri dillərdən düşməyən yumor ustası və xalq bilicisi Nəsrəddin Xoca həyatının böyük bir hissəsini Əskişəhərdə keçirmişdir. Xoca (Molla) Əfəndi Yaxın və Orta Şərqdə folklor surəti, bir sıra türkdilli xalqların folklorunda müştərək ədəbi obrazdır. Onun bir sıra kəlamları aforizmlərə çevrilmiş, Buxarada,Türkiyədə, Qazaxıstanda, RusiyaUkraynada ona abidələr qoyulmuş və haqqında filmlər çəkilmişdir. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda, Tatarıstanda, Balkan ölkələrində, bir sözlə, türkdilli ölkələrdə  kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Xoca Nəsrəddinlə bağlı olacaq.

... Türkiyənin məşhur, dilbər güşəsinə, qədim və müasir Əskişəhərə səfərimiz sona yetdi. Əfsanələrə dönmüş və məşhurlaşmış Osman Qazi,Yunus Əmrə, Xoca Nəsrəddin, igid oğullar və cəsurlar torpağı, tarixi abidələr, zəngin mədəniyyət eləcə də  sənət, sənaye və ticarət mərkəzi, mədəni səviyyəsi ilə Avropa şəhəri olaraq dəyərləndirilən, sosial yaşayış tərzi, milli ənənələri ilə tanınan  şəhərdə yaşayan insanların qardaşlıq sevgisinin, mehr-məhəbbətinin təsirindən çıxmaq mümkün deyil. Üzərində çalışdığım beynəlxalq münasibətlər, dostluq və qardaşlıq mövzusunda kitabın bir neçə səhifəsi də Əskişəhərdə yazıldı. Üzləri, gözləri nurlu, dili, ləhcəsi şirin, mehriban insanların, türk qardaşlarımızın, ulu türk diyarının, eyni millətə, soykökünə, milli-mənəvi və ortaq dəyərlərə söykənən qardaşlıq dünyasına ürəkdən bağlandım.

Qardaş ölkədə Azərbaycanımızı ləyaqətlə təmsil edən, qardaşlıq ailəsində çiyin-çiyinə verib çalışan insanlar uzun illər boyu möhkəmlənmiş dostluğa, məhbbət və sədaqətə sadiq qalırlar. Türkiyə-Azərbaycan arasında yaranan qırılmaz, əyilməz, sarsılmaz qardaşlıq, dostluq, könül bağları daha da möhkəmlənir. Mənəviyyat körpüləri, bu gücdən qaynaqlanan birliyin möhtəşəmliyi, əzəməti özünü göstərir. Bu gücdən universitetdə təhsil alan gənclər və müəllimlər ilham alır, elmi biliklərə yiyələnir,  təmiz, saf, milli duyğular, Vətən, torpaq və millət sevgisi ilə yaşayırlar.

 

Afət SADIQOĞLU,

Xalq qəzeti”

Bakı-Naxçıvan-Əskişəhər

 

Xalq qəzeti.- 2014.- 22 noyabr.- S.10.