Ağbirçək jurnalistə ehtiram

 

Ölkənin media təmsilçiləri 85 yaşlı Tamara Əliyevanı mənzilində ziyarət etdilər

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri professional qadın jurnalistlərimizin tanınmış nümayəndəsi Tamara Əliyevanı 85 yaşının tamamında mənzilində ziyarət etdilər, həmkarlarının səmimi salamlarını və xoş arzularını yubilyara çatdırdılar.

 

Əflatun Amaşov Tamara xanımın milli jurnalistikamızın inkişafında xidmətlərini yada saldı, onu ölkə jurnalistləri adından səmimi təbrik etdi. AMŞ sədri rəhbərlik etdiyi qurumun yubiley plaketini ağbircək jurnalistə təqdim etdi.

Çay süfrəsi arxasında davam edən söhbətdə Tamara Əliyevanın hər bir qadın jurnalist üçün örnək olası   peşəkarlıq və insanlıq xüsusiyyətləri, milli mətbuatımızda çoxillik səmərəli fəaliyyəti qədirbilənliklə xatırlandı. Tamara xanımla gənclik illərində eyni redaksiyada çalışmış və onun bioqrafiyasına yaxından bələd olan Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov qocaman jurnalistin mənalı ömür yolundan ətraflı söz açdı.

Söhbət zamanı qeyd edildi ki, Tamara Əliyeva Bakı Dövlət Universitetinin II Dünya müharibəsindən sonra açılmış jurnalistika şöbəsinin 1953- ildə üçüncü buraxılışının fərqlənmə diplomlu  məzunu olmuşdur. Sevimli müəllimi, görkəmli jurnalist Nəsir İmanquliyevin zəmanəti ilə o, auditoriyadan birbaşa ölkənin avanqard dövri nəşri olanKommunist” (indikiXalq qəzeti ”) qəzetinə göndərilmişdir. Bu nüfuzlu redaksiyada ilk ali təhsilli jurnalist qadın kimi fəaliyyətə başlayan Tamara Əliyeva 35 il fasiləsiz burada çalışmış, müxtəlif şöbələrdə müxbir, müdir olmuş, ayrı- ayrı illərdə redaksiyanın partiya və həmkarlar təşkilatlarına rəhbərlik etmişdir. Onun bir sıra aktual  mövzularda yazıları həmişə oxucu marağına səbəb olmuş, öz dövründə geniş əks- səda doğurmuşdur. Tamara xanım təqaüdə çıxandan sonra da respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığı davam etdirmişdir.

Vaxtilə Tamara xanımla birlikdə işləmiş və onunla sıx təmasda olmuş jurnalistlərdən Rafiq Həsənov, Flora Sadıqova, Məzahir Süleymanzadə, İlqar Musaoğlu onun məsuliyyətli işçi və bacarıqlı jurnalist, yaxşı təşkilatçı və qayğıkeş  yoldaş kimi kollektivdə böyük hörmət qazandığını könül xoşluğu ilə xatırladılar. Xalq qəzeti”nin təmsilçiləri  Tamara xanımın bu gün də kollektivlə mehriban əlaqə saxladığını, redaksiyanın məclislərinə ləyaqətli və unudulmaz ağbirçək kimi dəvət olunduğunu söylədilər, dostları adından ona möhkəm cansağlığı, xoş günlər arzuladılar.

Tamara Əliyeva jurnalistikada keçən günlərdən xoş duyğularla söhbət açdı, həmkarlarına professional mətbuatımızın sınaqdan çıxmış ənənələrini qoruyub zənginləşdirməyi, qələm sahiblərinə söz azadlığından bacarıqla yararlanmağı tövsiyə etdi. 85 yaşında da  qıvraq və həssas olan yaşlı jurnalist qonaqları özü dəmlədiyi plova qonaq etdi, hədsiz sevincini onlarla bölüşdü. Yubilyar ailəsi üçün əziz gündə onu unutmayıb təbrikə gəldiklərinə görə ölkə mediasının təmsilçilərinə minnətdarlığını bildirdi.

Görüşdən yadigar olaraq Tamara Əliyevaya Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi təqdim olundu, xatirə şəkli çəkildi.

 

Tahir AYDINOĞLU,

Rafiq SALMANOV (FOTO)

 

Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.7.