Azərbaycan öz xarici siyasət

strategiyasında praqmatizmə söykənmişdir

 

Azərbaycanın 2011-ci ildə böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  ötən 10 il ərzində yeritdiyi xarici siyasətin, əslində, bütün mahiyyətini ortaya qoydu. Sübut olundu ki, Azərbaycan dövləti müstəqil, praqmatik siyasət yürüdür.

 

Bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, dünyanın müxtəlif ölkələrindəki diplomatik təmsilçiliklərinin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq yeni-yeni dövlətlərlə uğurlu ikitərəfli münasibətlərin formalaşdırılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv , effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. Azərbaycanla bərabər, Ermənistan da əvvəlcə BMT Təhlükəsizlik Şurasına seçilmək iddiasına düşdü, ancaq heç bir şansı olmadığını görərək bəri başdan öz namizədliyini geri çəkdi.

Beləliklə, ötən 10 ildə Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər onun regiondadünyada yerini möhkəmləndirib. Bu gün ölkəmiz istər regional  qlobal təhlükəsizliyin təmin edilməsində, istər enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur.

Son bir neçə ildə Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində Ermənistanın və erməni lobbisinin 100 ilə yaxındır ki, dünyada azərbaycanlılar və bütövlükdə türklər  barəsində formalaşdırdığı mənfi imic, demək olar ki, iflic vəziyyətə salınıb. Artıq dünya ermənilərə inanmır. Sadəcə bəzi dövlətlər  Yaxın Şərqə çıxış və təsir imkanları böyük olan Cənubi Qafqaz regionunda öz dayaq məntəqələrini saxlamaq üçün Ermənistandan istifadə edirlər.

Azərbaycanda keçirilən son beynəlxalq tədbirlər—Ümumdünya Davos İqtisadi Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, beynəlxalq humanitar forumlar və bəşəri əhəmiyyətli digər toplantılar ölkəmizin dünya siyasi arenasında nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. O cümlədən, Azərbaycan Prezidentinin  dünyanın nüfuzlu təşkilatlarının keçirdiyi mötəbər tədbirlərdə iştirakı və qətiyyətli çıxışları ölkəmizə rəğbəti daha da artırmış, Azərbaycan haqqında erməni təbliğatını alt-üst etmişdir.

Son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bizim maliyyə vəziyyətimiz sabitdir. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Son on ildə büdcə xərcləri 20 dəfə artmışdır. Yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür. İşsizliklə bağlı uğurlu addımlar atılmışdır. İndi işsizlik 5 faizdən aşağıdır.

Sülh və təhlükəsizlik sosial-iqtisadi inkişafla bir-birinə sıx bağlı olan məsələlərdir. Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəm və dayanıqlı olması üçün ciddi addımlar atmış və regionun inkişafına, ölkəmizin  dünya birliyinə inteqrasiyasına öz töfhəsini vermişdir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz infrastruktur layihələri, eləcə də yaxın vaxtlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, şübhəsiz ki, regionda iqtisadi, sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa səbəb olmuşdur. Bu sırada Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələri üzrə əldə edilmiş razılıqlar da qeyd olunmalıdır.

Azərbaycan həmçinin iki əsas internet mübadilə məntəqələri olan Asiya (Honq-Konq) və Avropa (Frankfurt) arasında vacib yeni tranzit marşrutunun yaradılmasına yönəlmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilmə mərhələsinə daxil olmuşdur. Bu layihənin əsas məqsədi qoşulma sürətinin artırılması və qiymətlərin aşağı salınması vasitəsilə mərkəzi Avrasiya regionunun İKT sütununa qoşulmasının təkmilləşdirilməsidir.

Artan siyasiiqtisadi qüdrəti, nüfuzu ilə bərabər Azərbaycanın malik olduğu başqa bir önəmli strateji resursu onun zəngin mədəni irsi, əsrlərdən bəri özünə kök salmış və Azərbaycan xalqının həyat tərzinə çevrilmiş milli, dini tolerantlığı və multikulturalizmə olan yanaşmasıdır. Başqa sözlə desək, çoxminillik tarixində multikulturalizm və tolerantlığın nəinki mümkünlüyünü, hətta inkişafını sübut etmiş Azərbaycan bu xüsusda dünya üçün bir örnəkdir. Ona görə də Bakı bu gün sivilizasiyalararası dialoqmultikulturalizm mövzusunda aparılan qlobal müzakirələrin mərkəzlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi sayəsində ərsəyə gələn Bakı Humanitar Forumunda hazırlanan tövsiyə və təkliflər multikulturalizmin konseptual inkişafında mühüm rol oynayır, bu tövsiyələr beynəlxalq təşkilatlar, dövlətlər və tədqiqat mərkəzləri tərəfindən ciddi şəkildə öyrənilir, tətbiq edilir. Azərbaycan bu kimi fəaliyyəti ilə milli, dini, mədəni və irqi müxtəliflik şəraitində dünyada sülhün bərqərar olmasına və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə  əsaslı töhfəsini verir.

Bu günlərdə Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Bakıda görüşü zamanı qeyd etdiyi kimi, iqtisadi müstəqillik bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında öz mövqeyimizi müdafiə edək. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər üçünxüsusi əhəmiyyət kəsb edir. Harada ki, beynəlxalq hüquq, ədalət pozulursa, orada, əlbəttə, toqquşmalar müharibələr və gərginlik də olacaq. Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibəyə də ehtiyac qalmaz.

Prezident İlham Əliyev ölkənin xarici siyasətindən bəhs edərkən diqqəti bu gün qarşıda duran əsas vəzifələrə yönəldir. Onların sırasında “Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi”, “mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması” və “dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi” kimi vəzifələrə də yer alıb. Məhz bu prinsiplər əsasında reallaşdırılan məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edib.

Prezident İlham Əliyev çıxışlarında bəyan etmişdir ki, xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır.

 Tarixi ədalət, beynəlxalq hüquq pozulub. Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür.

Bu siyasətin fonunda Xocalı soyqırımını bir neçə ölkə parlamentinin tanınmasını yuxarıda vurğulanan istiqamətlərdə Azərbaycan diplomatiyasının apardığı aktiv işlərin birbaşa nəticəsi kimi qiymətləndirmək lazımdır.

Əlbəttə,  Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması bu gün dövlət siyasətimizin aparıcı xəttidir. O cümlədən Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin daha aktiv şəkildə davam etdirilməsi, Ermənistanın siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrindən təcridinin davam etdirilməsi, Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi və Azərbaycana qarşı olan məqsədyönlü bəzi əks -təbliğat əməllərinin qarşısının alınması və s. Bütün bunlar sistemli şəkildə həm dövlət başçısı tərəfindən həm də Azərbaycan dövləti tərəfindən nəzarətdə saxlanılan məsələlərdir.

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi zamanı dövlət başçısı diplomatlarımız qarşısında böyük vəzifələr durduğunu qeyd etdi. Ölkə rəhbəri Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini dedi. Bildirdi ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açmışdır. Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğuladı. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlətimizin başçısı bildirdi ki, bu, ölkəmizin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərdi. Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə etdibundan sonra da hər zaman müdafiə edəcəkdir. Beynəlxalq imicimizin çox müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə rolunu qeyd etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin üzərində xüsusilə dayanan dövlət başçısı bildirdi ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən, İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcəkdir.

 Xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışarkən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini dedi. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini vurğulayan Prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışdı və qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.

Şübhəsiz ki,  İslam ölkələri ilə yanaşı, Avropa ölkələrinin də ənənəvi tərəfdaşlarımız olduğu diqqətə çatdırıldı. İkitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğuAsiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyi ölkə rəhbəri tərəfindən qeyd edildi.

Beləliklə, istər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki addımlarımız, istərsə də beynəlxalq birlik, yaxın qonşular və dünyanın müxtəlif dövlətləri ilə əlaqələrimizdə yürütdüyümüz etibarlı siyasət onu göstərir ki, Azərbaycan öz xarici siyasət strategiyasını düzgün təməllər üzərində qurmuş və praqmatizmə söykənmişdir.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.3.