Murova qar yağdı …

 

Bu, goranboyluları qorxutmur, onlar qışa vaxtında hazırlıq görmüşlər

 

 Əvvəlcə bəzi diqqətçəkən faktları yada salaq: Əgər 2009-cu ildə rayon üzrə təbii qazla təchizat 44 faiz təşkil edirdisə, hazırda bu rəqəm 88 faizdir. Üstəlik, 5 kəndə qaz çəkilişinin başa çatması ilə mavi yanacaqdan istifadə edən əhali 95 faiz təşkil edəcək. 5 il əvvəl elektrik enerjisinin təchizatında müəyyən fasilələrə yol verilirdisə, indi ən ucqar kəndlərə belə sutka boyu işıq verilir.

 

Başqa zəruri məişət ehtiyacları da yoluna qoyulmuşdur. Uzun illər Goranboy şəhərinin və digər yaşayış məntəqələrinin sakinlərinə içməli su xüsusi maşınlarla gətirilirdi. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu vacib sosial problem də artıq öz müsbət həllini tapmışdır. Belə ki, Murovdan 44 kilometrlik su xətti çəkilmişdir. İndi Goranboy şəhərinin və kəmərin keçdiyi 17 kəndin sakinləri ekoloji cəhətdən təmiz dağ suyu ilə təmin olunur. Respublika rəhbərinin imzaladığı sərəncam əsasında çəkilən 47 kilometrlik Goranboy - Yuxarı Ağcakənd asfalt yolu isə yekunlaşmaq üzrədir. Bundan başqa, Dəliməmmədli - Həmənli avtomobil yolu da asfaltlaşdırılmışdır.

Son illər başa çatdırılmış, öz müsbət həllini tapmış genişmiqyaslı vacib sosial məsələlərin bəziləri barədə indi söz açmağımız heç də təsadüfi deyil. məsələ burasındadır ki, qarşıdan qarlı-şaxtalı qış gəlir. artıq murova bir neçə dəfə qar düşüb. yerli sakinlərin dediyinə görə, havalar indidən belə soyuqdursa, bu ilin qışı daha sərt keçəcək. deməli, qışı boş əllə qarşılamaq olmaz. yuxarıda göstərdiyimiz fakt və rəqəmlər, apardığımız müqayisələr bu baxımdan rayonda payız-qış mövsümünə hazırlıq barədə müəyyən təsəvvür yaradır. Bugünlərdə rayonda olarkən ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda da olduq, qışa hazırlıqla əlaqədar görülmüş tədbirlərlə maraqlandıq.

Anar Mayılov, təhsil şöbəsinin müdiri:

– Həmişə oluğu kimi, cari ildə də payız-qış mövsümünə hazırlıq təbirlərinə hələ yay aylarında başlanmışdır. Bu məqsədlə yaradılmış xüsusi komissiya rayonun bütün ümumtəhsil məktəblərində olmuş, konkret vəziyyət öyrənilmiş və görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Ümumiyyətlə, 79 ümumtəhsil müəssisəsindən 18-i mavi yanacaqla, 44-ü odunla, 11-i duru yanacaqla, 6-sı elektrik enerjisi ilə isidilir. Məktəblərimiz yanacaqla təchiz olunmuşdur. Odunla isidiləcək 44 məktəbə 302 soba, elektrik enerjisi nəzərdə tutulan 6 məktəbə 100 elektrik qızdırıcısı və 75 elektrik radiatoru verilmişdir. Baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədi ilə yanğından mühafizə vasitələri və  avadanlıqları tədarük edilmişdir.

Bundan başqa, payız-qış mövsümünə hazırlıqla bağlı Borsunlu kənd 2 nömrəli və Aşağı Ağcakənd qəsəbə tam orta məktəblərində əsaslı təmir işləri aparılmışdır. Təəssüf ki, bu günə kimi Qurbanzadə və Bəşirli kənd ümumi orta, Tatarlı kənd tam orta məktəblərində qazanxanalar olmasına baxmayaraq həmin məktəblərə mavi yanacaq verilmir. Qaraçinar və Rəhimli kənd, Goranboy şəhər 3 nömrəli tam orta məktəblərinin qazanxanalarında quraşdırılmış qaz sayğacları yoxlanılmaq üçün götürülmüş, istifadəyə yararsız olduğundan geri qaytarılmamışdır. Bu da təbiidir ki, həmin məktəblər də müəyyən çətinlik yaradır.

Rüstəm Budaqov, Mərkəzi Xəstəxananın baş həkimi:

Səhiyyə müəssisələrində binadaxili kabel xətləri və elektrik avadanlıqları texniki təhlükəsizlik qaydlarına uyğun olaraq yenidən çəkilmişdir. Bu müəssisələri istiliklə təmin etmək üçün 3000 manatlıq dizel yanacağı alınmışdır. Mərkəzi Xəstəxananın poliklinika şöbəsində əsaslı təmir işləri aparılmış, su və kanalizasiya sistemi yeniləşdirilmiş, sınıq şüşələr yenisi ilə əvəz edilmiş, dam örtüyündə nasazlıqlar aradan qaldırılmışdır.

Dəliməmmədli şəhər xəstəxanası, Qarqucaq, Xınalı, Qızılhacılı və Nizami həkim məntəqələrinin, Sarovlu tibb məntəqəsinin dam örtükləri təmir edilmiş, hovuzlar yararlı vəziyyətə gətirilərək su ilə doldurulmuşdur. Səfikürd həkim məntəqəsində cari təmir işləri aparılmış, pəncərələrin şüşələri dəyişdirilmiş, elektrik xətlərində olan nasazlıq aradan qaldırılmışdır. Yanğın təhlükəsizliyinin qarşısının alınması üçün tibb müəssisələrinə balonlar verilmişdir.

Gündüz Hacıyev, mədəniyyət və turizm şöbəsinin müdiri:

– Payız-qış mövsümünə hazırlıqla əlaqədar Mədəniyyət evinin, Mərkəzi kitabxana sisteminin, Tarix-diyarşünaslıq muzeyinin, uşaq incəsənət və uşaq musiqi məktəblərinin, Dəliməmmədli şəhər, Hazırəhmədli kənd mədəniyyət evlərinin, Veyisli, Qaradağlı, Qaraçinar və Qarasüleymanlı kənd kitabxanlarının elektrik şəbəkəsi, köhnə taxta qapı və pəncərələri təzələnmişdir. Mərkəzləşmiş Kitabxana Sisteminin qaz xətlərində təmir aparılmışdır. Uşaq incəsənət məktəbinin və Mədəniyyət evinin istilik sistemlərində də təmir işləri görülmüşdür. Ehtiyac olan mədəniyyət müəssisələrinə elektrik qızdırıcıları və 13 odun sobası verilmişdir.

Daha sonra öyrəndik ki, payız-qış mövsümünə hazırlıqla bağlı 19 saylı Yol İstismar İdarəsinin balansında olan maşın və mexanizmlər saz vəziyyətə gətirilmiş, zəruri yanacaq ehtiyatı yaradılmışdır. Xidmət ərazisində olan körpülərdə və yolların sərt döngələrində qum ehtiyatı yaradılmış, işçilərə xüsusi geyim verilmişdir.

Suvarma Sistemləri İdarəsində inzibati və digər binalarda sınıq şüşələr dəyişdirilmiş, qaz radiatorları quraşdırılmışdır. Görüləcək işlərlə bağlı maşın-mexanizmlər ayrılmış,  işçilər geyimlə təchiz olunmuşlar. Eyni zamanda, suvarma işlərinin vaxtına aparılması üçün hidrotexniki qurğular saz vəziyyətə gətirilmişdir.

Subartezian quyularının istismarı idarəsi inzibati binada təmir işləri aparmış, nasos və transformator sexlərinin pəncərə və qapıları təmir edilmişdir. Nasos təmiri sexlərinin dam örtüyü dəyişdirilmişdir. Təmir otaqlarının qapı və pəncərələri plastik materiallardan hazırlanaraq yenilənmiş, elektrik xətləri təzələnmişdir. Qış mövsümü ilə əlaqədar maşın və mexanizmlərə ehtiyat hissələr, habelə əlavə yanacaq tədarük edilmişdir .

Rayon paylayıcı elektrik şəbəkəsi şəhərin 58-ci yaşayış məhəlləsində və Qarasüleymanlı kəndində zədələnmiş transformatorları dəyişdirmişdir. Təhlə, Aşağı Ballıqaya kəndlərini qidalandıran 10 kilovotluq hava xəttinin yararsız dayaqları dəmir-beton dirəklərlə əvəz olunmuşdur. Ehtiyac olan ərazilərdə elektrik xətləri və dayaqları yenisi ilə əvəz edilmiş, yağ açarları dəyişdirilmişdir.

Qaz istismarı sahəsi 840 metr daşıyıcı və paylarıcı qaz kəmərlərinə texniki baxış keçirmiş, aşkar edilmiş nasazlıqlararadan qaldırılmışdır. 70 qaztəmizləyici şkafda təmir-bərpa, nizamlama işləri aparılmış, 1326 metr xətt yeni borularla əvəz olunmuşdur.

Su-kanal İdarəsi Dəliməmmədli şəhərində 700 metr, Veyisli kəndi yaxınlığındakı Yeni qəsəbədə 200 metr, Rəhimli kəndində 500 metr, Tap Qaraqoyunlu kədində 60 metr, Qaraçinar kəndində isə 58 metr müxtəlif diametrli su xəttini dəyişdirmişdir.Goranboy şəhərinin 12 məhəlləsində 60 metr su xətti təmir olunmuş, lildən təmizlənmişdir. Dəliməmmədli şəhərində 3, Yeni qəsəbədə 4, Goran qəsəbəsində 1 sebartezian quyusunun nasosu təmir olunmuşdur. Dəliməmmədli şəhərində 1, Yeni qəsəbədə 3 nasos yenisi ilə əvəz edilmişdir.

İstilik Sistemləri İstismarı Sahəsi rayon icra hakimiyyətinin, internat məktəbin və şəhər 2 saylı tam orta məktəbinin qazanxanasında profilaktiki tədbirlər görmüş, elektrik və qaz avadanlıqları saz hala gətirilmişdir.

Göründüyü kimi, Goranboy rayonunda payız-qış mövsümünə hazırlıq tədbirlərinə vaxtında başlanmışdır. Əsas odur ki, təmir-bərpa işləri keyfiyyətlə aparılmış və kifayət qədər yanacaq tədarük edilmişdir. Prosesə ciddi nəzarət məqsədlə Goranboy Rayon İcra Hakimiyyəti nəzdində xüsusi komissiya yaradılmışdır. Qışlamanın gedişində meydana çıxan çətinlik və problemlər operativ qaydada öz həllini tapır, konkret tədbirlər müəyyənləşdirilir.

Payız-qış mövsümünə hazırlıq tədbirləri rayon icra hakimiyyəti başçısı yanında şuranın iclasında geniş müzakirə olunmuş, mövcud vəziyyət ətraflı təhlil edilmişdir. Müşahidə olunan nöqsan və kəm-kəsirlərin tezliklə aradan qaldırılması üçün əlaqədar təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Bütün bunların nəticəsidir ki, dağlara qar düşsə də, tez-tez yağış yağsa da, hava sazaq olsa da goranboyluların ocaqları isti, işləri rəvandır.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2014.- 25 noyabr.- S.6.