Azərbaycan iqtisadiyyatının hərtərəfli

dinamik inkişafı davam edir

 

On ayda ölkənin qeyri-neft sektorunda artım 6,4 faiz olmuşdur

 

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Son on ildə ölkədə  iqtisadi artım  üç dəfədən çox olmuşdur. Xarici dövlət borcumuz ÜDM-in cəmi 8 faizini təşkil edir. 2003-cü ildən bəri büdcə xərcləri 20 dəfədən çox artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşmüşdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir:” Ölkəmizin uğurlu, inamlı inkişafı həm də ona görə əhəmiyyətlidir ki, ətrafımızda bizi və dünyanı narahat edən proseslər gedir. Bölgə alovlanıb yanır, həm Yaxın Şərqdə, həm də Avropa qitəsində toqquşmalar gedir, qanlı müharibələr aparılır. Ona görə belə geosiyasi vəziyyətdə uğurla, inamla inkişaf etmək üçün, ilk növbədə, xalqla iqtidar arasında birlik, güclü siyasi iradə olmalıdır və əlbəttə ki, biz özümüzü iqtisadi cəhətdən təmin etməliyik".

 

Azərbaycanın hərtərəfli və dinamik inkişafına nail olmaq üçün ölkədə düşünülmüş iqtisadi siyasət həyata keçirilir. Elə bu siyasətin nəticəsidir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyanın sürətlə inkişaf edən ölkələri sırasında öz layiqli yerini tutub. Cari ilin on ayının yekunları da bu deyilənləri bir daha təsdiqləyir.

 

Ümumi daxili məhsul istehsalı artır

 

Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki,  2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artmışdır. Gözlənildiyi kimi, qeyri-neft sektorunda artım daha yüksək olmuşdur. Bu sektorda əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artmış, neft-qaz hasilatı və emalı sahələrində isə  1,8 faiz azalma qeydə alınmışdır.

ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilmişdir.

Ötən on ay ərzində əhalinin hər nəfərinə 5233,2 manat (6672,5 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artım qeydə alınmışdır. Cari ilin yanvar-oktyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

Mədənçıxarma bölməsində 35,6 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8 faizini təşkil etmiş, qida, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin  payına düşür. Ümumi sənaye  məhsulunun 80,6 faizi özəl bölmədə istehsal olunmuşdur.

Dünya bazarında baş verən iqtisadi proseslərlə əlaqədar  olaraq oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri sentyabr ayı ilə  müqayisədə 8,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 10 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 1,7 faiz ucuzlaşmışdır. Oktyabr ayı ərzində metal filizlərinin hasilatı üzrə 0,2 faiz bahalaşma müşahidə olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik qeydə alınmamışdır.

 

Ölkənin ərzaq təhlükəsizliyi

istiqamətində ciddi addımlar

 

Kənd əməkçiləri cari ilin məhsul yığımını başa çatdırmaq üzrədirlər. Noyabrın 1-nə kimi onlar  tarlalardan qarğıdalı ilə birlikdə 2361,8 min ton taxıl, 819,3 min ton kartof, 1167,9 min ton tərəvəz, 701 min ton meyvə və giləmeyvə , 440,8 min ton bostan məhsulları, 137,5 min ton üzüm, 2,7 min ton tütün, 82,5 min ton şəkər çuğunduru, 436,2 ton yaşıl çay yarpağı, 34,9 min ton pambıq toplamışlar.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə günəbaxan istehsalı 12,1 faiz, pambıq istehsalı 10,9 faiz, bostan məhsulları istehsalı 2,6 faiz, meyvə və giləmeyvə istehsalı 1,4 faiz və üzüm istehsalı 0,2 faiz artmış, dənli və dənli paxlalılar istehsalı 19,6 faiz, kartof istehsalı 17,4 faiz, tərəvəz istehsalı 2 faiz, şəkər çuğunduru istehsalı 5,2 faiz, tütün istehsalı 16,9 faiz və çay istehsalı 20,7 faiz azalmışdır.

İlin əvvəlindən bəri  diri şəkidə 378,3 min ton ət, 1566,1 min ton süd, 1299,4 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunmuşdur. 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 12  faiz, yun istehsalı 1,8 faiz artmışdır.

Hazırda kənd əməkçiləri gələn ilin bol məhsulunun əsasını qoymaq üçün səylə çalışırlar. Onlar 745,4 min hektar sahədə şum qaldırmış, 388,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 220,6 min hektar sahədə buğda, 168,2 min hektar sahədə arpa səpmişlər.

 

Tikinti və abadlıq

işlərinin miqyası genişlənir

 

Son illər ölkədə tikinti və quruculuq işləri böyük vüsət alıb. Bakı şəhəri və ölkənin regionları sözün əsil mənasında nəhəng inşaat meydançasına çevrilib. Bir-birinin ardınca gözəl binalar,  geniş yollar və nəhəng sənaye obyektləri istifadəyə verilir. Cari ilin on ayında inşaat kompleksinə bütün maliyyə mənbələrindən 13,2 milyard manat həcmində vəsait yönəldilmişdir. Vəsaitin 6,5 milyard manatı (49,5 faizi) qeyri-dövlət bölməsi, 6,7 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə 9,7 milyard manat vəsait sərf olunub. İstifadə edilmiş vəsaitin 67 faizi və ya 8,8 milyard manatı məhsul istehsalı obyektlərinin inşasına xərclənib.

Əsas kapitala yönəldilən vəsaitin 9,2 milyard manatı və ya 70 faizi daxili sərmayəyə, 4 milyard manatı isə xarici sərmayəyə olub.  2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 4804,5 milyon manatından istifadə olunub və ilin əvvəlindən ötən müddət ərzində ümumi sahəsi 1645,2 min kvadratmetr yaşayış evləri, 25350 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 142 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi, 147 yerlik klub istifadəyə verilib.

Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2" Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, ”Ağdaş" elektrik yarımstansiyası, Beyləqan rayonunda şahmat məktəbi, şəhər stadionu, Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər işə salınıb.

 

17,8 milyard dollarlıq müsbət saldo

 

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 141 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmişlər. Azərbaycandan 107 ölkəyə əmtəə ixrac olunmuş, 128 ölkədən isə məhsul alınmışdır. İdxal-ixrac əməliyyatı iştirakçıları sırasına  43 Avropa, 31 Amerika, 42 Asiya ölkəsi daxildir.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 31 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 24,4 milyard dollar, idxalın həcmi 6,6 milyard dollar təşkil etmişdir. Nəticədə 17,8 milyard dollarlıq müsbət saldo yaranmışdır.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.

Qeyri-neft məhsullarının ixracı 1,2 milyard dollar təşkil etmişdir. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 130,9 dollara bərabər olmuşdur.

 

Əhalinin gəlirləri çoxalır

 

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2014-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 5,4 faiz artaraq 30,4 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində əhalinin hər nəfərinə düşən gəlirlər 4,1 faiz artaraq 3229,5 manata və ya orta hesabla ayda 322,9 manata çatmışdır.

2014-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,4 min nəfər olmuş, onlardan 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 623,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində,  17,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşdur. Muzdla işləyənlərin orta aylıq əmək haqqı on ayda ötən  ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artmış və 441,6 manata çatmışdır.

Bu artımlar öz növbəsində əhalinin əmanətlərinin həcminə müsbət təsir göstərmişdir. Oktyabr ayının 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 7 milyard manata çatmışdır. Əmanətlərin 2,6 milyard manatı xarici valyuta ilə, 4,4 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.

Bütün bunlar o deməkdir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan  iqtisadiyyatı hərtərəfli və dinamik inkişafını davam etdirir. Ölkə iqtisadiyyatı şaxələndirilir, dövlət infrastruktur layihələrinə investisiyalar qoyur, sənaye müəssisələrinin yaradılmasına dəstək verir, özəl sektora güzəştli kreditlər ayırır. Bu isə belə deməyə əsas verir ki, ölkəmizin gələcək iqtisadi uğurları daha böyük olacaqdır.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 25 noyabr.- S.1.