Bakı Beynəlxalq Humanitar Forumu dördüncü dəfə

dünya siyasətçilərinin önəmli tribunasına çevrildi

 

Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güceyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və Prezident İlham Əliyevin uğurla  davam etdirdiyi siyasi kursun nəticəsində formalaşmış qüdrətli Azərbaycan dövlətində tolerant cəmiyyət, sülhsevər siyasət, bərabərhüquqlu əməkdaşlıq məsələləri xüsusi yer tutur. Məhz həmin siyasətin nəticəsidir ki, respublikamız bu gün ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkana çevrilib.

 

Artıq ölkəmiz haqqında söz açan əcnəbi ekspertlərin hamısı qətiyyətlə söyləyir ki, Azərbaycan  mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan, bu məzmunlu beynəlxalq  tədbirlərin keçirilməsi üçün çox  əlverişli ölkədir. Bu həqiqət  ölkəmizin paytaxtında dördüncü dəfə təşkil olunan Beynəlxalq Humanitar Forumun tribunasından dəfələrlə səsləndi. Qeyd olundu ki, bu beynəlxalq tədbir yeni əsrdə  dünyanın  qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün mühüm əhəmiyyət kəsb edir. 60-dan çox ölkədən gəlmiş 500-ə yaxın nüfuzlu qonağın iştirak etdiyi forumun açılış mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev ölkəmizin ev sahibliyi etdiyi tədbirlər silsiləsini gözəl ənənə adlandırdı.

Forum çərçivəsində aparılacaq diskussiyaların, fikir mübadiləsinin humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu bildirən dövlət başçımız qeyd etdi ki, biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir: “ Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir ki, foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir.”

Müasir dünyada gedən qloballaşma prosesinin  ən mühüm çağırışlarından olan çoxmədəniyyətlilik, çoxkonfessiyalılıq və qarşılıqlı inam,  etimad məsələlərinin  Azərbaycanda tək indi deyil, tarix boyu həmişə mövcud olduğunu söyləyən dövlət başçımız dünyanın bütün qitələrini təmsil edən siyasətçilər qarşısında bir daha vurğuladı ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regiondadünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır... Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır”.

Politoloq və ekspertlərin fikrincə, Azərbaycan dövlətinin xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli  müstəsna əhəmiyyət kəsb edir. Yəni dövlət başçımız və bütün rəsmilərimiz istənilən beynəlxalq tribunadan bu məqsədlə istifadə edir, gənc müstəqil dövlət olan  Azərbaycanın terrora, təxribatlara, seperatçılığa, ekstremizmə məruz qaldığını dünya ictimaiyyətinin diqqətinə çatdırır. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda da belə oldu. Dövlət başçımız Dağlıq Qarabağ münaqişəsi barədə söz açaraq dedi: “Onu da qeyd etməliyəm ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır... BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmirbiz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik”.

Dövlət başçımız hətta müvafiq beynəlxalq təşkilatların qınanmalı olan cəhətlərini söyləməkdən də çəkinmədi: “... Biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir... Yəni, bu, böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir".

Bugünkü Azərbaycan həqiqətlərinin təkcə tolerantlıqdan, multikulturalizm prinsiplərinin yaşadılmasından və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dünya birliyinin nümayiş etdirdiyi ikili standartlara məruz qalmağımızdan ibarət olmadığını qonaqların diqqətinə çatdırmaq istəyən dövlət başçımız başqa məqamlardan da söz açmağı məqsədəuyğun saydı. Üstəlik, əsaslandırdı ki, həmin reallıqlar mövcud olmasa  humanitar istiqamətli heç bir layihədən danışmaq mümkün deyil: “... Güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artmışdır, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir.”

Azərbaycanın ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi, bu forumda da qonaqların ölkəmiz, xalqımız, dövlətimiz və dövlət başçımızın yeritdiyi siyasət barədə səmimi və qətiyyətlə söylənilən təqdiredici fikirlərini  eşitdik. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina  Matviyenko forumdakı çıxışından istifadə edərək ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyəsindən də danışdı: “Rusiya-Azərbaycan əlaqələri qədim və geniş humanitar qarşılıqlı fəaliyyətin parlaq nümunəsidir. Bu əməkdaşlıq artıq bu gün möhkəm qanunverici əsasa da malikdir. Onun dinamik inkişafının əsas amili Rusiya və Azərbaycan rəhbərlərinin dialoqudur. Dövlətlərimizin prezidentləri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə şəxsən xüsusi töhfə veriblər. Belə ki, keçən ilin avqustunda Vladimir Vladimiroviç Putinin Bakıya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında humanitar sahədə Əməkdaşlıq Proqramı imzalanıb. Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq əlaqələri yaranıb. 2003-cü ildən bəri birgə parlamentlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya humanitar sahədə müqavilə-hüquqi bazanın inkişafında bizim parlamentlərin qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərinə daim diqqət yetirir.

Rusiya-Azərbaycan regionlararası forumları humanitar əlaqələrin dinamik inkişafına mühüm töhfə verir. Xatırladıram ki, bu il iyun ayında Qəbələ şəhərində “Regionlararası əməkdaşlıq: yeni artım imkanları” mövzusunda V Rusiya-Azərbaycan Forumu uğurla keçdi. Humanitar sahədə əməkdaşlığın perspektivli istiqamətləri həmin forumun əsas mövzularından biri oldu".

Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı nümayiş etdirdiyi səmimiyyət, etimad, prinsipiallıq və sədaqətdən söz açan BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark  öz çıxışında Azərbaycan həqiqətlərinin ifadə olunması baxımından çox dəyərli məqamları yada saldı:  “İllər öncə BMT-nin İnkişaf Proqramı “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının formalaşdırılması üçün Azərbaycana kömək etmişdir. Bu təşəbbüs isə rəqabətədavamlı qeyri-neft sektorunun inkişaf etdirilməsinə və insanların bacarıqlarının gücləndirilməsinə yönəlmişdir. Cənab Prezident bir qədər əvvəl söylədiyi kimi, Azərbaycan bu illər ərzində yoxsulluq səviyyəsinin kəskin azaldılmasına, sosial xidmətlərə yeni sərmayələrin yatırılmasına, sosial müdafiə sisteminin qurulmasına və əməkhaqlarının artırılmasına nail olmuşdur.

Hazırda “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası tətbiq olunduğu ilk gündəki qədər vacibdir. İnsan inkişafının artırılması istiqamətində fəaliyyət “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğur qazanması üçün vacib idi. BMT-nin İnkişaf Proqramı olaraq, biz bu konsepsiyanın reallaşdırılması işində Azərbaycana dəstək verməyə sadiqik".

UNESCO-nun baş direktoru,  xanım İrina Bokovanın forum iştirakçılarına videomüraciətində bu beynəlxalq təşkilatın Azərbaycanın təşəbbüslərinin dəstəklənəcəyi ifadə olunur, adıçəkilən forum dünyanın problemlərinə vacib yanaşma kimi qiymətləndirilirdi:UNESCO-nun mandatı məhz sülhün və davamlı inkişafın təmin edilməsindən ibarətdir... Bu, insanların əsas tələbatlarına cavab vermək, onlara kömək etmək üçün vacibdir. UNESCO öz tərəfindən hazır olduğunu bildirir ki, mandatından irəli gələrək bu vacib yanaşmaya dəstək verəcək”.

Başqa bir beynəlxalq təşkilatın rəhbəri - İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri isə öz çıxışında Bakı Forumunu dünyada yaşanan humanitar böhranlardan çıxış yolunun axtarıldığı bir tədbir kimi qiymətləndirdi və təəssüf etdi ki, Azərbaycanın özü həmin problemlərdən biri ilə üz-üzədir:  “Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət yenə də bir çox faktlara laqeyd yanaşır. Bunların arasında ayrı-seçkilik, ədavət, ekstremizm var. Təəssüflər olsun ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni qüvvələri tərəfindən işğalı və Fələstin xalqının çəkdiyi əziyyətlər davam edir. Bu iki problemə gəldikdə, bununla bağlı bir çox təşəbbüslər irəli sürülmüşdür. Əslində, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri var. Bu qətnamələr hələ ki, həyata keçirilməyib. Bu, əslində beynəlxalq hüquqa məhəl qoyulmaması deməkdir. Mən hesab edirəm ki, işğala son qoyulmalıdır. Bu, yeganə yoldur. Mən bunu İSESCO adından bəyan edirəm və bu, həyata keçirilməlidir”.

Beləliklə, Azərbaycanın sülhsevərliyə, qarşılıqlı inametimada, sosial birgəyaşayış normalarına və ən başlıcası bəşəri dəyərlərə sədaqət nümunəsi kimi formalaşdırdığı beynəlxalq humanitar forumlardan daha biri dünya ictimaiyyətinin ixtiyarına verildi. Forum iştirakçılarının böyük əksəriyyəti bildirdi ki, müasir dünyanın mövcud böhranlardan xilas edilməsi üçün məhz bu cür beynəlxalq tədbirlərə, hamılıqla aparılan müzakirələrə ehtiyac vardır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.6.