Ümummilli lider Heydər Əliyevin Prezident

kimi birinci dəfə andiçməsindən 21 il keçir

 

 1993-cü il  oktyabrın 10-da xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan Prezidenti kimi birinci dəfə and içmişdir. İyirminci əsrin  ortalarından başlayaraq  tarixi şəxsiyyət, güclü siyasi xadim kimi  formalaşan Heydər Əliyev dərin məntiqi, təfəkkürü, düşüncə tərzi ilə insanları daim özünə cəlb edib, tələbkarlığı və qayğıkeşliyi ilə bütün  mərhələlərdə adamları səfərbər etməyi bacarıb. Heydər Əliyev dövləti idarə etməyin mahir ustası idi, dünya siyasətini yaxşı bilirdi, xalqı, cəmiyyəti öz arxasınca aparmağı bacarırdı. Heç təsadüfi deyil ki, AXC-Müsavat  iqtidarı bir illik hakimiyyətləri zamanı  ölkəni xarabalığa çevirəndə, insanları vətəndaş  qarşıdurması həddinə çatdıranda  xalq tərəddüd etmədən Heydər Əliyevə üz tutdu. Azərbaycanı düşdüyü dərin böhrandan, bəlalardan yalnız Heydər Əliyevin xilas edəcəyi hamıya aydın idi. 1993-cü ilin prezident seçkilərində xalqın 98 faizinin ulu öndər Heydər Əliyevin namizədliyini dəstəkləməsi bu inamın təsdiqi idi.

 

Qeyd etmək  lazımdır ki, XX əsrin sonu dünyada köklü dəyişikliklərə gətirib çıxaran  siyasi proseslərlə zəngin  olmuşdur. Azərbaycan xalqı da bu proseslərdən  kənarda qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, əsrin əvvəlində qazandığı müstəqilliyini yenidən bərpa etmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi  dünyada, keçmiş Sovetlər İttifaqında  gedən  ictimai-siyasi proseslərin  məntiqi  nəticəsi olmuşdur. Ümummilli liderimizin o illərdə dediyi kimi, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının  milli sərvəti,  milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında  hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna  xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz.

Eyni zamanda Azərbaycanın müstəqilliyinin qorunması respublika rəhbərliyinin qarşısında çox böyük və mürəkkəb  vəzifələr qoyurdu. Dövlət müstəqilliyini möhkəmləndirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni  müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların normal yaşaması üçün lazımi şərait yaratmaq qarşıda duran ən ümdə vəzifələr idi. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik etmiş  Ayaz Mütəllibov və Əbülfəz Elçibəy həmin vəzifələrin öhdəsindən gəlmək qabiliyyətinə malik deyildilər. Buna görə də Azərbaycanda tez-tez çaxnaşmalar baş verirdi.

Müstəqillik kimi məsul və çətin  vəzifələri yerinə yetirmək  Heydər Əliyevin  taleyinə yazılmışdı. Xalqımızın böyük oğlu bunu yaxşı bilirdi, Prezident kimi  fəaliyyətində də həmin  vəzifələr əsas istiqamətləri təşkil edirdi. Ulu  öndər qarşıda duran son dərəcə çətin və mürəkkəb vəzifələri həyata keçirmək üçün gecəni gündüzə qatmışdı. Müstəqil  Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimində  təcrübəli dövlət qurucusu qeyd etmişdi ki, bizim  üçün ən ağır məsələ beş ildən artıq müddətdə ölkənin  müharibə şəraitində olmasıdır. Azərbaycanın qanlı müharibə şəraitinə düşməsi Dağlıq Qarabağ problemi başlanan dövrdən respublika rəhbərliyinin, keçmiş  Sovetlər İttifaqı rəhbərliyinin buraxdığı kobud səhvlərin nəticəsidir. Təəssüf ki, ötən dövr ərzində  respublikanın bu vəziyyətdən çıxarılması üçün lazımi tədbirlər görülməmiş, əksinə ağır iqtisadi, sosial-siyasi və mənəvi  böhran daha da dərinləşərək 1993-cü ilin ortalarına yaxın son həddə çatmış, vətəndaş müharibəsi ilə nəticələnmişdi. Həmin ilin iyun ayında ölkədə daxili sabitlik tam pozulmuş, respublikada  ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı dəstələrin Azərbaycanı parçalamaq meyilləri güclənmişdi.

Bütün bunların ağırlığını öz çiyinlərində çəkən, gündən-günə müflisləşən  xalq artıq  buna dözə  bilmədi. Müqavimətlərə, təhdidlərə, hədə-qorxulara məhəl qoymayan xalq, yaxşı tanıdığı, qabiliyyətinə, bacarığına dərindən bələd olduğuöz xilaskarı kimi gördüyü Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Xilaskarlıq missiyasını boynuna götürən xalqın böyük oğlu ölkədə baş alıb gedən xaos və anarxiyanın qarşısını qısa müddət ərzində almağa müvəffəq oldu, bəzi cinayətkar qruplar zərərsizləşdirildi,  respublikanın daxilində ictimai-siyasi sabitlik təmin edildi, separatçı hərəkətlərə son qoyuldu. Heydər Əliyevin ətrafında sıx birləşən xalq az vaxtda çətin imtahanlardan üzüağ çıxdı. Bir daha sübut edildi ki,  xalqın müdrikliyi, milli birlik və həmrəylik bütün çətinliklərin qarşısını ala bilər. Xalqla rəhbərliyin vahid birliyi, həmrəyliyi respublikanı düşdüyü ağır böhrandan çıxarmağa inamı qat-qat artırmışdı.

Bir anlığa 1993-cü ili göz önünə gətirək. Ölkədə vəziyyət son dərəcə ağır idi. Ermənistan  silahlı qüvvələrinin beş ildən bəri davam edən təcavüzü nəticəsində Azərbaycanın  tarixi torpağı olan Dağlıq Qarabağ tamamilə işğal olunmuş, xalqımız üçün əziz və unudulmaz sayılan, məğrurluq simvoluna çevrilən gözəl Şuşa şəhəri əldən getmişdi. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da erməni qəsbkarlarının tapdağına çevrilmişdi. Yüzlərlə kənd, qəsəbə, yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən talan olunmuş, dağıdılmış və yandırılaraq viranəyə çevrilmişdi. Bu ərazilərdə yaşayan soydaşlarımız – bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma yurd-yuvasından didərgin düşmüşdü.

Buna görə də müharibənin qarşısını almağı ən ümdə vəzifə hesab edən Heydər Əliyev təxirəsalınmaz tədbirlər həyata keçirməyi nəzərdə tutmuşdu.

Bu məqsədə çatmaq üçün güclü  milli ordu yaradılmasını qarşıya müstəsna  vəzifə kimi qoyan Heydər Əliyev diplomatik səyləri artırmağın vacibliyinixüsusi vurğulayırdı. Deyirdi ki, biz, ümumiyyətlə, sülhsevər mövqe  tutaraq, Dağlıq Qarabağ problemini birinci növbədə sülh yolu ilə, danışıqlar yolu ilə həll etməliyik. Biz BMT-nin, ATƏT-in, BMT Təhlükəsizlik Şurasının, bu münaqişənin aradan qaldırılmasında vasitəçilik edən böyük dövlətlərin və bütün beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edərək, Azərbaycanı müharibə şəraitindən çıxarmaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün səylə çalışmalıyıq.

Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən  danışan Heydər Əliyev ölkədə müasir, demokratik dövlət quruculuğunu təşkil etməyi əsas amil kimi dəyərləndirirdi. Bu məsələnin  incəliklərini açıqlayan dahi siyasi xadim bildirirdi ki, bizim yolumuz  aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik  prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək,  demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur. Bu yol ilə getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir.

Demokratik, sivil cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Cəmiyyətdə insanın tam azad olması üçün etibarlı şərait yaradılmalıdır.  Bu baxımdan  vicdan azadlığının təmin olunması dünyəvi  prinsiplərə uyğun gəlməlidir. Bunlardan ən əhəmiyyətlisi dini  dəyərlərdir. SSRİ dövründə xüsusi qadağalara tuş gəlmiş İslam dini xalqımızın  mənəviyyatına, elminə, zəkasına, qüdrətinə böyük  təsir  göstərmişdir. Milli ənənələr, mədəniyyət bir çox hallarda  İslam dini vasitəsilə nəsildən-nəsilə keçib. Azərbaycanda  İslam dininə insanların sərbəst etiqad etməsi üçün hər cür şərait yaradılmışdır. Vətəndaş həmrəyliyi, vətəndaş birliyinin  yaranmasında İslam dininin rolu heç  ilə ölçülə bilməz.  Məhz İslam dininin dəyərlərindən bəhrələnən vətəndaşlar  çoxmillətli respublika olan Azərbaycanda  tolerantlıq şəraitində mehriban bir ailənin üzvü kimi yaşayırlar.

Azərbaycan Prezidenti Heydər Əliyev birinci andiçmə mərasimində respublikamızın dövlət müstəqilliyini əbədiləşdirmək üçün  ölkənin mənafeyini dünya miqyasında müdafiə edəcək balanslaşdırılmış xarici siyasət yeridəcəyini bəyan etmişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini  və ərazi bütövlüyünü xarici siyasət vasitəsilə təmin etməyə   çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır”.

Ölkəni ağır böhran vəziyyətindən çıxarmaq üçün sosial-iqtisadi sahədə böyük işlər görüləcəyini vəd edən Heydər Əliyev bu məsələdə islahatlara geniş meydan açılacağını, sahibkarlığa önəm veriləcəyini vurğulamışdı. Qeyd etmişdi ki,   Azərbaycanın daxilixarici siyasəti dünya demokratiyasının açdığı yolla demokratik prinsiplər əsasında gedəcəkdir.  Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək sivil dünyaya qovuşacağıq. Həmin fikirlərin hər biri bu gün bütün dünyaya məlum olan Azərbaycan həqiqətləri kimi reallığa çevrilib.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti kimi andının sonunda bir daha bəyan etmişdi ki,  biliyini, təcrübəsini, qüvvəsini Azərbaycan xalqının,  Azərbaycan Respublikasının rifahına həsr edəcək, Prezident  vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək və Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün  əlindən gələni əsirgəməyəcəkdir.

Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq qalacağına və bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasına, yaşamasına və inkişaf etdirilməsinə şərait yaradacağını bildirən ümummilli lider şərəfli ömrünün sonunadək öz andına sadiq qalaraq qüdrətli bir dövlət qurdu. Odur ki, hər birimiz fərəhlə müstəqil Azərbaycanı  Heydər Əliyevin şah əsəri adlandırırıq.

Xalqımızın böyüklüyü, müdrikliyi bir daha onda təsdiqlədi ki, ulu öndərdən sonra ölkənin sükanını məhz onun siyasi kursunun ən layiqli davamçısı olan İlham Əliyevə etibar etdi. Artıq on bir ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişafda olan dünya dövlətləri sırasında inamla irəliləyir. Heydər Əliyevin siyasi kursuna sədaqət nümayiş etdirən möhtərəm Prezidentimiz ölkəni xoş gələcəyə inamla aparır.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.3.