Prezident İlham ƏLİYEV:

Son illər ərzində aparılan islahatlar,

irəli sürülmüş təşəbbüslər ölkəmizin

dinamik inkişafını təmin etmişdir

 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş danışılmışdır. Prezident İlham Əliyev giriş nitqində demişdir: “...İlin əvvəlində keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il olacaqdır. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir.

Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır".

Dövlət başçısı çıxışında sosial-iqtisadi sahələrdə əldə edilən digər müsbət göstəricilərə də diqqət çəkmişdir. İnflyasiyanın çox aşağı səviyyədə - cəmi 1,5 faiz olmasını, əhalinin pul gəlirlərinin 5,4 faiz artmasını, hesabat dövründə iqtisadiyyata 19 milyard dollar investisiya qoyulmasını vurğulamışdır.

Prezident İlham Əliyev  Azərbaycanın hazırda  kifayət qədər valyuta ehtiyatı olduğunu xatırlatmışdır. Bildirmişdir ki,  ilin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artmışdır. Bütövlükdə ölkənin 53 milyard dollardan çox valyuta ehtiyatları var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatları isə dünya miqyasında ən yüksək səviyyədədir.

İclasda qeyd edilmişdir ki, cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, onun qeyri-neft sektoru isə 6 faiz artmışdır. Azərbaycanın maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatları 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz artım əldə edilmişdir. Məcmu valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olmuşdur. Eyni zamanda, xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 8,5 faiz səviyyəsində qərarlaşmışdır. Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılmışdır.

Xatırladılmışdır ki, dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycana verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənmiş, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir. Qeyd olunan reytinqlər respublikamızın investisiya baxımından cəlbedici dövlətlər sırasında aparıcı ölkələrdən biri olmasını növbəti dəfə nümayiş etdirmişdir. Bunun bariz nümunəsi bu il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir.

İclasda diqqətə çatdırılmışdır ki, təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı, Prezident İlham Əliyevin  gərgin zəhmətinin və siyasi məharətinin nəticəsidir. Bu, eyni zamanda,  Avropanın enerji təminatı ilə bağlı ilk andan Azərbaycanın tutduğu mövqenin nə dərəcədə düzgün olmasını sübut etmiş və ölkəmizin son illər ərzində yürütdüyü enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərmişdir.

Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən, 101,2 faiz yerinə yetirilmiş, 14 milyard 71 milyon manat təşkil etmişdir. Təsdiqlənmiş proqnoza Vergilər Nazirliyi tərəfindən 101,8 faiz əməl olunmuş, dövlət büdcəsinə 5 milyard 324 milyon manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 milyon manat köçürülmüşdür. Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin etmişdir. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat təşkil etmişdir.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86 faiz icra olunmuşdur. Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 252 milyon manat və ya 8,9 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil etmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545 milyon manat vəsait yönəldilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilmişdir.

Hesabat dövründə əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin turizm və idman potensialının genişləndirilməsi, xalqımızın nadir incilərindən olan xalçaçılığın təşviqi, milli mədəniyyətin öyrənilməsi və digər sahələr üzrə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdirilən bir sıra layihələr istifadəyə verilmişdir. Buna misal olaraq  Bakı Sağlamlıq Mərkəzi, respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, yeni Xalça Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə, Milli Gimnastika Arenası, Göygöl Olimpiya İdman Kompleksi və digər obyektləri misal göstərmək olar.

İclasda ölkəmizdə nəqliyyat sahəsində görülmüş işlərə də toxunulmuşdur. Qeyd edilmişdir ki, son illərdə  Qafqaz və Orta Asiya məkanında ən iri hesab olunan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalının istismara verilməsi Azərbaycanın tranzit potensialının gücləndirilməsinə öz müsbət təsirini göstərmişdir.

Regionlarda abadlıq və quruculuq işlərinin davam etdirilməsi, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün bu ilin 9 ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən 257 milyon manat, o cümlədən kəndlərarası yolların inşasının başlanması üçün ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 29 milyon manat vəsait ayrılmışdır. Ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində hesabat dövründə 60 milyon manat ayrılmış, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620 milyon manata çatdırılmışdır. Naxçıvan Muxtar Respublikasının, ölkənin rayon və şəhərlərinin əhalisinin içməli su ilə təmin edilməsi üçün ilin əvvəlindən 256 milyon manat vəsait sərf edilmişdir.  

İclasda ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına yönələn dövlət dəstəyi tədbirlərinin hesabat dövründə də davam etdirilməsi, dövlət büdcəsindən bu məqsədə müvafiq vəsait ayrılması vurğulanmışdır. Bildirilmişdir ki, kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğının təzahürü olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılmışdır. “Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən cari ildə verilmiş

32  milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat vəsait ayrılmışdır.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105 milyon manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz və yaxud 3 milyon manat çox deməkdir.

Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən cari ildə Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılmışdır və bununla da dövlət büdcəsindən adı çəkilmiş fonda köçürülmüş vəsaitin ümumi həcmi 830 milyon manata çatdırılmışdır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Asan xidmət” mərkəzlərinin maddi-texniki təminatının yaxşılaşdırılması, həmin agentliyin regional mərkəzlərinin yaradılması və işçi heyətlə komplektləşdirilməsi, səyyar “asan xidmətlər”in əhatə dairəsinin genişləndirilməsi üçün dövlət büdcəsindən üst-üstə 22 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev iclasın sonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşmüşdür. Dövlət başçısı demişdir: “Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur...

Göründüyü kimi,  bu ilin doqquz ayı da  əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda uğurla icra edilməkdədir.

Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.1.