Dəmir yolunun tarixində yeni mərhələ

 

İyirminci əsrin sonlarından başlayaraq, dəmir yolu bir sıra çətin sınaqlar dövrü keçdi. O zamankı çətinliklərə baxmayaraq, yaşadı, inkişaf etdi. Söhbət bizim yaxın tariximizdən gedir. O tarixdən ki, biz hamımız onun bir zərrəsi, o zamankı mövcud durumun iştirakçıları və müşahidəçiləri olmuşuq.

 

Bir neçə gündən sonra - 13 oktyabrda dəmir yolu işçilərinin peşə bayramı qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti sənab İlham Əliyev 2005-ci ilin oktyabrın 7-də imzaladığı sərəncamla 13 oktyabr - Azərbaycan dəmiryolçularının peşə bayramı günü kimi təsis etmişdir. Sərəncama uyğun olaraq, artıq 10 ildir ki, bu əlamətdar gün ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bayram ərəfəsində dəmir yolunun yaxın tarixinə qısa ekskurs etmək istəyirəm.

Müstəqil Azərbaycanın bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi, beynəlxalq və regional layihələrdə  aktiv iştirak etməsi ümummilli lider Heydər Əliyevin uzun illər apardığı mübarizənin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olmuşdur.  Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında  həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodu tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-87-ci illər ərzində, ölkə dəmir yolunun müasir xaricdə istehsal olunan texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilməsinə səy göstərmişdir. O illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.

Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin  zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşdıran əsas amillərdir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

Son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu ildə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncam imzalaması, əslində, yeni bir mərhələnin başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olundu və bu sahənin inkişafı istiqamətində işlər sürətləndi. Bununla da gələcəkdə Azərbaycanın  dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.

Görülən işlərin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət proqramına uyğun olaraq, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı -- Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda  islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki   dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən Azərbaycan “Dəmir yolu nəqliyyatı haqqında” Qanun layihəsinə Ədliyyə Nazirliyinin rəy və təklifləri nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenidən baxılmış və Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.

Qeyd edək ki, görülən işlər çərçivəsində 5 vaqondan ibarət olan “Ekspress” qatarının vaqonları VEST QAS müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən vaqonlar  2009-cu ilin fevralında əsaslı-bərpa təmiri üçün Slovakiya Respublikasının “Sazvrudki” zavoduna göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilmişdir. Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti saatda 160 kilometr olmaqla 2039-cu ilə qədər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur.

Ümumiyyətlə, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə  bir sıra tədbirlər həyata keçirilir. İstifadədə olan vaqonlarda təmir işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonu, eyni zamanda, Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqon  təmir olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov,  Bakı-Ağstafa-Qazax və Bakı-Balakən  istiqamətlərində xəttə buraxılmışdır.

Dövlət proqramının icrası sürətlə təmin olunur. 10 dekabr 2013-cü ildə Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri başa çatdı. Bunun da hamısı 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir. Əsaslı təmir işləri davam etdirilir.

 Dövlət proqramının icrası istiqamətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsinin bir hissəsini maliyyələşdirmək məqsədilə kredit sazişi imzalanmışdır. Layihənin əsas məqsədi Bakı-Böyük Kəsik dəhlizi boyu Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat-iqtisadi effektivliyini və potensialını gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində, dövlət proqramına uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi uzun müddətdir ki, müzakirə olunurdu. Bu məqsədlə 2010-cu ilin may ayında mətbuatda tender elanı  verilmişdir.

Enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunmuş və ATEF şirkətlər Qrupu (Podratçı) ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında 3 avqust 2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-21CB nömrəli müqavilə imzalanmışdır.

Bu müqavilənin icra qrafikinə əsasən, podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdıraraq start vermişdir. Eyni zamanda işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər isə start mərhələsindədir, hazırda layihələndirmə işləri aparılır. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması  da gündəmdədir.

Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmişdir.

22 fevral  2012-ci ildə 24 saylı Salyan rels-qaynaqlama qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci ildə imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının dəmir yolunda icrasını təmin etmək, Azərbaycan Respublikası Nəqliyyat Nazirinin  25 iyun 2012-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə İşçi Qrupu yaradılmışdır.

İşçi Qrup “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yeni elektron xidmət növlərinin müəyyən edilməsi və tətbiqi istiqamətində gərgin iş aparır.

4 iyul 2012-ci ildə Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri istismara verilmişdir.

1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan yenidənqurma və abadlıq işləri  xətt boyu bütün sahələri əhatə edib. İdarə, müəssisə və təşkilatlarda yeniləşmə prosesi özünün yeni mərhələsinə qədəm qoyub.

29 dekabr 2013-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilmiş, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunmuşdur. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılmışdır. Eyni zamanda, Yük Daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasısının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunmuş, piyada keçid körpüsü  sağlamlaşdırılmışdır.

26 iyul 2014-cü ildə Poylu-Salahlı mənzilinin 73-cü kilometrindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istismara verilmişdir. Qeyd edək ki, körpünün tikintisinə 2008-ci ildə başlanmış və işlər 2014-cü ildə başa çatdırılmışdır. Körpünün tam uzunluğu 208, 44 metrdir.

Çarxı-Sarvan mənzilinin 2508 kilometrində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 kilometrində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır.

Bildiyimiz kimi, beynəlxalq daşımaların tərkibində konteyner daşımalarının xüsusi çəkisi getdikcə artmaqdadır. Respublikamızın nəqliyyat sistemi üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC ilə birgə 1996-cı ildə işə salınmış, lakin sonralar fəaliyyəti dayandırılmış, Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası üzrə danışıqlara başlanılmışdır.

Artıq Azərbaycan ilə Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarı hərəkətini bərpa etmişdir. 25 konteyner vaqonundan ibarət olan ilk qatar 17 iyul 2014-cü ildə Keşlə stansiyasına çatmışdır.

Neft dağılmalarına qarşı cavab tədbirlərində potensialın yaradılmasının tərkib hissələrindən biri kimi “Fövqəladə Hallar Qatarı” MMC-nin maddi-texniki bazasının yenidən qurulması istiqamətində bir sıra islahatlar aparılır. Bu məqsədlə zəruri yeni texnika, maşın-mexanizmlər, materiallar alınmış və “Fövqəladə Hallar Qatarı” MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli, Yevlax və Şabran bölmələri arasında paylanmışdır.

17 sentyabr 2014-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC “Fövqəladə Hallar Qatarı” MMC-nin yeni tikilən inzibati binasının və təmir sexinin istismara veriməsinə həsr olunmuş tədbir keçirilmişdir. Tikinti işləri 1iyun 2013-cü ildə başlamışdır və istehsalat  bazası dəmir yolunda fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə,  Biləcəri stansiyasında keçmiş “Buz zavodu”nun ərazisində inşa edilmişdir. Ümumi ərazisi  25296 kvadratmetr olan istehsalat bazasında inzibati bina, təmir sexi, avtomobillərin dayanacağı üçün talvar, su və çirkab anbarları inşa edilmişdir.

Dövlət proqramının icrası ilə bağlı layihələrin həyata keçirilməsində, Texniki İqtisadi Əsaslandırmaların və texniki sənədlərin işlənməsində, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamının icrasına uyğun  olaraq, dəmir yolunun 2020-ci ilədək İnkişaf Konsepsiyasının hazırlanmasında “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir yolu nəqliyyatında həyata keçirilən islahatlarla və yenidənqurma işlərinə şəxsən nəzarət edir, onlarla müntəzəm olaraq yerində tanış olur. Belə ki, o, 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə, 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuş , 2014-cü il mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak etmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, üzərinə düşən öhdəliklərin həyata keçirilməsinə ciddi şəkildə əməl edir. Bu yöndə,  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Hazırda ümumi uzunluğu 4,4 kilometr olan və Gürcüstanla Türkiyə Respublikasını birləşdirəcək tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi başa çatdırılmışdır. Gürcüstan ərazisində tunelin uzunluğu 2070 metrdir. Tunelin Gürcüstan ərazisində olan hissəsinin tikintisi davam edir. Qeyd edək ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir, 2015-ci ildən isə dəmir yolunun tam istismara verilməsi planlaşdırılır.

Azərbaycanın nəqliyyat sisteminin əsas tərkib hissələrindən sayılan dəmir yolu nəqliyyatında həyata keçirilən yeniləşmə və islahatların aparılmasında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rolu əvəzsizdir. Dəmiryolçuların hüquqlarının qorunmasında, onların sosial qayğılarının həllində, sağlam iş və istirahət şəraitinin yaradılmasında və əməyin mühafizəsinin təşkilində MHİRK fədakarlıq göstərir.

Ötən illər ərzində Azərbaycan Dəmiryolçuları MHİRK-ın kollektivi dəmir yolunda aparılan islahatlara daim yardımçı olmuş, dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili istiqamətində bir çox layihələr həyata keçirmişdir. Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edərək, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını ön plana çəkərək bu istiqamətdə var qüvvə ilə çalışır. “Azərbaycan Dəmir Yolları” QSC ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında imzalanmış 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə sahə “Saziş”i də bu məqsədə xidmət edir. Bu “Saziş”in yerinə yetirilməsi həm cəmiyyət rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarətdə saxlanılır.

Dəmiryolçuların fədakar əməklərinə yüksək qiymət vermək məqsədilə 1997-ci ildən başlayaraq MHİRK-nın Rəyasət Heyəti “Firidun Ağayev” adına mükafat təsis etmiş, “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi”, “İlin ən yaxşı müəssisəsi” fəxri adların verilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan dəmiryolçularının sosial problemlərinin həlli və maddi rifahlarının yaxşılaşdırılması Nəqliyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi və MHİRK-ın daim diqqət mərkəzindədir. Nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təşəbbüsü ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində “Lokomotiv” İstirahət Mərkəzi tikilib dəmiryolçuların istifadəsinə verilib. Son illər bu sahədə aparılan genişmiqyaslı islahatlar  dəmir yolunun fəaliyyətinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına, gəlirlərin artırılmasına, əməkçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmışdır. Dəmiryolçuların məhsuldar və şərəfli əməyinin nəticəsi və dövlət proqramına müvafiq qaydada yeniləşmə prosesi polad magistralımızın parlaq gələcəyindən xəbər verir.

Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərilə doğruldacaqlar. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair” Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

 

Arif ƏSGƏROV,

“Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

Xalq qəzeti.- 2014.- 11 oktyabr.- S.9.