Dövlət proqramları mədəni həyatımızın

yüksəlişində əhəmiyyətli rol oynadı

 

Müstəqilliyimizin bərpa olunmasından ötən dövr ərzində mədəni həyatımızda baş verən əsaslı yüksəlişi görməmək mümkün deyil. Bu yüksəlişin əsasında ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı islahatlar dayanır. Qeyd edək ki, ümummilli liderin səyi nəticəsində Azərbaycanın milli-mənəvi sərvətləri, yaratdığı maddi və mənəvi dəyərlər xalqın özünə qaytarıldı.

 

Bu dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna çıxarıldı. Dövlət başçısı qətiyyətlə bildirmişdir ki, “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar”. Prezidentin bu uzaqgörən bəyanatı artıq real həllini tapmışdır. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Müstəqillik Azərbaycanın mədəni həyatının inkişafında çox mühüm rol oynadı. 2003-cü ildən sonra xalqın milli-mənəvi dəyərlərinə dövlət qayğısı ilbəil artdı, mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi davam etdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin maddi-texniki bazası möhkəmlənmiş, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına diqqət artırılmış, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Son illər Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində çox mühüm tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Belə dialoqların aparılması Azərbaycan mədəniyyətinin beynəlxalq əlaqələrinə çox müsbət təsir göstərir, onu yaxından tanıyırlar. Bu isə müstəqil Azərbaycanın dünyada həm də yüksək sivil ölkə kimi öz imicini möhkəmləndirməsinə imkan verir. Mədəni həyatımızın zənginləşməsində Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunmuş dövlət proqramları əhəmiyyətli rol oynadı. Bu proqramların qəbul olunması onu göstərirdi ki, dövlətimiz milli mədəniyyətimizin qorunmasını, təbliğini və gələcək nəsillərə çatdırılmasını inkişafımızın prioritetlərindən hesab edir. Həmin proqramların bir xüsusiyyəti də bundadır ki, onlar bütövlükdə mədəniyyəti deyil, onun ayrı-ayrı sahələrini əhatə edir. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” 10 illik bir dövr ərzidə milli kinomuzun inkişafına xidmət edir. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamı ilə təsdiq olunmuş bu proqram kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi.

Dövlət Proqramının icrası ilə əlaqədar işlər altı ildir uğurla davam edir. Nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Əlavə təsir”, “Vəkil haradadır?”, “Nabat” filmləri, müstəqil kino şirkətlərində “Sahə”, “Ölüm növbəsi”, “Aktrisa”, “Kabusun gözüylə” filmləri çəkilib. Tamaşaçıların rəğbətini qazanmış “Qisas almadan ölmə”, “Ondan yaxşı qardaş yox idi”, “Mən evimə qayıdıram”, “Dolu”, “Canlı” bədii filmləri də son dövrün məhsullarıdır. “Salnamə”, “Yaddaş” studiyalarında bir sıra sənədli filmlər - “İz...qala”, “Qafqaz qartalının uçuşu”, “Neft Akademiyası”, “Qarabağa gedən yollar”, görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya və Cənnət Səlimovaya həsr olunmuş ekran əsərləri çəkilib. Özbəkistanda “Azərbaycan kinosu həftəsi”, Bakıda isə “Özbəkistan kinosu həftəsi”, həmçinin Rusiya kinosu günləri, Avropa filmləri festivalı, Yaponiya, Türkiyə kinosu həftələri gerçəkləşib. “Bu meydan, bu ekran” və “Vətən and yerimizdirkino layihələri müsabiqələri keçirilib və onların nəticələrinə əsasən qısametrajlı bədii filmlər çəkilir. Kino sahəsində gənclərlə işə xüsusi diqqət ayrılır. İl ərzində kino istehsalına ayrılan ümumi vəsaitin yarıdan çoxu gənclərin filmlərinə yönəldilib.

Prezident İlham Əliyevin kitabkitabxana işinə dair 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar böyük strateji əhəmiyyət kəsb edir. Dövlət rəhbəri, həmçinin, “2007-2008-ci illərdə Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamlar da imzalamışdır.

Dövlət Proqramının qəbul edilməsi ilə Azərbaycan kitabxana işinin tarixində ilk dəfə idi ki, bu sistemi, onun əhəmiyyətini, cəmiyyətdə tutduğu mövqeyi, müasir informasiya cəmiyyəti şəraitində onların vəzifələrini, gələcək inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Bu proqramın qəbul edilməsindən sonra kitabxana sistemində informasiya texnologiyalarının rolu artdı, elektron kataloqlar yaradıldı.

Ölkəmizdə 2008-2012-ci illəri əhatə edən “Muzey işinin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Bundan başqa, ölkə başçısının muzeylərin yenidən qurulması ilə bağlı müxtəlif fərman və sərəncamları var. Həmin dövlət proqramına uyğun olaraq Tarix Muzeyində, Nizami adına Ədəbiyyat Muzeyində təmir-bərpa işləri aparılıb. Bu muzeylər Avropa standartlarına tam cavab verir. Xalça Muzeyinin tikintisi başa çatıb və bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirildi. Təkcə paytaxtdakı deyil, bölgələrdəki muzeylərin də təmiri, bərpası üzrə ölkə başçısının bir neçə fərmanı varson vaxtlar muzey sektorunda diqqət çəkən işlər görülmüşdür.

2009-cu ildə Prezidentin sərəncamı ilə təsdiq olunan “ Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatr sənətinin inkişafında əhəmiyyətli rol oynayır.

Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, dövlət proqramı teatrlarımızın inkişafına, repertuar siyasətinin günün tələblərinə uyğun yeniləşməsinə, zəngin klassik irsin qorunub təbliğ olunmasına, teatrın yeni yaradıcı qüvvələrlə zənginləşməsinə güclü stimul yaratmışdır.Teatrlarımızın binaları əsaslı təmir olunmuş, onların tərtibatı müasir standartlara uyğunlaşdırılmışdır. Regionlarda da teatr sahəsinə diqqər artırılmış, yaradıcı potensial xeyli gücləndirilmişdir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı isə Prezidentin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmişdir.

Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilmiş, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunmuşdur. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğu, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və “Xınalıq” dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılmışdır.

Ötən müddət ərzində “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun və “Qobustanmilli tarix-bədii qoruğunun ərazisində yerləşən abidələrin mühafizəsi təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. “Qala” dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan “QalaArxeoloji-Etnoqrafik Muzey Kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır.

Bu sahədə qəbul olunan dövlət proqramının əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsini və inkişafını təmin etməkdir. Proqramda daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunması, daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yönəldilmişdir. Burada həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda təbliği və təşviqi məsələləri də proqramda əsas vəzifələr kimi qarşıya qoyulur. Hazırda bu vəzifələrin yerinə yetirilməsi üçün davamlı aparılır. Qeyd etmək lazımdır ki, bir sıra sırf mədəniyyətlə bağlı olmayan dövlət proqramlarında da mədəni həyatımızla bağlı məsələlərə yer verilmişdir. Bu gün dövlət proqramları mədəni həyatımızın zənginləşməsində, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və təbliğində, doğrudan da, əhəmiyyətli rol oynayır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 11 oktyabr.- S.11.