Azərbaycanın nadir geoloji obyektləri

turizmin inkişafına önəmli təsir göstərir

 

Təbiət özü özünü nizamlayır; bir tərəfdən dağıdır, digər tərəfdən yaradır. Belə ki, vulkanların, zəlzələlərin, fırtınaların, qasırğaların və s. təbiət hadisələrinin fəaliyyətindən yer qabığının forması dəyişir, qədim dağlar yeniləri ilə əvəz olunur, mövcud geomorfoloji elementlər, hidroloji obyektlər dağılır və onların əvəzinə yeniləri yaranır.

 

Bu, təbiətin özünün həyat tərzi olduğundan, bizim buna müdaxilə etməyə ixtiyarımız, haqqımız yoxdur. Digər tərəfdən, başqa bir amil, təbiətdə (yer qabığında) yaşayan canlılar arasında mövcud olan yaşamaq, sağlam həyat tərzi keçirməklə ömrü sağlam mühitdə başa vurmaq uğrunda mübarizə amili də vardır ki, bu da insanları təbiətdən, ətraf mühitdən onu qorumaqla maksimum faydalanmaq, bəhrələnmək uğrunda mübarizə aparmağa təhrik edir. İnsan təbiətdə ən ali, şüurlu bir canlı olduğundan, ətraf mühiti, xüsusən də maddi, mənəvi və tarixi əhəmiyyətə malik təbii irs obyektlərini  mühafizə etməli, bunlar arasında  tarazlığı pozmadan ondan müalicəvi, estetik, maddi və s. fayda almaqla təbiəti qorumalıdır.

Bu baxımdan bizim üçün ən vacib və önəmli olanı Qafqaz sıra dağları, xüsusən də onun cənub-şərq hissəsində yerləşən ərazilərdir.

Azərbaycanın ərazisi cavan Alp qırışıqlıq zonasına təsadüf etdiyindən, özünün mürəkkəb geoloji quruluşu, bu quruluşda çoxsaylı təbii irs obyektlərinin, müxtəlif  iqlim şəraitinin, torpaq, bitki örtüyünün, dənizinin, çaylarının, bulaqlarının olması ilə dünyanın bir çox regionlarından fərqlənir.

Ölkəmizdə olan nadir geoloji  obyektləri (NGO) digərlərindən fərqləndirən cəhət onların daha çox estetik gözəlliyə, müalicəvi, maddi-mənəvi və tarixi əhəmiyyətə, bir sözlə insanların sağlamgümrah yaşaması, onlardan faydalanması üçün lazım olan yararlı xüsusiyyətlərə malik olmasıdır. Bunları nəzərə almaqla, təbiətdə olan ekoloji tarazlığı pozmamaqbunlardan səmərəli faydalanmaq şərti ilə nadir geoloji obyektlərin qorunması, yenilərinin aşkarlanması, turizm istqamətində istifadəsi və mühafizəsi sahəsində ardıcıl olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacibdir. Bu tədbirlərin əsas məqsədi NGO-nun qorunması və səmərəli istifadəsini və onların gələcək nəsillərə çatdırılmasını təmin etməkdir.

Respublikamızın ərazisindəki mövcud nadir geoloji obyektlərin qorunması, yeni obyektlərin aşkarlanması, turizm istiqamətində istifadəsi və mühafizəsi məqsədi ilə geoloji müayinə işlərinin yerinə yetirilməsi, yeni aşkarlanmış NGO-nun mühafizəsi (geokonservasiya) ilə bağlı xarici təcrübələrin təhlili və onların  Azərbaycanda istifadə imkanları, geokonservasiyanın metodiki əsaslarının, NGO-ın təsnifata, kateqoriyalara  bölünməsi, mühafizəsinin hüquqi rejiminin, dağıdıcı amillərin təsirinin müəyyən olunması və dağılma riski qiymətləndirilməlidir. Bütün bunlar  kütləvi informasiya vasitələrində, elmi və elmi-kütləvi jurnallarda işıqlandırılmalıdır. Rekreasiya məqsədi ilə NGO-lara qoyulan  tələblər müəyyənləşdirilməli və  respublikamızın ərazisində yerləşən NGO-lardan istifadə istiqamətləri təyin edilməlidir.

NGO-ların növləri üzrə təsnifata bölünməsi onların mühafizəsi, istifadəsi proqramının hazırlanmsı üçün başlıca şərtlərdən biridir. Belə ki, hər obyektin özünə məxsus geoloji, geomorfolojis. xüsusiyyətləri vardır  və bunların da mühafizəsi və istifadəsi bu müxtəlifliyin nəzərə alınması ilə aparılmalıdır.     

Xüsusi rejimlə mühafizə olunan obyektlərdə sərbəst gəzinti, onların yerinin göstərilməsi ilə onlar haqqında  KİV-də məlumatların verilməsi, onlardan xüsusi icazə olmadan nümunələrin götürülməsi, müxtəlif  təyinatlı tədqiqat, tikintis. işlərin aparılmasına icazə verilmironlar xüsusi mühafizəçilər tərəfindən qorunur.

Məhdud rejimlə mühafizə olunan  NGO-da turizm turlarının, ekskursiyaların  təşkili məhdud xarakterlidir. Belə obyektlər yerli icra nümayəndələrinin təyinatı ilə meşəbəyi və s. tərəfindən qorunur və belə obyektlərə turların, ekskursiyaların təşkili xüsusi təşkilatlar tərəfindən həyata keçirilə bilər.

Açıq rejimlə mühafizə olunan NGO-lara fərdi və kütləvi turizm turları, ekskursiyaları nəzərdə tutulurbu zaman heç bir məhdudiyyət qoyulmur. Bu cür mühafizə rejimi yerli əhalinin vətənpərvərliyinə əsaslanmaqla yerli icra nümayəndələri tərəfindən yerinə yetirilməlidir.

Azərbaycan Respublikası ərazisində müxtəlif növ NGO-ların olması onlardan turizm məqsədləri üçün istifadə məsələlərini həyata keçirməyə imkan yaradır. Bu obyektlərin maddi tərkibi, estetik gözəlliyi, müalicəvi, dini əhəmiyyəti və s. onları geo, dini, balneoloji  ekoturizm sahəsinə cəlb etmək üçün zəmindir. NGO-ların turizm sahəsinə cəlb edilməsi  bir tərəfdən insanların nadir geoloji obyektlərlə tanışlığı, onların dünyagörüşünün, ekoloji biliyinin artırılması, istirahəti, digər tərəfdən təhlükəli ola bilən  sürüşmələrin, çatların, vulkanların və s.  baş verməsi zamanı  insanları təhlükədən yayınmaq və nəhayət dövlət büdcəsinə gəlir gətirmək deməkdir.

Rekreasiyanın mənası bərpa, istirahət deməkdir. Daha doğrusu, rekreasiya  təbiətdən istifadə etməklə  insan orqanizminin bərpası, sivil istirahəti deməkdir.  Ona görə də rekreasiya məqsədi üçün elə  NGO-lar seçilməlidir ki, onlar xüsusiyyət və xassələrinə, nadirliyinə, forma və ölçülərinə, imkan və görünüşünə, ekzotikliyinə  görə digər ərazilərdən fərqlənsinlər. Belə obyektlərə əlverişli iqlimi olan dənizlər, göllər, çaylar və onların sahilləri, dağlar, meşə massivləri, mineral bulaqlar, palçıq vulkanları, müxtəlif növ müalicəvi palçıqlar, yanar qaz, istisu təzahürləri və digər geolojigeomorfoloji obyektlər aiddir.

Nadir geoloji obyektlərdən rekreasiya məqsədi ilə istifadə etmək üçün onların yerləşdiyi ərazinin landşaftı və  relyef  forması müxtəlif və  cazibədar olmalıdır. Relyefin qiymətləndirilməsi zamanı ümumi görünüş, mənzərə, yamacların meylliliyi nəzərə alınmalıdır. Bitkiheyvanat aləminin nadir və məhv olmaq üzrə olaneyni zamanda qırmızı kitaba düşən  növlərinə fikir verilməlidir.

Bir sözlə, rekreasiya məqsədi ilə nadir geoloji obyektlərin aşağıdakı göstəricilərini nəzərə almaq lazımdır: xarici peyzaj müxtəlifliyi; daxili peyzaj müxtəlifliyi; fəsillərdən asılı kontrastlıq; nadirlik, təkrar olunmazlıq və ekzotiklik.

Müxtəlif istirahət növləri olduğu kimi onlara tələb olunan istirahət vasitələri  də müxtəlifdir. İstirahət növlərinə uyğun gələn texnologiyalarla, vasitələrlə təmin edilmiş müəssisələr, rekreasiya müəsissələri  ya obyektləri adlanır. Bu obyektlərə: dövlət təbiət qoruqları; milli parklar; təbiət abidələri; dendroloji parklar, botanika bağları; müalicəvi-sağlamlıq yerləri və istirahət kompleksləri və  s. aiddir.

NGO-lar üçün ən vacib və cəzbedici amillərdən biriinsana xoş təsir bağışlayan və onu bir yerə yenidən dönməyə cəzb edən rekreasiya xidmətlərinin yüksək səviyyədə təşkil olunmasıdır. Rekreasiya  tələbatlarının yerinə yetirilməsi üçün ən effektli üsul  turizmdir. Turizm istirahəti, sağlamlaşmanı, mədəni dərk etməni və  insanlar arasında ünsiyyəti özündə cəmləşdirir. Rekreasiya turizmi insanların boş vaxtlarında istirahət məqsədi ilə öz mənəvi və fiziki qüvvələrinin  bərpası deməkdir.

Rekreasiya obyektlərinə qoyulan tələblərə cavab verən NGO-nun seçilməsi ilə  turizm marşrutlarını təşkil etmək mümkündür. NGO-ların yerləşməsindən asılı olaraq turizm marşrutları bir bazadan çıxmaq şərti ilə düz xətli, düz xətt üzrə girintili-çıxıntılı, çoxşaxəli, qapalı və ya dairəvi xarakterlis. ola bilər.

Respublikamızın bir sıra bölgələri   üzrə marşrutlara uyğun olaraq  şaxəli rekreasiya turizminə cavab verən obyektlərə Astara rayonunun  Zənguləş istisu təzahürünü, Lənkəranda Xanbulan su anbarını, Havtoni istisu kompleksini, Masallı istisu kompleksini, Masallı şəlaləsini,Yanardağ istisu kompleksini, Lerikdə “Relaks” istirahət kompleksini, Yardımlı rayonunda Yardımlı şəlaləsini, rekreasiya turizminin düz xətli növünə uyğun  gələn Quba rayonunun Təngialtı keçidi, Afurca şəlaləsi, Quba-Xınalıq yolu və Xınalıq kəndini aid etmək olar.  Rekreasiya obyektlərinə yararlı olan obyektlər üzrə düz xətli turizm marşrutlarından biri də Siyəzən  rayonunda Beşbarmaq dağı, Giləzi- Xızı yolu və Xızı rayonunda yerləşən  Altıağac istirahət kompleksidir.

Digər rekreasiya obyektlərinə Abşeron yarımadasında  yerləşən Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını, həmçinin Qobustan tarixi bədii muzeyini, Küryanı ərazidə yerləşən palçıq vulkanlarını göstərmək olar. Daha bir ərazi üzrə turizm marşrutu seçmək olar ki, bu da düzxətt boyunca girintili-çıxıntılı olmaqla Şamaxı rayonu istiqamətində olan palçıq vulkanları üzrədir.

Respublikamızın ərazisi geoloji təbiət abidələri ilə zəngin olsa da, bu günə qədər istənilən səviyyədə öyrənilməmişdir. İnanırıq  ki,  bu sahəyə diqqət artırılacaq, yaxın  gələcəkdə bu abidələrin tam öyrənilməsinə nail olunacaq.

 

Fəxrəddin ABDULLAYEV,

geoloq

 

Xalq qəzeti.- 2014.- 14 oktyabr.- S.6.