Azərbaycanın neft-qaz ehtiyatları

Avropanın enerji təhlükəsizliyinin

təminatına mühüm töhfə verir

 

Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna əhəmiyyəti olmuşdur. Belə ki, 1994-cü il sentyabr ayının 20-də dünyanın yeddi ölkəsini təmsil edən transmilli neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, iqtisadistrateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, ölkəmizin suverenliyinin başlıca  təminatına çevrilmişdir. “Əsrin müqaviləsi” çərçivəsində ilk neftin çıxarılması Azərbaycanda neft sənayesinin sürətli inkişafına təkan verməklə yanaşı, ölkəmizin siyasiiqtisadi nüfuzunun artmasına imkan yaratmışdır.

 

Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuş bu mühüm neft sazişinin imzalanmasından 20 il keçir. Ötən müddətdə “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilmiş, Xəzər dənizində unikal platformalar quraşdırılmış, sualtı neft boru kəmərləri çəkilmiş, Səngəçal terminalı inşa olunmuşdur. Təsadüfi deyil ki, hazırda Azərbaycanın neftqaz  ölkəsi kimi  dünya miqyasında tanınması məhz “Əsrin müqaviləsi” çərçivəsində görülən işlərin məntiqi nəticəsidir. Eyni zamanda, “Əsrin müqaviləsi” Azərbaycanda neft hasilatının rekord səviyyəyə çatdırılmasına imkan yaratmışdır. Belə ki, 1997-ci ilin noyabr ayında  “Çıraq” yatağının istismara verilməsi ilə ölkəmizdə neft hasilatı sürətlə artaraq 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatmışdır. Hazırda “Çıraq”, “Azəri” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 80 hasilat quyusundan ayda orta hesabla 2,7 milyon tona qədər neft və 1,5 milyard kubmetr səmt qazı hasil olunur. Bütövlükdə isə ötən illər ərzində “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanda 340 milyon tondan artıq neft çıxarılmışdır.

Azərbaycanda neft hasilatının ilbəil artması çoxşaxəli ixrac marşrutları sisteminin yaradılmasını labüd edirdi. Doğrudur, ilkin dövrlərdə xam neft Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri ilə müvafiq olaraq Şimal və Qərb istiqamətlərinə ixrac edilirdisə də, getdikcə artmaqda olan neft həcmləri daha geniş imkanlara malik boru kəmərinə zərurət yaradırdı. Belə bir şəraitdə Azərbaycan xalqının maraqlarını daim uca tutan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutu ideyasını irəli sürdübu yolda əsl xarakter nümayiş etdirərək sözügedən layihənin həyata vəsiqə qazanmasına nail oldu. Nəhayət, “Üç dənizin əfsanəsi” adlandırılan  Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri reallığa çevrildi.  Bununla da, zaman ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyini və uzaqgörənliyini sübut etdi,  Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxşaxəli ixrac strategiyasının həqiqiliyini bütün dünyaya nümayiş etdirdi. Hazırda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu kəmərin ötürücülük qabiliyyəti ildə 50 milyon ton təşkil edir. 2014-cü il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 milyon tona yaxın neft ixrac olunmuşdur ki, bunun da 254,9 milyon tonu məhz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşür. Bundan əlavə, ötən illər ərzində Bakı-Supsa kəməri ilə 69,1 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 39,1 milyon ton və dəmir yolu ilə 20,5 milyon ton neft ixrac edilmişdir.

Artıq uzun illərdir ki, ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyası Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına və xalqımızın rifah halının yaxşılaşmasına xidmət edir. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirirbu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neftqaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Xam neftin satışından əldə olunan gəlirlərin idarə olunması, onun ölkəmizin iqtisadi inkişafının və xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsini təmin etmək məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsisi edildi. Artıq 15-ci ildir ki, layihənin iştirakçıları, o cümlədən Azərbaycan mənfəət neftindən gəlir əldə edir. Yeri gəlmişkən, 1999-cu ilədək neftin satışından əldə edilən gəlirlər neft yataqlarının işlənilməsinə sərmayə qoyuluşu şəklində sərf edilirdisə, həmin ilin dekabrından etibarən isə Azərbaycanın mənfəət nefti xarici bazarlara çıxarılır. Ötən müddətdə  Azərbaycanın payına düşən 185 milyon tona yaxın mənfəət nefti dünya bazarlarına göndərilmişdir. Ölkəmizə çatan mənfəət neftinin həcmi isə ilbəil artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2014-cü ilin altı ayı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilmiş 16 milyon ton neftin 11,2 milyon tonu, yəni 70 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur. Mənfəət neftinin satışından əldə edilən gəlirlər Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanır. Fondun vəsaitlərinin əsas hissəsi gələcək nəsillər üçün saxlanılmaqla yanaşı, müəyyən hissəsi də ölkəmizdə bir sıra ümummilli layihələrin reallaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə və xalqın rifahının yaxşılaşdırılmasına sərf olunur. Neftin satışından əldə olunan gəlirlərin ilbəil artması ilə Azərbaycanın maliyyə imkanları genişlənir ki, bu da ölkəmizi regionun investor dövlətinə çevirir.

Məlum olduğu kimi, Azərbaycanın yeraltı sərvətləri təkcə neft ehtiyatları ilə məhdudlaşmır. Ölkəmizdə, həm də zəngin qaz yataqları mövcuddur. Ötən müddətdə həmin ehtiyatların işlənməyə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan özünü dünyaya zəngin qaz ölkəsi kimi də təqdim etmişdir. Ölkəmizin dünyanın potensial qaz ixracatçısı kimi  tanınmasında isə “Şahdəniz” yatağı mühüm rol oynamışdır. “Şahdəniz” qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş  1996-cı il iyun ayının 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında imzalanmışdır. “Şahdəniz”  yatağı dünyanın ən böyük qaz yataqlarından biridir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin qaz potensialının təqribən 50 faizi məhz bu yataqda cəmlənmişdir.

Üç il ərzində aparılmış kəşfiyyat işlərindan sonra 1999-cu ilin yayında “Şahdəniz” yatağının qaz ehtiyatları ilə zəngin olması tam təsdiqini tapmış və ulu öndər Heydər Əliyevin iştirakı ilə nəticələrin təqdimatına həsr olunmuş mərasim keçirilmişdir. 2003-cü ilin fevral ayında “Şahdəniz” yatağının birinci mərhələsinin işlənilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Ötən müddətdə layihə çərçivəsində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilmiş, Xəzər dənizinin Azərbaycan sektorunda ilk unikal qaz hasilatı platforması, sualtı boru kəməri, “mavi yanacağı” qəbul edib ixraca yönəltmək məqsədilə Səngəçal terminalında nəhəng qurğular inşa olunmuş, Bakı-Ərzurum boru kəməri çəkilib istismara verilmişdir.

2006-cı ilin sonlarında “Şahdəniz” platformasından hasilata başlanılması ilə Azərbaycanda yeni qaz erasının əsası qoyulmuşdur. Xatırladaq ki,  “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon  kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. “Şahdəniz” yatağı istismara verilən gündən indiyədək  54,4 milyard kubmetr qaz və 14 milyon ton kondensat hasil edilmişdir. 2007-ci ilin əvvəllərindən etibarən isə “Şahdəniz” qazı Cənubi Qafqaz boru kəməri ilə Qərb istiqamətinə—Gürcüstana və Türkiyəyə ixrac olunur. Bununla da, Azərbaycan dünyanın potensial qaz ixrac edən ölkələrindən birinə çevrilmişdir. Artıq yeddi ildən çoxdur ki, Azərbaycan öz qazını regional bazarlara çıxarır. Bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunu və əhəmiyyətini getdikcə artırır.

Son illər Avropa ölkələri “mavi yanacağaolan tələbatının ödənilməsində Azərbaycan qazına daha çox ümid bəsləyirdilər. “Şahdəniz” yatağının zəngin ehtiyatları isə ölkəmizə marağı getdikcə artırırdı. Ötən il dekabr ayının 17-də   “Şahdəniz” yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının imzalanması ilə Azərbaycanın regionun əsas qaz tədarükçüsü kimi əhəmiyyəti bir qədər də artdı. Təsadüfi deyil ki,  dünyanın bir çox ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən təntənəli imzalanma mərasimində Prezident İlham Əliyev “Şahdəniz-2" layihəsini ”XXI əsrin müqaviləsi" adlandıraraq demişdir: “...Bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən cəmi üç il sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə ”Əsrin müqaviləsi"ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə, düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".

“Şahdəniz-2" layihəsi Avropa iqtisadi məkanı, köhnə qitənin qaz bazarı üçün həyata keçirilən ən böyük infrastruktur layihəsidir. Bu layihə yeni ”Cənub" qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Çıxarılacaq əlavə qaz həcmlərinin ildə 10 milyard kubmetri Avropa ölkələrinə, 6 milyard kubmetri isə Türkiyəyə ixrac olunacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu tam sübut edir. Sevindirici haldır ki, Azərbaycan belə bir tarixi layihənin təşəbbüskarı olmaqla yanaşı, həm də onun həyata keçirilməsində lider rolunu oynayır.

Azərbaycan Respublikası malik olduğu zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında alternativ ixrac marşrutlarının yaradılmasını özünün enerji siyasətinin prioriteti hesab edir. Belə ki, hazırda ölkəmiz neft-qaz sərvətlərini yeddi marşrut vasitəsilə ixrac edir. Yaxın illərdə ölkəmizdə qaz hasilatı kəskin şəkildə artacaq və “mavi yanacağın” xeyli hissəsi Qərbi Avropaya ixrac olunacaq. Bu isə yeni bir qaz nəqli dəhlizinin yaradılmasını tələb edir. Ölkəmizin nümayiş etdirdiyi siyasi iradə, eləcə də beynəlxalq aləmdə qazandığı inametibar  bu məsələnin də öhdəsindən gəlməyə imkan verdi. Nəticədə bu il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” nin 20-ci ildönümünün qeyd olunduğu gündə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi.

Xatırladaq ki, uzunluğu 3500 kilometr təşkil edən “Cənub” qaz dəhlizinin tikintisi üç mərhələdə reallaşdırılacaq. İlkin olaraq  hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilən Cənubi Qafqaz boru kəməri genişləndiriləcək. XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin ikinci mühüm və birləşdirici seqmenti Trans-Anadolu (TANAP) boru kəməridir . Bu, həm də iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard  kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınmışdır. Belə ki, uzunmüddətli perspektivdə bu kəmər həm  Azərbaycan yataqlarından hasil ediləcək qazı, həm də Mərkəzi Asiya, habelə Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsində hasil ediləcək qaz həcmlərini tranzit yolu ilə “Cənub” dəhlizinə ötürməyə və Avropaya daşımağa imkan yaradacaq.

“Cənub” qaz dəhlizi Trans-Adriatik qaz boru kəməri (TAP) ilə tamamlanacaq. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına—Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək.  Göründüyü kimi, “Cənub” qaz dəhlizini formalaşdıracaq “Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Bu mühüm enerji dəhlizinin yaradılmasına 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni yeri açılacaqdır. Ən əsası isə ”Şahdəniz-2" layihəsinin reallaşması Avropanın enerji xəritəsinin zənginləşməsinə səbəb olacaqdır. Bir məsələni də qeyd edək ki, artıq Azərbaycan təkcə regionda reallaşdırılan enerji layihələrinin təşəbbüskarı olmaqla kifayətlənmir. İndi ölkəmiz həm də bu layihələrin əsas investorlarından biri kimi çıxış edir. Elə TANAP layihəsində səhmlərin böyük hissəsinin Azərbaycana məxsus olması da bunu təsdiq edir. Bununla yanaşı, ölkəmiz TAP və “Şahdəniz-2" layihələrinin maliyyələşdirilməsində də yaxından iştirak edəcək. Bu da Azərbaycanın getdikcə artmaqda olan iqtisadi gücünün məntiqi nəticəsidir.

 

Elman İSKƏNDƏROV,

texnika elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 15 oktyabr.- S.7.