Şərur rayonunun Axura kəndində

müasir infrastruktur yaradılmışdır

 

Muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, Şərur rayonunda da quruculuq işlərinin əsasını sosial infrastrukturun müasirləşdirilməsi təşkil edir. Rayon mərkəzində və kəndlərdə istifadəyə verilən təhsil və səhiyyə müəssisələri, xidmət sahələri əhalinin rahat yaşayışına hesablanmışdır. Bütün bunları rayonun dağ və sərhəd yaşayış məntəqəsi olan Axura kəndinin timsalında da görmək mümkündür. Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşmuşdur.

Axura kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Oktyabrın 17-də Axura kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məktəbin direktoru Asəf Məmmədov çıxış edərək demişdir ki, bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində də müasir məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının bəhrəsidir. Axura kənd tam orta məktəbinə də bu qayğıdan pay düşmüş, müasir məktəb binası tikilmişdir. Yaradılan şərait gələcəyimiz olan gənclərin yaxşı təhsil almasına, bilikli və vətənpərvər vətəndaş kimi yetişməsinə imkan verəcəkdir. Asəf Məmmədov bundan sonra da şagirdlərin təlim-tərbiyəsi istiqamətində səylə çalışacaqlarına, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarına söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Axura kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdirfikrini xatırladaraq demişdir: “Müstəqil Azərbaycanın gələcəyinin etibarlı və möhkəm olması üçün təhsil inkişaf etdirilməli, təkmilləşdirilməlidir. Bu tədbirləri həyata keçirmək üçün, ilk növbədə, müasir təhsil infrastrukturu yaradılmalıdır. Məktəblər müasir tədrisin tələblərinə uyğun avadanlıqlarla təmin olunmalı, müəllim-şagird münasibətləri tələbkarlıq və çalışqanlıq prinsipləri üzərində qurulmalıdır”.­

Ali Məclisin Sədri demişdir: Bu gün ölkə­mizdə təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar nümunə gücündədir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar dağ kəndlərində də müasir məktəb binalarının tikilməsi bunu bir daha təsdiq edir. Məktəb binalarının müasir səviyyədə qurulması müstəqil dövlətimizin qarşıya qoyduğu başlıca tələblərdəndir. Bu məqsədlə ölkəmizdə müvafiq dövlət proqramları həyata keçirilir. Görülən bu işlər bir tərəfdən gənclərin hərtərəfli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların xarici ölkələrdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır. Ona görə də məktəblərdə şagirdlərə informasiya texnologiyalarının əsasları dərindən öyrədilməli, xarici dillərin tədrisi diqqət mərkəzində saxlanılmalıdır”.

Qeyd olunmuşdur ki, Axura kənd tam orta məktəbində lazımi şərait yaradılmışdır. Məktəbdə zəngin fonda malik olan kitabxana, internetə çıxışı olan kompüterlər, laboratoriyalar, gənclərin sağlam böyüməsi üçün idman zalı və digər tədris avadanlıqları vardır. Bu da şagirdlərin təhsilli və sağlam böyüməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri demişdir: “Hər bir millətin tərəqqisi təhsildən, təhsilin tərəqqisi isə pedaqoji kollektivlərin fəaliyyətindən asılıdır. Təhsil sahəsində qazanılan nailiyyətlər, ilk növbədə, müəllimlərin işə məsuliyyətlə yanaşması nəticəsində mümkün olur. Axura kənd tam orta məktəbində də müəllim tələbkarlığının və şagird çalışqanlığının tələb olunan səviyyədə olması uğurlu nailiyyətlərin qazanılmasına səbəb olmuşdur”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, onlara gələcək təhsildə uğurlar arzulamışdır.

Üç mərtəbədən ibarət məktəb binası 234 şagird yerlikdir. Sinif otaqları və ayrı-ayrı fənn kabinələri lazımi tədris avadanlıqları ilə təchiz olunmuşdur. Məktəbdə kompüter otağı, 3 elektron lövhəli sinif, kimya-biologiyafizika laboratoriyaları, hərbi kabinə, şahmat və müəllimlər otaqları, kitabxanaidman zalı vardır.

Məktəbdə kitabxananın fəaliyyət göstərməsi ayrı-ayrı fənlər üzrə biliklərin möhkəmləndirilməsi ilə yanaşı, şagirdlərin dünyagörüşünün artmasına, mütaliə vərdişlərinin formalaşdırılmasına da kömək edəcəkdir. Hazırda kitabxananın fondunda 1700-dən çox dərslik və 2000-dən çox bədii ədəbiyyat vardır.

Ali Məclisin Sədri ayrı-ayrı sinif otaqlarında olmuş, məktəbdə tədrisin təşkili ilə maraqlanmışdır.

Axura kənd tam orta məktəbində 20 kompüter dəsti quraşdırılmış, onların hər biri internetə qoşulmuşdur. Elektron lövhəli siniflər isə məktəbdə distant təhsilin tətbiqinə şərait yaradır. Baxış zamanı 95 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında videobağlantı vasitəsi ilə “Naxçıvan qrupuna daxil olan xalçalarmövzusunda dərs tədris olunmuşdur.

Məktəbin kimya-biologiyafizika laboratoriyalarının hər biri müasir tədris vasitələri ilə təmin edilmiş, dərslərə uyğun təcrübi məşğələlərin keçilməsi üçün hər cür şərait yaradılmışdır.

Ali Məclisin Sədrinə məktəbin nailiyyətləri haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, təhsilə göstərilən diqqət və qayğı bu məktəbin də uğurlarının ilbəil artmasına səbəb olmuşdur. Ötən tədris ilində məktəbi bitirən 10 məzundan 6-sı tələbə adını qazanmış, onlardan 2-si 500-700 intervalında bal toplamışdır. Həmçinin şagirdlərdən 1-i 9-cu sinif bazasından orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.

Təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də bədən tərbiyəsi və idman dərslərini düzgün təşkil etməklə şagirdlərin fiziki sağlamlığını qorumaqdır. Bu məqsədlə Axura kənd tam orta məktəbində geniş idman zalı yaradılmış, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektiv qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədrisin müasir metodlarla qurulması təmin edilməli, tələbkarlıq artırılmalı, müəllimlər öz hazırlıq səviyyələrini daim yüksəltməlidirlər. Xalqın gələcəyi təhsilli və vətənpərvər gənclərdən asılıdır. Bu gəncliyin hazırlanması isə müəllimlərin üzərinə düşən vəzifələrdir. Ona görə də kollektiv məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsini bundan sonra da diqqət mərkəzində saxlamalı, nailiyyətlər artırılmalı, gələcəyimizin təminatçısı olan gənclər yetişdirilməlidir.

Müəllim Zəhra Novruzova dağ və sərhəd kəndi olan Axurada təhsilin inkişafına göstərilən qayğını, müasir məktəb binasının istifadəyə verilməsini dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış tədbirlərin tərkib hissəsi kimi dəyərləndirmiş, yaradılan şəraitə əməli işləri ilə cavab verəcəklərini bildirmişdir.

Məktəbin həyətində də abadlıq işləri görülmüş, ağacgül kolları əkilmişdir.

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır

Axura kəndində müasir xidmət mərkəzinin yaradılması sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına imkan verəcəkdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını etmiş, yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Axura kənd xidmət mərkəzinin fəaliyyətə başlaması ilə 5 nəfər işlə təmin olunmuşdur. Burada ərzaq və sənaye malları mağazaları, eləcə də ət satışı yeri fəaliyyət göstərir. Həmçinin mərkəzdə bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilmişdir.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.

Ali Məclisin Sədri Axura kəndinin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: “Axura kəndi sərhəd yaşayış məntəqəsidir. Bu kəndin zəhmətkeş insanları vardır. Kənddə fərdi təsərrüfatlar inkişaf etdirilir. Aparılan quruculuq işləri sakinlərin kənddə rahat yaşamasına, onların problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verəcəkdir. Kənddə dövlət qurumlarının, xidmət təşkilatlarının fəaliyyəti yaxşılaşdırılmış, mənzillər telefonlaşdırılmış, elektrik enerjisi, təbii qazla tam təmin olunmuşdur. Bütün bunlara dövlətimizin iqtisadi inkişafı və sabitlik nəticəsində nail olunmuşdur. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, kəndin inkişafına çalışmalı, tikilənlər, qurulanlar qorunmalıdır”.

Kənd ziyalısı Məmmədəli Orucov sakinlər adından minnətdarlıq edərək demişdir ki, dağ kəndində aparılan bu cür quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Son illər Axura kəndində əhalinin rahatfiravan yaşayışı təmin olunmuşdur. Kəndə içməli su çəkilmiş, müasir yol salınmış, əhalinin məişət şəraiti yaxşılaşdırılmışdır. Görülən işlər Axuranı müasir yaşayış məntəqəsinə çevirmişdir. Artıq bu dağ kəndində yaşamaq da, işləmək də hər bir sakində qürur doğurur, onların torpağa bağlılığını artırır. Sakinlər bundan sonra da ümummilli liderimizin siyasətinə sadiq qalacaq, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklər.

 

*   *   *

 

Quruculuq tədbirləri çərçivəsində Axura kənd avtomobil yolunun 2,7 kilometrinə yeni asfalt örtük salınmış, əsaslı təmir işləri aparılmışdır. Yol boyu 266 metr uzunluğunda beton kanal çəkilmiş, 2 körpü əsaslı, 1 körpü isə cari təmir olunmuş, 16 su keçidi tikilmişdir. Kəndin enerji təchizatı da təkmilləşdirilmiş, qazelektrik xətləri yenilənmiş, müasir rabitə sistemi qurulmuş, fiber-optik xətt çəkilmişdir.

Sosial qayğıya ehtiyacı olan Axura kənd sakini üçün fərdi ev tikilmişdir

Muxtar respublikamızda qayğıya ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətlərin səviyyəsi ilbəil yüksəldilir, onların sosial-məişət şəraiti yaxşılaşdırılır. Kəndlərdə aparılan quruculuq işləri zamanı da bu məsələ diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Şərur rayonunun Axura kənd sakini, ahıl vətəndaş Quba Abbasova üçün fərdi yaşayış evi tikilmişdir.

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evində yaradılan şəraitlə tanış olmuş, sakin Quba Abbasovanın səhhəti və yaşayışı ilə maraqlanmış, ona cansağlığı və firavan həyat arzulamışdır.

Quba Abbasova göstərilən qayğıya görə minnətdarlıq etmişdir.

İki otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılmış, məişət avadanlıqları qoyulmuşdur. Fərdi evin həyəti də abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

Xalq qəzeti.- 2014.- 18 oktyabr.- S.5.