Masallı: ilin əsas hədəfi dinamik

inkişaf və yüksək rifahın təmin olunmasıdır

 

Cənub bölgəsinin gözəl diyarı Masallının siması ildən-ilə dəyişir, daha da gözəlləşir. Əhalinin həyat şəraiti yaxşılaşır, yeni yerləri yaradılır. Rayon ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevrilir. Cari ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında bu barədə ətraflı danışılıb.

 

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun məruzəsi maraqla dinlənildi. O bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini konkret faktlarla əsaslandırıb. Ölkədə aparılan islahatlar, irəli sürülən təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin edib.

Masallı rayonu üzrə göstəriciləri şərh edən məruzəçi dedi ki, doqquz aylıq nəticələri uğurlu saymaq olar. Abadlıq-quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin H.Aslanov, Azərbaycan küçələrində və M.Talışxanov prospektində geniş abadlıq   işləri aparılır. Bu işlər çərçivəsində küçələrdə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması əsasən tamamlanıb. H.Aslanov küçəsindəki kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri başa çatdırılıb. Bundan əlavə, bəzi küçələrdə asfalt örtüyü təzələnib.

Tarix-diyarşünaslıq muzeyinin, uşaq incəsənət məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Habelə Masallı şəhər 1 saylı, Kolatan və Bədəlan kənd tam orta məktəblərinin əsaslı təmiri, Mahmudavar kənd əsas məktəbinin tikintisi başa çatdırılıb. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanıb ki, onlardan biri sosial təşəbbüslə həyata keçirilir. Bədəlan kənd uşaq bağçası və Kolatan kəndində 100 yerlik uşaq bağçasının əsaslı təmiri sona yetib. Viləş çayının sahilində bəndbərkitmə işlərinin aparılması məqsədilə layihə-smeta sənədləri hazırlanıb və artıq işə başlanıb. Növbəti mərhələdə Viləş çayının hər iki sahilini əhatə edən park-bulvar kompleksinin tikintisi nəzərdə tutulur. Bundan əlavə, 4 yeni məktəbin  — Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvandlı kənd ümumi orta məktəblərinin tikintisi üçün razılıq alınıb və yaxın günlərdə işlərə start veriləcək.

Masallıda istifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni yerlərinin açılmasını təmin edib. Doqquz ayda rayon məşğulluq mərkəzinə 175 nəfər müraciət edib ki, onlardan 112-si işlə təmin olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilib və əsas makroiqtisadi göstəricilər müsbət dinamikadan soraq verir.    

Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 322031,5 min manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 25011 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 77645,8 min manata çatıb. Adambaşına düşən pul gəlirləri 1474 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 263 manat olub.

Masallı  respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Dövlət himayəsinə xüsusi  ehtiyacı olan sahə kimi aqrar sahənin inkişafı dövlət  rəhbərliyinin diqqət mərkəzindədir. Doqquz ayda rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 14,4 min manatlıq məhsul istehsal edilib. Rayonda xeyli buğda, arpa və dənlik vələmir əkini aparılıb. Bundan əlavə, kartof, bostan bitkisi və tərəvəz əkini sahələri genişlənib. Əlaqədar təşkilatlarla aparılan danışıqlar nəticəsində “Yaşıl marketin salınması ilə bağlı ilkin razılıq əldə olunub ki, bu da rayonda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.

Rayonun işıq və qaz təchizatı yaxşılaşır. Artıq 2 ildən çoxdur ki, Prezidentin xeyir-duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri gedir. Əvvəllər bu sahədə müəyyən lənglik vardı. Artıq işlərin gedişində dönüş yaranıb.

Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaratdığı üçün Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırığa əsasən Muğan zonası və Qızılağac istiqamətində olan kəndlərin su təchizatının yaxşılaşdırılması üzrə layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin kəndlərə xətlər çəkilməyə başlanıb. Artıq 19 kilometrə yaxın magistral  xətt hazırdır. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.

Son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Rayonda 42 yeni məktəb  tikilibya əsaslı təmir olunub. Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu il Masallıda Dövlət Regional Kollecinin açılması reallaşıb. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək kollec yeni dərs ilində fəaliyyətə başlayıb. Burada əsasən turizm və kənd təsərrüfatı mütəxəssisləri hazırlanacaq.     

Mədəniyyət və səhiyyə sahələri üzrə də müəyyən tədbirlər həyata keçirilib. Rayonda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin olunub. Bu istirahət mərkəzlərində 1176 turist yeri var. Cari ilin 9 ayı ərzində rayonda 16364 nəfər turist istirahət edib ki, onlardan 916 nəfəri əcnəbilər olub.

 Hesabat yığıncağında çıxış edənlər - maliyyə idarəsinin müdiri Azər Abdullayev, Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Sabiq Cahangirov və başqaları  çalışdıqları sahələrdə doqquz ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.

Sonda cari ilin uğurla başa çatdırılması zərurəti bir daha önə çəkildi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.11.