Əlincəqalatarixi abidəsində

bərpa işləri aparılır

 

Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi ən mühüm nailiyyətlərdən biri də milli-mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərdir. Naxçıvan Muxtar Respublikasında xalqımızın tarixi memarlıq ənənələrini və zəngin mədəni irsini özündə yaşadan tarixi abidələrin bərpası bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlib, tarixi abidədə həyata keçirilən bərpa işləri ilə maraqlanıb.

Məlumat verilib ki, bərpa işləri Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə hazırladıqları elmi-bərpa layihəsi əsasında aparılır. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmiş Əlincəqalanın milli-mədəni sərvətimiz kimi qorunub saxlanılmasına imkan verəcəkdir.

İnşaat texnikasının yüksək səviyyəsinə, planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qala möhtəşəm müdafiə istehkamıdır. Əyilməzlik və mübarizlik rəmzi olan Əlincəqalanın hər daşında qədim və orta əsrlər dövrü tariximizin izləri yaşayır. Azərbaycan Atabəylər dövlətinin dövründə burada yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədi ilə səngər və bürclər tikilib. Qalanın müxtəlif yerlərində qaya üzərində su hovuzları qazılıb, arxlar çəkilib.

Qala divarları və yaşayış binaları birbaşa qayanın üzərində inşa olunduğundan seysmik baxımdan olduqca davamlı və təhlükəsizdir. Hazırda “Əlincəqala”nın divarları və qalada olan tikililər qədim milli tikinti mədəniyyəti saxlanılmaqla bərpa olunur. Qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki görkəminə qaytarılıb, qala istehkamlarına qədər yol çəkilib. Vaxtilə qalanın üzərində yerləşən yaşayış binaları da təmizlənərək ilkin forması müəyyənləşdirilib və bərpa işlərinə başlanılıb.

Bildirilib ki, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli nümunələr üzə çıxarılıb. Bunlar Ali Məclisin Sədrinin Sərəncamına əsasən yaradılması nəzərdə tutulan “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində nümayiş etdiriləcəkdir. Muzey binası yardımçı otaqlardanekspozisiya zalından ibarət olacaqdır.

Muzey binasının yerləşəcəyi əraziyə baxan Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, muzeyin eksponatlarla yanaşı, burada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər və fotoşəkillərlə zənginləşdirilməsi, bərpa zamanı qalanın tarixi görkəminin qorunması, eləcə də tarixçi alim və tədqiqatçıların fikirlərinin nəzərə alınması barədə müvafiq tapşırıqlar verib.

 

Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.7.