Axan sular... Həyəcan təbili

 

Biz suyun qədrini yalnız quyu quruyandan sonra bilirik.

Benjamin  FRANKLİN,

yazıçı, dövlət xadimi və diplomat

 

Keçən əsrin yetmişinci illərindən başlayaraq qəzetimizin səhifələrində vaxtaşırı sanballı, problematik məqalələrlə çıxış edən Əziz Əbdüləziz imzası oxuculara yaxşı tanışdır. O, ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş məqalələr müsabiqəsində I dərəcəli mükafata layiq görülmüşdür.

Peşəkar diplomat, fəlsəfə elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əziz Əbdüləziz bu gün bütün bəşəriyyəti düşündürən çox mühüm bir məsələyə - içməli su probleminə dair mətbuatda dərc olunmuş bir neçə ciddi təhlili məqalənin də müəllifidir. Bu mövzuya bəşəri mövqedən yanaşaraq, həyəcan təbili çalan vətəndaş ziyalının növbəti məqaləsini oxucuların diqqətinə təqdim edirik.

Bəşər sivilizasiyasının tərəqqisində su ehtiyatları həmişə ön sırada durmuş, sənayenin və kənd  təsərrüfatının inkişafında əsas rollardan birini oynamışdır.

 

Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrinin su ilə etibarlı  təchizatı cəmiyyətin dayanıqlı inkişafının şərtlərindəndir. Əsrlər boyu insan öz fəaliyyəti ilə su ehtiyatlarına təsir göstərmiş, bəzi əraziləri okean və dənizlərdən alıb şəhərlər salmış, bəzi əraziləri isə səhralara çevirmiş, bataqlıq sahələrini genişləndirmiş və torpaqların şoranlaşmasına təkan vermişdir. Dünyanın çox ərazilərində artıq içməli su qıtlığı hiss olunur.

İçməli su istənilən dövlət üçün ən qiymətli resurslardan biridir. Bu məsələnin həll olunması energetika, kənd təsərrüfatı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və ümumilikdə, ölkənin sanitar sisteminin inkişafı  üçün əhəmiyyətli dərəcədə vacibdir.

Alimlərin hesablamalarına görə, planetin su ehtiyatları bu gün 1,4 milyard kubkilometr təşkil edirsə, bunların cəmi 2,5 faizi, yəni 35 milyon kubkilometri şirin sulardır və onun da 99 faizi yerin altındadır. Xalq təsərrüfatında daha geniş istifadə olunan çay suları və şirin sulu göllər Yer üzərində olan şirin su ehtiyatlarının yalnız 0,27 faizini təşkil edir. Çay sularının payına isə bu miqdarın yalnız 0,006 faizi, yəni 46 800 kubkilometri düşür ki, bu da ərazilər üzrə qeyri-bərabər paylanmışdır.

Məlumdur ki, XXI əsrdə bəşəriyyət qarşısında duran əsas problemlərdən biri  insanların içməli suya olan tələbatını ödəməkdir. İnsanların fəaliyyəti nəticəsində son 150-200 il ərzində mövcud su mənbələri çirkləndirilmiş, suvarılan əkin ərazilərinin sahəsi kəskin azalmış, içməli su çatışmazlığı yaranmışdır. BMT ekspertlərinin məlumatına görə, planetdə 500 milyon insan keyfiyyətsiz  su istehlakı səbəbindən müxtəlif infeksion xəstəliklərdən əziyyət çəkir, gündə 5 min nəfər içməli su qıtlığından dünyasını dəyişir.  Bu sahənin aparıcı mütəxəssislərinin fikrincə, 2015-ci ildə suyun müntəzəm olaraq çatışmazlığını dünya əhalisinin yarısı, 2025-ci ildə isə üçdə-ikisi hiss edəcək. Vəziyyət qorxulu həddə çatmışdır, çünkü insanlar planetin verə biləcəyindən artıq içməli sudan istifadə edir, su istehlakının  artım templəri Yer kürəsi əhalisinin artım tempini iki dəfə üstələyir.

İçməli suyun miqdarının həmişə kifayət qədər olmadığı və qeyri-bərabər bölündüyü Azərbaycanda onun səmərəli şəkildə istifadə olunması məsələsi həmişə gündəlikdə durub. Şabran rayonu ərazisində inşa edilmiş Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir. Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək, su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”.

23 may 2007-ci il tarixində  təsdiq olunmuş “Azərbaycanın  Milli Təhlükəsizlik Konsepsiyasına  müvafiq olaraq, milli təhlükəsizliyə  çağırışlar sırasında, digərləri ilə yanaşı, ekologiya və ətraf mühitin  qorunması problemləri, həmçinin, ilk növbədə su təchizatı problemi ilə bağlı olan təhdidlər durur. Ölkə iqtisadiyyatina dörd istiqamət üzrə  təhdidlər oluna bilər:

– Su ehtiyatlarının azlığı;

  su ehtiyatlarının aşağı keyfiyyətli olması;

təbii fəlakətlər, terror və digər səbəblərdən əkin və yaşayış sahələrinin su altında qalması;

– Kür çayı vasitəsilə Xəzər dənizinin çirklənməsi.

Bir daha diqqətə çatdırmaq istərdim ki,  Azərbaycanın  çay  şəbəkəsi təqribən 8300 çaydan  ibarətdir. Bunlardan böyükləri - Zaqafqaziyanın ən iri çayı  Kür  onun əsas qolu olan Arazdır. Ölkənin əksər çayları  Kür  hövzəsinə aiddir. Daha  sərhəd boyu axan iki  böyük çay – Samur  və Qanıxdır (Alazan).

Azərbaycanın  su ehtiyatları məhduddur. Ölkə üzrə ümumi su ehtiyatları orta hesabla  28,5 - 30,5 kubkilometr təşkil edir, quraqlıq illərdə bu  göstərici 22,5 kubkilometrə qədər azalır. Azərbaycanın su təchizatı  50-80 faiz xarici mənbələrə bağlıdır.

Burada qeyd etmək yerinə düşər ki,  dünya ölkələrinin dörddəbiri (dünya əhalisinin təqribən 40 faizi) transsərhəd çay hövzələrində yerləşir. Avstraliyadan başqa bütün qitələrdə belə çay hövzələri vardır. Müxtəlif ölkələrdə transsərhəd çaylarla bağlı olan problemlər oxşardır. Bu, ilk növbədə sosial, hüquqi, siyasi problemlər və onlarla əlaqədar olan həm texniki, həm də hidroekoloji problemlərdir.

Qəbul olunmuş qaydalara görə, iri şəhərlərin  bir  neçə müstəqil  su  təchizatı mənbəyi olmalıdır. Ölkəmizim paytaxtı Bakı şəhərində bu  məqsədlər üçün  Kür    Samur çaylarının  (yerüstü), Şollar (yeraltı) və  Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə Oğuz rayonunun bulaq sularından istifadə olunur. Bu gün Baki, digər iri şəhərlər, və ümumilikdə, ölkə içməli suyun çatışmazlığı problemi ilə üz-üzədir. Bu vəziyyətdə Azərbaycan ərazisindən axan iki böyük çayın - Kür və Araz çaylarının və onların bəzi qollarının aşağı axınında yerləşməsi  respublikanın su problemlərini daha da dərinləşdirir və onun su ehtiyatlarını  qonşu ölkələrdə bu çay sularının istifadə səviyyəsindən  asılı edir.

Transsərhəd çayların və ölkələrarası  göllərin istifadəsi və mühafizəsi ümdə məsələlərdən olub, onun həlli hərtərəfli əməkdaşlıq əsasında qurulmalıdır. Çünki  qısa və ya uzunmüddətli istifadə prosesində bu su məntəqələrinə digər ölkələrdən mənfi təsir ola  bilər və üçüncü ölkənin ekoloji şəraitinə, iqtisadiyyatına, xoş güzaranına zərbə vurula bilər. Kür, Araz və onların bəzi tranzit qolları bu cür ölkələrarası çaylardır və onların istifadəsində bir çox problemlər ortaya çıxır. Problemlərdən biri ondadır ki, ərazisindən axdıqları ölkələr  Kür və Araz çayları suyunu istehlak edərkən, heç bir saziş imzalamadan kortəbii yolla, kim nə həcmdə və necə istəyir istifadə edir.

 Bəs bizimlə qonşu olan ölkələrdə və ümumiyyətlə, dünyada bu sahədə vəziyyət necədir?

BMT ekspertlərinin hesablamalarına görə, Rusiya, Kanada, və Skandinaviya ölkələri adambaşı şirin su istehlakına görə dünyada qabaqcıl yerləri tuturlar. Bu göstərici 20 min kubmetr artıqdır. 13 dövlət, o cümlədən sabiq SSRİ-dən Türkmənistan, Moldova, Özbəkistan  Azərbaycan içməli su sarıdan ən zəif təmin olunmuş ölkələrdir.  Beynəlxalq Dünya Ehtiyatları İnstitutunun qiymətləndirməsinə əsasən, dünya üzrə adambaşına ildə 7,4 min kubmetr içməli su düşürsə, Azərbaycanda bu göstərici 972 kubmetr, yəni kritik hesab edilən 1,7 min kubmetr həcmindən 2 dəfə azdır. Qonşularımızda isə: Rusiyada  - 29,4,  İranda  -19,9,  Gürcüstanda  - 11,3  və Ermənistanda  - 2,9 min kubmetrdir. BMT İnkişaf Proqramı  ekspertlərinin gəldiyi nəticəyə görə, Azərbaycanda su təchizatının vəziyyəti ölkənin milli təhlükəsizliyi üçün artıq qorxulu həddə çatmışdır.

İstehlak olunan suyun, ələlxüsus, içməli suyun keyfiyyət göstəriciləri heç də kəmiyyət göstəricilərindən  az önəm kəsb etmir. Nəzərə alsaq ki, ölkənin  su təchizatı  Gürcüstan    Ermənistanın ərazilərindən axan çaylar vasitəsilə təmin olunur və bu çayların  suyu qonşularımız tərəfindən cirklənməyə məruz qalır, gələcəkdə ölkənin milli təhlükəsizliyinin nə kimi təhdidlərlə üzləşə biləcəyini təsəvvür etmək  çətin deyil. Həm içməli su, həm suvarma suyu defisiti nəticədə bu problemlərin milli genofonda  mənfi təsirindən başlayaraq, ərzaq  qıtlığına qədər böyük ehtimalla mümkün fəsadlara yol açır.

Ekologiya  Təbii Sərvətlər Nazirliyinin mütəxəsissləri Kür və Araz çaylarının monitorinqi zamanı suyun  fenol    mis  birləşmələri ilə çirklənməsini aşkar etmişlər. Gürcüstanın Qardabani şəhəri yaxınlığında Kürə mütəmadi olaraq azot birləşmələri tullanılır. Ermənistanla sərhəddə,  Araz çayında fenol    mis  birləşmələrinin miqdarı normadan bir neçə dəfə artıqdır.

Son 40 il ərzində Salyan və Saatlı şəhərləri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq, hər litrdə 1020-1030 milliqram olmuşdur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür-Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor-drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır. Son zamanlar Kür-Araz hövzələri ilə əlaqəsi olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da (Böyük Qafqazın şimal-şərq hissəsi və Lənkəran bölgəsinin çayları) ciddi çirklənmə müşahidə olunur. Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay, Lənkəran bölgəsində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış məntəqələri və aqrar-sənaye təsərrüfatları tərəfindən aramsız çirklənməyə məruz qalır.

Yerli mütəxəssislərin hesablamalarına görə, Gürcüstan və Ermənistan ərazilərindən gələn çirklənmiş suların ümumi həcmi  ildə 470 milyon kubmetr təşkil edir. Ölkənin 75 şəhər  rayon mərkəzlərindən yalnız 40-da təmizləmə qurğuları fəaliyyət göstərir. Bir sıra rayonlarda sanitar-gigiyenik normalara cavab verən  keyfiyyətli içməli su mənbələri yoxdur.  Kür və Araz çayları boyunca məskunlaşmış əhali arasında çirkli sudan istifadəyə görə infeksiya xəstəlikləri epidemiyasına da təsadüf edilir.

Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda əvvələr  çox az rast gəlinən  xəstəlik  yayılmaqdadır. Söhbət diaqnostikası mürəkkəb, müalicəsi cox bahalı və orta gəlirli insanlar üçün belə əlçatmaz olan uşaq autizmindən gedir. Həkimlərin fikrincə, xəstəliyin əsas səbəbi hamiləlik dövründə ananın keyfiyyətsiz içməli sudan istifadə etməsi olur. Müxtəlif mənbələrdən daxil olmuş, lakin dəqiqləşdirilməmiş  məlumatlara görə, bu gün Azərbaycanda 40 minə qədər uşağın bu bəlaya düçar olduğu bildirilir. Fikirləşəndə ki, bu fidanlar böyüyüb yaxşı müəllim, həkim, mühəndis, idmançı ola bilərdi...

Əslində, bu, millətin genefonduna bədxahlarımızın, bizə düşmən kəsilənlərin düşünülmüş şəkildə vurduğu sağalmaz yaralardır. Bu barədə ciddi düşünmək lazımdır. Özü də yubanmadan.

Digər bir məsələ də diqqətdən yayınmamalıdır.  İnsanların sıx yaşadığı Kür-Araz hövzələri boyunca əhalıni həm mövsümi xarakter daşıyan çayların su səviyyəsinin artması, təbii fəlakət və yaxud terror nəticəsində geniş ərasilərin su altında qalması təhlükəsi gözləyir.

Azərbaycan dünyanın  sel və daşqınlara tez-tez məruz qalan regionlarından biridir. Respublikada selgələn çaylar çoxdur. Bunlardan 61-i Böyük Qafqazın cənub yamacından axan təhlükəli çaylardır. Ölkənin 30 rayonunda təqribən 200 yaşayış məntəqəsində  1,5 milyon nəfər əhali və infrastruktur obyektləri sel və daşqın riskləri zonasında yerləşir.

Cəbrayıl rayonu ərazisində İran hökumətinin vəsaiti hesabına inşa olunmuş və su tutumu 1,6 kubkilometr olan Xudafərin  su anbarında (suyun səviyyəsi Sabirabad  şəhərinin səviyyəsindən 283 m hündürdür) ehtimal olunan qəzanın qarşısını almaq üçün də fikirləşmək lazımdır.

Ekspertlərimizin fikrincə, burada istənilən terror aktı  nəticəsində suyun Bakı şəhərinə qədər gəlib çatması mümkündür  və bunun dəhşətli fəsadlarını təsəvvür eləmək  çətin deyil.

Ümumi  həcmi  15,7 kubkilometr olan Mingəçevir su dəryaçası, həcmi 0,27 kubkilometr olan Taxtakörpü su anbarı və digər iri su tutumları da bu gün ölkəmiqyaslı qəza mənbələri hesab olunmalıdır.  Azərbaycan ərazisinin 60-70 faizinin aktiv zonada yerləşdiyini nəzərə alsaq, adı çəkilən su tutumları daim diqqət mərkəzində saxlanılmalıdır.

Ölkənin elektrik enerjisinə olan tələbatının təqribən 60 faizini ödəyən,  1953-cü ildən  istismarda olan Mingəçevir  SES-də  hər hansı bir səbəbdən qəza baş verərsə, biz dəhşətli fəsadlarla üzləşə bilərik    Ələtdən Lənkərana qədər böyük bir ərazi su altında qala, 20 rayon, 400 kənd yer üzündən silinə,  yəni milyon yarım əhali evsiz-eşiksiz qala bilər.

İran  Ermənistan 2008-ci ildə Mehridə, Araz çayı üzərində 130 MVT layihə gücü olan Mehri SES-in inşasına başlamışlar. Bu obyekt  2017-ci ildə istifadəyə veriləndən sonra Azərbaycan rayonları üçün daha bir potensial təhlükə mənbəyinə çevriləcəkdir.

Dördüncü istiqamət üzrə təhdidlər – Kür çayı vasitəsilə Xəzər dənizinin çirklənməsi – siyasi xarakterli fəsadlara gətirib çıxara bilər. Bu, tək Azərbaycanın deyil, həm də bütün Xəzəryanı ölkələrin – Rusiyanın, İranın, Qazaxıstanın və Türkmənistanın da ekoloji durum və iqtisadiyyatlarına  mənfi  təsir göstərəcəkdir.

Burada təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan ətraf mühitin qorunması sahəsində 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən BMT-nin “Sərhədyanı su axınlarının  və beynəlxalq göllərin qorunması və onlardan istifadə haqqında” Helsinki Konvensiyasının iştirakçısı olsa da,  Rusiya    İrandan fərqli olaraq, bu konvensiyalara qoşulmayan Gürcüstan və xüsusilə Ermənistanla adı çəkilən problemin hüquqi müstəvidə həlli imkanları məhduddur. Bu səbəbdən, Kür və Araz çaylarından asılılığın  qismən azaldılması, ölkə ərazisində adı çəkilən çayların sularının təmizlənmə dərəcəsinin artırılması üçün təxirəsalınmaz  tədbirlər həyata keçirilməlidir.         “Ölkənin dayanıqlı sosial-ekoloji inkişafı Milli Proqramı”na uyğun olaraq, 2015-ci ilə qədər Azərbaycanın hər  bir vətəndaşına təmiz və keyfiyyətli içməli su əldə etmək imkanı yaradılmalıdır. Hazırda bir çox şəhər və rayonlarda su təchizatı sistemlərinin bərpası və inklişafı proqramları həyata keçirilir. Lakin bu gün ölkədaxili supaylama şəbəkələrində mövcud itkilər təchizat məsələlərində ən böyük problemlərdən biri  olaraq qalır. Yerli mütəxəssislərin müxtəlif  vaxtlarda apardığı hesablamalara görə, bu itkilər 25-30 faiz civarındadır. Yaranmış vəziyyətin əsas səbəbləri  bir tərəfdən, supaylama şəbəkəsi infrastrukturunun, xüsusən qəsəbədaxili məhəllə və küçələrdə,  çox köhnə olması, içməli suyun park və xiyabanların, eləcə də şəxsi bağ və bostanların suvarılmasına, çoxsaylı avtoyuma məntəqələrində və müxtəlif sənaye müəssisələrində texniki su əvəzinə istifadə olunması, digər tərəfdən, su həcmləri uçotunun qeyri-dəqiqliyi, milli, regional və yerli səviyyələrdə zəif təşkilatçılıq, istismar və idarəçilik kadrlarının azlığı, ümumilikdə, su təsərrüfatının texniki geriliyidir. Bu siyahıya, yəqin ki, qanunvericilik bazasının zəifliyini, suya qənaət konsepsiyası və prinsiplərinin olmamasını, zəif  təbliğat işini da ələvə etmək olar.

Bu gün Azərbaycanda kənd əhalisinin ən yaxşı halda, üçdəbirinin keyfiyyətli və əlçatan içməli su mənbələrinə çıxış imkanları vardır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında kənd yerlərində su təchizatının yaxşılaşdırılması nəzərdə tutulsa da, bu sahədə hələ görüləsi işlər çoxdur.

Yeri gəlmişkən, ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların içməli suyun keyfiyyəti və əlçatanlıq səviyyəsi fərqli yanaşmalarla ölçülür. Bu yanaşmalarda ümumi cəhət budur ki, insanların suya əlçatanlığı üçün optimal çıxış məsafəsi olmalıdır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, 1 kilometrdən artıq məsafədə yerləşən su mənbələri insanlar üçün əlçatan sayılmır. Həmçinin su mənbəyinə piyada bir dəfə gediş-gəliş 30 dəqiqədən çox vaxt apararsa, bu da əlçatan hesab olunmur. Yerli ekspertlərin fikrincə, insanlar içməli su ilə mərkəzləşmiş sistem vasitəsilə təmin olunmalıdır - yəni mərkəzləşmiş anbarlar tikilməlidir, su xüsusi paylayıcı sistem vasitəsilə ev təsərrüfatlarına paylanmalıdır.

Azərbaycan kəndlərinin içməli su təchizatındakı çatışmazlıqları ölkəmiqyaslı problem kimi qəbul edilməli, bu problem xüsusi dövlət proqramı vasitəsilə həll olunmalıdır.

Ölkənin regionlarında beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə kanalizasiya sistemlərinin yaxşılaşdırılması, sutəmizləyici qurğuların inşası davam edir. “Azərsu” QSC Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumlarının, eləcə də ölkə büdcəsinin vəsaitləri hesabına su anbarlarının, kəmərlərin, təmizləyici qurğuların tikintisi və yenidən qurulması işlərini həyata keçirir. Lakin görülən işlərin keyfiyyəti və sürətinə diqqət artırılmalıdır.

Sudan istifadənin əsas problemlərindən biri, bəlkə də, ən əsası, ondan ibarətdir ki, fərqli növ sulardan (içməli, suvarma, texniki) istifadə müxtəlif qurumlar tərəfindən idarə edilir, çayların çoxu isə bəzi sərhəd və etnik konfliktlər olan ərazilərdən keçir. SSRİ vaxtında bu idarələrin vahid hesabatları  var idi, informasiya mübadiləsi mövcud idi, problemlər koordinasiyalı şəkildə həll olunurdu, indi isə praktiki olaraq, ümumi informasiya yox dərəcəsindədir. Yerlərdə bazar idarəetmə üsullarının  tətbiqi, müxtəlif obyekt  və infrastrukturun  özəlləşdirilməsi, suya və su xidmətlərinə görə ödəmələr  bazar tələbatının formalaşmasına xidmət edir. Bunu müsbət hal kimi qiymətləndirmək olar, lakin keyfiyyət məsələlərinin həlli dövlətin öhdəsinə buraxılıb. Cənubi Qafqazda suyun keyfiyyəti  onun səmərəli  idarə olunması problemləri konflikt  şəraitində olan tərəflərin qarşılıqlı əlaqələrində əlavə problem amilinə çevrilib.

Bəs yaranmış vəziyyətdən  çıxış yolları hansılardır?

Mənim və bu sahədə həmfikir olduğum təcrübəli alim və mühəndislərin gəldiyi nəticə budur ki, qarşılaşdığımız vəziyyətdən çıxmaq üçün təcili tədbirlər həyata keçirilməlidir.

1. Hazırda ölkədə  su təchizatı ilə məşğul olan  bütün  strukturları özündə cəmləyən xüsusi  vahid bir qurum  yaradılmalıdır və bu quruma əsas vəzifələr kimi aşağıdakılar tapşırılmalıdır:

- Ölkədə bu sahədə fəaliyyət göstərən bütün təşkilatların  işini koordinasiya etməklə su ehtiyatlarının idarə edilməsi proseslərini beynəlxalq  tələblər səviyyəsinə qaldırmaq, o cümlədən Kür və Araz sularının  təmizlənmə dərəcəsinin artırılması, bu və ölkə ərazisində axan digər çaylara ekoloji standartların tələblərinə cavab verməyən sənaye və məişət  tullantılarını axıdılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək;

- perspektiv  inkişaf proqramlarını hazırlayıb ölkə rəhbərliyinə  təkliflər təqdim  etmək,  o cümlədən Kür və Araz çaylarının suyundan asılılığın qismən azaldılması məqsədilə növbəti 5-6 il ərzində  ölkə ərazisində yeni su ehtiyatlarını aşkar edib onlarıın istismara daxil edilməsi təkliflərini hazırlamaq;

- FHN ilə razılaşdırılmış  plan üzrə Kür və Araz çayları hövzələrində, Azərbaycanın  digər su tutumları ətrafında müxtəlif qəza vəziyyətlərini qabaqlayan tədbirləri həyata keçirmək;

- ölkənin su ehtiyatlarının idarə edilməsi strategiyasının hazırlanmasında və həyata keçirilməsində əsas icraçı vəzifələrini yerinə yetirmək.

2. Ölkənin su sənayesinin inkişafında yaxın perspektiv üçün  əsas hədəflər kimi su təchizatı infrastrukturunun yenilənməsi, itkilərin xeyli azaldılması, su təsərrüfatının istismarı    idarə edilməsi üzrə müasir tələblərə cavab verən  kadrların yetişdirilməsı, suya qənaət konsepsiyası  və prinsiplərinin hazırlanması müəyyən olunmalıdır.

Bu təkliflərə əlavə olaraq qeyd etmək lazımdır ki, yeni yaradılacaq qurum  həm də “su diplomatiyası” prinsiplərini əsas turaraq, öz səylərinin önəmli bir hissəsini qonşu dövlətlərlə beynəlxalq su problemlərinin həllinə yönəltməlidir. Gürcüstanla danışıqlar aparmaq, problemlı məsələləri addım-addım həll etmək real görünsə də, düşmənçilik və terror yolunu seçmiş  Ermənistanla  ortaq məxrəcə gəlmək, inkişafı kritik həddə çatmış bir çox problemlər üzrə konsensus əldə etmək çox çətin olacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın ərazisində Kür və Araz  çaylarına zəhərli maddələrin, çirkabın axıdılması və beynəlxalq göl olan Xəzər dənizinin ekologiyasına vurulan zərbə amilindən yararlanmalı, Qazaxıstan, Türkmənistan və İranın, eləcə də ekologiya sahəsində  fəaliyyət göstərən beynəlxalq qurumların bu prosesdə  daha yaxından iştirakını labüd etmək üçün müvafiq hüquqi  baza yaradılmalı, müxtəlif vasitələrdən istifadə edilməlidir.

Burada cəmiyyətin bütün imkanları  – alim və mütəxəssislərin samballı təhlil  və təklifləri, millət vəkillərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin həm ölkədaxili, həm də xarici ölkələrdə fəal təbliğatı, nəhayət, diaspor nümayəndələrinin aktiv fəaliyyəti tələb olunur.

Gəlin, Allahın bizə verdiyi bu neməti çirkləndirməyək, israf etməyək! Suya qənaət gələcəyimizi təmin etməkdir. Su israfçılığı gələcək nəslin həyatını məhv etmək deməkdir. Bu gün hər anımız üçün Allaha şükr edək və suyumuzu təmiz şəkildə gələcək nəsillərə ötürək!

 

Əziz ƏBDÜLƏZİZ,

fəlsəfə elmləri doktoru,

Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü

 

Xalq qəzeti.- 2014.- 21 oktyabr.- S.10.