Bakı metrosu onun üçün milli sərvət idi

 

8 noyabr Bakı metropoliteni

işçilərinin peşə bayramı günüdür

 

Bu il Bakı metropoliteni fəaliyyətə başlamasının 47-ci ildönümünü qeyd edir. Təqvimin bu günü 9 ildir ki, müasir tariximizdə metropoliten işçilərinin peşə bayramı kimi yer tutub.

 

Yaxın Şərqin ilk, SSRİ-nin 5-ci metropoliteni olan Bakı metropoliteni ilk dəfə qapılarını sərnişinlərin üzünə 1967-ci ilin 6 noyabrında açıb.   Bakımız, Azərbaycanımız üçün böyük əhəmiyyət kəsb edən bu əlamətdar hadisənin tarixi daha uzaq illərə gedib çıxa bilərdi. Xatırladaq ki, keçmiş Sovetlər ölkəsində ilk elektrikləşdirilmiş dəmir yolu xətti 1926-cı ildə istifadəyə verilən Bakı-Sabunçu xətti olub. Otuzuncu illərin əvvəllərində isə neft Bakısında yeraltı elektrik dəmiryolu yaratmaq fikri meydana çıxıb. 1932-ci ildə Moskva metropoliteni ilə bərabər Bakı metropoliteninin də layihələndirilməsini nəzərdə tutan sənədlər bunu təsdiq edir.

Bu fikrin reallaşdırılması İkinci dünya müharibəsindən sonra mümkün oldu. 1948-ci ildə “Metrolayihə” Ümumittifaq Layihə -Axtarış İnstitutu SSRİ Nazirlər Sovetinin 4 dekabr 1947-ci il tarixli qərarına əsasən Bakıda inşa ediləcək yeraltı xətlərin layihə işlərini başa çatdırdı. İki il sonra isə qazma işləri başlandı. Amma bu işlər davamlı olmadı, 1953-cü ildə mərkəzi hökumət tikinti işlərini  dondurmaq barədə qərar qəbul etdi. Həmin illərdə böyük SSRİ ərazisində metrosu olan bir şəhər vardı, o da paytaxt Moskva idi. İkinciliyi yaxın vaxtlarda istifadəyə veriləcək Leninqrad metrosu əldə edəcəkdi. Bakıda yeraltı inşaat işlərinin davam etməsi isə o demək idi ki, SSRİ-nin 3-cü metrosu Bakıda işə düşməli idi. İ.Stalinin ölümündən sonra SSRİ-yə rəhbərlik edən N.Xruşşovun vətəni Ukraynanın paytaxtı Kiyevdə metronun olmaması Bakıda tikintinin dayandırılması qərarının səbəbləri barədə gümanların yaranmasına əsas verir.

Nəhayət, 1961-ci ildə N.Xruşşovun Bakıya səfəri zamanı ondan şəhərin yeraltı nəqliyyatında tikinti işlərinin davam etdirilməsi üçün razılıq almaq mümkün olur.

1967-ci ilin 6 noyabrı isə Bakı tarixində, onun sakinlərinin yaddaşında həmişə yaşayacaq və xoş xatirələrlə anılacaq. Həmin gün “Bakı Soveti” indiki “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu cəmi 9.56 km olan xətt üzrə hərəkətə başladı. Bu xətt üzərində o vaxt “Bakı Soveti”ndən başqa daha 4 stansiya yerləşirdi –

“26 Bakı komissarı” (indiki “Sahil”), “28 Aprel” (indiki “28 May”), “Gənclik” və “Nəriman Nərimanov”.

Ötən əsrin 60-cı illərində Azərbaycan SSRİ tərkibində olan müttəfiq respublika kimi iqtisadi və sosial inkişaf sahəsində ittifaqın digər 15 respublikası arasında sonuncu yerlərdən birini tuturdu. Respublikanın idarə olunmasında yaranmış böhran rəhbərlikdə kadr dəyişikliyinin zəruriliyindən xəbər verirdi.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyul ayından başlayan respublikaya rəhbərlik dövrünün ilk illərindən Azərbaycanda böyük iqtisadi, sosial inkişafın təməli qoyuldu. Respublika cəmi bir neçə il ərzində sənayedə, kənd təsərrüfatında, sosial quruculuq sahəsində, yeni infrastruktur layihələrin reallaşdırılması üzrə planların yerinə yetirilməsində böyük uğurlar əldə etdi. 1970-1980-ci illərdə respublika Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin və Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının keçici bayraqlarına layiq görüldü, paytaxt Bakı isə 2 dəfə Lenin Ordeni ilə təltif edildi.

Ümumiyyətlə, ötən əsrin 70-80-ci, eləcə də müstəqillik dövrünün ilk illərində Azərbaycanda iqtisadi quruculuğun elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin adı ilə bağlı olmasın. Tikinti, nəqliyyat, rabitə, kənd təsərrüfatı və digər sahələr məhz ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bakıda metro tikintisinin sürətlə inkişaf etdiyi ilk dövrlərdən başlayaraq, həyatının son anlarına qədər Bakının yeraltı yollarının inkişafı və istismarı onun nəzarəti altında olub. Hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlərdə o, metro tikintisində baş verən bütün prosesləri dərindən izləyirdi. Sonradan respublikaya rəhbərlik etdiyi ilk dövrlərdə Bakı metrosu ulu öndərin diqqət və qayğısının nəticəsi olaraq sürətlə inkişaf etməkdə idi.

Heydər Əliyevin respublika hökumətinin başçısı kimi açılışında iştirak etdiyi ilk stansiya “Ulduz” oldu. 1970-ci il aprelin 17-də stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi. Sonra ulu öndər metromuzun 7-ci stansiyasının qırmızı lentini kəsdi.

Tikinti sahəsində işlər görünməmiş vüsət almışdı. Bakının yeraltı yolları o vaxt Montin qəsəbəsi (Nərimanov rayonu ərazisi) adlanan ərazidən “8-ci kilometr” qəsəbəsinə doğru uzadılırdı. 1972-ci il noyabrın 6-da Bakı metropoliteni özünün 5 yaşını qeyd etdiyi gün metro inşaatçıları bakılılara daha 3 stansiya hədiyyə etdilər. “Məşədi Əzizbəyov”indiki “Koroğlu”, “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyalarının açılışı münasibətilə keçirilən mitinqdə “Bakımetrotuneltikinti” idarəsinin rəisi Ə.Əbdürrəhimov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə tikintinin başa çatması barədə məlumat verdikdən sonra, respublika başçısı “Neftçilər” stansiyasının girişi qarşısına çəkilmiş qırmızı lenti kəsdi.

Ulu öndərin qayğı və diqqəti sayəsində Bakı metropoliteni stansiyalarının sayı artmaqda davam edirdi. 1976-cı ildə “Nizami”, 1979-cu ildə  isə “Bakmil” stansiyaları onun xeyir-duası ilə işə başladı. 1982-ci ildə Heydər Əliyev Moskvada yüksək dövlət vəzifəsinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Bakıda metro tikintisi onun diqqət və qayğısından kənarda qalmayıb. Heydər Əliyev xatirələrində bu barədə belə deyirdi: “Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm”.

Moskvada işlədiyi illərdə Bakının yeraltı yollarının inkişafına göstərdiyi qayğı öz əksini 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli”, 1993-cü ildə isə “Cəfər Cabbarlı” stansiyalarının istismara verilməsində tapdı. 2002-ci ildə “Həzi Aslanov” stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin uzunluğu 31,5 kilometrə çatdı ki, bunun da 22,3 kilometri ulu öndərin rəhbərliyi, diqqət və qayğısı sayəsində tikilmişdir.

Moskvada yüksək vəzifədə çalışdığı dövrdə Bakı metropoliteninin tikintisi ilə bağlı problemlərin həlli üçün gördüyü tədbirləri ulu öndər belə xatırlayırdı:

“Metronun tunellərində istifadə olunan çuğun tübinqlərin və başqa ləvazimatın istehsalını istənilən səviyyədə təşkil etmək mümkün deyildi. Çünki zavodlar buna hazır deyildi. Mənim xatirimdədir, Moskvada Nəqliyyat Tikintisi Nazirliyinin kollegiyalarında biz bu məsələni bir neçə dəfə müzakirə etmişdik. Göndərilən tübinqlər Bakı üçün kifayət etmirdi. Mən orada öz imkanlarımdan istifadə edərək, təbiidir ki, Bakının bütün tələbatını artıqlaması ilə ödəyirdim. Çünki Bakıda işləməsəydim də, mənim qəlbim, ürəyim burada idi. Ona görə də mənim orada işləməyim və bilavasitə bu sahə ilə məşğul olmağım o illərdə, ondan sonrakı illərdə metro inşaatının çox sürətlə keçməsinə çox kömək etdi, çox böyük amil oldu”.

Müstəqilliyimizin ilk çətin illərində metronun yaşadığı böhrandan yaxa qurtarmasında Heydər Əliyevin rolu xüsusilə qeyd olunmalıdır. Metronun maddi-texniki bazasının möhkəmləndirilməsi, vaqon parkının yenilənməsi ulu öndərin Moskvada işlədiyi illərdə qazandığı nüfuz və hörmətinin nəticəsi idi. Moskva vilayətinin Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin rəhbərliyi Bakı metropoliteninə  o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə vaqon satmağa razı oldu. Bundan əlavə Moskva metropolitençiləri metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarına haqqı ödənilmədən saysız-hesabsız ehtiyat hissələri göndərdilər. Heydər Əliyev bu nüfuzu Moskvada işlədiyi illərdə ölkə qarşısında göstərdiyi misilsiz xidmətləri ilə qazanmışdı. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən qəbul etdiyi qərarlar SSRİ-nin, sonrakı illərdə Rusiya şəhərlərində metro tikintisinə, dəmir yolları şəbəkəsinin genişləndirilməsinə, vaqonqayırma sənayesinin inkişafına böyük təkan verib. 2002-ci ildə Heydər Əliyev sarayında keçirilən Bakı metropolitenin 35 illik yubiley mərasimində çıxış edən “Metrovaqonmaş” SC-nin direktoru Yuri Soldatov qeyd etmişdir ki, Heydər Əliyev təkcə Bakı metropoliteninə deyil, bizim ölkəmizdə də metro tikintisinə, vaqonqayırma sahəsinin inkişafına misilsiz töhfə vermişdir. Mıtişşi zavodunun yenidən qurulmasında, istehsalat sahələrinin genişlənməsində Heydər Əliyevin əməyini qeyd edən çıxışçı dediklərinə sübut üçün mərasim iştirakçılarına SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin yanında 1983-cü il dekabrın 23-də keçirilmiş iclasın protokolunu təqdim etmişdir. 16 bənddən ibarət sənədin 15 bəndi vaqon istehsalının artırılması, onların texniki səviyyəsinin yüksəldilməsi, bu sahədə çalışan elmi-tədqiqat institutlarında yeni vaqon layihələrinin hazırlanması barədə göstərişlər idi.

Heydər Əliyev Bakı metropolitenini milli sərvət adlandırırdı: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.

Heydər Əliyevin prezidentliyi dövründə Bakı metropolitenində yeni texnika və qabaqcıl texnologiyaların tətbiqi, hərəkəti idarəetmənin avtomatlaşdırılması, kompüterləşdirilməsi, təmir-tikinti işlərindəki sürət gündən - günə artmağa başladı. Hərəkətin və sərnişinlərin təhlükəsizliyinin, asayişinin təmin olunması məqsədilə bütün stansiyalarda videomüşahidə quraşdırıldı. Kameralar gün ərzində sərnişin axınına nəzarət edir, stansiyaların giriş qapılarından daxil olan hər bir sərnişini lentə alır.  Maşinist kabinəsində quraşdırılmış kameralar vasitəsilə vaqon salonlarını müşahidə etmək sistemi hələ 2002-ci ildə sınaqdan çıxarılırdı. Həmin vaxtlar dərin özüllü stansiyalarda eskalator sürahilərinin sürətinə nəzarət cihazları quraşdırılmışdı. Bütün stansiyaların eskalatorları, ventilyatorları, santexnika qurğuları vahid mərkəzdən idarə olunurdu.

Heydər Əliyev Bakı metropoliteni stansiyalarının memarlıq tərtibatının həllinə də çox böyük önəm verirdi: “Metronun hər bir stansiyası funksional vəzifəsini yerinə yetirməklə yanaşı, öz tərtibatı baxımından Azərbaycanın milli memarlıq sənətinin gözəl bir nümunəsidir. Azərbaycan xalqının tarixinə, onun sənət incilərinə müraciət edən memarlar müxtəlif tikinti materiallarından, müasir texnologiyalardan, habelə şəbəkə, miniatür kimi milli ornament elementlərindən istifadə edərək, yaraşıqlı zalların yaradılmasına nail olmuşlar”.

Stansiyaların memarlıq tərtibatı ulu öndərin nəzarəti altında, tövsiyələri əsasında işlənib. Öz nitqlərinin birində Heydər Əliyev  bu barədə demişdi: “Deyə bilərəm ki, 1967-ci ildən sonra tikilən metro stansiyalarının hamısının layihəsinə baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi verirdik. Beləliklə, biz yaxşı metropoliten stansiyaları yaratmışıq”.

Burada “Nizami” stansiyasını xüsusi olaraq qeyd etmək lazımdır. Gözəlliyi ilə fərqlənən bu stansiyanın memarı Mikayıl Hüseynovla bərabər ulu öndərimiz Heydər Əliyev olub.

Heydər Əliyev Bakı metrosunun gələcəyini daim düşünürdü, onun inkişafı, insanların daha rahat hərəkətinin təmin olunması üçün yeraltı yollarımızın daha geniş surətdə şaxələnməsini arzulayırdı.

Ulu öndərimiz deyirdi: “Biz metro inşaatını davam etdirməliyik... Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”.

Bu gün “Bakı metropoliteni” QSC-nin çoxminli kollektivi, istismarçılar, inşaatçılar ulu öndərin bu arzularını həyata keçirmək üçün böyük əzmlə, yaradıcılıq şövqü ilə çalışır, Heydər Əliyevin arzuları və qiymətli tövsiyələrinə uyğun olaraq işlənib hazırlanmış 20 illik inkişaf planının həyata keçirilməsinə nail olacaqlarına  inanırlar.

 

Xalq qəzeti.- 2014.- 24 oktyabr.- S.7.