Arif Məlikov: Məhəbbət

və incəsənət sərhəd tanımır

 

Görkəmli Azərbaycan bəstəkarının əsəri

yenidən Rusiya Böyük Teatrının səhnəsində

 

Azərbaycanın və SSRİ-nin Xalq artisti, “Heydər Əliyev” ordeni ilə təltif edilmiş bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti yenidən Rusiya Böyük Teatrının repertuarına daxil edilib.

 

Oktyabrın 23-də dünya şöhrətli bu teatr Azərbaycan bəstəkarının ölməz əsərini yeni quruluşda tamaşaçılara təqdim edib. Baletin quruluşçu xoreoqrafı SSRİ Xalq artisti Yuri Qriqoroviçdir. Səhnələr SSRİ Dövlət Mükafatı laureatı, mərhum teatr rəssamı Simon Virsaladzenin eskizləri əsasında qurulub. Yeni quruluşda Mehmene Banu rolunu Rusiyanın Xalq artisti Svetlana Zaxarova, Fərhad rolunu Böyük Teatrın aparıcı solisti Denis Redkin, Şirin rolunu Rusiyanın Əməkdar artisti Nina Kaptsova ifa edirlər.

Tamaşadan əvvəl Y.Qriqoroviç AzərTAc-ın müxbirinə müsahibəsində baletin yeni quruluşu barədə fikirlərini bölüşərək bildirdi ki, “Məhəbbət əfsanəsi” görkəmli türk yazıçısı Nazim Hikmətin pyesi əsasında ilk dəfə 1961-ci ildə Leninqrad Dövlət OperaBalet Teatrında (hazırkı Sankt-Peterburq Mariya Teatrı) səhnələşdirilib.  Yeni quruluşda tamaşa Böyük Teatrın səhnəsində təmirdən sonra ilk dəfə tamaşaçılara təqdim edilir. Görkəmli xoreoqraf dedi: “Mən 33 il Böyük Teatrın truppasına rəhbərlik etmişəm. “Məhəbbət əfsanəsi" teatrın repertuarında həmişə olub. Tamaşanın yeni quruluşunda gənc balet ustaları, o cümlədən Svetlana Zaxarova, Denis Redkin iştirak edirlər. Gənclərin tamaşaya marağı göstərir ki, “Əfsanə” yaşayır”.

Baletin quruluşunda bəzi dəyişikliklər edildiyini bildirən Y.Qriqoroviç dedi: “Təkcə musiqiyə toxunmamışam. Çünki Arif Məlikovun musiqisi füsunkardır. Mən xoşbəxtəm ki, dostum Arif tamaşanın premyerasında iştirak etmək üçün Moskvaya gəlib, tamaşa doğma səhnəsinə qayıdıb və böyük uğurla nümayiş etdirilir”.

Bəstəkar Arif Məlikov vurğuladı ki, Böyük Teatr dünya mədəniyyətinin ən qabaqcıl nümunələrini özündə cəmləyən sənət ocağıdır. A.Məlikov dedi: “Məhəbbət əfsanəsi”nin Rusiyanın əsas səhnəsinə qayıtması Azərbaycan mədəniyyətinin zəfəridir". Y.Qriqoroviçlə dostluğundan danışan görkəmli bəstəkar dedi: “Yaradıcı insanların 50-60 il dostluq etməsi nadir hadisədir. Biz gəncliyimizi qoruyub saxlaya bilmişik və “Əfsanə" də elə buna görə yaşayır, çünki incəsənət və məhəbbət sərhəd tanımır".

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, “Məhəbbət əfsanəsi”nin yeni quruluşda Rusiyanın Böyük Teatrında premyerası Azərbaycan mədəniyyəti üçün çox önəmli hadisədir. Baletin yeni quruluşunun hazırlanmasına Böyük Teatr kollektivinin aparıcı və istedadlı nümayəndələri cəlb olunublar. Teatrın təmirindən sonra bərpa olunan ilk tamaşalardan birinin “Məhəbbət əfsanəsi” olması Arif Məlikov sənətinin ölməzliyindən xəbər verir.

Bu gün Azərbaycan mədəniyyətinin təntənəsidir. Yuri Qriqoroviç “Məhəbbət əfsanəsi"nə, Arif Məlikov musiqisinə, Nazim Hikmət dramaturgiyasına qayıtmaqla böyük görüb. Bu gün Yuri Qriqoroviç də mənim gözümə cavan göründü. Bu, o deməkdir ki,  istedad qocalmır. Çox şadam ki, bu gün Böyük Teatrın səhnəsində bayramdır". Bu sözləri isə AzərTAc-a müsahibəsində Rusiya Federasiya Şurasının üzvü Vitali İqnatenko dedi.

Premyera böyük uğurla keçdi. Arif Məlikov musiqisi, Nazim Hikmət fəlsəfəsi, Yuri Qriqoroviç ustalığının ərsəyə gətirdiyi məhəbbət nağılı və xalqına, Vətəninə, torpağına sədaqət himni Moskva tamaşaçısını bir daha heyran etdi. Əfsanəvi Böyük Teatrın səhnəsində rəngarəng Şərq motivləri əsasında yaradılmış maraqlı dekorasiyalar, işıq effektləri bir-birini əvəz edirdi. Tamaşa başa çatdıqdan sonra tamaşaçıların sürəkli alqışları altında səhnəyə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi  adından əklillər gətirildi. Oktyabrın 26-da balet Böyük Teatrın rəsmi “YouTube” kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Məhəbbət əfsanəsi” ilk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariya Teatrında səhnələşdirilib, 4 ildən sonra isə artıq Böyük Teatrın səhnəsində nümayiş etdirilib. Tamaşanın ilk quruluşlarında baş rolları balet əfsanələri Maya PlisetskayaMaris Liepa ifa ediblər.

 

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.6.