Azərbaycan xalqının altı il bundan əvvəl

Prezident İlham Əliyevə etimad göstərməsi

Heydər Əliyev siyasi kursunun növbəti qələbəsi idi

 

Ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də kütləvi informasiya vasitələri ilə Azərbaycan xalqına ünvanladığı tarixi müraciətin bütün sətirləri özündə həyat həqiqətlərini əks etdirsə də, orada xüsusilə qeyd olunmalı bir məqam var idi. Müraciətdə ötən illərdə görülmüş işlərin xalqımıza yaxşı məlum olduğunu bildirən böyük öndərimiz hələ tamamlanmamış perspektivli planlarının reallaşdırılmasının vacibliyini xüsusi vurğulamışdır.

 

Ulu öndər həmin tarixi müraciətində bildirmişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həmin tarixi müraciəti bir daha xatırladaraq yada salaq ki, bu sənəd  təkcə ulu öndərimizin deyil, bütövlükdə, Azərbaycan xalqının İlham Əliyevə olan böyük inamının təcəssümü kimi qarşılandı. Həmin tarixi müraciətin əvvəlində Azərbaycana rəhbərliyinin 34, müstəqil Azərbaycan Respublikasına rəhbərliyinin 10 ilinin tamam olduğunu vətəndaşların diqqətinə çatdıran ulu öndər həyatının mənasının bütün varlığı qədər sevdiyi xalqına, dövlətinə, ölkəmizin iqtisadi, siyasi və mənəvi inkişafına xidmətdən ibarət olduğunu bildirdi: “Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ümummilli liderimiz həmin müraciətilə xalqa onun alternativsiz siyasi kursunu davam etdirə biləcək dəqiq ünvanı göstərdi. Respublikamızın gələcək inkişafının, vətəndaşlarımızın firavan həyatının məhz Heydər Əliyevin həyata keçirdiyi siyasətin varisliyindən, dövlət hakimiyyətinin həmin siyasətin həyata keçirilməsini təmin edə biləcək etibarlı əllərə tapşırılmasından asılı olduğunu dərindən anlayan Azərbaycan xalqı yeni minilliyin ilk prezident seçkilərində müdrik qərar qəbul etdi: Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan vətəndaşları Heydər Əliyev siyasi kursuna alternativ görmədikləri kimi, bu strategiyanı uğurla davam etdirəcək siyasi xadimi də düzgün olaraq ulu öndərin komandasında müəyyənləşdirdi. Xalqına, dövlətinə qəlbən bağlı olan cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsi dünyanın bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regiondakı ictimai-siyasi proseslərin məntiqindən doğan labüd nəticə kimi qarşılandı.

Dövlət başçımızın özü də ikinci dəfə – 2008-ci il oktyabrın 24-də Prezident kimi and içərkən bu məqamlara bir neçə dəfə toxunmuşdur. Prezident  İlham Əliyev öz çıxışının əvvəlində ona etimad göstərib səs verdiyi üçün Azərbaycan xalqına minnətdarlığını bildirib və əmin edib ki, bundan sonra da ölkənin inkişafı üçün səyləri əsirgəməyəcək. Dövlət başçısı, eyni zamanda, namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirərək, partiya fəallarına seçki kampaniyasında fəal iştiraka görə minnətdarlıq edib: “Bu seçkidə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası ölkədə yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, Azərbaycana yeni ənənələr gətirəcək və bundan sonra siyasi mübarizə sivil yolla aparılacaq. Məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onlardan göndərilmiş təbrik teleqramlarına görə təşəkkür edirəm”.

Xatırladaq ki, 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində 3 milyon 232 min 259 nəfərin və ya səsvermədə iştirak edənlərin 88,73 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin oktyabrın 24-də Heydər Əliyev Sarayında andiçmə mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası vətəndaşlarının böyük əksəriyyətinin seçimi bir daha bütün dünyaya sübut etdi ki, xalq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin və İlham Əliyevin quruculuq fəaliyyətinin uğurla davam etməsini arzulayır. Çünki məhz bu siyasət və quruculuq işləri son 5 ildə Azərbaycan Respublikasını dünya birliyində layiq olduğu yerə qaldırmış, Cənubi Qafqaz regionunda isə ən qüdrətli dövlətə çevirmişdir.

2003-2008-ci illərdə həyata keçirilən bir-birindən uğurlu islahatlar bir daha təsdiqlədi ki, xalq öz seçimində yanılmayıb. Qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyev siyasi xəttinin alternativsizliyindən xəbər verirdi. Bu illər ərzində Azərbaycanın mövqeləri daha da möhkəmlənmiş, dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, müstəqilliyimiz daha da  möhkəmləndirilmiş, siyasi-iqtisadi, demokratikləşmə siyasəti uğurla aparılmışdır. Azərbaycan getdikcə qüdrətlənərək gələcəyə nikbinliklə baxan ölkəyə çevrilmişdir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşəbbüsləri böyük uğur gətirmiş, bölgədə aparılan işlər həm ölkənin mövqeyinin möhkəmlənməsinə, həm də regional inkişafa güclü təkan vermişdir: “Azərbaycançılıq fəlsəfəsi - əsas dəyərimizdir. Milli layaqət, qürur, milli-dini tolerantlıq, xalqların mehribanlıq şəraitində yaşaması - budur uğurların əsas şərtləri. Şadam ki, son 5 il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da gücləndirilib, ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərqərar olub və cəmiyyət açıq-aydın bunları görür və bilir Azərbaycan hansı istiqamətdə irəliləyir”.

Azərbaycan Prezidenti andiçmə mərasimində bəyan edib ki, həyata keçirdiyimiz siyasətin əsas məqsədi - milli maraqların qorunması, möhkəmlənməsi, güclü siyasi potensialın yaradılması, xalqın təhlükəsizlik və rifah içində yaşamasıdır. Beynəlxalq məsələlərin həlli istiqamətində böyük işlər görüldüyünü qeyd edən Prezident deyib ki, rəsmi Bakı bütün ölkələrlə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın regional müstəvidə təşəbbüsləri həm regional müstəvidə özünü göstərir, həm ölkə maraqlarına uyğundur və bölgədəki ölkələr də bundan razıdır. Azərbaycan Prezidenti bildirib ki, əsas istək bölgədə sülh və sabitlik, iqtisadi əməkdaşlığın möhkəmlənməsidir: “Son 5 il ərzində biz daha çox müttəfiq ölkələrlə danışmışıq. Bir çoxları ilə bizim münasibətlər strateji partnyorluq pilləsinə qalxıb, bütün ölkələrlə dostuq və münasibətlərin davamında maraqlıyıq, bu münasibətlər bərabər hüquqludur. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız daha da dərinləşib, üzv olduğumuz təşkilatlarda Azərbaycan çox fəal olub və mövqelərimiz güclənib ki, bütün beynəlxalq təşkilatlarda maraqlarımıza cavab verən qərarlar qəbul edilib və şübhə etmirəm ki, növbəti illərdə də xarici siyasətimiz çox çevik olacaq, bununla da ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənəcək”.

Azərbaycanın qarşısında dayanan prioritet məsələnin - Dağlıq Qarabağ probleminin olduğunu qeyd edən Prezident bildirib ki, bu istiqamətdə, əfsuslar olsun ki, hələlik irəliləyiş yoxdur. Danışıqlarda Azərbaycanın mövqeyinin, baxışlarının və irəli sürdüyü əsas prinsiplərin çox böyük dəyər qazandığını qeyd edən İlham Əliyev deyib:  “Bizim addımlar mövqelərimizin güclənməsinə, bu məsələ ilə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıb və bu gün dünyada açıq-aşkar dərk edilir ki, dondurulmuş münaqişələr həllini tapmalıdır. Bu, ancaq beynəlxalq norma və hüquq çərçivəsində ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bu, danışıqlar mövzusu deyil, olmayıb və olmayacaq! Heç vaxt - nə bu gün, nə sabah, nə də 50 il sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək və Azərbaycan onu heç vaxt tanımayacaq”.

Azərbaycan Prezidenti 2003-cü ildə verdiyi vədlərin uğurla davam etdirilməsi barədə məlumat verərkən deyib: “Beş il əvvəl mən xalqa söz vermişdim ki, 5 il ərzində ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Buna biz 4 il ərzində nail olmuşuq. 2004-cü ildə qəbul edilmiş məcburi köçkünlərə dair Dövlət Proqramının icrası uğurla aparılıb və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir evlər, binalar, məktəblər, tibb məntəqələri tikilib, 36 yeni qəsəbə salınıb və minlərlə soydaşımız yeni evlərə köçüb. 2007-ci ildə bu proqrama əlavələr edilib və əminəm ki,bunun nəticəsində biz soydaşlarımızın yaşayışının yaxşılaşmasına nail olacağıq”.

Həmin dövrdə ordu quruculuğu sahəsində də  böyük uğurlar əldə edilib. Orduda  hazırlıq və peşəkarlıq səviyyəsi  xeyli artmışdır. Dəfələrlə hərbi hissələrdə, səngərlərdə əsgər-zabitlərlə görüşən Ali Baş Komandan  əsgər və zabitlərin döyüş qabiliyyəti və ruh yüksəklikliyinin şahidi olmuşdur. Azərbaycan Prezidenti bəyan etmişdir ki, bundan sonra da Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedəcək.

2003-2008-ci illər ərzində respublikamızda bütün sahələr üzrə qazanılan nailiyyətlər, həyata keçirilən uğurlu islahatlar, iri infrastruktur layihələrin reallaşdırılması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəlməsi xalqın ulu öndər Heydər Əliyev siyasi xəttinə və bu siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyevə inamı daha da artmışdır. 2008 -ci ildə keçirilən prezident seçkilərinin nəticəsi də bunu təsdiqlədi.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.3.