ASTARA: əhali ilə səyyar görüşlər

problemlərin həllinə müsbət təsir göstərir

 

Yerlərdə əhali ilə işgüzar görüşlər keçirilməsi idarəetmə sisteminin mühüm tərkib hissəsinə çevrilib. Bu, daxili siyasətdə insan amilinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verildiyini bir daha sübut edir. Fərəhlidir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bu  gözəl ənənə respublikamızın rayonlarında ardıcıl davam etdirilir, kənd və qəsəbələrdə müntəzəm şəkildə səyyar görüş və qəbullar təşkil olunur.

 

Astara rayon rəhbərliyi də  mühüm amili daim diqqətdə saxlayır. Sakinlərlə sıx ünsiyyət qurmağa, qarşılıqlı etimad körpüsü yaratmağa çalışır və buna nail ola bilir.    İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin il ərzində yerlərdə 50-60 görüşü keçirilir. Bu isə hər həftəyə azı bir görüş deməkdir. Hər il belə tədbirlərə 10 mindən çox vətəndaş qatılır, müxtəlif məsələlər qaldırılır və əksərən də həllini tapır. Rayonun ağsaqqalları, gəncləri, ictimai fəal qadınları, sahibkarları və xidmət sahələrinin təmsilçiləri ilə görüşləri, icra hakimiyyəti aparatındakı fərdi qəbulları da bu sıraya əlavə etsək, ünsiyyətin daha əhatəli xarakter daşıdığı aydınlaşar.

Görüşlər zamanı adamları narahat edən məsələlərin öyrənilib həll olunması uğurlu fəaliyyətə təminat verir. Qaldırılan məsələlər cari və perspektiv iş planlarına salınır, ciddi nəzarətdə saxlanır, tapşırıqlar vaxtında icra olunur. Başqa sözlə, real həyatın nəbzi tutulur və vacib məsələlərin həlli sürətlənir.

Rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin böyük bir qismi məhz yerlərdə əhali ilə keçirilən görüşlər zamanı səslənən təkliflərin əks-sədası sayıla bilər. İcra başçısı görüşlərə inzibati orqanların, idarə və təşkilatların rəhbərləri ilə bərabər getdiyi üçün qaldırılan şəxsi məsələlər dərhal həll edilir. Adamlarsa daha çox toplumu narahat edən problemləri qaldırır, el-obanın növrağı üçün təkliflər verirlər.

Astaranın hazırkı rəhbərliyi hər bir yaşayış məntəqəsində dəfələrlə səyyar qəbul və görüşlər keçirib. Deməli, ondan ötrü hər növbəti görüş həm də daha öncə qaldırılmış məsələlərin həlli ilə bağlı hesabat xarakteri daşıyır.

 Əgər verilən vədlər yerinə yetirilibsə, nəticəyə nail olunubsa, bir daha həmin ünvana könül rahatlığı ilə getmək olar.

Ötən ilin iyulunda Prezident İlham Əliyev “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Həmin sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının çəkilməsi üçün 3,3 milyon manat vəsait ayrılıb və qısa müddətdə 17,5 kilometrlik yolun asfaltlaşdırılması başa çatdırılıb. Prezidentin 2013-cü ilin sentyabrında həmin yolun açılışında şəxsən iştirak etməsi rayon ictimaiyyətini hədsiz sevindirib.

Dövlət başçısı sözügedən yolun, mərkəzi xəstəxananın yeni şöbələrinin, sərhədçilər üçün evin və Ərçivan qəsəbəsində boks kompleksinin açılışlarında iştirak edib. Rayon ictimaiyyəti ilə görüşü zamanı Astarada görülən işlərdən razılığını bildirib.

Səfərdən sonra Prezident imzaladığı növbəti sərəncamları ilə Astaranın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat və 12 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 2 milyon manat ayırıb. Beləliklə, son illərdə Astaranın inkişafı ilə əlaqədar imzalanmış 10 sərəncamla rayona ayrılan vəsaitlər hesabına bu rayon ölkəmizin ən gözəl, abad guşələrindən birinə çevrilib.

Rayonun qaz təchizatının yaxşılaşdırılması üçün xeyli təmir-bərpa işi aparılıb, elektrik təsərrüfatı qaydaya salınıb.

Görüşlər və qəbullar davam edir. Müraciətlərin heç biri diqqətdən kənarda qalmır. Sözü eşidilən, ümidi doğrulan, pənah ünvanından razı qayıdan adamlar çoxdur. Onların evlərinin təmirinə, digər sosial problemlərinin çözümünə həssaslıqla yanaşılır. Dekabr və may aylarında Kakalos kəndində, həmçinin Siyaku  nümayəndəliyinin Sığaloni, eləcə də Deqədi, Anboba kəndlərində, Kijəbə qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəliyinin Tüləküvan kəndində keçirilən görüşlər hər kəsə unudulmaz təsir bağışlayıb.

...Apreldə Deqədidə camaata söz verən icra başçısının iyunda burada çəkilən yola asfalt örtüyün döşənməsi münasibətilə keçirilən tədbirə gəlməsi hamını sevindirdi. Burada Prezidentin tapşırığı ilə başlanan işlərin hazırlıq mərhələsinin sonunda yola asfalt salınması əsl bayram ovqatı yaratmışdı. 21 kilometrlik yolun genişləndirilməsi, qayaların yarılması, nəhayət, asfalt işləri arzunun reallığa çevrilməsi, adamların rahatlığının təminatı idi. Ağkörpü tərəfdə düzənlənən toplantıda çıxış edənlər onlara  böyük sevinc yaşatmış dövlətimizin başçısına səmimi minnətdarlıq duyğularını ifadə etdilər.

Həmin gün icra başçısının ən ucqar dağlıq ərazidə yerləşən Lomin kəndində də əhali ilə görüşü oldu. İllərdən bəri həsrətində olduqları avtomobil yolunun tikintisini tarixi hadisə sayan sakinlər bir daha razılıqlarını çatdırdılar. İcra başçısı dedi ki, möhtərəm Prezidentimizin uğurlu siyasətinin nəticəsində ölkəmiz başdan-başa abadlaşır. Astara da bu yürüşün önündə gedir. Rayonda abadlıq və quruculuq işləri geniş vüsət alır. Hətta ən ucqar dağ kəndlərinə belə rahat yollar çəkilir, yeni məktəblər  inşa edilir. Yaxın gələcəkdə Siyaku-Toradi avtomobil yolunda da tikinti işlərinə başlanacaq.  İyul ayında Səncərədi inzibati ərazisinin Züngüləş kəndində, eləcə də Suparibağda keçirilən görüşlər də bu yaşayış məntəqələrinin həyatında əlamətdar tədbirlərlə müşayiət olunub.

 Digər dağlıq ərazilərdə də vaxtaşırı görüşlər təşkil edilib. 8000 nəfər əhalisi, 2000 təsərrüfatı olan, 24 para kənddən ibarət Siyaku inzibati ərazi dairəsində Qəzənfər Ağayev növbəti dəfə Həsın, Siyakeş, Şağlazüzə və Şıxəməhəllə kənd sakinləri ilə görüşdü. Bu   kəndlərdə sakinlərin əsas məşğuliyyəti heyvandarlıq, sitrusçuluq və arıçılıqdır. Görülən işlər, həlli vacib məsələlər barədə dairə üzrə nümayəndə ətraflı məlumat verdikdən sonra sakinlər qeyd ediblər ki, ölkənin və rayonun günbəgün abadlaşması, gözəlləşməsi göz önündədir. Sevindirici haldır ki, bütün işlər insanların daha rahat yaşamasına xidmət edir. Sakinlər kəndlərinin bəzi  problemləri - təbii qazla tam təminatının başa çatdırılması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, Pensər çayının Siyakeş ərazisindən keçən hissəsində avtomobil körpüsünün salınması ilə bağlı təkliflərini bildiriblər.   Rayon elektrik şəbəkəsinin və qaz istismar sahəsinin rəhbərləri qaldırılan məsələlərlə əlaqədar görüləcək tədbirlərdən danışıblar.

İcra hakimiyyətinin başçısı Q.Ağayev kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həllinin çətinlik törətməyəcəyini söyləyib. O deyib ki, ölkəmizin sürətli iqtisadi inkişafı ən qlobal məsələlərin belə həllinə imkan verir. Astarada küçə və parkların abadlaşdırılması, əhalinin normal istirahəti üçün dənizkənarı çimərlik və park-bulvarın salınması, ucqar dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması, qaz xətlərinin təmiri və çəkilişi istiqamətində aparılan işlər əhalinin xoş güzəranı üçündür. Siyaku kənd ərazi nümayəndəliyində artıq bütün məktəblər üçün yeni binalar tikilib və müasir avadanlıqla təmin olunub. Sevindirici haldır ki, bu məktəblərin məzunları arasında yüksək nəticə ilə ali məktəblərə qəbul olunanların sayı ildən-ilə artır. Həyətinə toplaşdığımız Şağlazüzə kənd tam orta məktəbinin 9 məzununun bu il tələbə adını qazanması buna bariz nümunədir.

Ucqar kəndlərin elektrik xətt təsərrüfatının köhnəliyi bəllidir. Bu istiqamətdə ölkə miqyasında ciddi tədbirlər hazırlanır. Bununla bərabər, biz cari təmir işləri aparmaqla əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmuşuq. Kəndlərimizə təbii qazın verilməsi istiqamətində də işlər davam etdirilir. Gələn il ən ucqar ərazidə yerləşən yaşayış məntəqələrinə, o cümlədən bu dağ kəndlərinə də təbii qazın verilməsi təmin ediləcək.

Rayon mərkəzindən 40 kilometr uzaqda dağlar qoynunda yerləşən Pəlikəş kəndi son iki ildə xeyli abadlaşıb. Q.Ağayev bu kənddə ilk dəfə səyyar qəbul keçirəndə sakinlər illərcə yığılıb qalmış problemlərdən ətraflı danışmış, çoxlu təklif vermişdilər. Bu problemlərdən ən əsası Pəlikəşə avtomobil yolunun çəkilişi ilə bağlı idi. Yollar o qədər bərbad idi ki, rayon mərkəzindən bu kəndə gəlmək üçün 4 saatdan çox vaxt sərf edilirdi. İcra başçısı bu yöndə çalışacağını söyləmişdi. Zaman göstərdi ki, verilən sözlə əməli işin ara məsafəsi heç də uzaq deyil. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Astaranın bu ucqar guşəsinə yol çəkilişinə qərar verildi. Dağ kəndlərinin problemlərinin qısa müddətdə həlli hamıda sonsuz minnətdarlıq duyğuları yaratdı. İndi rayon mərkəzindən Pəlikəş kəndinə gedən yolu 30-35 dəqiqəyə çox rahatlıqla qət etmək olur. 21 kilometrlik yol yüksək standartlara uyğun asfaltlaşdırılıb. Ötən səyyar qəbulda kənd sakinlərinin qaldırdığı digər problemlər də həllini tapıb. Əvvəllər heç vaxt elektrik enerjisi verilməyən Doli, Şəvqə, Sibiyyət, Diqo kəndlərinə xətt çəkilib, avtomobil yolu salınıb.

Sım kənd məktəbinin müəllimi Xaqani Xalıqov çıxışında qeyd etdi ki, bu nailiyyətlər illər boyu  bizə yuxu kimi görünüb. Ancaq dövlətimizin qüdrətinin get-gedə artdığını, Prezident İlham Əliyevin  yeritdiyi dərin siyasətin nəticələrini görəndə bütün bunların əsl gerçəklik olduğına sevinirsən. Halbuki 70 illik sovetlər dönəmində bu kəndlərə nəinki yol, heç işıq xətti də çəkilməmişdi. Müstəqil Azərbaycanın gücü indi bütün dünyaya məlumdur. Qədirbilən xalqımız bütün bu nailiyyətləri yüksək dəyərləndirir. Sakinlərimiz adından ölkə rəhbərliyinə hədsiz minnətdarlığımızı bildirirəm.

 Ötən əsrin 30-cu illərində salınmış Kijəbə qəsəbəsi indi sözün əsl mənasında ikinci gəncliyini yaşayır. Son iki ildə  burada geniş quruculuq işləri aparılıb, yeni məktəb binaları, sosial obyektlər inşa edilib, yollar asfaltlaşdırılıb. Girəcəkdə salınmış Bayraq meydanı qəsəbəyə xüsusi yaraşıq verir. Sakinlərin arzusu ilə qəsəbədə ulu öndər Heydər Əliyevin adını daşıyan gözəl park istifadəyə verilib, milli liderin büstü ucaldılıb. Bu günlərdə Kijəbə qəsəbə mədəniyyət evində keçirilən görüşdə inzibati ərazi dairəsi üzrə nümayəndə rəhbərliklə əvvəlki görüşdən sonra görülən işlər barədə məlumat verdi.

Bu yaxınlarda “Tərəqqi” medalına layiq görülmüş müəllim Teymur Fətullayev təltifə görə dərin minnətdarlığını bildirdi. O, bundan öncə “İlin ən yaxşı müəllimi” adını da qazanıb. Bütün bunları təhsil işçilərinə göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirdi. Ağsaqqal Nəsrəddin Teymurov uzun illər bundan əvvəl ulu öndərin Kijəbəyə dəfələrlə gəlişi ilə bağlı xatirələrini danışdı. Dedi ki, qəsəbədə ümummilli liderin adını daşıyan parkın salınması sakinlərin ürəyincədir. Qəsəbə sakinləri Azər Kişiyev, Muradəli Ağayev, Firudin Abbasov, Hacağa Ağayev, Canşirin Gülverdiyev, Fazil Zülfüqarov, Nəci Əliyev son illər ölkədə və Astarada aparılan abadlıq-quruculuq işlərini müsbət qiymətləndirdilər.

Səyyar qəbulda görülən işlər təqdir olunmaqla yanaşı, Maşxan-Kijəbə, Qəcimardə-Tüləküvan-Ojəkəran avtomobil yollarının təmiri, daxili yolların və kanalların qaydaya salınması, içməli su və suvarma suyu ilə daha yaxşı təchizat kimi məsələlərin də həllinə köməklik göstərilməsini xahiş etdilər.

Q.Ağayev çıxışında qeyd etdi ki, genişmiqyaslı işlər bütün ölkəni əhatə edir. Azərbaycan dünyada xüsusi çəkisi və nüfuzu olan ölkə kimi tanınır. Möhtərəm Prezidentimiz oktyabrın 8-də Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında da fərəhlə qeyd edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf səviyyəsinə görə dünyada 38-ci yerdədir. Buna görə ölkə vətəndaşları hamılıqla cənab İlham Əliyevə sonsuz dərəcədə minnətdardırlar.

İcra başçısı qaldırılan problemlərin həlli ilə əlaqədar imkan daxilində lazımi tədbirlərin görüləcəyini söyləyərək diqqətə çatdırdı ki, qəsəbədaxili yolların və kanalların təmizlənməsi, sanitariya qaydalarına riayət edilməsi üçün sakinlər də fəallıq göstərməli, təşəbbüskar olmalı, aidiyyəti təşkilatlara kömək etməlidirlər. Hazırda Kijəbə qəsəbə sahə xəstəxanasında əsaslı təmir işləri aparılır. Maşxan-Kijəbə avtomobil yolunun təmiri, sıradan çıxmış elektrik dirəklərinin dəyişdirilməsi, suvarma xəttinin daha 300 metr artırılması məqsədilə tezliklə tədbirlər görüləcək. Ümumiyyətlə isə, Astara əhalisinin içməli su ilə lazımınca təmin olunması üçün yaxın zamanlarda Xanbulandan rayona su xətti çəkilməsi nəzərdə tutulur...

Beləcə, daha bir səyyar qəbul və görüş başa çatdı. Qarşıda isə vəd edilən və görülməsi vacib olan işlər durur.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.6.