Gender bərabərliyinə dəyərli töhfə

 

Müasir dövrdə ailə anlayışında tərəflər arasında qarşılıqlı hörmət, sədaqət, milli-mənəvi dəyərlərə bağlılıqla yanaşı, gender bərabərliyi böyük əhəmiyyət kəsb edir.

 

Düzdür, xalqımızın  əsrlərdir formalaşmış və bu günöz müsbət keyfiyyətlərinə görə seçilən ailə dəyərləri sistemi mövcuddur. Lakin demokratik dəyərlərin müasir cəmiyyətimizdə bərqərar olması ilə  gender məsələlərinə də önəm verilməyə başlandı. Bunun nəticəsidir ki, Azərbaycan elmində də gender bərabərliyi və onun cəmiyyətdə, ailədə, eləcə də digər sahələrdə təmin olunması məsələləri araşdırılır, ali təhsil ocaqlarında fənn kimi tədris edilir. Bu baxımdan  gender pedaqogikası üzrə tədqiqatlar aparan Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru  Elza Mollayevanın müəllifi olduğuGender tərbiyəsi: tarixi, nəzəriyyəsi və müasir problemləri” monoqrafiyası aktuallığına və mövzuya yanaşma tərzinə  görə seçilir. Kitabın elmi redaktoru Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov, rəyçilər pedaqoji elmlər doktorları Sərdar Quliyev, Rüfət Hüseynzadə və psixologiya üzrə fəlsəfə doktoru Rövşən Cavadovdur.

Müəllifin gərgin əməyinin və elmi axtarışlarının nəticəsidir ki, kitabda gender anlayışının tarixi, bu anlayışın  mahiyyəti, pedaqoji fikir tarixində  gender probleminin qoyuluşumüasir dövrdə gender probleminin həlli yolları ətraflı şəkildə öz əksini tapıb.

Azərbaycanın görkəmli ziyalıları, qələm sahibləri müsəlman-türk qadınlarının maariflənməsini vacib hesab etmiş,  ailədə böyüyən uşağın gələcəyinin savadlı anadan asılı olmasını öz bədii yaradıcılıqları, publisistik məqalələrində vurğulamışlar. Bu gün də əhəmiyyətini itirməyən həmin məsələ artıq gender sahəsində tədqiq edilir.

Cəmiyyətimizin inkişafı naminə gənc nəslin gender tərbiyəsinin düzgün formalaşdırılmasını vacib hesab edən  E.Mollayeva ortaali təhsil məktəblərində gənclərə gender bərabərliyinin aşılanmasının nəzəri və praktik məsələlərinə diqqət çəkir. “Gender tərbiyəsi uzun sürən bir proses olduğundan bu prosesə hələ orta məktəbdən başlayıb onu ali məktəbdə davam etdirmək lazımdır. Belə ki, həm şagirdlərin, həm də tələbələrin bir-birinə münasibətlərində cinslərarası hörmətin əsas götürülüb tərbiyə edilməsi təlim prosesində həyata keçirilməlidir. ”

Təlim-tərbiyə məsələlərində bunun nəzərə alınması, yeniyetmə və gənclər arasında maariflənmə işlərinin aparılması, cəmiyyətimizdə  cinslər arasında hüquq bərabərliyinin tam təşəkkül tapması, qadın və kişilərin cəmiyyətin müxtəlif sferalarında öz bacarıq və qabiliyyətlərini reallaşdırmağa  öz töhfələrini verməkdədir.

Bu gün Azərbaycan Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən ölkə kimi, gender balansının qorunmasının və tənzimlənməsinin demokratik cəmiyyətin inkişafı üçün vacib şərt olduğunu anlayır, bu baxımdan beynəlxalq və yerli qanunvericilikdə bunu nəzərə alır.

Dövlətimizin 1992-ci il avqustun 4-də  BMT-nin “Qadınların siyasi hüquqları haqqında” Konvensiyasına qoşulması, 1995-ci ildə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanı ratifikasiya etməsi, 2000-ci ildə ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı, eləcə də Prezident İlham Əliyevin 2006-cı ildə “Gender bərabərliyi Qanununu imzalaması dövlətimizin bu sahəyə verdiyi əhəmiyyətdən irəli gəlir.

Elm və təhsil” mətbəəsində işıq üzü görmüş kitab gender tərbiyəsinin müxtəlif aspektlərini özündə cəmləşdirib və genderlə məşğul olan tədqiqatçılar, pedaqoqlar, eləcə də tələbələr üçün dəyərli mənbələrdəndir.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.7.