Bakıda humanitar forumların keçirilməsi

Azərbaycan həqiqətlərinin dünyada

tanıdılması baxımından mühüm amildir

 

Respublikamız son illərdə qlobal miqyaslı  beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Artıq dördüncü dəfədir ki, Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Bu forumlar, əslində, dünyanı düşündürən problemlərin müzakirəsi ilə yadda qalır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu tədbirlər onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var.

 

Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha çox diqqət yetirilsin. Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Bu müzakirələrin məhz Bakıda keçirilməsinin ölkəmiz üçün onun dünyada tanınması, müsbət imicinin formalaşdırılması baxımından böyük əhəmiyyəti var. Bu mənada forumların məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Dövlət başçımızın qeyd etdiyi kimi, biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Dövlət başçımız bu barədə demişdir: “Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir – siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk”.

Bu gün dünyada gündəmdə olan məsələlərdən biri də multikulturalizmdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını  tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Əslində, bu məsələyə dünyanın hazırda daha çox ehtiyacı var. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada  müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın elə bir təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Hazırda Yaxın və Uzaq Şərqdə, Avropada baş verən qanlı proseslərin davam etməsi və maddi irsin, insan resurslarının məhv edilməsi onu göstərir ki, bu ideya və nəzəriyyəyə hazırda dünyanın hava-su qədər ehtiyacı vardır.

Azərbaycanda isə bu faktlar həyat tərzidir. Tarix boyu bu məmləkətdə multimədəniyyətli cəmiyyətlər mövcud olmuş və xalqlar, etnik və dini sektalar arasında dostluq və həmrəylik günümüzədək gəlib çıxmışdır. Azərbaycan dövləti  bu gün həmin məsələdə maraqlı təşəbbüslərlə çıxış edir, regionda və dünyada gedən proseslərə müsbət təsir göstərmək istəyini əsirgəmir. Prezident İlham Əliyevin sonuncu forumdakı çıxışında da bu fikir öz əksini tapdı. Dövlət başçımız dedi: “Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır."

Doğrudur, forumda iştirak edən görkəmli dövlət xadimləri, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər bu günlər ərzində öz maraqlı fikirlərini bölüşdülər və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olduq. Lakin bütün bu möhtəşəm görüntü ilə yanaşı, bizim problemlərimiz də var və bu xoşagəlməz halların aradan qaldırılmasında dünya birliyi də fəal olmalıdır. Humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, ölkəmizə qarşı separatizm, terror, işğalçılıq aktları həyata keçirilmişdir.  Hazırda 20 faiz torpağımız – beynəlxalq birlik tərəfindən tanınan ərazimizin bir parçası – Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində Azərbaycan həm maddi, həm mənəvi təcavüzə məruz qalmış, illərdir qaçqın və məcburi köçkünlər problemi və uzunmüddətli torpaq itkisi ilə üz-üzə qalmışdır.

İşğal edilmiş bölgələrimizdə qədim tarixi irsimiz talançılığa məruz qalmış və hətta bir çox hallarda yox edilmişdir. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir və yüzlərlə günahsız insan bu soyqırımının qurbanı olmuşdur. Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanımış və bu məsələyə hüquqi qiymət verilmişdir.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Təəssüf ki, bu qətnamələr hələ də kağız üzərində qalmaqda davam edir. Dünya birliyinin münaqişələrlə bağlı icra  mexanizminin zəif olması, xüsusilə Dağlıq Qarabağ məsələsində daha çox hiss olunur.

Bizim burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşməyimiz göz önündədir. Çünki  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bəzən bir gün ərzində icra edilməsi hallarını müşahidə etdikdə həqiqətən bizim problemə həssas yanaşmamaq, laqeydlik açıq-aydın görünür. Lakin bütün bunlarla yanaşı, Azərbaycan öz səbrini saxlamaqda, beynəlxalq hüquq prinsiplərinə, dünyada sülhün və sabitliyin qorunması fikirlərinə hörmətlə yanaşmaqda davam edir. Qarşılığında isə Ermənistanın qeyri-konstruktiv və faşistlərə xas olan mövqeyi müşahidə olunur. Elə təkcə faşizmin Ermənistan nümunəsini ondan görmək olar ki, bu ölkə monoetnik dövlət statusunu qoruyub saxlamaqdadır. Ermənistanda xalqımıza aid bütün abidələr dağıdıldığı halda, Azərbaycanda erməni kilsəsi qorunur. Bu gün Azərbaycan həm İslam mədəniyyətini, həm də ümumbəşəri yaşam və hörmət etiketlərini layiqincə çiynində daşıyan və bu prinsiplərə dəyər verən bir ölkə olduğunu hər addımında sübut edir. Respublikamızda müxtəlif etnosların, müxtəlif din mənsublarının azad, bərabər hüquqi normalar çərçivəsində fəaliyyət göstərməsi günümüzün reallığıdır.

Bütün ağrılı-acılı problemlərə rəğmən  Azərbaycanın inkişafı dayanıqlı olmuşdur, o cümlədən biz humanitar sahədə son illərdə böyük uğurlara imza atmışıq. Humanitar sahə bizim üçün prioritet sahələrdən biridir və bu sahəyə dövlət səviyyəsində investisiyalar qoyulur. Sonuncu Beynəlxalq Humanitar Forum çərçivəsində Bakıda Multikulturalizm Mərkəzinin açılması da, əslində, dövlətin bu sahəyə qoyduğu investisiyanın ən böyük nümunələrindəndir. Dövlət başçısı İlham Əliyevin təbirincə desək, bu gün Azərbaycanda çoxlu qədim tarixi abidənin olması, o cümlədən dini abidələrimizin dövlət tərəfindən bərpa edilməsi və yenilərinin  tikilməsi faktdır və biz bu abidələrə milli sərvətimiz kimi yanaşırıq.  Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidinin əsaslı şəkildə bərpa edilməsi, Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsinin, pravoslav kilsələr, katolik kilsə, sinaqoqların dövlətin dəstəyi ilə əsaslı təmir və bərpa olunması bu aktual məsələyə həm xalqımızın, həm də dövlətimizin milli sərvət kimi yanaşdığını sübut edir. Bu gün  əminliklə demək olar ki, multikulturalizmin, tolerantlığın Azərbaycan təcrübəsi var. Bu təcrübədən bütün ölkələr yararlana bilər. Beynəxalq forumların Bakıda yüksək səviyyədə təşkili və qonaqların fikirləri bir daha onu göstərdi ki, Azərbaycan bu sahələrdə nümunədir və dünya ona güvənir.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 28 oktyabr.- S.4.