Cəlilabad: Bütün

sahələrdə inamlı gedir

 

Cənub bölgəsinin sürətlə inkişaf edən rayonlarından biri də Cəlilabaddır. Son illərdə burada həyatın bütün sahələrində əsl canlanma yaranıb, əhalinin güzəranı xeyli yaxşılaşıb.

 

 Rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibdə iclasında belə bir fikir xüsusi vurğulandı ki, ölkəmizdə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin uğurları regionların tərəqqi meyillərində özünü daha qabarıq əks etdirir.

 İclasa sədrlik edən icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq doqquz ayda Cəlilabadda iqtisadiyyatın bütün sahələrində irəliləyişlərə nail olunub, sosial infrastrukturun yaxşılaşdırılması, texniki bazanın möhkəmləndirilməsi, tikinti-abadlıq sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib.

Aqrar bölmədə fəallığın artması nəticəsində taxılçılıq, kartofçuluq, üzümçülük, heyvandarlıq və digər sahələrdə uğurlar qazanılıb. Payızlıq əkin üçün 42750 hektar sahədə şum vurulub, 14760 ton toxum fondu yaradılıb. Gəlirli sahələr olan kartof və ciyələk istehsalının artırılmasına şərait yaradılıb, 67700 ton kartof, 2150 ton çiyələk istehsal olunub. Rayonda üzüm sahələri 1500 hektara çatdırılıb, 7250 ton məhsul yığılıb. Şərabçılığın inkişafı üçün tədbirlər görülüb. Rayon üzümçülük dayaq məntəqəsi üçün tikilən inzibati və yardımçı binalarda tamamlama işləri gedir. Kənd əməkçiləri həmçinin 1228 ton tərəvəz, 368 ton bostan bitkisi, 659 ton günəbaxan, 1381 ton meyvə istehsal ediblər.

Heyvandarlığın inkişafı məqsədilə mal-qaranın cins tərkibi yaxşılaşdırılıb, rayona lizinq yolu ilə cins inəklər gətirilib, süni mayalandırma yolu ilə 1252 baş bala alınıb. Heyvandarlığa göstərilən qayğı nəticəsində şəxsi və fermer təsərrüfatlarında mal-qaranın sayı 99332 başa, davarın sayı 122607 başa, quşların sayı isə 766107 başa çatdırılıb. Bu müddət ərzində 15472 ton ət, 72800 ton süd və 26 milyon 913 min ədəd yumurta istehsal edilib. Günəşli kəndindəki dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində taxılçılıq təsərrüfatı yaradılıb. Bundan əlavə, fizikihüquqi şəxslərin yaratdığı 5 toxumçuluq təsərrüfatı da tam gücü ilə fəaliyyətə başlayıb. Suvarma sisteminin yaxşılaşdırılması üçün 248,6 min kubmetr kanal lildən təmizlənib, 17716 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib.

Məruzəçi bildirdi ki, tikinti-quruculuq işləri xüsusilə geniş vüsət alıb. Bu il dövlət vəsaiti hesabına 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəblərinin tikintisi başa çatıb. Hazırda Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində ulu öndərin heykəlinin ucaldılacağı park, mədəniyyət mərkəzi, Muğan kəndində 2 min tonluq soyuducu kamera, İncilli kəndində 180 şagird yerlik məktəb və Cəlilabad şəhər məscidi ərazisində mərasim evi tikilir. Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar və Qarazəncir kəndləri ərazisindən keçən 15 kilometrlik hissəsində 34 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulur, vətəndaşlara məxsus 500-dən çox darvaza daha müasirləri ilə əvəz edilir. Yaxın günlərdə Kövüzbulaq kəndində 360 yerlik yeni məktəbin tikintisinə başlanacaq.

Cəlilabadda kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət yetirilir. Uzunluğu 74 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun 37 kilometrinə asfalt, 40 kilometrinə isə çınqıl döşənib. Bundan başqa, Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yolunun 11 kilometri, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunun 8,2 kilometri asfaltlaşdırılıb. Alar-Günəşli dairəvi avtomobil yolunun çəkilməsi nəzərdə tutulub. Əhalinin su təchizatının yaxşılaşdırılması üçün Cəlilabad şəhərinin 18 küçəsində su xətləri təmir olunub. Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına Cəlilabad şəhərində 68167 metr kanalizasiya, 66064 metr su xətti çəkilib, hazırda davam edir.

Doqquz ayda 585 yeni yeri açılıb, rayon məşğulluq mərkəzində qeydiyyata alınmış 407 nəfər işsizin 251-i daimi işlə təmin olunub. Bank filialları və kredit təşkilatları tərəfindən 13341 nəfər fizikihüquqi şəxsə 40 milyon 751 min manat, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 45 nəfərə 4 milyon 670 min manat məbləğində kredit verilib.

Payız-qış mövsümü ərəfəsində elektrik havaqaz xətləri əsaslı təmir edilib.

Bu il tam orta məktəbləri bitirmiş məzunların 317-si universitetlərə qəbul olunub ki, onların da 15-i 600-dən çox bal toplayıb. Sabirabad kənd 1 saylı tam orta məktəbin məzunu Əli Qasımov 680 bal topladığı üçün Prezident təqaüdünə layiq görülüb. Cəlilabad peşə liseyinin direktoru Etibar Sadıqova əməkdar müəllim, ŞamilHabil İsmayılov qardaşlarına əməkdar bədən tərbiyəsi və idman xadimi adları verilib. Rayonun səhiyyə işçiləri əhalinin sağlamlığına həmişə mühüm məsələ kimi baxırlar.

İdman uğurları da sanballı olub. Yunan-Roma güləşi üzrə Avropa yarışlarında İbrahim Nurullayev 1-ci, ağırlıqqaldırma üzrə Avropa çempionatında isə Coşğun Ağazadə 2-ci yerə layiq görülüb.

Əziz Əzizov sonra vətəndaş müraciətləri ilə bağlı vəziyyəti açıqlayaraq dedi ki, hesabat dövrü ərzində rayon icra hakimiyyəti başçısının aparatına 976 müraciət daxil olub. İcra başçısı tərəfindən aparatda keçirilən qəbullarda 183, yerlərdə keçirilən səyyar qəbullarda isə 214 nəfər qəbul edilib. Müraciətlərin əksəriyyəti müsbət həll olunub.

 Sonda məruzəçi qəti əminlik ifadə etdi ki, cəlilabadlılar görülmüş işlərlə kifayətlənməyəcək, uğurların sayını artıracaqlar.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.6.