Qardaş Türkiyə cümhuriyyətin növbəti

ildönümünü möhtəşəm uğurlarla qeyd etdi

 

Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Oktaybrın 29-da bütün türk dünyası üçün əlamətdar bir hadisə — Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü yüksək səviyyədə qeyd olundu. Qardaş ölkənin siyasi və hərbi rəhbərliyi cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbrini ziyarət etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə rəsmi qəbul keçirdi.

 

Cümhuriyyətin yarandığı 1923-cü il oktyabrın 29-dan bu günədək böyük tarixi yol keçən Türkiyə Avropanın ən qüdrətli ölkələrindən birinə çevrilmişdir. Qardaş ölkənin qüdrətli ordusu özünün döyüş qabilliyyəti, yüksək hazırlığı və say tərkibinə görə dünyanın süpergücü ABŞ-dan sonra NATO-da ikinci yeri tutur.

Türkiyə bölgədə sülhün, təhlükəsizliyin və tarazlığın qorunmasında mühüm rol oynayır. Rəsmi Ankara NATO-da və digər beynəlxalq təşkilatlarda əhəmiyyətli və strateji tərəfdaş kimi böyük nüfuza malikdir. Bu gün o, Avropa Birliyi yolunda qətiyyətlə irəliləyir, regional və qlobal məsələlərdə öz siyasi iradəsini diktə etməkdən çəkinmir, fəal, etbarlı tərəfdaş kimi dünyanın bütün ölkələri ilə əlaqələrini genişləndirir.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın əvəzsiz strateji müttəfiqi olan Türkiyə dünyanın ən güclü 16-cı iqtisadiyyatına malikdir. Hazırda ölkə Avropanın sənaye nəhənginə çevrilir. İxracat durmadan artır, iqtisadi yüksəliş sürətlə davam etdirilir. Vaxtilə cəmi 3 milyard ABŞ dolları həcmində olan ixracatın təxminən 10 faizi sənayenin payına düşürdüsə, bu gün 140 milyard dollara çatan ixracatın 95 faizdən çoxunu sənaye məhsulları təşkil edir. Aparılan araşdırmalara görə, Avropa ölkələrində istifadə olunan hər 4 sənaye məhsulundan biri Türkiyə istehsalıdır. Qardaş ölkənin iş adamları dünyanın əksər ölkələrinə sərmayə qoyur, şirkətlər qurur, fəaliyyətlərini genişləndirirlər. Türkiyə iş adamları fəallığı, təşəbbüskarlığı ilə dünya üzrə Çindən sonra ikinci yerdə qərarlaşıb.

Ölkənin karbohidrogen ehtiyatları, bəzi yeraltı sərvətləri olmasa da, iqtisadiyyatını daha da gücləndirmək üçün bütün imkanlar səfərbər edilmişdir. Kənd təsərrüfatının sürətlə inkişafı ilə birlikdə, məhsulların xarici ölkələrə ixracı da təmin edilmişdir. Xüsusilə turizm sektoru əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Belə ki, bu sahədə Türkiyəyə rəqib olan ölkələrin sayı artıq barmaqla sayılacaq qədər azdır. Ölkənin zəngin tarixi keçmişi, möhtəşəm tarixi mədəni abidələri, qədim şəhərləri, heyrətamiz təbiəti, yüksək infrastrukturu dünyanın bütün ölkələrindən turistləri bura cəlb edir. Son dövrlərdə görülən işlər nəticəsində turizm potensialı daha da güclənmişdir. Təsadüfi deyil ki, vaxtilə bu ölkəyə ildə cəmi 300 min turist gəlirdisə, bu il həmin rəqəm artıq 40 milyonu ötüb. Bu isə ölkə büdcəsinə bir sıra dövlətlər üçün  astronomik rəqəmlərlə ifadə olunan gəlirlər gətirməsinə səbəb olur. 

Türkiyə Cümhuriyyəti demokratik, hüquqi, dünyəvi dövlət kimi dövrün tələblərinə uyğun olaraq, bir sıra sahələrdə daim mühüm siyasi, iqtisadi sferanı əhatə edən islahatlar aparır, demokratikləşmə proseslərində öncüllüyünü qoruyur. Ölkə Prezidentinin birbaşa seçicilərin səsverməsi yolu ilə seçilməsi istiqamətində görülən işlər və bunun nəticəsində prezident seçkilərinin çox uğurla yekunlaşması da ölkənin demokratik nailiyyətlərindən biridir. Bu il avqustda baş tutan prezident seçkilərində cənab Rəcəb Tayyib Ərdoğan  seçicilərin əksəriyyətinin səsini qazanaraq cumhuriyyət tarixində ilk dəfə birbaşa səsvermə yolu ilə seçilən cumhurbaşkanı oldu. Bu, siyasi-idarəçilik sisteminin yeni tələblər çərçivəsində mərhələli şəkildə yenidən formalaşdırılmasını da gündəmə gətirmiş oldu. Önümüzdəki illərdə Türkiyə bu mərhələni də uğurla yekunlaşdıracaqdır.

Tarixə nəzər yetirdikdə görürük ki, türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk də məhz qüdrətli Türkiyənin var olması üçün çalışmış, siyasi-diplomatik, hərbi vasitələrdən faydalanaraq Türkiyə Cümhuriyyətini yaratmışdır.

1923-cü ildə yaradılan gənc türk dövlətinin çağdaş sivilizasiyaya qovuşması istiqamətində böyük işlər görülmüşdür. O dövrdə çağdaşlığı özündə əks etdirən bir sıra qanunlar qəbul edilmiş, elmin, mədəniyyətin inkişafına ciddi əhəmiyyət verilmişdi. Türk tarixini dərindən araşdıran və türk dilinin formalaşmasında xüsusi rol oynayan təşkilatlar yaradılmış, türk millətinin genefonduna dair elmi əsərlər hazırlanmışdır. Mədrəsələr ləğv olunaraq, yerinə müasir dünya standartlarına uyğun “Cümhuriyyət məktəbləri” açılmış, təlim-tədrisdə dünyəvi və milli əsaslar mənimsənilmişdir. Ərəb əlifbasından imtina edilərək latın qrafikasına keçilmişdir. Bu dəyişikliyin yaratdığı rezonans o qədər güclü olmuşdur ki, buna tarixdə “Hərf inqilabı” adı verilmişdir. Universitetlərdə təhsil müasirləşdirilmiş və tələblərə cavab verən müasir fakültələr yaradılmışdır. Miladi təqvimi qəbul edilmiş, türk qadınına seçmək və seçilmək hüququ verilmişdi. Gənc Türkiyə dövlətində bütün bu işləri xarizmatik lider, türk dünyasının dahi öndəri Mustafa Kamal Atatürk həyata keçirmişdi.  Türk xalqının Atatürkə olan sonsuz məhəbbətinin bir səbəbi də odur ki, Mustafa Kamalpaşa Türkiyənin xarici dövlətlərin müstəmləkəsinə çevrilməsinə imkan verməmişdi. Birinci dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı hökuməti 1918-ci il oktyabrın 30-da qalib Antanta dövlətləri ilə Mudros müqaviləsini imzalayaraq, Türkiyəni qeyd-şərtsiz həmin dövlətlərə təslim etmişdi. Ermənilər və yunanlar isə xarici ölkələrin təşviqi və köməyi ilə onun torpaqları hesabına dövlət qurmaq xülyasına düşmüşdülər. Yunan ordusu Anadolunun qərb bölgələrini işğal edirdi. Erməni hərbi birləşmələri isə Türkiyənin şərq əyalətlərində dünyada analoqu olmayan qətllər törədirdilər. Antanta dövlətləri də hərəsi bir istiqamətdən Anadoluya qoşun yeridirdi. Artıq ölkə ərazisinin əksəriyyətində xarici dövlətlərin bayraqları dalğalanırdı. Düşmən bütün bunları edərkən, unutmuşdu ki, türk millətinin azadlıq sevgisi, yurdsevərliyi, böyüklüyü və qətiyyəti bir gün sıyrılmış qılınc kimi onun başına enəcəkdir. Bunun üçün türk xalqının iradəsini əks etdirən, hər bir türkü ətrafında birləşdirən, onu mücadiləyə, savaşa ruhlandıran liderə ehtiyac var idi. Bu lider böyük öndər və sərkərdə Mustafa Kamal paşa oldu.

Mustafa Kamal paşa 1919-cu il mayın 19-da Samsuna gələrək, Anadolunun düşmən işğalından azad edilməsi üçün türk millətini səfərbər etməyə başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə Amasyadan bütün Anadoluya yayılan müraciətdə deyilirdi: “Vətənin bütövlüyü, millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yenə millətin əzmi və qərarı xilas edəcəkdir...” Bu çağırış artıq Anadoluda vüsət almağa başlayan milli azadlıq hərəkatını daha da alovlandırdı. 1919-cu il iyulun 23-də Atatürkün təşkilatçılığı ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl daşı sayılan Ərzurum Konqresi öz işinə başladı. Burada milli mücadilənin ilkin prinsipləri təyin olundu. 1920-ci il aprelin 23-də isə Ankarada Anadolunun hər tərəfindən gələn təmsilçilərdən ibarət Türkiyə Böyük Millət Məclisi (TBMM) öz işinə başladı. Mustafa Kamal milli iradəni təmsil edən bu məclisə və onun etimad etdiyi hökumətə başqan seçilərək, türk millətinin siyasi və hərbi liderinə çevrildi. Beləliklə, Türk Milli Qurtuluş Savaşı başlandı, düşmənlər diz çökdürüldü, ölkədən qovuldu.

1923-cü il iyulun 24-də Lozanna sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Türkiyə dövləti bütün dünya dövlətləri tərəfindən tanındı. Həmin il oktyabrın 29-da TBMM Anayasanın 1-ci maddəsinə dəyişiklik edərək, “Türkiyə dövlətinin hökumət formasının cümhuriyyət olduğunu” bəyan etdi. Elan edilən cümhuriyyətin ilk Cümhurbaşqanı da Mustafa Kamal Atatürk oldu. 1924-cü ildən etibarən keçirilən bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və xarici ölkələrdəki Türkiyə səfirliklərində və dost dövlətlərdə, o cümlədən Azərbaycanda qeyd edilir.

Azərbaycan - Türkiyə münasibətləri türk dünyasının iki böyük şəxsiyyətinin – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” kəlamları ilə həmahəng səslənir. Bu gün ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Türkiyə ilə ölkəmiz arasında mövcud münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində davam etdirilməsinin qarantıdır. Cümhuriyyətin yaranması münasibəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda Azərbaycanın dövlət başçısı bu həqiqəti bir daha ifadə edərək demişdir: “Türkiyə sürətli və dinamik inkişaf yolu keçərək bu gün dünya miqyasında aparıcı ölkələr sırasına çıxmış, nüfuzlu güc mərkəzinə çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP-Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək”.

 

İbrahim  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 30 oktyabr.- S.4.