Gənclər Siyasəti üzrə Birinci Qlobal

Forumun Bakıda keçirilməsi Azərbaycanın

beynəlxalq nüfuzunun etirafıdır

 

Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətimizin mühüm tərkib hissəsidir. Mübaliğəsiz demək mümkündür ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.  Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir  gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmaqdadır.

 

Azərbaycan okyabrın 28 – dən 30 – dək gənclərlə bağlı möhtəşəm tədbirə ev sahibliyi etdi. Birinci Qlobal Forumun ölkəmizdə təşkili bir daha sübut etdi ki, dövlətimizin artıq neçə ildir həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini verirlayiqli qiymətini alır. Bakı şəhərində Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun  keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və bu  göstərişdən irəli gələn hazırlıq işləri onu göstərdi ki, Azərbaycan rəsmi səviyyədə gənclərə qayğı göstərir və gənclərlə bağlı məsələlər onun üçün prioritet təşkil edir. Bundan əlavə,  I Qlobal Gənclər Forumunda Prezident İlham Əliyevin iştirakı və çıxışı qeyd edilən sahəyə ölkəmizdə birinci şəxs səviyyəsində diqqət yetirildiyini bir daha təsdiq etdi.  Açılışda BMT-nin baş katibinin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavi,  Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, BMT baş katibinin köməkçisi Maqdi Martinez-Soliman,  UNESCO-nun sosialhumanitar elmlər üzrə baş direktorunun köməkçisi Lalla Aişa Ben Barka, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç , Qlobal gənclər səfiri Bəşər Hobbi və gənclər hərəkatının nümayəndəsi Greyt Rios, habelə digər tanınmış ekspertlər çıxış edərək tədbirin dünya miqyaslı əhəmiyyətindən və gələcək faydalarından söhbət açdılar.  Natiqlər qeyd etdilər ki, gənclər siyasəti bir sıra ölkələrin dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Azərbaycanda gənclərlə bağlı proqramlar qəbul edilir və şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə insan kapitalının inkişafına önəm verilir.

Gənclər və İdman naziri Azad Rəhimov  qeyd etdi ki, ölkə əhalisinin 50 faizinin yaşının 29-dan aşağı olduğu Azərbaycan qlobal gənclər siyasətini daim dəstəkləyir. O bildirdi ki, Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün şərait yaradılır. BMT-nin baş katibi Pan Gi Mun  forum iştirakçılarına videomüraciətində Gənclər Siyasəti üzrə Birinci Qlobal Foruma ev sahibliyi etməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi: “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır”, - deyə baş katib qeyd etdi.

Xarici ekspertlər bildirdilər ki, gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının gənclər siyasətinin hazırlanması ilə bağlı ölkələrə müraciət olunmuşdur.  Dünya ölkələrinin dövlət büdcələrində və BMT-nin büdcəsində gənclər siyasətinin maliyyələşdirilməsi məsələsi əks olunmalıdır. Maqdi Martinez-Soliman bu sahədə Azərbaycandakı vəziyyətdən danışdı. O dedi: “Azərbaycan fəal şəkildə gənclər siyasəti proqramlarına qoşulur. Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir. Azərbaycan təbii resurslarından əldə etdiyi gəlirləri insan kapitalının inkişafına yönəldir”.

Qlobal forumda 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edirdi. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.

Azərbaycan dövlətinin gənclər siyasəti barədə söhbət açılarkən mütləq Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramlarını xüsusi qeyd etmək gərəkdir. Həmin proqramlar gənclər sektorunun birbaşa inkişafına yönəlmiş bir neçə mərhələli strategiyadır. Ötən bir neçə il  bu proqramlara Azərbaycan gəncliyinin nə qədər ehtiyacı olduğunu göstərdi. Azərbaycan Prezidenti forumda çıxış edərkən bu məsələyə toxunaraq bildir ki,  Azərbaycan üçün ən vacib prioritet istiqamətlərdən biri təhsildir: “Biz ölkədə, demək olar ki, yüz faiz savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda “Gənclər siyasəti haqqında” qanun var, həmçinin “Azərbaycan gəncliyi” adı altında iki Dövlət Proqramı qəbul edilibuğurla həyata keçirilir: “Bu yaxınlarda biz Gənclər Fondu yaratdıq və bu fonda dövlət büdcəsindən ayrılan vəsait gənclərin özlərini cəmiyyətdə göstərmələrinə kömək edir. Gənclər mədəniyyət, təhsil, sosial fəallıq, siyasi islahatlarla bağlı müxtəlif layihələrə cəlb olunublar”.

Dövlət başçımız Azərbaycanın beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq sayəsində bu sahədə daha böyük uğurlara nail ola biləcəyinə ümidini ifadə edərək qeyd edib ki, Azərbaycan hökuməti artıq bir neçə ildir ki, gənc nəsil üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il xaricdə ölkə gənclərinin təhsil almasına 40 milyon avroya yaxın vəsait yönəldilib: “Biz, həmçinin universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında daha çox əlaqələrin olmasını istəyirik. Biz belə siyasətin üstünlüyünü görürük, çünki bu gün Azərbaycanın gənc nəsli yeni, müasir, müstəqil ölkənin yaradılmasında fəal iştirak edir”.

Daha sonra Prezident İlham Əliyev çıxışında ölkənin müdafiə məsələlərinə toxunaraq qeyd etdi: “Təhlükəsizlik məsələlərinə gəldikdə, biz, həmçinin yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətənini qoruyur. Erməni təcavüzü zamanı əziyyət çəkmiş insanlarımızın əksər hissəsi gənc nəslin nümayəndələri olub... Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktiki baxımdan həll olunmayıb. Onun həlli beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində qalır.”

Prezident İlham Əliyev bildirdi ki, biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq. Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş digər ərazilərə qayıdacağıq. Beynəlxalq ictimaiyyət nəinki bu məsələ ilə əlaqədar, ümumiyyətlə, bizi qəti surətdə dəstəkləyir.

Geniş və məzmunlu çıxışında bütün siyasiiqtisadi uğurlarımıza toxunan dövlət başçısı bu nailiyyətlərdə gənclərin də payının olduğunu vurğuladı: “Fikrimcə, forum nəinki müzakirələr, o cümlədən, Azərbaycan haqqında çox şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı baxımından vacib olacaq. Ümid edirəm ki, bu günlər xatirinizdə qalacaq. Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamikmüasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq.”

Beləliklə, gənclərlə bağlı dövlət proqramlarının gerçəkləşdirilməsi  müasir gəncliyimizin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm töhfədir.

Azərbaycanda dövlət gənclər siyasətinin əsl mahiyyəti Bakı Forumunun timsalında bir daha istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə bir daha bəlli oldu. Gənclərimizin öz bilik və bacarıqlarını, təbii potensialını səmərəli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər bu tipli forumlarda müzakirə olunur, sistemləşdirilir və daha praqmatik formaya salınır.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 31 oktyabr.- S.1.