Azərbaycanın dünyaya mədəni

inteqrasiyası uğurla davam edir

 

Mədəniyyət siyasəti dövlətin  daxili və xarici  siyasətinin  qurulması və həyata keçirilməsi işində mühüm rol oynayan əsas vasitələrdən biridir.  Müstəqil Azərbaycan dövləti də yarandığı ilk vaxtlardan mədəniyyətə xüsusi diqqət yetirmiş, milli-mənəvi dəyərlərimizin qorunması,  inkişaf etdirilməsi, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata  keçirmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mədəniyyət  siyasəti yeni dövrə qədəm qoydu. Heydər Əliyev deyirdi: “Milli- mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

 

Doğrudur,  90-cı illərin əvvəllərindən Azərbaycanda başlayan siyası böhran mədəniyyət sahəsində islahatların keçirilməsini ləngitsə də, bu istiqamətdə müəyyən işlər görülürdü.  Mədəniyyət Nazirliyi bu sahənin dirçəldilməsi üçün yeni layihələr, proqramlar işləyib həyata keçirməyə  başladı. 2000-ci ilin avqust ayında  Mədəniyyət  Nazirliyi nəzdində mədəniyyət siyasəti şöbəsi yaradıldı. Əsas məqsəd milli mədəniyyətin nəzəri əsaslarının işlənib hazırlanması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın qurulması, xarici ölkələrin mədəni quruculuq sahəsində   təcrübələrinin öyrənilməsi və  s.  idi.

Bir müddət sonra ölkədə  mədəniyyət  siyasəti  elmi əsaslara söykənərək uğurla aparıldı. 2001-ci ilin sonlarında  Mədəniyyət Nazirliyi yaxın beş il üçün  “Azərbaycan mədəniyyətinin dövlət İnkişaf Proqramı”nı işləyib hazırladı. 2002-ci il oktyabrın  10-da  Avropa Şurasında Azərbaycan Respublikasının mədəniyyət siyasəti üzrə hazırladığı məruzə böyük maraqla dinlənildi. Burada milli-mənəvi dəyərlərimiz haqqında ilk dəfə  beynəlxalq təşkilatın tribunasından ətraflı məlumat verilirdi. Bu, Azərbaycan mədəniyyətinin  dünyaya inteqrasiyası yolunda ilk uğurlu addım idi.

Mədəniyyət siyasəti tədricən dövlətin prioritetlərindən birinə  çevrilməyə başladı. Avropa Şurasında edilən məruzədən sonra Azərbaycan mədəniyyətinin digər beynəlxalq təşkilatlarda da  təmsil olunması vacib məsələ idi. UNESCO  və İSESCO  ilə əlaqələrin  qurulması, sonralar bu əlaqələrin genişlənməsi milli mədəniyyətimizin dünyaya açılan pəncərəsi rolunu oynadı.

2003-cü ildən sonra yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin mədəniyyət sahəsində   başladığı islahatları uğurla davam etdirərək milli mədəniyyətimizin qorunması, təbliği istiqamətində  daha  böyük  nailiyyətlərə imza atdı. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar, bir sözlə, 2003-cü il də daxil olmaqla, 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir.

Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmuşdur.

Yeni mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi də nəzərdə tutulmuşdur, o cümlədən, respublika Prezidentinin sərəncamına əsasən onlara fərdi pensiyaların, dövlət mükafatlarının, fəxri adların, gənc yazarlara isə təqaüdlərin verilməsinə başlanmışdır. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli  şəkildə qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi də təqdirəlayiqdir.

Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq etməyə başlamışdır. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə həmin mərkəzin siyahısına daxil edilmişdir. Sonralar bu siyahı genişlənmiş, muğam, xalça, tar ifaçılığı, saz sənətləri, Çövkən oyunu, Novruz bayramı, Qobustan Qoruq-Muzey Kompleksi də UNESCO-nun Maddi və Qeyri- Maddi İrs  Siyahısına salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilmiş, mədəniyyət və turizm işçilərinin əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana işi, abidələrin qorunması sahələrində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, dövlət proqramları həyata  keçirilməyə başlamışdır.

2006-cı ildə struktur dəyişikliyi edildikdən sonra Mədəniyyət və Turizm Nazirliyi adlandırılan nazirlik dövlətlərarası müqavilələrə uyğun olaraq, Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir. Son  vaxtlar nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda, dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusilə böyük xidmətləri vardır. 

Bu gün mədəniyyət siyasətinin ən mühüm istiqamətlərindən biri millətlərarası və dinlərarası münasibətlərin düzgün qurulması məsələsidir. Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Cənab Prezidentin təşəbbüsü ilə  Bakıda keçirilən mədəniyyətlərarası dialoq və humanitar forumlar milli mədəniyyətimizi  dünyaya sürətli inteqrasiya yoluna çıxardı. Artıq Azərbaycan multikulturalizm mərkəzinə  çevrilmışdir. Bu günlər Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda  2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının  mübadilə görüşü  beynəlxalq mədəni əlaqələrimizin genişləndiyini bir daha təsdiq edir.

Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irsin bu gün də ölkədə qorunub saxlanması mədəniyyət siyasətinin prioritet istiqamətlərindəndir.

Tarixi inkişafın müasir mərhələsində mənşəcə Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan, inamlı addımlarla Qərbə doğru irəliləyən müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olduğundan, onun mədəniyyət siyasəti də bəşər mədəni sivilizasiya prosesinin tərkib hissəsidir.

Azərbaycan dünya mədəniyyətinə nadir incilər  bəxş etmiş ölkələrdəndir.  Bu gün həyata keçirilən məqsədyönlü, davamlı mədəniyyət siyasətimiz də Azərbaycanı dünya arenasına çıxarır və  ölkəmizin dünyaya mədəni inteqrasiya prosesi uğurla davam edir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 5 sentyabr.- S.5.