Moskvada XXVII beynəlxalq kitab sərgi-yarmarkası keçirilir

 

Azərbaycan da bu tədbirə qoşulan ölkələr sırasındadır

 

1987-ci ildən etibarən hər il keçirilən Moskva beynəlxalq kitab sərgi-yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur.

 

Hər il sərgidə çox sayda yerlixarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar təmsil olunur. Moskva sərgisində iştirak milli mədəniyyətimizin, sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir.

 

Sentyabrın 3-dən   açılan sərgi-yarmarkadakı milli stendə “Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdirilib, maraqlananlara ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır.

 

Sərgi çərçivəsində X beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib gəlmiş kitabları mükafatlandırma mərasimi keçiriləcək. Sərgi-yarmarka sentyabrın 7-dək davam edəcək.

 

 

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti”.- 2014.- 3 sentyabr.- S. 7.