Naxçıvan-Acarıstan: tarixin və taleyin qardaşlığı

 

İki muxtar respublikanın dostluq əlaqələri Azərbaycan-Gürcüstan

münasibətlərinin dərinləşməsinə sanballı töhfədir

 

Naxçıvana 2012-ci ilin dekabrında olmuş səfərimiz zamanı muxtar respublika ilə o vaxt yenicə qardaşlaşmış Acarıstana münasib bir vaxtda ezamiyyətə getmək arzumuz, nəhayət, bu ilin avqustunda gerçəkləşdi. Ötən müddətdə qəzetimiz iki qonşu ölkənin oxşar taleli muxtariyyəti arasında yeniləşmiş və möhkəmlənmiş əlaqələrin xronikasını ardıcıl olaraq oxuculara təqdim etmişdir. Bu yaxınlarda Naxxıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərlik etdiyi heyətin Acarıstana növbəti səfəri, yüksək səviyyəli görüslərdə faydalı dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı bir sıra razılaşmaların əldə olunması bu qardaşlığın sorağı ilə Bakı-  Batumi marşrutunda yola çıxmağımıza səbəb oldu.

 

Qorabişirən yay günlərində 500 kilometrlik yolu arxada qoyub Qazaxdakı “Sınıq körpü” sərhəd-gömrük məntəqəsini keçməklə Batumiyə olan yolumuzu yarıbayarı azaltdıq. Tbilisidə xalqımız üçün doğma və unudulmaz olan ünvanlara baş çəkib, gecələyəndən sonra Boryomi dərəsi ilə uzanan, Xaşuri aşırımı ilə davam edən, Potiyə doğru uzanan, çəkilişində Azərbaycan inşaatçılarının da fəal iştirak etdiyi İpək yolu ilə axşamtərəfi Qara dəniz sahillərinə yetişdik. Yol boyu tez- tez rastlaşdığımız ARDNŞ (SOCAR) yanacaq doldurma məntəqələrinə qürurla baxdıqdan, yol üstündə yerləşən Xobi rayonunun Çaladidi kəndində 28 il əvvəl 150-dək kənd sakinini daşqından xilas edərək qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, əsgər Rahib Məmmmədovun xatirə abidəsini kövrək bir düyğu ilə ziyarət etdikdən sonra dəniz kənarı ilə uzanan yolla Batumiyə səmt aldıq...

Vaxtilə keçmiş SSRİ-nin böyük istirahət zonalarından sayılan, indi də yay aylarında aşıb- daşan turistləri ilə diqqəti cəlb edən Kobaletiyə çatar-çatmaz heyrət dolu baxışlarımızı gah sağa, gah da sola yönəltməli oluruq. Bir tərəfdə adamların sahillərini hasarlaya bilmədiyi gömgöy Qara dənizin çırpıntısı adama gəl- gəl deyir, əks tərəfdə isə yol boyu ənginliklərə uzanan yamyaşıl, min illər əvvəl olduğu kimi “vəhşi” görkəmini qoruyub saxlayan qamışlıq və meşələrin əl- ələ verdiyi mənzərələrin gözəlliyindən adam qəribə bir ehtizaza gəlir. “Haradan, nədən başlayasan?” sualı da içimizdəki heyrətin hüdudsuzluğu önündə adi və yersiz görünür. Bu yerdə ulu tarixin yaxın və uzaq, soyuq və hərarətli, ən əsası, silinməz-pozulmaz səhifələri köməyimizə gəlir...

 

 Dünəndən qaynaqlanan doğmalıq

 

Tarixən, coğrafi baxımdan Qafqaz, Rusiya və Anadolu üçbucağında strateji əhəmiyyəti ilə seçilən Acarıstan əsrlər boyu iki böyük imperiyanın – Osmanlı dövlətinin və çar Rusiyasının hərbi-siyasi mübarizə meydanı olub. Acarıstanın muxtar respublika kimi XX əsrin əvvəllərində sovet Gürcüstanının tərkibində yaradılması isə bu mübarizənin yekununda mühüm tarixi-siyasi hadisədir. Acarıstan Muxtar Respublikası 1921-ci ildə Moskvada əldə edilmiş Türkiyə-Rusiya razılaşmasından sonra iyulun 16-da elan olunmuşdur.

Həmin il oktyabrın 13-də Türkiyənin  üç Cənubi Qafqaz sovet respublikası – Azərbaycan, Gürcüstan və Ermənistan ilə imzaladığı Qars müqaviləsinin maddəsinə əsasən, bu ölkənin Batumi şəhərini və limanını müəyyən şərtlərlə  Çürcüstana güzəştə getməsi, 7-9-cu maddələrdə  çar Rusiyanın mürəkkəbləşdirdiyi quru və su sərhədlərində razılığa gəlinməsi isə Acarıstanın  muxtariyyətinə Türkiyə dövlətinin mötəbər tarixi zəmanəti olmuşdur.Yeri gəlmişkən bildirək ki, Naxçıvanın Azərbaycanın tərkibində ərazi muxtariyyətini də həmin konfransda 4 qonşu dövlət tanımış və beləliklə, Naxçıvan və Acarıstan regiondakı ərazi mübahisələrinin yekununda tale qardaşları kimi doğulmuşlar.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra  Gürcüstanın müstəqillik əldə etməsi ilə Acarıstanın da  muxtar respublika kimi statusunu möhkəmləndirmişdir. Muxtar respublikaya sonrakı 23 il müddətində də başçılığı sovet dövrünün sonuncu rəhbəri Aslan Abaşidze həyata keçirmişdir. “Acarıstan aslanı” kimi ad çıxaran Abaşidzenin belə mürəkkəb etnik strukturu olan bölgəyə rəhbərliyi 2004-cü ilədək davam etmişdir. 1991- 1992-ci illərdən Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçmişdir. Lakin Acarıstandakı həddindən artıq mərkəzdənqaçma meyilləri Tbilisidə narazılıqla qarşılanmışdır. 2004-cü ildə Gürcüstan dövləti Batumiyə  qoşun göndərməklə orta əsrlərdən Acarıstanın idarə olunmasında mühüm rol oynamış Abaşidzelər nəslinin sonuncu nümayəndəsini hakimiyyətdən kənarlaşdırmışdır.

 2,9 min kvadratkilometr ərazisi, 400 min əhalisi olan bu kiçik diyarda 80-ə yaxın millətin nümayəndələri yaşayır. Əhalinin 60 faizi müsəlmanlar, qalanı xristianlar və başqa dinlərdən olanlardır. Bölgədə acarlardan əlavə, ruslar, ermənilər, belaruslar, ukraynalılar, yunanlar, hətta XIX əsrdə bura köçmüş zəncilər də məskunlaşıblar. Acarıstanda 5 minədək azərbaycanlı, 11 minə yaxın türk yaşayır.

 

Naxçıvan – Acarıstan dostluq əlaqələri

dövlətlərarası münasibətlər  fonunda

 

Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış və 70 il vahid İttifaq dövləti tərkibində möhkəmlənmiş qonşuluq- qardaşlıq əlaqələri müstəqillik dövründə birbaşa və ikitərəfli diplomatik  əlaqələrin qurulması ilə 18 noyabr 1992-ci ildən suveren dövlətlərin dostluğu və qardaşlığı məcrasına daxil olmuşdur. Dünyada ikiqütblü sistemin çökməsindən sonra formalaşmış siyasi vəziyyət iki qonşu ölkənin xarici siyasətdə milli maraqlarını uzlaşdırması, ortaq mövqelər sərgiləməsi ilə əlamətdar olmuş, Qafqaz bölgəsinin həlledici həmrəylik amilini gücləndirmişdir. Dövlət müstəqilliyinin başlanğıcından Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə yönəlmiş aqressiv separatizmlə üz-üzə qalma, etnik münaqişə və müharibəyə sürüklənmə  iki ölkəni daha da yaxınlaşdırmışdır.

Azərbaycan üçün bu arzuolunmaz tarixçə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqşəsinin maraqlı dairələrin köməyi ilə mürəkkəbləşdirilməsində və 20 faiz ərazimizin  işğal olunmasında, 1 milyon soydaşımızın qaçqın-köçkünə çevrilməsində, Gürcüstan üçün isə Abxaziya və Cənubi Osetiya üzərində nəzarətin itirilməsində və sonradan bu qondarma respublikaları Rusiyanın  tanınmasında əksini tapmışdır. Bütün bunlar ona gətirib çıxartmışdır ki, hər iki ölkə bir çox hallarda beynəlxalq arenada bir-biri ilə razılaşdırılmış xarici siyasət yürütməli olur. Bunlardan başqa, regionda formalaşmış geosiyasi vəziyyət və qüvvələr balansının bölünməsi də Azərbaycan və Gürcüstanın ortaq maraqlarını müəyyən edən amillərdir. Türkiyə və Avropa ölkələri  ilə yaxından əməkdaşlıq, NATO və Avropa İttifaqına inteqrasiya, enerji təhlükəsizliyi məsələlərində mövqelərin üst-üstə düşməsi isə hər iki dövlətin siyasətində ortaq məqamları gücləndirir.

Tarixi köklər, oxşar problemlər və ortaq maraqlarla bərabər, regionda geosiyasi vəziyyət də ölkələrimiz arasında geniş əməkdaşlığa zəmin yaratmışdır.  Müstəqil və Qərbyönümlü Gürcüstanın mövcudluğu Azərbaycanın Qərblə enerji layihələrində strateji alternativi formalaşdırır. Məhz suveren Gürcüstanın vasitəsilə Azərbaycan Şərq- Qərb dəhlizinə qoşula bilmiş və onun imkanlarından fəal istifadə edir. Digər tərəfdən, Azərbaycan Gürcüstanın özünün də enerji təhlükəsizliyini təmin edir. Hətta 2008-ci ilin avqust böhranından sonra  təzyiqlərə baxmayaraq, Azərbaycan Gürcüstana nəql olunan qazı dayandırmamışdır. Müstəqil və Avropanın enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycanın olması isə Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyaya əlavə təminat yaradır. Göründüyü kimi, iki  qonşu ölkənin milli maraqları bir-biri ilə o qədər sıx çulğaşmışdır ki, birinin uğursuzluğu digərinin də maraqlarına mənfi təsir edəcək qədər güclüdür.

Cənubi Qafqazda son zamanlar diqqətçəkən məsələlərdən biri Türkiyənin regionda gedən proseslərdə fəal iştirakıdır.  Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı istər iqtisadi, istərsə də siyasi baxımdan önəmini artırmaqdadır. 3 ölkə arasında son 10 ildə əməkdaşlığın  sürətli inkişafı qarşılıqlı faydalanmanın miqyasını da genişləndirməkdədir. Qardaş və strateji tərəfdaş olan Azərbaycan və Türkiyə son illərdə Gürcüstanın simasında özlərinə etibarlı tərəfdaş tapıblar. Qərb-Şərq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən Gürcüstan Azərbaycanın enerji resurlarının Türkiyəyə   Avropa ölkələrinə daşınmasında başlıca tranzit ölkədir. Bakı- Tbilisi- Qars dəmir yolu xətti, Bakı- Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri iki ölkənin xarici aləmə inteqrasiyasını genişləndirməklə yanaşı, həm də onların iqtisadi potensialını hərəkətə gətirməkdə əhəmiyyətlidir.

Gürcüstan Bakı- Tbilisi- Ceyhan neft kəmərinin ərazisindən keçməsinə görə ildə 50 milyon dollar tranzit haqqı alır. Bundan başqa, Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın bir hissəsini Gücrüstan güzəştli qiymətlərlə ( hər min kubmetrinə görə 135 dollar ödəməklə) əldə edir. 2008-ci ilin yanvarında Gürcüstan ərazisinin bir çox hissəsini işıqsız və qazsız qoyan texniki qəza baş verəndə sərt iqlim şəraiti ilə seçilən qonşu dövlət yalnız Azərbaycanın təmənnasız yardımı ilə  enerji ilə təmin olunmuşdu. Sabiq Prezident Mixail Saakaşvili bu hadisəni sonralar xatırlayaraq gürcü xalqının bu qardaşlıq yardımını heç zaman unutmayacağını söyləmişdi.

Bu strateji və davamlı regional əməkdaşlığın davamı olaraq Azərbaycan- Türkiyə- Gürcüstan münasibətlərinə daha bir regional layihə- Azərbaycanın “Şahdəniz- 2” yatağındakı qazının Avropa ölkələrinə daşınmasını nəzərə tutan TANAP  mühüm töhfə olacaqdır. 2017- 2018-ci illərdə gerçəkləşdiriləcək bu mühüm layihə Avropa bazarında Azərbaycanı  böyük enerji ixracatçısına çevirməklə yanaşı, həm də çox nəhəng energetika və nəqliyyat layihələrinin yaradılmasında Azərbaycan, Türkiyə və Gürcüstan ittifaqının önəmli rolunun qəti və birmənalı təsdiqi olacaqdır.

İqtisadi sahədə belə regional əmkdaşlıq Azərbaycan və Türkiyə şirkətlərinin Gürcüstanda genişmiqyaslı  təmsil olunması ilə də seçilir. Azərbaycan Dövlət Neft Şirkətinin qonşu Qafqaz ölkəsində 100-dən artıq yanacaqdoldurma məntəqəsi fəaliyyətdədir. Daha bir neçəsinin tikintisi isə  davam edir. Azərbaycanın biznes adamları Gürcüstanda turizm sahəsinə böyük investisiyalar yatırmaqdadırlar. Təkcə 2013-cü ildə Gürcüstanda 1 milyondan artıq Azərbaycan vətəndaşı səfərdə olub. Türkiyə şirkətləri, xüsusən, Acarıstan Muxtar Respublikasında müxtəlif yönlərdə yüz milyonlarla dollarlıq investisiya layihələri həyata keçirirlər.

Mixail Saakaşvili dönəmindən başlayaraq Gürcüstanın yeni seçilmiş prezidentləri xarici siyasətin prioritetinə uyğun  ilk olaraq Azərbaycana və Türkiyəyə səfər edirlər. Bu ənənəni hazırkı Prezident Georgi Marqelaşvili də pozmadı.  2012-ci il iyunun 8-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun (indiki baş nazir), Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun və Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenin imzaladıqları “Trabzon bəyannaməsi” diplomatik məkanda da tərəflərin vahid xətt üzrə hərəkətini təsdiq etdi.  Bu ilin martında Azərbaycanın Gəncə şəhərində baş tutmuş görüşü siyasi üçlüyün birliyinin növbəti ifadəsi idi.   Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq təşkilatlarda – ATƏT, Avropa Şurası Parlament Assambleyası və BMT Baş Assambleyasında vahid mövqedən çıxış edirlər. Xüsusən, dövlətlərin ərazi bütövlüyü prinsipləri ilə bağlı səsvermələrdə 3 dövlət eyni iradə nümayiş etdirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə ilə sıx əlaqələrin həyati önəm daşıdığı Gürcüstanda 2011-ci ildə qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizlə münasibətlər “strateji tərəfdaşlıq” kimi qiymətləndirilmiş, Türkiyə isə əsas  tərəfdaş və regionun lideri kimi qəbul olunmuşdur. Bu ilin avqustunda   bizim Acarıstanda olduğumuz günlərdə Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü isə dostluqdan hərbi müttəfiqliyə doğru atılan mühüm addım sayıla bilər.

Bu gün Azərbaycan və Gürcüstan müstəqil dövlətlərdir. Şübhəsiz ki, hər bir müstəqil dövlətin milli maraqları vardır. Hər bir dövlət daxili və xarici siyasətini, ilk  növbədə, bu prinsiplərə əsaslanaraq qurur. Xalqlarımızın milli maraqları isə tarix boyu üst-üstə düşmüşdür. Bütün bunları nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ildə Gürcüstana ilk rəsmi səfəri zamanı qardaşlığımızın daha da dərinləşməsi istiqamətində tarixi addımlar atmış, Azərbaycan-Gürcüstan birliyinin yeni əsasını qoymuşdur. Müasir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz daha da dərinləşmiş, strateci xarakter almışdır. Bu gün Gürcüstan və Azərbaycanı  qlobal enerji, nəqliyyat və kommunikasiya layihələri birləşdirir. Xalqlarımız və dövlətlərimiz arasında əlaqələr təkcə iqtisadi münasibətlərlə məhdudlaşmır, regional və beynəlxalq münasibətlərdə də Azərbaycan və Gürcüstan bir-birinin  yanındadır.

 Gürcüstan ilə Azərbaycanı, hər şeydən əvvəl, tarixi əlaqələr birləşdirir.  Ulu babalarımız yaxın qonşuluq və möhkəm dostluq şəraitində yaşamışlar. Xalqlarımızın tarixin müxtəlif dövrlərində eyni dövlətlərin tərkibində olması, oxşar talelər yaşaması mədəni dəyərlərdə də ortaqlıq yaratmışdır. Tiflis Şərq mədəniyyətinin təsiri altında həm də azərbaycanlıların şəhəri kimi dövrümüzə qovuşmuşdur. Müasir Tbilisi Borçalı Gürcüstana qatılandan sonra bu ölkənin vətəndaşı olmuş yarım milyondan artıq soydaşımızın da paytaxt şəhəri sayılır.

Bu münasibətlər zaman- zaman bədii ədəbiyyatda da salnamələşmişdir. Azərbaycan xalqının “Koroğlu” qəhrəmanlıq dastanındakı Gürcüoğlu obrazı sadiq dostluğumuzun, mübarizə meydanında daim bir yerdə olmağımızın  təcəssümüdür. Hər şeydən uca məhəbbəti yüksək bədii həqiqət kimi əks etdirən dünyaca məşhur “Əli və Nino” romanı azərbaycanlı oğlanla gürcü qızın timsalında hər iki xalqa bəşəri sevgi qazandırır. Hələ VII əsrdə isə gürcü şairi Sabanidze milli qəhrəmanımız Babəkin azadlıq uğrunda mübarizəsini rəğbətlə tərənnüm etmişdir. Nizami Gəncəvi Gürcüstanın barlı-bərəkətli torpağını, cəsur oğullarını dostlq duyğuları ilə vəsf etmişdir. Şota Rustaveli “Pələng dərisi geymiş pəhləvan” əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərindən bəhs etmişdir.

Ötən əsrin əvvəllərində maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı Tbilisidə “Şərqi-Rus” qəzetini, böyük ədib Cəlil Məmmədquluzadə isə məşhur “Molla Nəsrəddin” jurnalını nəşr etdirməkdə gürcü xalqının xeyirxah münasibətindən faydalanmışlar. Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Tbilisi rəssamlıq məktəbindən pərvazlanmışdır. İstiqlal şairi Əhməd Cavad Batumidə qəzetçilik fəaliyyəti göstərmiş, taleyini acar qızı Şükriyyə xanımla ortaqlaşdırmışdır. Müsəlman acarlar Bakıya və azərbaycanlılara həmişə xüsusi bir doğmalıq göstərmiş, mədəni- dini ortaqlıqdan faydalanmışlar.

Qafqazın ən qədim və aborigen xalqları olan azərbaycanlılar və gürcülər bütün tarix boyu həmişə bir yerdə olmuş, öz etnik xüsusiyyətlərini və milli ənənələrini qoruyub saxlamışlar. Bu tarixi missiya müstəqillik uğrunda mübarizə tariximizə də öz təsirini göstərmiş, hər iki xalq oxşar siyasi taleləri yaşamışdır. 1918-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə həm Gürcüstan, həm də Azərbaycan xalqları ilk demokratik respublikalarını elan etmişlər. Bundan az sonra, 1921-ci ildə imzalanmış tarixi Moskva və Qars müqavilələrinə əsasən, Gürcüstanın muxtar qurumu olan Acarıstan Muxtar Respublikası və Azərbaycanın muxtar qurumu olan Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Heç şübhəsiz ki, bu fonda Naxçıvan-Acarıstan münasibətlərinin ortaya çıxması da təkcə taleyin  yox, həm də tarixin hökmüdür.

 

Namiq QƏDİMOĞLU,

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

Bakı-Tbilisi-Batumi

 

Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.6.