Azərbaycanın maliyyə resursları artır

 

Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycanın böyük maliyyə resursları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə edilmişdir. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının  Prezidenti

 

Yüksək inkişaf sürəti götürmüş Azərbaycan iqtisadiyyatı bu gün yeni strateji vəzifələri uğurla həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşıb. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Azərbaycanda yeni iş yerləri açılır, regionların sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Ölkədə dinamik artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün istifadə olunması şəraitində manatın daha yüksək templə bahalaşmasına yol verilmir. Məzənnənin sabitliyi makroiqtisadi və maliyyə sabitliyinə, habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir edən mühüm amillərdən biri kimi diqqət mərkəzində saxlanılır. Öz sabitliyini qoruyan Azərbaycan manatı hazırda regionun ən etibarlı valyutasıdır və sərhədyanı ticarətdə fəal istifadə edilir.

 

Proqnozlara görə, Azərbaycanda bu il iqtisadi artım tempi dünya və MDB üzrə orta artım tempini 2-2,5 faiz üstələyəcək. Daxili investisiya fəallığının formalaşmasında dövlət investisiyaları mühüm rol oynayacaq. Məşğulluğun yüksəlməsi, əhalinin real gəlirlərinin artması və istehlak kreditləri ölkədə istehlak tələbatının müsbət dinamikasına dəstək olacaq.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycanın böyük maliyyə resursları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə edilmişdir. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək”.

Azərbaycanın maliyyə imkanlarının artması təbii ki, sosial məsələlərin həllinə də öz müsbət təsirini göstərmişdir. Ölkə başçısı bununla bağlı sözügedən iclasda bir sıra rəqəmləri diqqətə çatdırmışdır. Dövlətimizin başçısı orta əməkhaqqının hazırda  440 manat və ya 560 dollar təşkil etməsini, hesabat dövründə sosial infrastruktur layihələrinin uğurla reallaşdırılmasını, 80-dən çox təhsil müəssisəsinin, 40-dan çox səhiyyə ocağının təmir olunduğunu vurğulamışdır.

Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmişdir və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.

Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur.

Son illərdə müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması da məhz Azərbaycanın maliyyə qüdrətinin güclənməsinin nəticəsidir. Bu isə ölkəmizin xarici ticarətinin coğrafiyasının genişlənməsinə, onun əmtəə strukturunun təkmilləşməsinə öz müsbət təsirini göstərmişdir. Xatırladaq ki, son 10 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft məhsulları ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artmışdır.

Azərbaycanın maliyyə imkanları genişləndikcə xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunması da geniş vüsət alır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəldilmişdir.

Yeri gəlmişkən, 1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitin 35 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Qeyri-neft sektoruna yatırılan investisiyanın  26 faizi Türkiyənin, 16 faizi Böyük Britaniyanın, 12 faizi isə ABŞ-ın payına düşür. Ümumilikdə isə Azərbaycanda əsas kapitala Böyük Britaniya 18 milyard, ABŞ 7 milyard, Yaponiya 4 milyard dollar vəsait yatırmışdır.

Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin 36 faizi (2464) Türkiyənin, 8,3 faizi (570) Rusiyanın, 7,8 faizi (541) Böyük Britaniyanın yatırdığı investisiyalar hesabına yaradılmışdır. Həmin şirkət və müəssisələr Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər. Məsələn, Türkiyə şirkətləri müqavilə dəyəri 10,4 milyard ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiya şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunmuşlar.

Əldə edilən bu uğurlarla kifayətlənməyən Azərbaycan hökuməti ölkə iqtisadiyyatına  xarici investisiya axınını artırmaq məqsədilə  bir sıra tədbirləri reallaşdırmağa çalışır. Belə ki, hökumət ölkənin qeyri-neft sektoruna xarici investisiya qoyuluşlarını artırmaq məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlayır. Bu, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə də öz ifadəsini tapmışdır. Sənəddə həmçinin xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə edən, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sisteminin gücləndirilməsi də nəzərdə tutulmuşdur.

İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusi vurğulamışdır ki, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik. Büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın.

Azərbaycan dövləti artıq iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Sevindirici haldır ki, Azərbaycan həm də dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınmağa başlamışdır. Davamlı iqtisadi inkişaf və maliyyə imkanlarının artması nəticəsində Azərbaycan investisiya ixracatçısına çevrilmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimizin fəaliyyəti genişlənmişdir. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrin reallaşdırılmasında də fəal iştirak edir.  Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında  çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev  demişdir: “Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır. Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir”.

Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına  ən çox sərmayə yatıran ölkədir. Bu, müstəqil Azərbaycan dövlətinin qardaş  Türkiyənin inkişafına verdiyi dəstəyin ən yaxşı göstəricisidir. Artıq ARDNŞ Türkiyə iqtisadiyyatında ən böyük və birbaşa sərmayəçidir. Bu sərmayə çərçivəsində “PETKİM”in satın alınması, liman tikintiləri, TANAP  layihəsi və “Star” neftayırma zavodunun inşasına indiyədək  5,7 milyard dollar vəsait sərf olunub. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2011-ci il oktyabrın 25-də təməli qoyulmuş “Star” neft emalı zavodunun illik istehsal gücü 10 milyon ton  olacaq. Ümumilikdə 23 bank və  kredit qurumu tərəfindən “Star” Rafineri layihəsinə ayrılan 3 milyard 290 milyon dollar kredit beynəlxalq maliyyə bazarlarında Azərbaycana və Türkiyəyə, o cümlədən ARDNŞ-ə  göstərilən böyük etimaddır. “Star” Rafinerin tikintisinin maliyyələşdirilməsi kreditin miqdarına və qaytarılma müddətinə görə Türkiyənin bu vaxtadək aldığı ən böyük və ən uzunmüddətli kredit paketidir.

Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələri daha da  genişləndirmiş, ulu öndərin dəqiq hədəflərə hesablanmış siyasəti bütün parametrləri ilə özünü doğrultmuşdur. Heydər Əliyev  böyük uzaqgörənliklə etibarlı tərəfdaş olaraq Türkiyəni seçmiş, ölkələrimiz arasında ortaq işbirliyi strategiyasının müəyyən edilməsinə qəti qərar vermişdir. Neft sahəsindən əldə olunan gəlirlərdən səmərəli istifadə edilməsi hər iki ölkədə iqtisadiyyatın hərtərəfli inkişafı üçün geniş imkanlar açmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri təkcə Azərbaycan xalqının yox, bu layihələrdən bəhrələnən və gələcəkdə onların faydasını görəcək yüz milyonlarla insanın firavan həyatının qurulmasını təmin edəcəkdir.

Ölkə  Prezidenti cənab  İlham Əliyevin işləyib hazırladığı inkişaf strategiyası nəticəsində son 10 ildə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəlişi bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir.

Digər mühüm bir məsələ isə əldə olunan maliyyə resurslarının bir hissəsini insan kapitalının inkişafına yönəltməkdir. Dünya İqtisadi Forumunun  hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə etdiyi uğurların öz əksini tapması ölkəmizdə sözügedən sahədə həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Belə ki, son illərdə  respublikamızda  neft kapitalının insan kapitalına  çevrilməsi istiqamətində   böyük layihələrin uğurla reallaşdırılması informasiya-kommunikasiya  texnologiyalarının   inkişafına da müsbət təsir göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.

Heç şübhəsiz, belə layihələrin reallaşdırılması həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, onun maliyyə imkanlarını artırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanı regionda əsl güc mərkəzinə çevirir.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.3.