Naxçıvan – Acarıstan: tarixin və taleyin qardaşlığı

 

İki muxtar respublikanın dostluq əlaqələri Azərbaycan –

Gürcüstan münasibətlərinin dərinləşməsinə samballı töhfədir

 

(əvvəli qəzetimizi 7 sentyabr 2014-cü il sayında)

 

Ölkələrimiz, eləcə də hər iki muxtar respublika arasındakı əlaqələrin inkişafının  əhəmiyyəti ilbəil artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Acarıstan Muxtar Respublikası rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin dəfələrlə Naxçıvana və Batumiyə qarşılıqlı səfərləri, keçirilən görüşlər və gerçəkləşdirilən tədbirlər son 2 ildə əlaqələrin daha da genişlənməsində mühüm rol oynamışdır.  Hazırda Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələr bir sıra yönlərdə uğurla inkişaf edir. Təhsil, səhiyyə, nəqliyyat-ticarət və digər sahələrdəki səmərəli əməkdaşlığın mühüm əhəmiyyəti var. Bu baxımdan Naxçıvan rəhbərliyinin Acarıstana növbəti səfəri hər iki tərəf üçün faydalı əməkdaşlığın  potensialını tam hərəkətə gətirmək baxımından dəyərlidir.

 

“Əlaqələrimizin böyük potensialı var”

 

Acarıstana bu ilin iyulunda olmuş son səfərində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublika rəhbərliyi adından Acarıstan əhalisinə, bütün gürcü xalqına ən xoş arzularını çatdıraraq demişdir: “Əsası 2012-ci ildə qoyulmuş əlaqələrimizin hazırkı səviyyəsi bizdə məmnunluq doğurur. 2012-ci ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olmuş, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanmışdır. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələrimiz əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir.

İnkişaf edən əlaqələrin nəticəsi olaraq, muxtar respublikanın sahibkarlıq subyektləri Acarıstan Muxtar Respublikasının iqtisadiyyatına birbaşa investisiya qoyuluşunda iştirak edirlər. Elm və təhsil müəssisələrimiz arasındakı əlaqələr də böyük potensiala malikdir. Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən, qarşılıqlı tələbə və elmi informasiya mübadiləsi həyata keçirilir. Bizim əlaqələrimiz qardaşlıq əlaqəsidir. Bizim əlaqələrimiz hər iki tərəfin insanlarını daha da yaxınlaşdırmaq və onlara xidmət əlaqəsidir".

Bir sıra iri transmilli layihələrin və Avropa – Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarından olan Acarıstan Muxtar Respublikası 6 bölgəyə ayrılır. Burada, əsasən, yüngül   yerli sənaye, neftayırma, ağır sənaye obyektləri, sitrus meyvələr kombinatı və digər istehsal müəssisələri fəaliyyət göstərir. Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi Cənubi Qafqaz dəmir yolunun və Bakı – Batumi neft boru xəttinin qurtardığı əhəmiyyətli liman şəhəri və ticarət mərkəzidir. Batumi limanı Qara dənizdə neft məhsulları daşıyan 80 min tonluq tankerləri qəbul etmək gücündədir. Bölgənin əlverişli coğrafi mövqeyi və dənizlərə çıxışının olması burada istehsal və xidmət sektorunun, turizmin, yüngül sənayenin inkişafını şərtləndirir.

Naxçıvanlıları hərarətlə salamlayan və “Naxçıvanla Batumi, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi üçün yaxşı əsaslar vardır. Bütün bunlar əlaqələrimizin daha da dərinləşməsinə imkan verəcəkdir”,- deyən Acarıstan Muxtar Respublikasının hökumət başçısı Levan Varşalomidze  Azərbaycan— Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi qardaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsində səylərin daha da artırılacağını önəmli məsələ hesab etmişdir.

Bu görüşlərdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi və məqsədəuyğunluğu diqqət mərkəzində olmaqla, həm də əməkdaşlığı dərinləşdirməyin günümüzün tələb və reallıqlarından doğduğu vurğulanmışdır. Mədəniyyət, turizm, kütləvi informasiya orqanları, təhsil sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olması gələcəkdə Naxçıvan – Batumi avtobus və təyyarə reyslərinin açılması təlabatını yaradır, iş adamları arasında əlaqələrin genişləndirilməsinə meydan açır.  

 Acarıstan Muxtar Respublikası nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı burada fəaliyyət göstərən  Gəmiqaya” mebel fabriki  ilə tanışlığından sonra  müəssisənin Tbilisi və Batumi şəhərlərində  satış mərkəzlərini yaratmaq qərara alındı. Xatırladaq ki, müasir modeldə bütün növ mebel avadanlığının istehsalı üzrə ixtisaslaşmış həmin fabrikin Naxçıvan şəhərində satış mağazası, Bakı, Ordubad şəhərlərində və Goranboy rayonunda da satış üzrə filialları mövcuddur. Naxçıvanın mebel məhsulları  Bellissa” əmtəə nişanı ilə satışa çıxarılır.

Batumidə açılan və ən önəmlisi də inşası Azərbaycan sərmayəsi ilə həyata keçirilən “Divan suites Batumi” bu gün şəhərin ən qonaq- qaralı otellərindən hesab edilir. Bir neçə aydır ki, Köhnə Batumi ərazisində fəaliyyətə başlayan bu otel hava limanından 10 dəqiqəlik, şəhər mərkəzindən 5 dəqiqəlik məsafədə yerləşir. Oteldən alış-veriş mərkəzlərinə və tarixi yerlərə də getmək çox rahatdır. Batumi Bulvarı, Batumi Botanıka Bağı, Acarıstan Dövlət Muzeyi, “Nobel qardaşları” muzeyi və s. kimi məşhür ünvanlar bu sıradadır.  Oteldə 65 qonaq otağı var, burada iş və səyahət məqsədilə gələn hər bir qonağın rahatlığı təmin edlir. Konfransların keçirilməsi də mümkündür. Bunun üçün iki konfrans zalı və lazım olan müasir texniki avadanlıq var. Həftənin yeddi günü fəaliyyətdə olan “Divan rub” restoranı isə, qonaqlara azərbaycan, gürcü, türk və dünya mətbəxinin çeşidli yeməklərini təqdim edir. Bundan başqa, oteldə “Divan suites Batumi spa” mərkəzində müştərilərə kosmetika seçimlərindən tutmuş masaj otaqları, buxar hamamı, sauna və türk hamamınadək geniş xidmətlər göstərilir.

Biz Batumi şəhərində olarkən – avqustun 23-də Gürcüstanın Naxçıvan Muxtar Respublikasında müalicə olunacaq astma xəstəliyindən əziyyət çəkən aztəminatlı ailələrdən olan uşaqlar qardaş diyara təntənə ilə yola salınırdı. Mərasimdə Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov  çıxış edərək bildirdi ki,  Azərbaycan və Gürcüstan, eyni zamanda, Naxçıvan və Acarıstan arasında əlaqələrin inkişafı cəmiyyətə  faydalarını verməkdədir. Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Acarıstan Muxtar Respublikasına səfəri çərçivəsində digər məsələlərlə yanaşı, astma xəstəliyindən əziyyət çəkən acar uşaqların Naxçıvanda müalicə almaları razılaşdırılmışdı. Azərbaycan diplomatı bu müalicənin artıq üçüncü dəfə təşkil olunduğunu da qeyd etdi. Səhiyyə Nazirliyinin məlumatına istinad edən baş konsul vurğuladı ki, müalicə alan uşaqların səhhətində ciddi irəliləyiş var. Baş konsul onu da dedi ki, Naxçıvandan isə sağlamlıq imkanları məhdud olan uşaqlar Batumidə yeni açılmış reabilitasiya mərkəzində müalicə olunmaq və istirahət etmək üçün Qara dəniz sahillərinə gəlmişlər.

Tədbirdə Acarıstan Muxtar Respublikasının səhiyyə və sosial müdafiə naziri Nuqzar Surmanidze astma xəstəliyindən əziyyət çəkən uşaqların Naxçıvanda müalicə aldıqdan sonra dərman preparatlarından istifadə etmədiklərini söylədi. O, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə, bu işdə əməyi olan insanlara və “Gəmiqaya Holding”ə təşəkkürünü bildirdi. Nazir Naxçıvandan gəlmiş sağlamlıq imkanları məhdud olan uşaqların Batumi şəhərində müalicəsindən danışdı, onlara yüksək səviyyədə qayğı göstərildiyini qeyd etdi.

Türkiyə ilə Gürcüstan arasında yeganə sərhəd-gömrük məntəqəsi “Sarp” ilə tanışlığımız da xoş təəsürat yaratdı. Məntəqə 1988-ci ildən fəaliyyət göstərir. Qara dəniz sahilində yerləşən bu keçid mühüm əhəmiyyətə malik olmaqla bərabər, həm də iqtisadi-mədəni əlaqələrin inkişafında özünəməxsus rol oynayır. Burada keçidləri göstərən nişanlar avtomatik sistemlə işləyir. Bu da hərəkətin daha rahat tənzimlənməsinə şərait yaradır. Batumi İnvestisiya Agentliyindən, Biznes Mərkəzindən və Kobuleti Azad Turizm Zonasından aldığımız məlumatlar da bizdə maraq doğurdu.

Xarici sərmayələr üçün geniş imkanlar açan və onların reklamını həyata keçirən Batumi İnvestisiya Agentliyi xarici sərmayədarların fəaliyyətini əlaqələndirir. Agentlik 2011-ci ildə yaradılmışdır. Məqsəd xarici sərmayədarlara Batuminin potensial imkanlarını tanıtmaq, onların dövlət rəsmiləri və istehsalçılarla görüşlərini təşkil etmək, məlumat və informasiya dəstəyi göstərmək, mövcud qanunlar, vergi və tariflərlə bağlı sərmayədarları vaxtlı-vaxtında məlumatlandırmaqdır.

Kobuleti Azad Turizm Zonası isə Gürcüstanın önəmli turizm mərkəzlərindən biridir. Acarıstan Muxtar Respublikasının eyniadlı rayonunun mərkəzi olan Kobuleti şəhəri Qara dənizin sahilində yerləşir. Regionun iqtisadiyyatında turizm mühüm yer tutur. İllik temperatur göstəricisi müsbət 14, yanvar ayında ən aşağı temperatur göstəricisi isə müsbət 6 dərəcədir. Mülayim iqlimə malik olan bölgədə sahil və çimərlik turizmi, ekoturizm geniş yayılmışdır. Azad turizm zonası statusuna malik olması isə buraya dünyanın böyük turizm şirkətləri tərəfindən sərmayə qoyuluşunu artırmış, yeni otel və istirahət zonalarının yaradılmasına əlverişli şərait yaratmışdır.

Azərbaycan – Gürcüstan iqtisadi əlaqələrinin böyük tarixi var. Göründüyü kimi, onun kökləri bu gün daha da dərinləşmiş, dostluğumuz və qardaşlığımız strateji xarakter almışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vahid coğrafi məkanda xalqlarımızın sıx birliyinin hava və su qədər vacib olduğunu nəzərə çatdıraraq demişdir: “Kür çayı həmişə Gürcüstandan axıbdır. Bundan sonra da axaraq gəlib Xəzər dənizinə töküləcəkdir. Azərbaycan nefti də neft kəməri ilə Gürcüstana, Gürcüstan ərazisindən isə Qara dənizə axacaqdır”.

 

Universitetlər körpüsü

 

Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlıq  Naxçıvan – Acarıstan dostluq münasibətlərinin öyünclü nümunəsidir. Aparılan qarşılıqlı tələbə və elmi informasiya mübadiləsinin ilkin uğurlu nəticələri ali təhsil ocaqları arasındakı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyir. Şota Rustaveli adına Batumi Dövlət Universiteti Gürcüstanın nüfuzlu ali təhsil ocaqlarındandır. Şəhərin yaraşıqlı tarixi ünvanlarından olan bu binada əvvəllər kişi gimnaziyası olub. Deyilənə görə, ötən əsrin əvvəllərində Batumidə həbs olunan İosif Cuqaşvili (Stalin) burada saxlanırmış. 1935-ci ildə burada yaradılan pedaqoji institut müstəqillik illərində universitetə çevrilib.

Universitetdə indi Gürcüstanın hər yerindən və xaricdən 6 minə yaxın tələbə təhsil alır, 250-yə yaxın müəllim çalışır. Ali məktəbdə səkkiz fakültə var: riyaziyyat və kompüter elmləri, sosial elmlər, biznes və hüquq, humanitar elmlər, təbiət elmləri, tibb, mühəndis texnologiyaları, pedaqoji, kənd təsərrüfatı. Hələ iki il əvvəl Naxçıvan Dövlət Universiteti və Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında əməkdaşlıq və əlaqələrin inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.

Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze bizi öz kabinetində səmimi salamlayandan sonra bildirdi ki, həmin sənəd imzalanandan dərhal sonra – 2012-2013-cü tədris ilinin birinci semestrində Naxçıvan Dövlət Universitetinin 4 tələbəsi Batumi Dövlət Universitetində təhsil almışdır. Bu il isə Batumi Dövlət Universitetinin 4 tələbəsi bir semestr təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmişdir. Azərbaycanda, o cümlədən Naxçıvanda səfərdə olan keçmiş prezident Mixeil Saakaşvili universitetin yerli və xarici tələbələri ilə, o cümlədən Gürcüstandan olan tələbələrlə söhbət etmiş, onlara uğurlar arzulamışdır. 

 Müsahibimiz sözünə davam edərək qeyd edir ki, Naxçıvan və Batumi universitetləri arasında əməkdaşlıq barədə müqavilə bizim gələcək əməkdaşlığımızın uğurlu başlanğıcı oldu. Buydan sonra Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Levan Varşalomidzenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin fəaliyyəti ilə tanış oldu. O zaman biz NDU tələbələrinin rəsmlərindən ibarət sərgiyə   hazırladıqları konsert proqramına tamaşa etdik. Bu əyani tanışlıq zamanı  yaxından başa düşdük ki, əlaqələrimizin inkişafı xalqlarımız arasındakı dostluğa əvəzsiz töhfə olacaq.

Rektor xeyli vaxtdır dostluq etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Naxçıvan Dövlət Universitetinin keçmiş rektoru İsa Həbibbəylinin adını böyük məhəbbət hissləri ilə çəkdi və onun bugünkü uğurlarına sevindiyini bildirdi.

Naxçıvan MR barədə zəngin təəssüratını bizimlə həvəslə bölüşən cənab Bakuridze dedi:

– Düzünü desəm, mən Naxçıvanın uğurlarına mat qaldım. Blokadada yaşayasan və sürətlə inkişaf edəsən – Naxçıvan əhalisi bunu bacarıb. Naxçıvan haqqında əvvəllər də çox eşitmişdim. Lakin, öz gözlərimlə gördüm və çox şadam ki, bütün bunlar, həqiqətən, baş verir. Çoxillik blokada şəraitində yaşayan bir məmləkətdə bu uğurları qazanmaq əsl möcüzədir. Bizim Naxçıvan görüşümüzdə iki muxtar respublikanın paytaxtları arasında hava nəqliyyatının açılması planlaşdırıldı. Ümid edirik ki, tezliklə Batumi və Naxçıvan arasında uçuşlar başlanacaq və bu bizim xalqlarımız arasında münasibət yaranmasına geniş imkanlar verəcək.

Acarıstanın nümayəndə heyəti ilə etdiyim o səfərdə Naxçıvanın görməli yerləri ilə də tanış olduq. Naxçıvan Dövlət Xalça Muzeyi və Rəsm Qalereyasını gəzdik, Xan sarayında və bir sıra tarixi yerlərdə olduq. Bu gün Naxçıvan avropasayağı yenidən tikilir, bənzərsiz bir şəhərə çevrilir. Ən ucqar kənddə də şəhər rahatlıqları yaradılır. Muxtar respublikada müasir iqtisadiyyat qurulur. Bizə dedilər ki, Naxçıvan neçə ildir ki, əksər mallara təlabatını yerli istehsalla ödəyir. Bu, əsl hünərdir.

 

(ardı var)

 

Namiq QƏDİMOĞLU,

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 

Bakı–Tbilisi–Batumi

Xalq qəzeti.- 2014.- 10 sentyabr.- S.6.