Uzunömürlülərin yaradıcılıq festivalı

 

Ölkəmizdə ilk dəfə olaraq Lerikdə Mədəniyyət və Turizm Nazirliyinin  rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülərin yaradıcılıq festivalı keçirilib. Festivalda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənəti ustaları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

RelaxTurizm və İstirahət Mərkəzində keçirilən festivaldan öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları və digər rəsmilər iştirakçı rayonların tədbirə qatılan 150-yə yaxın uzunömürlü sakini ilə görüşərək söhbət etdilər. Qonaqlar uzunömürlü soydaşlarımıza həsr olunmuş foto, rəsm və kitab sərgiləri, həmçinin xalq tətbiqi sənəti nümunələri ilə tanış oldular.

Uzunömürlülərin yaradıcılıq festivalı çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Milli Kulinariya Mərkəzinin birgə təşkil etdikləri plov müsabiqəsi keçirildi. Müsabiqədə iştirakçı rayonların hər biri üç növ plov nümayiş etdirdi. Münsiflər heyətinin qərarı ilə Salyan, Lənkəran və Astara rayonları müvafiq olaraq mükafatalayiq yerləri tutdular. Fərdi yarışlarda isə Məhəmmədsadıq Ləkipur (Lerik), Lətifə Hüseynova (Masallı) və Minaxanım Yusifova (Cəlilabad) fərqləndilər. Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim edildi.

Mərasimdə həmçinin Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova, festivalın sponsorları - “RelaxTurizm və İstirahət Mərkəzinin, “Azərsun Holdinq ” şirkətlər qrupunun, “Milleniumturizm və “Sektor” şirkətlərinin nümayəndələrinə diplomlar verildi.

Açıq konsert zalında davam etdirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov dağlar diyarının uzunömürlü insanların yaşadığı bölgə kimi məşhur olmasını, burada respublikada yeganə olan “Uzunömürlülər” muzeyinin fəaliyyət göstərdiyini söylədiregionun turizm potensialının gücləndirilməsində bu festivalın böyük önəm daşıdığını bildirdi.

Festivalda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lerik rayonuna səfəri ilə bağlı videoçarx, uzunömürlülər barədə lentə alınmış “Nəvəmin nəvəsinin nəvəsi” bədii filmi, “Salnamə” studiyasında ekranlaşdırılmış “Əsrə sığmayan həyat” sənədli filmi nümayiş etdirildi.

Sonra respublikanın mədəniyyət və incəsənət ustaları, festival iştirakçıları olan rayonların folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər. Mahnı və muğamlar, aşıq musiqisi, rəqslər təqdim olundu. Xalq artistləri Canəli Əkbərovun, Teymur Mustafayevin, Natəvan Şeyxovanın, Valeh Kərimovun, əməkdar artistlər Zakir Əliyevin, Səbuhi İbayevin, eləcə də yaşı 70-dən yuxarı olan yaradıcı insanların, o cümlədən Lerik rayonunun “Rəfti”, Astaranın “Əvəsor”, Lənkəranın “Nənələr”, Masallının “Halayfolklor kollektivlərinin çıxışları hərarətlə qarşılandı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media təmsilçilərinə müsahibəsində bildirdi ki, Azərbaycanda uzunömürlülərin yaradıcılıq festivalının təşkili gözəl təşəbbüsdür. Tədbirə ucqar rayonların da yaşlı nümayəndələri həvəslə gəliblər. Festival qocaman iştirakçıların öz istedad və bacarıqlarını nümayiş etdirmələri üçün çox gözəl fürsətdir. Gələcəkdə belə festivalların keçirilməsi ənənə şəklini alacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 12 sentyabr.- S.8.