15 Sentyabr - Türkiyə və Azərbaycan

qardaşlığının zəfər günü

 

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik”  kəlamı tarixin bütün dövrlərində öz təsdiqini tapmışdır. Əsrlər boyu iki qardaş xalq arasındakı sevgi hissləri tükənməmiş, əksinə gün keçdikcə artmış, güclənmişdir. 1918-ci il sentyabrın 15-də Bakının düşməndən azad olunması da dediklərimizi təsdiq edən əsaslı faktlardan biridir.

 

XX əsrin əvvəllərində Türkiyə və Azərbaycana düşmən kəsilən qüvvələr hər iki xalqı minbir bəlalara düçar etmək üçün bu dəfə ermənilərdən “dəyənək” kimi istifadə etməyə qərar verdilər. Onları hər cür silah-sursatla təmin edərək, Anadoluda qətliamlar törətməyə “həvəsləndirdilər”. Nəticədə minlərlə türk-müsəlman vəhşicəsinə qətlə yetirildi, yandırıldı, işgəncələrə məruz qaldı. Oxşar hadisələr 1918-ci ildə qardaş Azərbaycanda cərəyan etdi. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda kütləvi qətliamlar törətdilər.

Görünən o idi ki, 1918-ci ildə yenicə öz müstəqilliyini qazanan Azərbaycanı yenidən əsarətə salmaq istəyən qüvvələr yenə də ermənilərdən istifadə edirdilər. Lakin həmin qüvvələr Azərbaycan-Türkiyə birliyini, həmrəyliyini nəzərə almamışdılar. Bəlkə də bunu nəzərə almamaqdaya əhəmiyyətsiz hesab etməkdə haqlı idilər. Çünki I Dünya savaşında eyni vaxtda dörd cəbhədə müharibə aparan, daxilində ciddi problemlərlə qarşılaşan Türkiyənin hərbi-siyasi və maliyyə vəziyyəti olduqca ağır idi. Ölkənin Antanta dövlətləri tərəfindən işğala məruz qalması təhlükəsi isə hər gün bir az daha artırdı. Amma bir məsələ diqqətdən kənar qalmışdı: Türkiyə və Azərbaycanın qardaşlıq hissləri bütün maneələri dəf etməyə qadir idi.

1918-ci il iyunun 4-də Cənubi Qafqazda yaranmış müstəqil demokratik respublikalar Osmanlı imperiyası ilə “Sülhdostluq” haqqında müqavilə imzalayıblar. On bir bənddən ibarət olan müqavilə beynəlxalq diplomatiyanın prinsiplərinə və təcrübəsinə əsaslanmaqla gənc Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyinin qorunması baxımından çox dəyərli idi. Onun dördüncü maddəsi Azərbaycanda dövlətin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və daxildə siyasi sabitliyi, əmin-amanlığı etibarlı şəkildə qorumaq baxımından xüsusilə əhəmiyyətli idi. Müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti “qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək” məqsədilə Azərbaycana hərbi yardım edəcəyini öhdəsinə götürürdü.

Müstəqillik yolunda ilk addımlarını atmaqda olan AXC-nin beynəlxalq vəziyyəti gərgin idi. Dünya müharibəsi ərəfəsində və onun gedişində Azərbaycan imperialist dövlətlərin işğalçılıq planlarında mühüm yer tuturdu. Neft Bakısına şəriksiz sahib olmaq uğrunda RSFSR, AlmaniyaBöyük Britaniyanın maraqları kəskin toqquşurdu. Rusiya ilə Almaniya arasında gizli sövdələşmələr gedirdi. Belə bir vəziyyətdə Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda rus-erməni hərbi birləşmələri tərəfindən türklərə qarşı kütləvi soyqırımı həyata keçirildi. Gəncə isə növbəti hədəf seçilmişdi. Gəncənin tutulması Azərbaycan istiqlaliyyətinin sonu demək idi. Ona görə də AXC Milli Şurasının sədri M.Ə. Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski Azərbaycana yardım göstərilməsi haqqında Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar apardılar. M. Ə. Rəsulzadə İstanbulda Osmanlı imperiyasının hərbiyyə naziri Ənvər paşa ilə görüşərək ondan hərbi kömək istədi. Lakin AXC-yə hərbi yardımın göstərilməsi o qədər də asan məsələ deyildi. Hər şeydən öncə, Azərbaycana göndəriləcək Türk Ordusunun maddi-texniki təminatı çox baha başa gələcəkdi. Azərbaycan isə maliyyə böhranı keçirirdi. Qeyd etdiyimiz kimi, Türkiyə də bu cəhətdən çətin vəziyyətdə idi.

Ciddi maneələrə baxmayaraq, Ənvər paşa başçılıq etdiyi Müdafiə Nazirliyinin hesabından Azərbaycana 2 milyon türk lirəsi məbləğində maliyyə yardımı göstərdi. Həmçinin ögey qardaşı general-mayor Ferik Nuru paşanı düşmənə qarşı döyüşəcək Qafqaz İslam Ordusunu təşkil etmək məqsədilə Gəncəyə göndərdi. Qafqazda türk qoşunlarının komandanı öz qərargahı və 300 nəfər əsgər və zabitin müşayiəti ilə Təbrizdən çıxıb Qarabağdan keçərək Gəncəyə gəldi. Əhali türk ordusunu duz-çörəklə qarşıladı. Onun ardınca mayın sonları və iyunun əvvəllərində xilaskar Türk Ordusunun yeni hissələri Gəncəyə gəldi.

Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşa 1918-ci il iyunun 19-da hərbi əməliyyata başçılıq etmək üçün xüsusi qatarla cəbhəyə gəldi. Hələ bundan əvvəl Gəncəni tutmağa tələsən daşnak qoşunları həmin il iyunun 10-da dəmir yolu xətti boyunca Gəncə istiqamətində hücuma keçdi. Onların məqsədi Qafqaz İslam Ordusunu qabaqlamaqmümkün qədər şəhəri tez ələ keçirmək idi. Daşnak ordusu iyunun 12-də Kürdəmiri ələ keçirdikdən sonra irəliləyərək, ayın 16-18-də Müsüslü stansiyası yaxınlığında Türk Ordusu ilə şiddətli döyüşlər apardı. Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verən döyüş xüsusilə şiddətli idi. Döyüşlər, əsasən, Qaraməryəm-Ağsu şosesi və Müsüslü-Kürdəmir dəmir yolu ətrafında gedirdi. İyunun 27-dən iyulun 1-dək 4 gün ərzində Göyçay yaxınlığında gedən qanlı döyüşlərdə Türk Ordusu düşmənə ağır zərbələr endirməklə strateji və hərbi üstünlüyü tamamilə ələ aldı. Düşmən qoşunlarının hücumu dayandırıldı. Türk Ordusu müdafiə döyüşlərindən əks-hücuma keçdi. Aldıqları zərbədən özünə gələ bilməyən düşmən ordusu Qaraməryəm kəndinə doğru geri çəkilməyə məcbur oldu. Müdaxiləçilərin məğlubiyyəti ciddi nəticələrə səbəb oldu. Qafqaz İslam Ordusunun bu tarixi qələbəsi müharibənin sonrakı gedişinə güclü təsir göstərdi. Bundan sonra düşmən bir daha özünə gələ bilmədi. Bu arada Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycan korpusu yaradıldı.

Müxtəlif bölgələrdə uğurlu hərbi əməliyyatlar aparıldı. Artıq Qafqaz İslam Ordusu Bakıya yaxınlaşmışdı. S.Şaumyanın rəhbərlik etdiyi Bakı komissarları istefa verdikdən sonra avqustun 1-də hakimiyyəti ələ keçirən Sentrokaspi diktaturası Bakını əldə saxlamağa çalışırdı. Bunun üçün İrandakı ingilis qoşunları komandanlığı ilə görüşərək onlardan hərbi kömək almağa nail olmuşdular. Avqustun 4-də ingilis qoşunlarının bir hissəsi Bakıya gəlməyə başladı.

Mövcud hərbi-siyasi vəziyyət Bakının tez bir zamanda işğaldan qurtarılmasını tələb edirdi. Vaxt itirmək olmazdı. Buna görə də Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu şiddətli top atəşinin köməyi ilə 1918-ci il avqustun 5-də Bakıya hücuma keçdi. Erməni, rus və ingilislərdən ibarət hərbi birləşmələr Bakını əldə saxlamaq üçün bütün hazırlıqlarını görmüşdülər. Ona görə də Qafqaz İslam Ordusu güclü müqavimətlə qarşılaşdı. Ancaq türk qoşunlarının getdikcə şiddətlənən hücumu bu müqaviməti qırdı. Strateji mövqeyə malik bəzi yüksəklikləri ələ keçirdilər. Düşmən Sallaqxana və qəbiristanlığa doğru dağınıq şəkildə geri çəkilməyə başladı. Birinci müdafiə xəttinin dağıdılması Bakının azad olunmasını xeyli asanlaşdırmışdı. Lakin hücum üçün kifayət qədər top mərmisi yox idi. Hücuma keçən piyadalara artilleriyanın dəstək atəşləri getdikcə azalmış və günortadan sonra tamamilə kəsilmişdi. Bundan istifadə edən düşmən artilleriyası və pulemyotçuları öndəki dəstələri şiddətli atəşə tutdular. Türk qoşunları geri çəkilməyə məcbur oldular. Ordunun yenidən hücuma keçməsi üçün həm əlavə köməyə, həm də cəbbəxana təminatına ehtiyac var idi.

Azərbaycana köməyə gələn qoşunların geri çəkilməsindən narahat olan əhali əsgərlərin ruh yüksəkliyini artırmaq və onları daha da cəsarətləndirmək üçün avqustun 10-da Qafqaz İslam Ordusuna müraciətnamə göndərmişdi. Həmin müraciətdə deyilir: “Bakı deyilən milyonmilyardlar şəhərinin qapıları önündə günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Türk Ordusuna! Bu gözəl könül qapısı şəhərini əgər zəbt etməsəniz, türkünordusunun şərəfini indi içində bulunduğunuz xəndəklərə göməcəksiniz. Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili böyük Vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız...”  Nuru paşa Osmanlı qoşunlarının qüvvətləndirilməsi və yeni yaranmış Azərbaycan Milli Ordusunun formalaşdırılması məqsədi ilə 1918-ci il avqustun 13-də əmr verdi. Bu əmrə əsasən ordu quruculuğu işlərinin tənzim və idarə olunması Qafqaz İslam Ordusuna həvalə olundu. Bakı ətrafındakı kəndlərin əhalisi səfərbər edildi. İkinci Bakı hücumunda şəhəri tamamilə xilas etməyi planlaşdıran Nuru paşa Şərq orduları qrupundan da yardım istədi. Sentyabrın 9-da Süleyman İzzət bəyin komandanlığı ilə göndərilən kömək dəstələri Qafqaz İslam Ordusu ilə birləşdi.

Düşmən də müdafiəni gücləndirmək məqsədi ilə lazımi hazırlıq görürdü.

 General Denstervilin komandanlığındakı 3 piyada taburundan ibarət 39-cu briqada 1918-ci il avqustun 7-də gəmi ilə Bakıya gətirildi. Hələ də Bakını əlində saxlayan düşmənlər əli silah tutan hər kəsi zorla müdafiə dəstələrinə aparırdılar. Beləliklə, Bakının xilasına gələn Qafqaz İslam Ordusuna qarşı 10 min əsgər səfərbər olunmuşdu. Bütün bunları nəzərə alan Nuru paşa şəhərə müxtəlif yerlərdən hücum edilməsini qərarlaşdırdı. Hücumda 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına polkovnik-leytenant İzzət bəy, Cənub qrupu dəstələrinə polkovnik Cəmil Cahid bəy, Cənub qrupunun tərkibindəki azərbaycanlılardan ibarət 4-cü alaya isə polkovnik-leytenant Halim Pertev bəy komandanlıq edirdi. Bakı cəbhəsində 8 min Osmanlı və 6 min Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurmağa hazır idi.

Sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Şərq orduları qrupu komandanı Xəlil paşa cəbhə xəttini nəzərdən keçirdilər. 1918-ci il sentyabrın 14-də gecə hücum əmri verildi. Bakının müdafiə xəttini yarmaq üçün 5-ci Qafqaz diviziyası qərbdən hücuma keçdi. Qısa müddət ərzində düşmənin birinciikinci müdafiə xətləri yarıldı. Sallaqxana və “Salyanski kazarmadan hücuma keçməyə hazırlaşan düşmən artilleriya zərbələri ilə darmadağın edildi. Hücumun əsas qəhrəmanı olan 56-cı alay Bakının strateji yüksəkliklərini ələ keçirərək, dağınıq halda qaçan erməni, rusingilis əsgərlərini şəhərə doğru sıxışdırdı. Onlar Qırmızı düşərgədə müqavimət göstərməyə çalışsalar da burada da davam gətirə bilmədilər. 13-cü alayın qəbiristanlıq mövqeyini ələ keçirməsindən sonra sahildəki gəmilərə tərəf qaçan işğalçı hərbi dəstələr top atəşi ilə darmadağın edildilər. Artıq, axşama doğru şəhərin qərbindəki məhəllələr düşməndən azad edilmişdi. 5-ci Qafqaz diviziyasının hücumuna paralel olaraq, şəhərin şimal tərəfindən 15-ci piyada diviziyasının hücumu Biləcəri təpələrinin alınması ilə nəticələndi. Azərbaycanlılardan ibarət dəstələr Sabunçu mövqeyini ələ keçirdilər. Düşmən çarəsizlikdən şəhərə sığınmışdı. Küçə döyüşlərində çox itki verməmək məqsədi ilə sentyabrın 14-də axşam hücum dayandırıldı. Artilleriya isə gecə boyunca şəhərdəki hərbi mövqeləri atəşə tutdu.

Sentyabrın 14-də axşam Bakını müdafiə edən qoşun komandirlərinin çoxu gəmilərdə qaçıb gizlənmişdi. Sentrokaspi diktaturasının böyük ümid bəslədiyi 39-cu ingilis briqadası da həmin axşam gəmilərlə Ənzəliyə yollanmışdı. Məqsədinə nail olmayan general Denstervil vəzifəsindən azad edilmiş, yerinə general Tomson təyin olunmuşdu. Bu əsnada S.Şaumyan onun adamlarının olduğuTürkməngəmisi Bakıdan ayrılaraq Krasnovodskiyə yön almışdı.

Sentyabrın 15-i səhərə yaxın hücuma keçən 13-cü 56-cı alaylar şəhərə daxil olmağa başladılar. Şimal cəbhəsində 38-ci və 107-ci alayların hücumları nəticəsində düşmənin müdafiə xətti dağıdılmışdı. Molokankənd və Qaraşəhər ələ keçirilmiş, küçə döyüşləri başlamışdı. Azərbaycanlılardan ibarət dəstələr Keşlə stansiyasını və Zığ dağını azad etdilər. Sentyabrın 15-i günortaya qədər davam edən əməliyyat nəticəsində erməni və rusların müqaviməti tamamilə qırıldı və təslim olmaqdan başqa çarələri qalmadı. Sentyabrın 15-də Bakıdan 5-ci Qafqaz diviziyasının qərargahına gələn iki nəfərlik heyət şəhərin təslim olunduğunu bildirdi. Sentyabrın 16-da səhər Qırmızı Qışla adlanan yerdə (indiki Mətbuat prospektindən keçən ərazi) Qafqaz İslam Ordusunun rəsmi keçidi oldu. Rəsmi keçiddə Nuru paşa, Xəlil paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin bir sıra üzvləri iştirak edirdilər. Bundan sonra adları çəkilən şəxslər, qonaqlarqoşun hissələri şəhərə daxil oldular. Bütün xalq küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib qoşunlarını salamlayırdı. Nuru paşa Hürriyyət meydanına (indiki Sahil bağı) toplaşmış xalq qarşısında geniş nitq söyləyərək, Bakıda nəzarətin Azərbaycan Xalq Cümhuriyyətinə verildiyini bildirdi.

Beləliklə, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bolşevik-daşnak ittifaqının törətdiyi dəhşətli cinayətlərin qarşısını aldı. Bakını həqiqi sahiblərinə qaytardı. Azərbaycan dövlətçiliyi xilas edildi. Tarix sübut etdi ki, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bölgədə əmin-amanlığın təminatı üçün vacib amildir.

 

İbrahim KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.4.