Ağsaqqal sözünün siqləti

 

Azərbaycanın dəyərli ziyalılarından olan Hacı Cabir Xəlifəzadənin növbəti kitabı - “Sözün qüdrətilə şeirin sehri” bu yaxınlarda “Zərdabi LTD MMC” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Cabir Xəlifəzadə 20-dək bədii, elmi-kütləvi, eləcə də kulinariya, sağlamlıq haqqında kitabların, yüzlərlə məqalənin müəllifidir.

 

Ömrünün 80-ci zirvəsini fəth etməkdə olan Cabir müəllim fəaliyyətinin təqribən 60 ilini xalqımızın qədim və zəngin mədəniyyətinin çox mühüm tərkib hissəsi olan milli mətbəximizin tarixini elmi şəkildə araşdırıb öyrənilməsinə, unudulmuş təamlarımızın üzə çıxarılmasına, onların gələcək nəsillər üçün qorunub saxlanılmasına, inkişaf etdirilməsinə, bütün dünyada təbliğinə, kulinariya maarifinin genişləndirilməsinə, habelə insanlara sağlam həyat tərzi, səmərəli qidalanmaq, süfrə mədəniyyəti və etiketi vərdişlərinin aşılanmasına həsr etmişdir. Bu mənada onu Azərbaycan kulinariya tarixinin ilk araşdırıcısı, dünya səviyyəsində ilk təbliğatçısı, cığıraçanı hesab etmək olar. Onun qələminin məhsulu olan 10-dək fundamental kitab məhz həmin məqsədlərə xidmət edir. Cabir müəllim bu əsərlərin bir çoxunu ingilisrus dillərinə tərcümə etdirib, onların təmənnasız olaraq dünyanın müxtəlif ölkələrində yayılmasına nail olub.

Cabir Xəlifəzadənin bu əsərləri dünyanın bir sıra məşhurlarının şəxsi kitabxanasında saxlanılır. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev ölkəmizin ABŞ-da səfiri olarkən Cabir Xəlifəzadənin “Azərbaycan mətbəxinin sirləri” kitabını bəzi görkəmli insanlara hədiyyə göndərir. Onların səfir H.Paşayevə ünvanladığı minnətdarlıq məktublarından ikisini təqdim edirik. Məşhur siyasi xadim Henri Kissincer 24 iyul 2004-cü il tarixli məktubunda yazır: “Hörmətli cənab səfir! Mənə “Azərbaycan mətbəxinin sirləri” (“The secrets of the Azerbaijan Cuisine”) kitabının göndərilməsi Sizin tərəfinizdən çox böyük lütfkarlıqdır. Xanımım Nensi və mən müxtəlif ölkələrin ənənəvi kulinariyalarına böyük maraq göstəririk. Bu kitab dünyanın müxtəlif regionlarının kulinariyalarına həsr etdiyimiz kolleksiyamız üçün qiymətli hədiyyədir. Mən bu xoş hədiyyə üçün Sizə təşəkkür edirəm. Ümid edirəm ki, Siz mənim təşəkkürümü və yüksək qiymətimi kitabın müəllifi Hacı Cabir Xəlifəzadəyə yetirəcəksiniz”.

“Hörmətli Hafiz! Kulinariyaya aid bu cür gözəl kitaba görə çox sağ olun. Bundan sonra mənim evimdə yalnız nəfis, orijinal Azərbaycan mətbəxi olacaq. Hörmətlə, Zbiqnev Bzejinski”.

Cabir müəllim ali təhsilli peşəkar kulinardır, öz sahəsinin bilicisidir. Lakin onun fəaliyyətini kulinariya ilə məhdudlaşdırmaq da olmaz. O, geniş dünyagörüşünə, zəngin həyat təcrübəsinə, ensiklopedik biliyə sahib olan müdrik ağsaqqaldır. Azərbaycan Yazıçılar BirliyininNatavanklubunda onun 75 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə xalq şairi Fikrət Qoca dedi ki, Azərbaycan xalqı heç vaxt şair-yazıçı sarıdan korluq çəkməyib, amma müdrik ağsaqqala, yolgöstərənə həmişə ehtiyac duyub. Hacı Cabir belə müdrik kişilərdəndir.

Cabir Xəlifəzadə yeni kitabı ilə oxucuların görüşünə özünün poeziyası ilə gəlmişdir. Kitaba xalq şairi Fikrət Qoca rəy vermişdir. Redaktor şair-publisist Nazim Tapdıqoğlu “Son söz əvəzi”ndə yazır: “Həmişə duyğulu görünən sakit təbiətli, ucaboylu, dağ vüqarlı Cabir müəllimin özünəməxsus ağır tərpənişi, şirin danışığı var. Bu şirinlik onun poeziyasına da hopub. OnunSözün qüdrətilə şeirin sehri” kitabında toplanan şeirlərində Tanrıya, Haqqa, mənəviyyata, kamilliyə, vətənpərvərliyə və s. aid olan düşüncələri öz əksini tapmışdır. Hər bir şeiri gördüyü, şahidi olduğu, eşitdiyi real hadisələrlə bağlı yaranmışdır. O, öz dərdlərini dünyanın dərdlərinə qarışdırıb yazır”.

Sevimli anası Əzizə xanım Cəfər qızının 110 illik yubileyinə həsr etdiyi kitabda müəllifin Vətən, ana, həyat, təbiət, milli-mənəvi dəyərlər, sevgi, gözəllik, inam, inanc, sözün siqləti... barədə poetik düşüncələri yer alıb. Şair qəlbindəki bütöv Azərbaycan sevgisini sanki Vətənin ayrı-ayrı bölgələrinə, şəhərlərinə – Bakıya, Şəkiyə, Şuşaya, Şamaxıya, Gəncəyə, Naxçıvana, Göyçaya, Sumqayıta... həsr etdiyi şeirləri ilə paylamağa çalışır.

Kitabın “Xeyir-dualar” və “Azərbaycan xalqına məxsus öyüd-nəsihətlər”lə tamamlanmasının da bir rəmzi mənası vardır.

Yaşlı yazarların sərvəti ilk növbədə onların həyatda qazandıqları zəngin təcrübədir. Əgər bu zəngin təcrübəyə müdriklikpoetik istedad da əlavə olunarsa, deməli, həmin müəllifin oxuculara ünvanladığı poetik nümunələri oxumağaonlardan bəhrələnməyə dəyər.

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.7.