Dünyanı dolaşan “Arşın mal alan

 

Dahi  Üzeyir bəy Hacıbəylinin xatirəsinə həsr olunan ənənəvi Milli Musiqi Gününü  xalqımız  böyük təntənə ilə  qeyd edir. Bu  bayram ərəfəsində ilk növbədə  bəstəkarın  xatirəsi yad edilir, əsərləri əsasında çəkilmiş,  həyat və yaradıcılığına həsr olunmuş  filmlər nümayiş etdirilir, milli musiqimizə  həsr olunmuş maraqlı tədbirlər təşkil olunur. Bir sözlə, Milli Musiqi Günü  Üzeyir bəy sənətinin əsl təntənəsinə çevrilir. Biz burada   dahi bəstəkarın sənətinin  qiymətli nümunəsi olan   “Arşın mal alan”  musiqili komediyasının  ekran  taleyindən  söhbət  açacağıq.

 

“Arşın mal alan” musiqili komediyasını Üzeyir bəy  1913-cü ildə yazmışdı. Onun səhnə uğurları  yaranmaqda olan kinematoqrafın da  diqqətindən kənarda qalmadı. Bunun əsas səbəbi bu idi ki, o vaxt kinossenarilər yaranmırdı, əsasən hazır teatr əsərləri  ekranlaşdırılırdı. Digər tərəfdən, “Arşın mal alan  əsəri  kinematoqrafiyanın tələblərinə  cavab  verirdi. Ona görə   əsərin yarandığı vaxtdan cəmi üç il sonra – 1916-cı ildə  “Arşın mal alan”ın ilk ekran variantı yaradıldı.

Qeyd edək ki,  bu  musiqili komediya dünyada   beş dəfə ekranlaşdırılan nadir əsərlərdəndir. Doğrudur, əsərin ilkin ekran variantları kinonun səssiz dövrünə təsadüf edir. Onlar kinematoqrafik cəhətdən də zəif  filmlərdir. Bu da təbiidir, çünki  kino yeni yaranırdı, milli kadrlar, demək olar ki, yox idi. Kənardan  filmə müəlliflik edənlər də  əsərin ümumi ahəngini tuta  bilmirdilər. Rus kinorejissoru Boris Svetlov  bu əsəri ilk dəfə ekranlaşdıranda da  film uğurlu alınmadı. Kino əsəri  1917-ci il  yanvarın 3-də Bakıdakı “Form” kinoteatrında  göstərilmişdir.  Rollarda Azərbaycanın məşhur aktyorlarından  H. Sarabski, Ə.Ağdamski, M.A.Əliyev, Y.Nərimanov və başqaları çəkilmişdilər. Film sonradan bütün Qafqazda   nümayiş etdirilmişdi. Hətta, filmin Aşqabadda, Orta  Asiyanın  digər  şəhərlərində   göstərilməsi ilə bağlı da mətbuatda  yazılar verilmişdi.

Arşın mal alan  ikinci dəfə 1917-ci ildə  Sankt-Peterburqdan olan rejissor  Q. Belyakov  tərəfindən  lentə  alındı. Ancaq bu dəfə film müəllifin razılığı olmadan  çəkilmışdi.  Bu variant  da uğurlu alınmamışdı, ona görə də tezliklə ekranlardan çıxarıldı.

1939-cu ildə Amerikada Ruben Mamulyan əsəri “erməni folklorundan gələn mövzu kimi” ekranlaşdırır, filmi müxtəlif ölkələrə satmaqla çoxlu pul qazanır. Filmdə ümumiyyətlə, Azərbaycanın və Üzeyir bəyin adı çəkilmir.  Azərbaycanda bu məsələdən xəbər tutulur.

Rza Təhmasib Leşşenko müharibə  getməsinə baxmayaraq, təcili “Arşın mal alan”ın çəkilişlərinə başlayırlar. 1945-ci ildə  tamamlanan bu ekran əsəri  SSRİ  Dövlət mükafatına layiq görüldü. Yuxarıda bəhs edildiyi kimi, film çox böyük uğur qazanıb. Bununla da məşhur əsərin Azərbaycana məxsusluğu hər mənada bir daha sübut olundu.

Əsər dünyanın 3 qitəsini dolaşıb.  “Arşın mal alan”ın Azərbaycan teatrının səhnəsində tamaşa, həmçinin kinofilm kimi televiziya ekranlarında neçə dəfə nümayiş etdirildiyini demək çox çətindir.Onun yaradıcı heyəti   Azərbaycanın  məşhur sənətkarları idi. Rəşid Behbudov, Leyla Bədirbəyli,  İsmayıl Əfəndiyev, Lütfəli Abdullayev,  Münəvvər Kələntərli və başqa   aktyorlarımız  filmdə  müxtəlif obrazlara ekran həyatı vermişlər.

Mədəniyyət Turizm Nazirliyi “Arşın mal alan” filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. Bərpa edilmiş film 2006-cı il mayın 16-da  filmin 60 illik yubileyində ilk dəfə nümayiş olunub.

Ekrana çıxarıldıqdan sonra, təkcə 1945-ci ildə, filmə 16,27 milyon tamaşaçı baxmış, SSRİ-  prokat lideri olmuşdur. Film, nəinki, Azərbaycan, həm sovet kinosuna dünya şöhrəti qazandırmışdır.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin   Sovetlər Birliyi ekranında nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə - qızıl, gümüşbürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdir. Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə dublyaj olunmuşdur.

Nəhayət, 1965-ci ildə  bu  komediya  beşinci dəfə ekranlaşdırıldı. Bu dəfə kinorejissor Tofiq Tağızadə   əsərin  genişformatlı, rəngli  variantını təqdim etdi. Baş rollara H.Məmmədov, M.Yegizarov, L.Şıxlinskaya və başqaları  çəkilmişlər.

“Arşın mal alana  kinematoqrafın  bu qədər maraq göstərməsi, söz yox ki, Üzeyir  bəy dühasının  təzahürü idi. Güman etmək olar ki, “Arşın mal alana kinematoqrafçılarımız gələcəkdə də təkrar  müraciət edəcəklər.

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.11.