Paytaxtımızda qürur duyulan yeni ünvan

– Dövlət bayrağı meydanı

 

 Dünyanın bütün böyük şəhərləri kimi, paytaxtımızın da  müxtəlif dövrlərdə özünəməxsus rəmzləri olub.  Bu şəhər barədə söz açılarkən öncə İçərişəhərin dolanbac küçələri, Qoşaqala qapısı üzərindəki simvolik təsvirlər, Atəşgah, Qız qalası,  Şirvanşahlar Saray Kompleksi, İsmailiyyə binası, indiki Ədəbiyyat Muzeyinin binası, sonrakı dövrlərdə Hökumət evi, Milli Elmlər Akademiyasının əsas binası və sair ünvanlar yada düşüb. Yəni, paytaxtımızın sakinləri əsrlərdən bəri burada özünəməxsus tarix yaradıb, dəyərli iz qoyublar. Həqiqət naminə desək, həmin izlərin hər biri milli tariximizin qızıl səhifələri kimi qiymətlidir. Ancaq müstəqil Azərbaycan dövlətinin son iki onillikdə paytaxtımızı dünyanın ən inkişaf etmiş ölkələrinin baş şəhərləri sırasına çıxaran inkişaf strategiyası qədim Bakının yeni rəmzlərinin formalaşmasını da təmin edib.

 

Yeni əsrin əvvəllərinə qədər Bakını İçərişəhər, Qızqalası və Hökumət evinin binası ilə xatırlayanlar indi paytaxtımızın onlarca yeni rəmzinin olduğunu etiraf edirlər. Heydər Əliyev Mərkəzi, Alov qüllələri,  Dövlət bayrağı meydanı,   Heydər Əliyev Fondunun binası, Dənizkənarı Milli Park,  Kristal Zal, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni kompleksi və Dövlət Neft Şirkətinin tikilməkdə olan binası paytaxtımızın qonaqlarında ən zəngin təəssürat yaradan ünvanlardır. İndi artıq bu ünvanları hamı çəkinmədən Bakının rəmzləri kimi qəbul edir. Bu gün həmin rəmzlərdən biri haqqında, həm də yığcam şəkildə söz açmaq istəyirik.

Dövlət bayrağı meydanı  haqqında vikipediya materialında oxuyuruq ki, bu meydan Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkıdır. Meydanın təntənəli açılışı 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir. Prezident həmin təntənəli və tarixi mərasimdə qeyd edib ki, Dövlət Bayrağı meydanının açılışı həqiqətən tarixiunudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir və şəhərimizin hər bir yerindən görünür. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer, bu ərazi abadlaşdırılmış, dənizkənarı bulvar salınmış, istirahət üçün gözəl şərait yaradılmışdır.

Bayraq meydanının yaradılması üçün çox böyük tikinti-quraşdırma, quruculuq işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Günü təsis edilmişdir.

Xatırladaq ki,  Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz 9 noyabr Azərbaycanda hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

 Dövlət başçımız Bayraq Meydanının açılış mərasimində  qeyd etmişdir ki,  bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, Bayraq meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.

Paytaxtımızın rəmzinə çevrilmiş meydan haqqında bəzi xüsusi məqamlara da diqqət yetirək. Bu meydanın layihəsini Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti hazırlamış,  layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılmışdır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xariciyerli mütəxəssislər həyata keçirmişlər.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.  Bundan başqa,  2011-ci il noyabrın 9-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 100 min ədəd olan həmin marka Azərbaycanın mininci poçt markası olmuşdur. Markanın üzərində Dövlət bayrağı meydanının təsviri vardır.

Bir sözlə, bu gün paytaxtımızın görünüşünü daha əzəmətli, siyasi ab-havasını daha qətiyyətli edən Dövlət bayrağı meydanımız  insanların dövlət atributlarına inam və etimadınının  daha da artmasında xüsusi rol oynayan bir mərkəzə çevrilib. Bu meydan Heydər Əliyev siyasi kursuna Azərbaycan dövlətinin və xalqımızın sədaqətinin nümunəsi kimi qiymətləndirilir.

 

İsaq ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.7.