Şahdağ Qış-Yay Turizm Kompleksinə gələn

turistlər buradakı şəraitdən və qiymətlərdən razıdırlar

 

Qış turizm mövsümünə uğurla başlamış Şahdağ Qış-Yay Turizm Kompleksi turistlərin böyük marağına səbəb olmuşdur.

 

AzərTAc xəbər verir ki, Qusar rayonu ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kompleksə bayram günlərində turist axını daha da artmışdır. Qış mövsümünə 2013-cü il dekabrın 15-dən başlamış kompleksə 20 gündə 10 mindən çox turist gəlmişdir. Turistlər arasında çoxlu sayda əcnəbilər də vardır.

Buraya birinci dəfə gələnlər üçün kompleksin girişində məlumat məntəqəsi yaradılmışdır. Məntəqədə turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti və s. barədə məlumat verilir.

Turistlər bundan sonra kompleksin kassalarına yaxınlaşıb biletləri əldə etməlidirlər. Qiymətlər istirahətin növündən və müddətindən asılı olaraq dəyişir. Cəmi 22 manat ödəyən turist bir gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı qazanır. Təcrübəsizlər üçün isə bu qiymət 11 manat nəzərdə tutulmuşdur. Turistlərin istirahət edəcəkləri günlərin sayı artdıqca xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 22 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 91 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc cəmi 13 manat təşkil edir.

İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Avadanlığı kirayələmək üçün şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd təqdim edilməlidir. Şahdağ Qış-Yay Turizm Kompleksindəki şərait və qiymətlər turistləri tamamilə razı salır.

Peşəkar xizəkçilər hazırda kompleksin 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər kompleksdə artıq istifadəyə verilmiş 6 kanat yolundan yararlanırlar.

Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən Şahdağ Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi açılmışdır. Təlimçilər ödəniş əsasında təcrübəsizlərə qısa müddətdə xizək sürməyi öyrədirlər. Xizək sürməyi öyrənmək üçün bir saata görə böyüklər 5, uşaqlar isə 2,5 manat ödəniş etməlidirlər.

Kompleksdə xizəkçilikdən əlavə yamaclarda snoubord və aeroxizəkdə sürüşmək kimi həyəcanlı imkanlar da təklif edilir.

Uşaqlar üçün oyunlara kvadrosikldə gəzinti və tübinq daxildir.

Bayram günlərində Şahdağ Qış-Yay Turizm Kompleksində yerləşən Zirvə, Qaya Şahdağ Resort SPA otellərindəki nömrələrin hamısı əvvəlcədən kirayələnmişdi.

Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.6.