Bura Şəmkirdir...

 

Daim yeniləşən və gözəlləşən şəhər

 

Azərbaycan dövlətinin son 10 ildə həyata keçirdiyi işlərlə tanış olmaq üçün elə təkcə Şəmkirə baş çəkmək kifayətdir, – deyə rayon icra hakimiyyətinin başçısı Nazim Veysov yenicə istifadəyə verilmiş Bayraq Meydanından ətrafı göstərir: – Bu meydanın özü 4,5 hektar ərazini əhatə edir. Bayraq dirəyinin hündürlüyü 98 metr, dövlət bayrağının uzunluğu 40 metr, eni isə 20 metrdir. Ötən ilin sentyabrında ölkə rəhbəri burada olub, Bayraq Muzeyi ilə tanış olmuşdur.

 

N.Veysov danışdıqca çöhrəsindəki sevinc, qürur hissi açıq-aşkar hiss olunur.

...Muzeylə yaxından tanış oluruq. Bu ikimərtəbəli, yaraşıqlı binada maraqlı eksponatlar var. Səkkizguşəli ulduz formasında yaradılan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, gerblər yerləşdirilib. Burada orden və medallar, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranmasını, formalaşmasını və inkişafını, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tərəqqisilə bağlı fəaliyyətini əks etdirən çoxlu sənədlər, bayraqlar, o cümlədən döyüş bayraqları və mərasim geyimləri də toplanıb.

Ən müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün meydan və 800 yerlik amfiteatr diqqəti cəlb edir. Ərazi başdan-başa abadlaşdırılıb. Artıq bura əsl istirahət guşəsinə çevrilib.

Şəmkirin prospekt və küçələrini gəzdikcə adam inana bilmir ki, bu, on il əvvəlki rayondur. Yadıma ölkə başçısının dörd ay qabaq Şəmkirdə olarkən dediyi söslər düşür: “Şəmkir tamamilə yeni bir görkəm alır. Şəhər, doğrudan da, ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Şəmkir ölkəmizdə ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni çox sevindirir. Çünki hər dəfə yenilikləri, abadlıq-quruculuq işlərini görəndə mən də sizin qədər sevinirəm. Şəmkirdə bütün bu işlər böyük zövqlə və rayona olan böyük məhəbbətlə icra edilir. Mən artıq dördüncü dəfədir ki, Şəmkirdəyəm. Son dəfə dörd il bundan əvvəl gəlmişəm. Deyə bilərəm ki, şəhəri tanımaq çox çətindir. Şəhər tamamilə yeniləşir, gözəlləşir, əlbəttə ki, öz tarixi simasını saxlamaqla ən müasir şəhərə çevrilir”.

...Şəmkiri gəzdikcə hiss edirsən ki, müasir, inkişaf etmiş şəhərdə nə varsa, burada da var: abad, geniş, ətrafı yaşıllığa, gül-çiçəyə bürünmüş prospekt və küçələr, kanalizasiyası, daimi suyu, işığı, qazı, milli ornamentli darvazası, həyət-bacası olan evlər, park və xiyabanlar, bərpa edilmiş tarixi abidələr...

Alman Lüteran kilsəsi ikinci həyatını yaşayır. Baxımsız halda idi. İndi tamamilə başqa görkəmdədir. Hətta burada orqan quraşdırılıb, tez-tez xor kollektivlərinin çıxışları olur. Qonaqlar da xüsusi zövq alır. Bir əsrdən çox yaşı olan tarixi abidənin bərpa edilməsi xeyirxah bir işdir və tolerantlığın bariz nümunəsidir.

Şəmkir müasir şəhərdir. Bayraq Meydanının yanında maraqlı dizaynı ilə seçilən “Zəka” İntellektual Gənclər Mərkəzi ilə tanış olmaq kifayətdir ki, “müasir” sözünü işlədək. Ümumi sahəsi 3400 kvadratmetrə yaxın olan ikimərtəbəli binada gənclər üçün hər cür şərait var. Müasir studiya avadanlığı və işıqlandırma sistemilə təchiz edilmiş pavilyondan mediayayım imkanı yaradan resurs kimi istifadə olunur. Ən müxtəlif tədbirlər, o cümlədən intellektual verilişlər, yeni verilişlərin hazırlanması üçün istənilən şərait və texniki imkanlar kifayət qədərdir.

Başqa bir müasir obyekt yeni mehmanxanadır. Otaqları ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Müasir havalandırma sistemi, restoranı, iclas zalı, masaj otaqları, türk hamamı, sauna və hovuzu var. Bir sözlə, turistlər üçün gözəl bir istirahət mərkəzidir.

Bakı Oksford məktəbinin Şəmkir filialı da şəhərin necə inkişaf etməsindən xəbər verir. Filial 2010-cu ilin noyabrından fəaliyyət göstərir. Dərslər ingilis dilində keçilir. Şagirdlər attestatla yanaşı, Kembric Universitetinin orta təhsil haqqında sertifikatını da əldə edirlər.

Məktəbin yataqxanası, özünün nəqliyyat vasitələri, kitabxanası, yeməkxanası, studiya və kino zalı da var.

Ötən ilin sentyabr ayında açılışında ölkə başçısının da iştirak etdiyi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Uşaq Akademiyasının Şəmkir filialı da diqqətçəkən obyektlərdən biridir.

Şəmkirin ümumi görünüşünə xüsusi gözəllik gətirən obyektlərin, necə deyərlər, başında Heydər Əliyev Mərkəzi dayanır. Mərkəzin ətrafında yaradılan parkın ümumi sahəsi 14 hektardır. Buradakı fəvvarələr, uzunluğu 750 metrə yaxın olan su kanalları, onların üzərindəki çoxlu keçid -körpülər, süni göl və digər elementlər bura xüsusi gözəllik verir. Mərkəzdə hər cür şərait var. Kinozal, kitabxana, bar, tərcümə ocağı, mühazirə və akt zalları, muzey...

...Şəmkiri gəzdikcə gəzmək istəyirsən. Hərdən adama elə gəlir ki, başqa bir uzaq şəhərdəsən. Amma yan-yörəndə şən səsləri ətrafa yayılan uşaqları, günün istənilən vaxtında istirahət edən şəhər sakinlərini görəndə istər-istəməz deyirsən: yox, bura Şəmkirdir, bizim Şəmkir!

 

 Hamlet QASIMOV,

 

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2014.- 10 yanvar.- S.6.